Cəmiyyət

Leyla Yunus məhkəmədə hay-küy saldı

5 Avqust 2015 14:28
Baxış: 1 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün hakim Əfqan Hacıyevin sədrliyi ilə "Sülh və Demokratiya İnstitutu" adlı qurumun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, bu gün keçirilən prosesdə cinayət işi üzrə sənədlərin təhlili aparılıb.

Əvvəlcə L.Yunusun vəkili Əfqan Məmmədov vəsatət qaldıraraq məhkəmə tərkibinə etiraz edib və məhkəmə tərkibinin dəyişdirilməsini tələb edib. Lakin dövlət ittihamçısı Fərid Nağıyev bu vəsatətin hüquqi baxımdan əsassız olduğunu bildirib. Vəsatət təmin olunmayıb.

Daha sonra L.Yunus hay-küy salaraq ədliyyə mayoru Mahir Yaqubovun ona təzyiq göstərdiyini iddia edib. Lakin F.Nağıyev L.Yunusun bu iddiasını əsassız sayaraq, onun belə yanlış informasiyalar ötürməklə zalda əyləşənləri, o cümlədən mətbuatı, ictimaiyyəti çaşdırmaq niyyətində olduğunu bildirib.

Daha sonra L.Yunusun digər vəkili Ramiz Məmmədov "Azərbaycan qadınları Cənubi Qafqazda Sülh və Demokratiya uğrunda" İctimai Birliyinin rəhbəri Rəna Səfərəliyevanın zərərçəkmiş qismində tanınmasına xitam verilməsini istəyib.

O, həmçinin Marşal Fondunun maliyyə dəstəyi ilə A.Yunusun çap etdirdiyi kitabları məhkəməyə təqdim edərək onun cinayət sənədlərinə daxil edilməsini, o cümlədən Marşal Fondunun nümayəndələrinin məhkəməyə ifadə vermək üçün dəvət edilməsini istəyib.

O bildirib ki, A.Yunusun Marşal Fondundan aldığı qrantlar bu kitabların nəşr edilməsinə sərf edilib və Marşal Fondunun bu kitabların nəşri üçün ayırdığı qrantın xərclənməsinə hər hansı iradı olmayıb.

Daha sonra məhkəmə qaldırılan bu vəsatəti qismən təmin edib və təqdim olunan kitablar cinayət işi üzrə materiallara əlavə edilib.

Məhkəmə zamanı L.Yunus bildirib ki, A.Yunus səhhəti pis olduğundan hər gün məhkəməyə gəlib burada ifadə verə bilmir. Lakin dövlət ittihamçısı bildirib ki, A.Yunus daim həkim nəzarətindədir və onun məhkəməyə gətirilməsində problem yoxdur.

Daha sonra hakim Ə.Hacıyev məhkəmə istintaqının başa çatdığını bildirib, növbəti prosesin sabah keçiriləcəyini bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.