Cəmiyyət

Üzüqara kimdir: az bal toplayan uşaqlar, yoxsa onların valideynləri?

5 Avqust 2015 09:07
12 Şərh     Baxış: 2 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu dəfə də tələbə qəbulu imtahanlarından sonra aşağı bal toplayan abituriyentlərin intiharları cəmiyyətdə ajiotaj yaratdı. Kimi özünə qəsd edən yeniyetməni qınadı, kimi yeniyetmənin valideynlərini, kimi də təhsil sistemini... Bəs, əslində, günahkar kimdir? Ümumiyyətlə, ali təhsil ocağına hazırlaşan abituriyentlərlə valideynlərinin münasibəti necə qurulmalıdır? Milli.Az bu və digər suallarla psixoterapevt Elmir Əkbərə müraciət etdi.

Elmir Əkbər söhbətə belə başladı: "Ümumiyyətlə, əksəriyyətin düşüncə orientirləri, meyarları, təfəkkür tərzi, prioritetləri məni çox təəccübləndirir. Məsələn, bir maşın alarkən əvvəlcədən tanıdıqları markalara üz tuturlar, min dəfələrlə yoxlayıb və yoxladıb alırlar. Eləcə də, ev alarkən min dəfə ölçüb-biçirlər. Ancaq öz sağlamlıqlarına bu diqqətlə, həssaslıqla yanaşmırlar.  Məsələn, heç eşitmisinizmi ki, bir həkimə gedərkən onun diplomu ilə maraqlansınlar, onun həqiqətdə hansı ali təhsilə malik olduğunu öyrənsinlər? Əgər ümumiyyətlə ali təhsili varsa...

Bütün bu səhlənkarlığın arxasında çox böyük məqamlar gizlənir. Bunlardan biri insanların özlərinə olan şüuraltı nifrətdir. Yaşadığı həyatdan, elədiyi seçimlərdən, atdığı addımlardan dolayı özünə olan nifrəti. Ancaq bu nifrətin fonunda uşaqları üçün də eyni addımı atırlar, övladlarını da eyni istiqamətə yönəldirlər - camaatın xətrinə seçilmiş bir yola. Əbəs deyil ki, əslində 16 yaşlı qızını 58 yaşlı kişiyə sırıyan valideynlər də "bunu ancaq övladımın xoşbəxtliyi üçün edirəm" deyirlər. Əslində, bu, həqiqətən də belədir. Problem onda deyil ki, valideyn övladını bədbəxt etmək niyyətində olur, problem odur ki, heç də bütün valideynlərin xoşbəxtlik meyarı eyni deyildir. Və bir paradoks yaranır, xoşbəxtlik istəyindən bədbəxt olan ailələr meydana gəlir, diplom sevgisindən doğan savadsızlar ordusu peyda olur.

Onların istəyi çox qarışıqdır - həm "savad almaq", daha doğrusu, diplom almaq, həm də hər vəchlə savad almamaq istəyindədirlər. 
Keçid balı 150-yə enəndə hamı qol qaldırıb sevinir, ancaq sabah evi hansısa qabiliyyətsiz bir mühəndisin savadsızlığı ucundan yanıb külə dönəndə ona diplom verənlərə söyürlər. Sabah onların 150 balla universitetə "daxil olmuş" övladı kimlərisə bədbəxt edəcək. 

Qəbul imtahanı dövründə valideynlərin panikaya düşməsinə anlam verə bilmirəm. Əgər səbəbini soruşsaq, hamısı bir ağızdan deyəcək ki, övladlarının xoşbəxt gələcəyi üçün edirlər. Ancaq nəticədə isə bəzən tam əksi alınır".

Elmir Əkbər qarşılaşdığı bir situasiyanı bölüşür: "Bir dəfə maraqlı bir elmi məqalə hazırlayırdım, araşdırmanın obyektı vaxtilə yüksək bal toplamış uşaqlarla qeyri-adi istedadı olan uşaqların gələcəklərində olan fərqlər idi. Ancaq işi başa çatdıra bilmədim. Çünki məlum oldu ki, hər iki qrupdan olan yeniyetmələrin böyük bir qisminin gələcək aqibəti heç də ürəkaçan olmayıb. Ən yaxşı halda, adi, sıradan bir insan olublar, savad və ya istedad onları irəli apara bilməyib.  

Yaxud da ya universiteti yarımçıq qoyublar, ya da aldıqları təhsilə uyğun olmayan sahədə çalışıblar. Ən pis hallarda isə, ümumiyyətlə psixiatrik klinikaların, yaxud da həbsxanaların sakininə çevriliblər. Orta məktəbdə və ailədə uşaqlara o qədər təzyiq göstərirlər ki,  bəzən onların qəbul olduqları universitetdə oxumağa nə həvəsi, nə də enerjisi qalır. Bəs belə yanaşma nə dərəcədə düzgündür və bizim gələcəyimizə nə vəd verir?"

Əslində, necə olmalıdır, dünya təcrübəsi nəyi göstərir?

"Mən konkret olaraq,  ABŞ, İsveçrə, Almaniya və Fransa  universitetlərində aldığım təcrübədən çıxış edərək deyə bilərəm ki, durumlarımız həddən artıq fərqlidir. Belə olan halda anlayıram ki, bizim abituriyentlərlə onları müqayisə etmək qəti düz olmazdı. Onları qəbul nəticələri uğrunda aparılan marafon deyil, layiqli mütəxəssis yetişdirmək maraqlandırır.

Təbii ki, onlar onlardır, biz isə biz. Nə müqayisə, nə də bənzətmə aparmaq  mümkündür. Onu deyim ki, testin çox üstünlükləri var və hazırda ən optimal bir variantdır. Ancaq ildən-ilə test sisteminin özündə də dəyişiklik aparılmalıdır.

Bəs Azərbaycanın qəbul imtahanları şərtlərinə əsasən, abituriyent və onun ailəsi necə davranmalıdırlar?

İlk olaraq onu vurğulamaq lazımdır ki, adəti üzrə olduğu kimi, bəzi valideynlər həyata keçirə bilmədikləri arzularını övladlarının üzərində realizə etməyə çalışırlar və bu zaman unudurlar ki, övladları onlar üçün bahalı bir oyuncaq deyil, ayri bir şəxsiyyət, sərbəst bir fərddir. Onların öz arzu-istəkləri, özlərinə məxsus istedad və qabiliyyətləri var.  Ola bilsin ki, bu gənc, valideynin diktəsi ilə deyil, öz təbii meylinə uyğun ixtisası seçsə, həyatda daha böyük uğur qazanar.
Buna görə də, seçim eləməzdən qabaq xüsusi testlər və konsultasiya sayəsində hər bir yeniyetmənin təbii istedad və meylləri aşkarlanmalıdır ki, hansısa ixtisası seçməkdə yanılmasınlar. Həmçinin yeniyetmənin öz maraq dairəsi də nəzərə alınmalıdır.

Qonum-qonşu bəhsinə zorla təbib olmaq olmaz. 
Ən vacib məqamlardan biri də budur. Valideynlər də, abituriyentlər də bunu bilməlidirlər ki, imtahanda düşən sualın cavabını bilməkdən daha çox, imtahanı yazmağın xüsusi psixoloji sirlərini bilmək daha vacibdir. Bu sirləri bilən abituriyent bəzən hətta cavabını bilmədiyi sualı belə məntiqə və psixoloji qaydalara əsasən düzgün cavablandırır. Həmçinin imtahanda düzgün əhval-ruhiyyədə olmaq və psixoloji hazırlıq özü də çox vacibdir. Məhz buna görədir ki, bəzən daha savadlı abituriyentlər daha az nəticə toplayır, ancaq psixoloji hazırlığı daha yüksək olan daha üstün nəticələr göstərir.

Ümumiyyətlə, imtahana hazırlıq hər abituriyent üçün fərqli plan şəklində qurulmalıdır. Burada həmin abituriyentin xarakteri, temperamenti, digər xüsusiyyətləri, imtahan verdiyi fənlər və sairə nəzərə alınır. Ən yanlış addım o olur ki, bəzən valideynlər imtahana hazırlıq adıyla abituriyentlərə nevropatoloqların yazdığı preparatları verir və nəticədə imtahan zamanı abituriyentin zehni fəaliyyəti ləngiyir. Nəticələr də acınacaqlı olur.

Valideynlər bəzən unudurlar ki, onların övladlarının xoşbəxtliyi imtahandan aldıqları nəticədən daha önəmlidir. Yeri gəlmişkən, bir məsələni də vurğulayım ki, bəzi ailələrdə niyəsə uşaq hansısa arzuolunmaz bir duruma düşəndə bunun səbəbkarı kimi anasını görürlər. Sanki bir problem çıxanda uşaq ancaq anaya məxsus olası olur. Belə olan halda, ana da imtahanda uşağın üstünə düşür ki, atası tərəfin yanında "üzünü qara" eləməsin.

Onsuz da hazırlığın gərginliyindən və imtahanın stresindən psixoloji sarsıntı keçirən yeniyetmə üçün bu, sonuncu damla olur və əslində elə bu stresslər ona yüksək nəticə əldə eləməyə mane olur. Sonda isə, abituriyent elə zənn edir ki, ailəsinin "üzünü qara" edib.
Düzdür, son zamanlar bu məsələlərdə bir proqress hiss olunur. Valideynlər övladlarına daha liberal yanaşırlar, abituriyent hazırlığı üçün təşkil elədiyimiz psixoloji treninqlərə və fərdi konsultasiyalara müraciət edənlərin sayı hər il artır. 

Ancaq heyf ki, hələ də çox neqativ xəbərlər də eşidirik. Sonuncuların isə səbəbi savadsızlıq, nadanlıq və cahillikdir. Bəzi valideynlər anlayışları olmayan məsələləri övladlarından tələb edirlər. Bir məsələni də vacib vurğulamaq lazımdır ki, bəzən ailəni övladlarının haraya və necə qəbul olmağı deyil, ən yüksək nəticəni göstərməyi, yaxud filankəsin övladından yüksək nəticə göstərməyi daha çox maraqlandırır. Bu isə yenə də abituriyentin həddən artıq yüklənməsinə gətirib çıxarır. Valideynlər bilməlidirlər ki, yüksək nəticəni toplamaq hələ savadlı və yararlı mütəxəssis olaraq yetişmək deyil və savadlı olmaq isə hələ sağlamlığın və xoşbəxt olmağın zəmanəti deyil! Əsas o deyil ki, övladınız necə nəticə gostərdi, əsas - övladınızın can sağlığı, sağlamlığı və gələcək həyatında xobəxtliyin və uğurun psixoloji sirlərini bilməsidir".

Sevinc
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.