Cəmiyyət

"O qədər arxayınlaşıb ki, hətta kəndə də atasının adını verib..." - FOTO

4 Avqust 2015 16:46
8 Şərh     Baxış: 2 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Onlara  Əndəliyevlər deyirlər. Əndəliyev Xoşbəxt Əzim oğlu özü və qohumları ilə birlikdə kənddə kəndxudalıq edir.

Çoxlu sayda mal-qoyunları var, çox varlıdırlar. Heç bir rəsmi vəzifələri olmadan kəndə başçılıq edirlər. O qədər arxayınlaşıblar ki, hətta yaşadığımız ünvana - rəsmi qeydiyyatda Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 3-cü massiv adlanan kəndə də öz atalarının adını veriblər. Kəndə "Əzimkənd" deyirlər. Mənim də evimin hasarını dağıdıb qeyri-qanuni şəkildə onun həyətindən yol salıblar".

Bunu virtualaz.org saytının redaksiyasına müraciət edən Gülverdi Hacıyev deyir.

"Azərenerji" ASC-də adi sürücü işlədiyini bildirən G.Hacıyev hazırda Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 3-cü massivdə yaşadığını, qonşularının onu yaşadığı evdən çıxarmağa çalışdığını, bununla bağlı bir çox qurumlara müraciət etsə də şikayətlərinin cavabsız qaldığını deyir.

Şikayətçinin sözlərinə görə, artıq 3 aydır 6 il əvvəl tikdiyi evə girə bilmir. Qalmaqalın necə baş verdiyinə gəlincə isə G.Hacıyev bildirir ki, bu il mayın 10-da gecə saat 11 radələrində adıçəkilən şəxslər onun qapısını döyüb, nalayiq sözlərlə ev yiyəsini çölə çağırıblar və bundan sonra evi daşlamağa, hasarı isə dağıtmağa başlayıblar.

"Bu həyətdə mənimlə qardaşımın evi var və həmin hasar da həyətlə küçəni ayıran hasardır. Hadisə baş verən gecə bizi yuxudan oyadıb evdən çıxardılar, hasarı uçurtdular ki, buradan yol salacaqlar. Evi daşlamağa başladılar. Hətta gəlinimin cehizlərinə də ziyan dəydi, qırılan əşyalar hələ də evdədir. Biz məcbur olub 102 xidmətinə zəng etdik, polis çağırdıq. Amma polisdən də bizə bir kömək olmadı", - G.Hacıyev deyir.

Həmin hadisədən sonra evinə getməyə çəkinən G.Hacıyev oğlunun evində yaşadığını, öz evinin üstünə isə Əndəliyevlərin "Satılır" elanı yazdığını bildirir: "Təkcə "Satılır" elanı yazmayıblar, biədəb sözlər, söyüşlər də yazıblar ki, get buradan. Mən 6 il əvvəl kreditlə, borcla ev tikmişəm,  amma indi öz evimdə yaşaya bilmirəm. Hadisə ilə əlaqədar cinayət işi açılsa da istintaqın gedişi barədə heç bir məlumatımız yoxdur. Heç polis evə gəlib hadisə yeri ilə də tanış olmayıb, əməliyyat çəkilişi aparılmayıb. Hər gün qorxu ilə yaşayırıq, iki oğlum var, onlar işə gedəndə tapşırıram ki, ehtiyatlı olun, üstünüzə düşərlər, sizə nəsə edərlər".

Məsələ ilə bağlı bir çox yerə müraciət etdiyini deyən G.Hacıyev onların heç bir nəticəsinin olmadığını vurğulayır: "Evi daşlayandan sonra polisə müraciət etmişdik və cinayət işi açılıb. Cinayət işinə Qaradağ Rayon Polis İdarəsi 11-ci polis bölməsinin müstəntiqi Habil Yusifov baxır. Onun özü ilə də görüşüb hadisə barədə danışmışıq. Bundan başqa Baş Prokurorluğa, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinə müraciət etmişik, dövlət başçısına teleqram yazmışıq. Həyatımıza təhlükə var. Onlar hər gün bizim evimizə gəlib orada yol tikintisi işləri aparırlar, qorxumuzdan öz evimizə gedə bilmirik. İstəyirik ki, dövlət səsimiz eşitsin, bizə kömək etsin".

Səslənən bu ittihamlara aydınlıq gətirmək üçün Qaradağ RPİ 11-ci polis bölməsinin müstəntiqi Habil Yusifova müraciət etdik.

Müstəntiq bu ailələr arasında yaranan mübahisə və dava-dalaşla bağlı cinayət işinin açıldığını təsdiqlədi, lakin əlavə məlumat vermədi: "Hələ istintaq gedir".

G.Hacıyevin ittiham etdiyi X.Əndəliyevlə əlaqə yaratmaq cəhdimiz isə baş tutmadı. Amma qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.