Cəmiyyət

"40 dərəcə isti olacaq proqnozunu vermək üçün..." - FOTO

4 Avqust 2015 15:54
1 Şərh     Baxış: 2 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, xeberler.az  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun xidmətlərinin hazırlanması prosesi, bu sahədə İKT-nin tətbiqi,  proqnozların hazırlanması texnologiyası ilə daha yaxından tanış olmaq  məqsədilə yazı hazırlayıb. Reportajı diqqətinizə çatdırırıq:

İlk olaraq Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevlə söhbət edirik.

Asif Verdiyev bildirdi ki, Azərbaycanda hidrometeoroloji müşahidələrin aparılmasına 1830-cu ildən, Xəzər dənizinin səviyyəsi üzərində müşahidələrin aparılması ilə başlanılıb, 1920-ci ildə ilk dövlət qurumu - Hidrometeoroloji Xidmət Bürosu, 1991-ci ildə Dövlət Hidrometeorologiya Komitəsi, 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və nazirliyin tərkibində Milli Hidrometeorologiya Departamenti yaradılıb.

Daha sonra Büronun İKT sahəsində fəaliyyəti, iş prinsipləri ilə tanış oluruq:

Hidrometeoroloji Proqnozlar Bürosu Milli Hidrometeorologiya Departamentinin operativ bölməsidir. Hidrometeoroloji proqnozlar bürosunun işində operativliyi təmin etmək və səmərəliliyi artırmaq məqsədi ilə 2012-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əmri ilə büroda 5 şöbə və 2 qrup  fəaliyyət göstərir. Proqnozlar Bürosunda çalışan işçilərin hamısı sinoptik deyil. Bir qismi çaylar üzrə proqnozları hazırlayır. Bir qismi qısamüddətli (sutkalıq), bir qismi uzunmüddətli (2 sutkalıq, həftəlik və aylıq) hava proqnozunu hazırlayır.

Baş hidroloq xeberler.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə və qrupları haqqında məlumat verir. Şöbə mütəxəssislərinin məhsuldar çalışdığını deyən Asif Verdiyev həmin şöbələrin adlarını sadalayır: "Məsələn, Qısamüddətli proqnozlar şöbəsi, Uzunmüddətli proqnozlar şöbəsi, Hidroloji proqnozlar şöbəsi, Hidrometeoroloji və təhlükəli hidrometeoroloji hadisələrinin operativ informasiya şöbəsi, Proqnoz metodları və iqlim xidmətləri şöbəsi, Hidrometeoroloji Proqnozların təqdimatı və nəşri qrupu, Peyk və Radiolokasiya məlumatlarının işlənməsi qrupu  adlarını çəkmək olar.

Hidrometeoroloji və təhlükəli hidrometeoroloji hadisələrinin operativ informasiya şöbəsi burada fasiləsiz iş rejimində sutka ərzində aparılan bütün  meteoroloji, aeroloji, radiolokasiya, hidroloji, dəniz muşahidə məlumatlarının toplanması və  təhlili prosesini həyata keçirir, sorğulara operativ şəkildə müvafiq cavablar hazırlayır".

Azərbaycanın bütün bölgələrində quraşdırılan meteoroloji stansiyalar

Asif  Verdiyev bildirir ki, respublika ərazisində 70-ə yaxın hidrometeoroloji stansiya və məntəqə fəaliyyət göstərir. O stansiyalardan 24 saat ərzində hər 3 saatdan bir müşahidələr aparıldıqdan sonra məlumatlar kodlaşdırılaraq Mərkəzə ötürülür. 
"Müşahidələrin aparılması üçün 10 (Şəki, İsmayıllı, Quba, Gəncə, Mingəçevir, Sabirabad, Neftçala, Lənkəran, Tərtər və Abşeron) regional hidrometeorologiya müəssisəsi fəaliyyət göstərir. Havanın temperaturu, yağıntı, küləyin istiqaməti, sürəti, nisbi rütubətlik, atmosfer təzyiqi, buludluluq və digər hava parametrləri üzrə gündəlik müşahidələr aparılır". 

Temperaturun kodu ayrı, yağıntının kodu ayrı, küləyin kodu ayrı olur.

Qurum rəsmisinin sözlərinə görə, məlumatların bəziləri teleqraf vasitəsilə kodlaşdırılaraq ötürülür: "Temperaturun kodu ayrı, yağıntının kodu ayrı, küləyin kodu ayrı olur.

Texnik sinoptik teleqramı qəbul edən kimi kodun açıqlamasını yazır və bülletenə qeyd edilir. Misal üçün, temperatur 20 dərəcədirsə, orada 20 dərəcə yazılmır, xüsusi işarələr şəklində olur, mütəxəssislər onu açıqlayır və gündəlik bülletenə qeyd edirlər".

Asif Verdiyev qeyd edir ki, havanın proqnozu 2 yolla müəyyən edilir: 

"Birinci faktiki məlumatlar üzərində təhlillər aparılır. Bu 70-dən çox hidrometeoroloji stansiya və məntəqələrdən hər 3 saatdan bir alınan havanın parametrlərinə aid olunan məlumatlardır. Eyni zamanda respublikanın müxtəlif yerlərində quraşdırılmış 30-dan çox avtomatik meteoroloji stansiyaların məlumatlarıdır ki, bu stansiyalar insan müdaxiləsi olmadan 3 saatdan bir havanın parametrlərini avtomatik olaraq ölçür və elektron poçtla mərkəzə ötürür. Avtomatik müşahidə məlumatlarını Nazirliyin saytına (www.eco.gov.az) daxil olmaqla görmək olar.
İkinci isə ən əsası müxtəlif növ sinoptik xəritələr, peyk görüntüləri və proqnoz xəritələri üzərində təhlillər aparılır".

Bütün məlumatlar e-mail vasitəsilə Telekommunikasiya Mərkəzinə ötürülür.

Asif Verdiyev Moskvadan sinoptik xəritələr əldə etdiklərini deyir: "Faktiki yer xəritəsi, müxtəlif yüksəklik xəritələri, proqnoz xəritələri və s. alırıq və daha sonra mütəxəssislər onun üzərində işləyir və son olaraq ortaq bir vəziyyət təsbit olunur. Bütün məlumatlar e-mail vasitəsilə Telekommunikasiya Mərkəzinə ötürülür. Proqnozların dəqiq olması üçün peyk görüntüləri əsas vasitələrdəndir. Peyk görüntülərinin digərlərindən fərqi məlumatın onlara nisbətən daha dəqiq olmasıdır. Peyk görüntülər hər 3 saatdan bir yenilənir".

Hər gün e-mail vasitəsilə Ümudünya Meteorologiya Təkilatına Bakı,Gəncə və Lənkaran şəhərləri üzrə 3 günlük hava proqnozu göndərilir və həmin məlumatlar Təşkilatın saytında yerləşdirilir.

Proqnozlar Bürosunda "TURKMETCAP" sistemi quraşdırılıb.

Baş hidroloq bildirir ki, Türkiyə ilə imzalanan memoranduma əsasən, 2004-cü ildə Prpqnozlar Bürosunda "TURKMETCAP" sistemi quraşdırılıb. Sistem gün ərzində 12 saat fərqi ilə (saat 00:00 və 12:00UTC) yenilənir. Onun sözlərinə görə, bu sistem MDB ölkələri arasında ilk dəfə Azərbaycanda quraşdırılıb:

"TURKMETCAP-sinoptik vizuallaşdırma və təhlil sistemidir. "Azərbaycanda proqnoz və xəbərdarlıqların keyfiyyətinin artırılması məqsədi ilə 2004-cü ildə TURKMETCAP proqramı tətbiq edilib, 2010-cu ildə isə son versiyası gətirilib. Proqnozların hazırlanmasında istifadə olunan lazımi faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnostik xəritələr, rəqəmli modellərin nəticələri bu sistem vasitəsi ilə əldə olunur və informasiya mübadiləsi həyata keçirilir.

Sistemə daxil olan məlumatlar hər 3 saatdan bir yenilənir, proqnoz xəritələri də hər 3 saatdan bir yenidən işlənilir. Məsələn Bakı Abşeron yarımadasında 3 saatdan bir hansı dəyişiklik müşahidə olunur. Havanın temperaturu və yağıntı hansı istiqamətdə dəyişir. TURKMETCAP sisteminin yeni versiyası "TURKMETCAP PLUS" türk mütəxəssisləri tərəfindən 2014-cü ilin sentyabrında Büromuzda quraşdırılıb və yerli mütəxəssislərə sistemdən istifadə qaydalarının öyrədilməsi üçün treninqlər keçirilib".

Bu sistem tətbiq edildikdən sonra proqnoz tərtibatı üçün lazım olan bütün sinoptik xəritələr, rəqəmli informasiyalar, digər ölkələrdə aparılan müşahidələrin nəticələri, faktiki məlumatlar, rəqəmsal modellərin nəticələri - böyük həcmli məlumatlar bir sistemdə cəmləşərək, sinoptik həmin sistemdən istifadə edərək öz proqnozunu tərtib edir.

2009-cu ildə Büroda daha bir "EUMETSAT" peyk sistemi quraşdırılıb. Bu sistem 12 spektr üzrə bulud sistemlərinin vizuallaşmasını təmin edən Avropa peyk sistemidir. Bunun vasitəsilə alçaqda, yüksəkdə olan buludları, yağış buludları görünür. Kanallar 15 dəqiqədən bir yenilənir. Burada əsas fikir regionda hansı proseslərin baş verməsidir. Və bunların Azərbaycan ərazisinə nə kimi təsiri ola bilər. Əsas hava kütlələri şimal və qərbdən daxil olduğu üçün Qara dəniz üzərində, Rusiya ərazisində olan havanı mütəmadi olaraq 12 spektr üzrə izləyirik.

Asif Verdiyev Hidrometeoroloji Proqnozlar Bürosunun  24 saat fəaliyyət göstərdiyini deyir: "Növbədə olan növbətçi sinoptiklər hər 3 saatdan bir məlumatı alır və gündəlik bülletendə qeyd edirlər. Səhər mütəxəssis sinoptiklər işə gələn kimi müşahidə olunan faktiki hava şəraiti üzərində təhlillər aparır.Bundan sonra alınan sinoptik xəritələr üzərində işləyir və proqnoz xəritələrini təhlil edirlər.

Hər gün günorta saat 12-də proqnoz hazır olur və e-mail, faks vasitəsilə dövlət qurumlarına, müvafiq təşkilatlara və KİV-lərə ötürülür.

Həmçinin gündəlik, həftəlik və aylıq icmallar hazırlanaraq da adıçəkilən qurumlara ötürülür".

Baş hidroloq hər gün hidrometeoroloji bülletenlər hazırlandığını da qeyd edir: Həmin bülletendə Azərbaycanın 7 iqlim bölgəsi üzrə sutkalıq və iki sutkalıq hava proqnozu, Xəzər dənizi akvatoriyası üzrə proqnoz, transsərhəd və respublikanın daxili çayları üzrə gündəlik axım proqnozu,  təhlükəli hidrometeoroloji prosesslər haqqında xəbərdarlıqlar və eyni zamanda faktiki hava şəraiti, çaylarda və böyük su anbarlarında faktiki vəziyyət barədə məlumatlar öz əksini tapır. 

Asif Verdiyev onu da vurğulayıb ki, atmosferdə baş verən proseslərin insan səhəttinə təsirini müəyyən edilməsi üçün həftədə 2 dəfə tibbi-meteoroloji proqnozlar da verirlər.

Eyni zamanda Ümumdünya Meteorologiya Təşkilatının 5 Regional iqlim mərkəzlərinin tərtib etdikləri fəsillik proqnozları əsasında Azərbaycan üzrə qış və yay dövrü üçün proqnozlarda tərtib olunaraq ictimaiyyətə açıqlanır.

Yaz-yay (aprel-iyun) gursululuq dövrü çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması üçün hər ilin mart ayında Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində çayların hövzələrində 28 marşrut üzrə qarölçmə işləri aparılır. Qarda olan su ehtiyatı müəyyən edildikdən və yaz-yay dövrü fəsillik hava proqnozu (temperatur və yağıntının dəyişməsi) üzrə məlumatlar təhlil edildikdən sonra aprelin əvvəlində gursululuq dövrünün proqnozu hazırlanır.

Dünyanın heç bir ölkəsində 100 faizlik proqnoz anlayışı yoxdur.

Asif Verdiyev bildirdi ki, proqnoz sözünün mənası elmi metodların köməyi ilə gələcəyi ehtimal etmək deməkdir. O, qeyd edir ki, bütün Avropada istifadə olunan meteoroloji peyk sistemindən Azərbaycanda da istifadə olunur: "Atmosfer elə bir sahədir ki, burada hər saat dəyişiklik baş verə bilər. Son vaxtlar texnoloji imkanlarımız artıb.

Dünyanın Almaniya, Yaponiya və s. kimi ölkələrində də il ərzində 100 faizlik proqnoz anlayışı yoxdur. Hər bir elmin həddi var, ondan artıq mümkün deyil. Biz də hər ay proqnozların doğrulma faizini qiymətləndiririk. 94-98 faiz doğrulma varsa, bu, normal göstəricidir. Tərtib etdiyimiz proqnozlar heç də digər ölkələrdə tərtib olunan proqnozlardan aşağı deyil.

Onun sözlərinə görə, qısamüddətli proqnozlar özünü uzunmüddətli proqnozlardan daha yaxşı doğruldur: Atmosferdə hava daimi hərəkətdə olur. "Ola bilsin ki, birhəftəlik proqnoz verdiyimiz zaman yağış müşahidə etmirik. Lakin  3-4 gün keçdikdən sonar hava qəfldən dəyişir.

Ona görə uzunmüddətli proqnozlar verərkən onlar hər gün bir daha dəqiqləşdirilir. Bu səbəbdən bütün dünya təcrübəsində olduğu kimi 3 günlük proqnozlar daha həqiqətə uyğundur. Aylıq proqnozlar nisbətən məsləhət xarakterlidir. Və onun özünü doğrultması dəyişir. Bundan əlavə, proqnozun yazılmasında köməkçi vasitələrdən olan sinoptik xəritələr hər gün səhər bizə daxil olur. Soyuq və isti cəbhə, inversiya və s. bunlar öncəki xəritə ilə müqayisə olunur və ortaq bir qərar çıxarılır. Digər bir xəritə isə yağış, temperatur geopotensialın dəyişməsi xəritəsidir".

Baş hidroloq sözünə belə davam edir: "Əsasən yağmursuz keçəcək - belə baxanda çox sadə bir cümlədir. Amma onu demək üçün çoxsaylı xəritələr təhlil olunur, müqayisələr aparılır, bütün stansiyalardan gələn vəziyyət öyrənilir, dünənki gündən nəticələr çıxarılır, yer səthi xəritələri araşdırılır. Əvvəl texniki personal xəritələri müqayisə edir. Həkim hansısa diaqnozu qoymaq üçün kardioqramma çıxarır. Biz də konkret nəticəyə gəlmək üçün atmosferin kardioqrammasını çıxarırıq".

"Bəzən bizə  zənglər edirlər ki, dayanacaqlardakı temperaturla sizin proqnozlarınız üst-üstə düşmür".

Asif Verdiyev qeyd edir ki, Bakının 11 məntəqəsində temperaturu ölçsək, 11 fərqli nəticə görəcəyik: "Bütün dünyada standart belədir ki, havanın temperaturu yer səthindən 2 metr yüksəklikdə kölgədə psixrometrik köşkün içərisində olan termometrlər vasitəsilə ölçülür. Bu köşk termometrləri küləkdən, yağışdan günəş şüalarından və müxtəlif cisimlərdən qoruyur. İkinci şərt stansiya yerləşən yer səthi asfalt yox, qrunt olmalı, açıq ərazi olmalıdır. Beynəlxalq yayıma, mətbuata verilən məlumatlar sırf havanın temperaturunun göstəricisidir. Amma şəhərdə kimsə bina evində, asfalta yaxın yerdə temperaturu ölçə bilər ki, bu göstərici də reallıq deyil".

Asif Verdiyev onu da qeyd edir ki, hava ilə yanaşı çaylar üzərində müşahidələr aparılır. Azərbaycan ərazisində 103 hidroloji məntəqə fəaliyyət göstərir. O, xatırladır ki, bu məntəqələrdə suyun səviyyəsi, su sərfi və suyun temperaturu ölçülür: "Suyun səviyyəsi gün ərzində 2 dəfə səhər 08:00 və axşam 20:00 da aparılır.Su sərfi isə çayda sululuğun dəyişməsindən asılı olaraq ölçülür. Məlumatlar kodlaşdırılaraq mərkəzə göndərilir. Çaylar üzrə proqnoz verilərkən gözlənilən hava şəraiti ilə yanaşı faktiki müşahidə məlumatlarından da istifadə olunur. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.