Cəmiyyət

Yaşamadığımız sabahlar

4 Avqust 2015 18:36
0 Şərh     Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir az təklikdə, bir az tənhalıqda, bir az tünlükdə, bir az tutqunluqda kifayət qədər bəs edirsən özüm üçün toxunulmaz, sərhədləri müəyyən olan dövlət qurmağa. Adı sən olan dövlətin ərazi bütövlüyünü qorumaq missiyası sərkərdə kimi olmasa da, ən azı əsgər kimi mənim də boynuma düşür.

Mən bu gözəl sevginin heykəlləşən abidəsiyəm, sənsə ən gözəl heykəltəraşı.

Varlığın, təkcə ruhunun ömrümə hakimliyi məni şeytanın şərindən, zənən məkrindən, hətta xətalardan qoruyur.

Mən sənə xəyanət etməməkdən ləzzət alıram - halbuki yeddi günün hər birinin iyirmi dörd saatında bunu etmək olar. Onsuz da indi evindən mömin çıxanların bəziləri evinə kafir qayıdır, evinə kafir qayıdanı rastlaşdığı faciə sabaha mömin edir.

Amma yox, Sən məni sadəcə böyük olmağa məcbur edirsən.

Məni görməzlikdən gələnlərdən daha incimirəm.

Məni aldadanlara qıcıqlanmıram.

Mənim əleyhimə danışanlara nəinki latayır, hətta mədəni şəkildə cavab vermək belə ağlımın ucundan keçmir.

Məni intriqada, davada, dəlilikdə daha görmürlər.

Sən hamısını ruhunla əvəz edirsən.

Sən üstümə göz, əməlimə hakimsən.

Onun üçün də bir daha deyirəm, varlığın, ruhun bəs edir.

Sən böyüksən. Amma mən böyüklükdə. Mən olduğum böyüklükdə məni gördüyün üçün sakitəm. Mənə həyat şirin gəlir - bütün acılar məni ilgiləndirmir. Çünki sənə inamım var. Bu həm də sənin məndən qazandığın inamdır.

Sevgini sənə özüm bağışlamışdım. Mən səni sevgimə inandırdım, sən məni özünə. Sənin özünə inanmaq səndən sevgi ummaqdan çox-çox əvvəl gəlir.
Sənə xatırlatmağa ehtiyac yoxdu ki, sevginin ən böyüyü sənin inandırdığın inamdan çox-çox kiçikdi.

Mən səni yoxluqda sevmədim!
Mən səni hər kəs və hamı sevimli olanda sevdim. Amma parametral ölçülərinə görə yox.

Mən səni seçib sevdim, sevib seçmədim.
Həm də bu ən ağıllı sevgidi. Ürəyin ağıla uduzduğu dünyada ağılla sevmək bir az kolay. Ağıllı sevgimin üstünlüyü onda ki, mən heç zaman səni itirmək qorxusu yaşamayacam. Mənim üçün bütün günlərin, ayların, illərin adı artıq sənsən.

Görüşdüyümüz vaxtlar vüsaldı, görüşmədiyimiz vaxtlar məhəbbət.
Demirəm ki, bu sevgini qoru. Demirəm də ki, bu inamı qırma. Mən sabahın da, gələcəyin də təbəssüm yağan üzünü görürəm. İndiyə qədər yaşananlar ən böyük sevgini dünyaya gətirən ən sarsılmaz inamın təcəllisidir. Qalır gələcək. Gələcək - yaşamadığımız sabahlardı. Necəliyini bilmədiyimiz yalnız budur. Baxmayaraq ki, hamının təsəllisi sabahlardı!

Elə buna görə də sadəcə deyirəm ki, başladığımız yolu inanaraq və sevgiylə gedək. Çünki bütün yollar xəyal qurmaq üçün gözəl fürsətdir. Və həm də bütün yollar arzuların son ünvanıdır.

Anar Yusifoğlu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.