Cəmiyyət

Azərbaycanda bal çox, alan yox - VİDEO

3 Avqust 2015 23:55
10 Şərh     Baxış: 3 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara arıçıları bu il rekord məhsuldarlıq əldə edib.

Cənub bölgəsinin əsas arıçılıq rayonu olan Astarada arıçılar bu il də bazar problemilə üz-üzə qalıb. Məhsuldarlıq ötən ildəkilərdən yaxşı olsa da, satış bazarı olmadığından arıçılar min zəhmət bahasına başa gələn məhsulu reallaşdırmaqda çətinlik çəkirlər.

Milli.Az anspress-ə istinadən bildirir ki, havaların əlverişli keçməsi nəticəsində Astara arıçıları bu il rekord məhsuldarlıq əldə edib. Hər arı ailəsindən təqribən 25 kq-dan artıq məhsul tədarük olunub. Amma problem yenə qalır. Tədarük olunan bu qədər məhsulu necə reallaşdırmalı?

Cənub bölgəsinin əsas arıçılıq rayonu olan Astarada mindən yuxarı arıçı, 25 mindən çox arı ailəsi var. Rayonun Siyakü, Miki, Şüvi və digər dağətəyi kəndlərində əhalinin əsas dolanışığını arıçılıqdan əldə olunan gəlir təmin edir. Bal süzümünün ilk ayı arıçıların üzünü güldürsə də, məhsullarına alıcı tapa bilməmələri ciddi narahatlığa səbəb olub.

"Arı yaxşı inkişaf edib. 115-120 arı ailəsindən demək olar ki, üç tona yaxın biz məhsul əldə eləmişik. Amma satış bazarımız yoxdur. İndiyə qədər tədarük etdiyimiz məhsulun 5%-ni sata bilməmişik". - deyə Astara Arıçılar Asossasiyasının sədri Arif Nəzərov bildirib.

Arıçılar deyir ki, keçmiş ittifaq dönəmində tədarük satış bazalarının olması onların karına gəlib. Məhsullarını elə qapıdaca təhvil verib haqqını alıblar.

"Xahiş edirik məhsulu gəlib bizdən öz yerimizdə alsınlar. Ya da bizim üçün bir tədarük məntəqəsi olsun ki, biz öz məhsulumuzu ora təhvil verək. İldə də bir dəfə sərgi olur. Orda da alverçilər qoymur, imkan vermirlər ki, biz məhsulumuzu rahat şəkildə sataq", - deyə arıçı Yaşar Ağayev qeyd edib.

Məhsulun xarici, eləcə də paytaxt bazarına çıxarılmasını satış probleminin həlli hesab edən arıçılar rayonlarda müasir qablaşdırma sexlərinin təşkilini də vacib sayır. 

Səlahiyyətli qurumların satış probleminə vaxtında müdaxilə etməsi bu sahənin inkişafına marağı artıra bilər.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.