Cəmiyyət

Dini Komitədə yas mərasimlərinə yenidən NARAZILIQ

3 Avqust 2015 13:20
1 Şərh     Baxış: 2 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yas mərasimlərinin təmtəraqdan uzaq, sadə keçirilməsi üçün istər din xadimləri, istər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, istərsə də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hər zaman əhaliyə müxtəlif müraciətlər ünvanlanır və tövsiyələr verilir. Bir müddət əvvəl ölkə miqyasında bu tövsiyələrə əməl etməyə başladılar, hüzr mərasimlərində süfrələrdən yeməklər, şirniyyat, meyvə-tərəvəz yığışdırıldı. Hətta bir sıra rayonların İcra Hakimiyyətləri bu məsələni diqqətdə saxlayırdı ki, israfa yol verilməsin. Amma müəyyən müddətdən sonra məsələ diqqətdən kənarda qaldı və tövsiyələr unuduldu. 

Yenə əvvəlki kimi hüzr mərasimlərində stollara müxtəlif təamlar düzülür.

Milli.Az modern.az-a istinadən bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aranın dediyinə görə, onlar cəmiyyətdən gələn sosial sifariş nəticəsində yas mərasimləri ilə bağlı tövsiyə vermişdilər. Buna bir müddət əməl olunduğunu diqqətə çatdıran Səyyad Aran da hazırda yenə əvvəlki kimi yas mərasimlərində ifratçılığa yol verildiyini təsdiqləyib.

"Biz yenə də həmin tövsiyəmizdə qalırıq və yəqin ki, bunu tədricən həyata keçirməli olacağıq. Bir sıra insanların şöhrət və özünü göstərmək meyli, təəssüf ki, hələ də davam edir. Amma bildiyiniz kimi, həm Quranda, həm də Peyğəmbərin (ə.s.ə.) göstərişlərində dəfələrlə qeyd olunub ki, hüzr məclisində hər hansı adamın maddi baxımdan özünü göstərməsi, nümayiş etdirməsi, süfrəyə zəngin təamlar verməsi düzgün deyil, israfçılıqdır və bu israfçılığı Allah-Taala da xoş qəbul etmir. İndi insanların bir qismi buna əməl edir, bir qismi etmir. Bu hər bir kəsin vicdanı, həm də mənəvi hərəkətidir".

Komitə sədrinin müavini qeyd edib ki, insanlar bu cür hərəkətlərin - israfçılığın həm Quranı-Kərimdə, həm də islamın ən böyük alimlərinin fikirlərində, göstərişlərində yolverilməz hesab edildiyini başa düşməlidirlər.

"Buna əməl etmək hər bir insanın artıq öz daxili, mənəvi borcudur. Onun mənəvi dünyasında bu cür hərəkətlər necə formalşırsa, o cür də qavrayıb addım atır".

S.Aran bildirib ki, yas mərasimləri ilə bağlı tövsiyənin məcburi həyata keçirilməsi ilə bağlı əmr və ya hər hansı bir göstəriş ola bilməz.

"Heç bir icra nümayəndəsinə nə bizim komitədən, nə də yuxarı orqanlardan göstəriş verilməyib. Belə bir şey yoxdur. Məcburiyyətlə nəsə olmayıb və olmayacaq da. Bu hər bir insanın daxili məsələsidir. Bu cür israfçılığı aradan qaldırmaq üçün dini maarifləndirməni gücləndirmək lazımdır. Tanınmış adamların şəxsi nümunələri gərəkdir, eyni zamanda cəmiyyətin özünün buna daxildən təpkisi olmalıdır. Başqa əmr, göstəriş ola bilməz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.