Cəmiyyət

Çox bahalı təhsil haqqı: 20 mindən çox valideyn övladlarını necə oxudacaq?

3 Avqust 2015 11:52
5 Şərh     Baxış: 1 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali məktəblərə tələbə qəbulu başa çatar-çatmaz, övladı tələbə adını qazanmış valideynlərin böyük əksəriyyətinin yekdil problemi qabarır. Söhbət təhsilhaqqı ödənişindən gedir.

"Təhsil haqqını necə verəcəyik?". Hər il bu sualın qarşısında çaş-baş qalanlar yetərincədir. Kimisi olan-olmazını satıb övladını oxutdurur, kimisi yüksək faizlə banklardan kredit götürüb illərlə bu yükü çəkir, kimisi də ümumiyyətlə lazım olan vəsaiti tapa bilməyib, onun ağırlığı altında xəstəlik tapır. Bu mənada, ali məktəbin qapısını açmadan geri dönən, tələbə adından imtina edən neçə-neçə gənc var ki, bəlkə də, məhz onlar gələcəyin qurucularıdır. Lakin maddi imkansızlıq üzündən onlar tələbə adının sevincini yaşaya bilmirlər.

Azərbaycanda minimum əməkhaqqının 145 manat olduğunu nəzərə alsaq, təhsilhaqqının 2000-4500 manat arasında dəyişməsi həm də gəncləri təhsil almaq hüququndan məhrum etmək anlamına gəlir. Çünki bu məbləği ödəməyə imkanı və gücü çatmayan ailələr onminlərlədir. Üstəlik, bu cür məsələlərdə bir problemin həlli digərini doğurur. Yəni, borc-xərc alınan pulun necə qaytarılması da ailələrin başağrısına çevrilir. Bəs onda bu problemdən çıxış yolu nədədir? Gənclər yüksək təhsilhaqqını necə versinlər, bunun həlli mexanizmi nədir?

Milli.Az azadlıq.info-ya istinadən bildirir ki, deputat Vahid Əhmədov təhsil kreditləri haqqında qanun layihəsinin hazırlanaraq parlamentə təqdim edildiyini deyir. Qanun layihəsini deputat həmkarı Əli Məsimovla birgə hazırladıqlarını deyən Vahid Əhmədov bu addımı sözügedən problemlə əlaqədar onlara müraciət edən insanların həddən çox olması ilə izah edir: "Bizə çoxsaylı insanlar müraciət edərək bu problemin həllini soruşur. Savadlı uşaqlar təhsilhaqqı üzündən təhsillərini başa vura bilmirlər. Bütün bunların hamısını nəzərə alaraq, Əli Məsimovla birgə təhsil kreditləri haqqında qanun layihəsi işləyib Milli Məclisə təqdim etmişik. Bu qanun layihəsi Milli Məclisin Komitəsində müzakirə olunub. Onun əleyhinə çıxanlar da oldu. O cümlədən, bank sisteminin müəyyən problemlər yaradacağı da söylənildi. Lakin həmin qanun layihəsi Milli Məclisdədir və ona baxılır. Sözügedən problemi həll etməyin yeganə yolu təhsilhaqqını kredit vasitəsilə ödəməkdən ibarətdir. Orada müəyyən güzəştlər, imkansız insanlara yardımlar da nəzərdə tutulub".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.