Cəmiyyət

Bakının qızıl bazarı: dünyada qiymət düşür, bəs bizdə? - FOTO

2 Avqust 2015 17:05
0 Şərh     Baxış: 13 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qızıl bazarında alan da narazıdır, satan da...

Qızılın dünya bazarındakı qiyməti son 5 ildən bəri ən aşağı həddə çatıb. Ötən həftə sarı metalın qramı 34 dollara təklif edilib. Ekspertlərin fikrincə, qızılın qiymətdən düşməsinin bir çox səbəbləri var. Qiymətli metala zinət əşyası kimi marağın azalması da onlardan biridir. Bəs Azərbaycan bazarında vəziyyət necədir? Dünya bazarında qiymətlərin dəyişməsi daxili bazara təsir edibmi? Qiymətli metala zinət əşyası kimi maraq azalıbmı?

Virtualaz.org saytının əməkdaşları bu suallara cavab axtarmaq üçün ən çox qızıl alış-verişinin aparıldığı "Moskva" və "Laçın" univermaqlarında olublar. Əvvəlcə onu bildirək ki, həm "Moskva", həm də "Laçın" ticarət mərkəzləri mətbuata, demək olar, qapalıdır. Bu da təhlükəsizlik tədbirləri ilə əlaqələndirilir. Buna görə biz də özümüzü alıcı kimi təqdim etməyə məcbur olduq.

Qeyd edək ki, istirahət günü olmasına baxmayaraq "Moskva" ticarət mərkəzində alıcı qıtlığı hiss olunurdu. Univermağın qızıl şöbəsində əsasən Rusiya, Türkiyə və Dubaydan gətirilən zinət əşyaları satılır. Türkiyə qızılı kimi tanınan 585 əyarlı qızılın qramı 32 manatdan 35 manatadək təklif edilir. 750 əyarlı qızılın qramı isə 42-45 manat arasında dəyişir. Qiymətlər zinət əşyasını istehsal edən firmaya və görkəminə görə dəyişir.

Satıcı Sevda deyir ki, əvvəllər brilyantla bəzədilmiş zinət əşyalarına üstünlük verənlər çox idisə indi daha çox qızılla maraqlanırlar. Əsasən 750 əyarlı zinət əşyaları satılır. Satıcının sözlərinə görə, 585 əyarlı qızıl lombard və ya banklar tərəfindən girov kimi qəbul edilmir. Üstəlik, satılanda və ya dəyişdiriləndə dəyərini itirir. Buna görə də alıcılar 750 əyarına üstünlük verirlər. Satıcı Afət isə hədiyyə almaq istəyənlərə 585 əyarlı zinət əşyalarıın təklif edildiyini qeyd etdi:

"Çoxları hədiyyə kimi 585 əyarlı qızıllara üstünlük verirlər. Çünki bu əyarlı qızıllar ucuzdur. Məsələn, 2 qramlıq bu üzüyü 120 manata verirəm. Uşaq üçün kulonların qiyməti 75 manatdan başlayır. Amma 750 əyarlı olsaydı, baha satardım. Məncə, ən yaxşı hədiyyəlik 585 əyarlı qızıllardır".

Zöhrab adlı satıcı isə müştəri qıtlığından şikayətlənir: "Ramazanda alış-veriş tamam ölmüşdü. İndi toylara görə nisbətən satış var. Amma əvvəlki illərə baxanda bahalı mal alanların sayı azdır. Gördüyünüz bu dəstin qiyməti 10 min manatdır. Son 1 ilə qədər bahalı dəstlərin öz alıcıları olurdu. İndi 4-5 min manatdan yuxarı qızıl satmamışam".

Satıcıların şikayətlərindən biri də qızılın qiymətinin stabil olmamasıdır. Elnur adlı satıcı söyləyir ki, dollar bahalaşandan sonra dünya bazarında qiymətin azalması daxili bazara elə də təsir etməyib: "Dolların bahalaşması qiymətlərə təsir etdi. İndi dünya bazarında qızılın ucuzlaşmasının daxili bazara elə də təsiri yoxdur. İstənilən halda ciddi ucuzlaşma olmayacaq".

"Moskva" univermağından fərqli olaraq "Laçın" ticarət mərkəzində alıcıların sayı daha çoxdur. Satıcılar deyirlər ki, "Laçın" qızıl alış-verişində ən ucuz bazar kimi tanınır. Baxmayaraq ki, qiymətlər arasında elə də fərq yoxdur. Rüfət adlı satıcı deyir ki, toy mövsümü olsa da əvvəlki illərdəki kimi alver getmir:

"Ucuz təklif edilən zinət əşyalarının əksəriyyəti sex malıdır. Bundan əlavə, alıcıdan ucuz qəbul edilən qızıllara endirim edə bilərik. Amma zavod istehsalı olan 750 əyarlı qızılların qiyməti dəyişməz qalıb. Yalnız 10-30 manat arası endirim ola bilər".

Satıcı Leyla isə qızılın ucuzlaşmasının satışa təsir etdiyini dedi: "Əvvəl Avropa Oyunları, sonra Ramazan bazara təsir etmişdi. Ramazandan sonra qızıl uzuzlaşdı, alıcıların sayı artdı. Son 1 gündə 4 qızıl satmışam. Hətta gəlin üçün sırğa-üzük, boyunbağı dəstlərində yaxşı endirimlər edirik".

Oğlunu evləndirmək istəyən yaşlı qadın isə bahalıqdan şikayətlənir: "Gərək 4-5 min manatın olsun ki, nəsə alasan. Belə də bahalıq olar? Bir aydan sonra satmağa gətirsəm, heç yarı qiymətə götürməyəcəklər".

Onu da qeyd edək ki, biz də əməkdaşımızın ötən il elə "Laçın" ticarət mərkəzindən 1000 manata aldığı brilyant qaşlı üzük-sırğa dəstini satmaq adı ilə qiymətləndirmələrini istədik. 750 əyarlı dəstə 350 manat təklif olundu. Satıcıların sözlərinə görə, bu dəst sexdə hazırlanıb, yəni yerli maldır: "Yalnız qızılına 350 manat verə bilərik. İstəyirsinizsə, qaşlarını çıxarıb özünüzə verək". Digər alıcılar kimi əməkdaşımız da dəstin sexdə hazırlandığından xəbərsiz olub. Satıcılar isə deyirlər ki, zavod istehsalı ilə sex malını ayırd etmək üçün qızılla bağlı məlumatlı olmaq lazımdır: "Mən də qızıl satmayana kimi heç nəyi ayırd edə bilmirdim. İşlədikcə hansı malın zavodda, hansının sexdə istehsal edildiyini ayırd edə bildim".

Sevinc adlı satıcı isə bunda alıcıları günahlandırır: "5 min manat verib qızıl alırlar. Amma 10 manat verib zərgərə göstərmirlər. Malı almazdan əvvəl zərgərə göstərmək lazımdır". Onu da qeyd edək ki, qızıl satışı ilə məşğul olan ticarət mərkəzlərində, elə "Laçın"da da zərgərlər var. Amma onların hansısa malı pisləyəcəyinə, bunu deyil, digərini məsləhət görəcəyinə inam azdır.

Nəzərə alaq ki, qızıl geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısındadır. Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıya əsasən, qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar geri qaytarılmır. Bir sözlə, dünya bazarındakı qiymətlər yerli bazara o qədər də təsir etmir. Baxmayaraq ki, alan da, satan da narazıdır...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.