Cəmiyyət

Keçmiş icra başçısı gölü niyə qurutdurdu? - REPORTAJ - FOTO

2 Avqust 2015 13:39
7 Şərh     Baxış: 4 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beş il öncə baş verən müdhiş qanun pozuntularının pərdəarxası məqamları...

 3 tondan artıq balıq çıxarılan Başkənd gölü acınacaqlı durumdadır

1992-сi ildə Gədəbəyin ermənilərdən azad edilən Başkənd kəndinin gölü acınacaqlı durumdadır. 2010-cu ilə qədər regionda balıqların bolluğuna görə öndə gedən göldə hazırda qıtlıq yaşanır. 

Buna səbəb rayonun keçmiş icra başçısı Kamran Rzazadənin 5 il öncə gölü qurutduraraq, üç tondan çox balığı Azərbaycanın müxtəlif bölgələrində, eləcə də, Rusiya ərazisində satdırmasıdır. Hazırda göldə balıqlar böyüklüyünə görə də əvvəlki illərdən kəskin fərqlənir. 

Apardığımız müşahidələr zamanı bunun şahidi olduq. Başkənd gölü ətrafında az sayda balıqçı var idi. Təxminən bir saata yaxın onları müşahidə etdik. Bu müddət ərzində az sayda balıq tilova tuş gəldi. Onlar da adi çay balıqlarından fərqlənmirdi. 

Balıqçılarla söhbət zamanı onlar buna səbəb kimi beş il öncə baş verən hadisəni göstərdilər. Danışıq əsnasında göllə bağlı müdhiş qanun pozuntularının sirlərini açmağa nail olduq. 

Məlum oldu ki, keçmiş icra başçısı etdiyi qanun pozuntusunu 2010-cu ildə baş verən Kür daşqınları ilə ört-basdır etməyə çalışıb. Dolayı yolla buna nail olub. 

Hətta bununla bağlı yuxarı dairələrə də məlumat verib. Prezident Administrasiyasını bu məsələdə inandıra bilib. Qanunları tapdalayan K.Rzazadə gölün ətrafına çəpər çəkdirərək, bir aya yaxın insanların burada istirahət etmələrinə imkan verməyib. Gölün ətrafına heç kəsi buraxdırmayıb. 

Sonralar məlum olub ki, sabiq icra başçısının bu addımı atmasına səbəb etdiyi qanun pozuntusunun üstünün açılacağından ehtiyatlanması olub. Ancaq o zaman Gədəbəydən deputat olan Nazim Məmmədovun işə qarışmasından sonra çəpər götürülüb. Məhz bundan sonra sabiq deputatla K.Rzazadə arasında soyuqluq yaranıb.  

Araşdırmalarımız zamanı o da üzə çıxdı ki, hazırda Ceyrançöl deyilən ərazidə böyük sürülərə sahib olan K.Rzazadə Başkənd gölünü üç imkanlı şəxsə satıb. Sonralar həmin şəxslər verdikləri yüksək məbləğin qarşılığını görməyəndə sabiq icra başçısını məhkəmə ilə hədələyiblər. Yalnız bundan sonra K.Rzazadə onların pullarını geri qaytarmağa məcbur olub. 

Mövzuda adı keçən N.Məmmədovun məsələyə münasibətini öyrəndik. Sabiq deputat baş verənləri təsdiqlədi: "Deyilənlər qismən də olsa, həqiqətdir. Gölün çəpərlənməsinə deputat olarkən etiraz etdim. Baş Qərargah rəisinə zəng edərək, sökülməsinə nail oldum. Bundan sonra "Azərbaycan Cümhuriyyəti" adlı qəzetdə rayon rəhbərliyinin tapşırığı ilə əleyhimə silsilə yazılar getdi. Guya ki, mən qızıl zavodunun bağlanmasını istəmişəm, halbuki Gədəbəy rayonunda keçirilmiş hesabat iclasında hamının yanında qızıl zavodunda baş vermiş ekoloji qəza ilə bağlı ətrafda yaşayan kənd sakinlərinə vurulmuş maddi ziyanın ödənilməsini tələb etmişdim. Prezident Administrasiyasında bununla bağlı doğru olmayan fikir formalaşdırdılar. Bundan seçkilər zamanı təbliğat kompaniyasında mənə qarşı istifadə olundu. Bu məsələlərin keçmiş başçıya nə qədər aidiyyatı olduğunu təsdiq edə bilmərəm, mənim hər kəslə münasibətim normal olub, indi də normaldır".

Göründüyü kimi, düşmən tapdağından azad olunan bir kəndin gölü ətrafında bu cür oyunlar oynanılıb. Bizə isə sadəcə, öz şəxsi mənafelərini hər şeydən öndə tutan bu cür şəxslərin əməllərindən təəssüflənmək qalır...

Mövzuda adı keçən digər şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.