Cəmiyyət

Səyavuş Heydərov: "Mənəviyyatımız olan İslam dininin siyasiləşdirilməsi yolverilməzdir"

30 İyul 2015 16:22
Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yaxınlarda Düşənbə şəhərində "İslam dini ekstremizmə və terrorizmə qarşıdır" mövzusunda beynəlxalq konfrans keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən konfransda müzakirə olunan məsələlərlə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun müsahibəsini təqdim edir.

- Bu yaxınlarda Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində sizin də iştirak etdiyiniz "İslam dini ekstremizmə və terrorizmə qarşıdır" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransla bağlı təəssüratlarınızı, eləcə də dini ekstremizmə və terrorizmə qarşı mübarizənin effektivliyinə təsir göstərən amillər barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Tacikistanda keçirilən "İslam dini ekstremizmə və terrorizmə qarşıdır" adlı beynəlxalq konfransda dini ekstremizm və terrorizm anlayışları ilə yanaşı, onu yaradan səbəblərə, bəşəriyyəti narahat edən bir sıra digər aktual məsələlərə toxunuldu. Dünyada dini zəmində baş verən proseslərdə bəzi dövlətlərin, xüsusilə Qərb dövlətlərinin ikili standartlar nümayiş etdirməsi ilə bağlı müəyyən fikirlər səsləndirildi. Müzakirələr zamanı iştirakçı dövlətlərdən bir qismi bu ikili standartlara qarşı sərt tənqidi mövqedən çıxış etdilər. Xüsusilə, Qırğız Respublikasının nümayəndə heyəti bu məsələyə münasibətini kəskin şəkildə bildirdi və proseslərin bu cür davam etməsi fonunda Qərbə inteqrasiyanın dayandırılmasını da istisna etmədi.

Mövzu ilə bağlı sualınıza gəldikdə isə bildirim ki, ümumiyyətlə İslam dini ümumbəşəri dindir, mahiyyəti etibarilə sülh və əmin-amanlıq dinidir. İslam dininin ortaya qoyduğu ümumi prinsiplər insanları qardaşlığa, birliyə, bərabərliyə səsləyir. Məhz buna görə İslam dininə maarifçilik aspektindən yanaşsaq, müasir dövrümüzdə meydana gələn bir çox problemlərin kökündən həllinin şahidi ola bilərik. Lakin bir faktı unutmaq lazım deyil ki, İslam dinindən siyasi və iqtisadi maraqlar naminə alət kimi istifadə edilməsi, siyasiləşdirilməsi cəhdləri onun terror və müharibədə qorxulu silaha çevrilməsinə səbəb ola bilər. Tarixi təcrübə bunu əyani şəkildə sübut edir. Konfransda da qeyd edildiyi kimi, bəzi dairələr tərəfindən İslam dinində yer alan məzhəblərarası münasibətlərin süni şəkildə kəskinləşdirilməsi cəhdləri həyata keçirilir. Dünyəvilik prinsipləri ilə idarə edilən dövlətlərə dindarların hüquqlarının müdafiəsi, eləcə də İslam qanunları ilə idarə olunan dövlətlərə "demokratik" prinsiplərin təlqin olunması adı altında siyasi, hərbi müdaxilələrin edilməsi və bu hadisələrin arxasında hansı qüvvələrin durduğu artıq heç kimə sirr deyil. Burada, eyni zamanda, müəyyən qüvvələrin, xüsusilə erməni lobbisinin ümumilikdə İslam dünyasının, o cümlədən Azərbaycanın inkişaf və tərəqqisini həzm edə bilmədikləri özünü aydın şəkildə büruzə verir. Bu qüvvələr dərk edirlər ki, İslam dininin həqiqi prinsipləri multikultural dəyərlərin inkişafına, müasir dövrdə müxtəlif xalq və millətlərin, etnik və dini qrupların bir yerdə sülh şəraitində yaşamasına münbit şərait yaradır. Belə ki, Azərbaycan dövləti multikulturalizmi və dini tolerantlığı dövlət siyasətinə çevirməklə bu şəraiti ölkəmizdə nümunəvi bir şəkildə formalaşdırmağı bacarıb.

- Artıq hər kəs etiraf edir ki, bu gün dünya iqtisadi böhranla yanaşı, mənəvi sahədə də dərin böhran içindədir. Konfransda mənəvi böhranın İslam ölkələrinə təsiri haqqında fikir mübadiləsi aparıldımı?

- Konfransda bir sıra məqamlarla yanaşı, bu məqama da toxunuldu. İslam dünyasında mənəvi böhranın əsas təzahürü kimi terror qruplaşmalarının, xüsusilə İŞİD-in fəaliyyəti əsas müzakirə mövzularından biri oldu. Qeyd edildi ki, İslam dini zəmində baş verən silahlı münaqişələr, o cümlədən İŞİD-in simasında terror və ekstremizm dini kimi təqdim edilir. Bu da öz növbəsində dünyada islamofobiya meyillərinin güclənməsinə səbəb olmaqla yanaşı, İslam ölkələrinə qarşı münasibətdə də aqressiv mövqe nümayiş etdirilməsinə gətirib çıxarır. Təəssüf doğuran məqamlardan biri odur ki, bəzi iştirakçı dövlətlər dini sahədə mövcud vəziyyətin saxlanılması və İslam dinində yer alan qeyri-ənənəvi təriqətlərin İslam dünyasında vahid ideologiyaya çevrilməsi ilə bağlı təklif irəli sürdülər. Bu cür fikir ayrılıqlarının yer aldığı bir şəraitdə İslam aləmində birlik təmin edilmədikcə mənəvi böhranın daha da dərinləşməsi, multikultural dəyərlərin uçuruma yuvarlanması labüddür. Hər kəs yaxşı dərk etməlidir ki, İslam ölkələri arasında birliyin olmaması dini ekstremizm və terrorizmə qarşı vahid mübarizə strategiyasının ortaya qoyulmasına da maneçilik törədir. Məhz bu səbəbdən qeyd edilən tədbirdə ölkələr mübarizə üsulları ilə bağlı müəyyən fikirlər, o cümlədən İslam dünyasında mövcud tənəzzülün qarşısının alınmasının vacibliyini bildirsələr də, vahid mövqe və mübarizə strategiyası ortaya qoyulmadı.

- Multikulturalizmin Azərbaycan təcrübəsinin bu proseslərdə hansı əhəmiyyətli üstünlükləri var?

- Azərbaycan Respublikası dünyəvilik prinsiplərinə əsaslanmaqla multikultural dəyərləri yaşatmaqda və inkişaf etdirməkdədir. Azərbaycan bu sahədə tarixi təcrübəyə malikdir və ölkəmizdə müxtəlif etnik, dini qrupların birgəyaşayış mühiti sağlam təməllər üzərində qurulub. Azərbaycan dövlətinin bu mövzuya hər zaman həssas mövqedən yanaşdığını qeyd etmək lazımdır. Dünyada multikulturalizm anlayışının dəyərdən düşdüyü və öz effektivliyini itirdiyi barədə fikirlərin formalaşdığı bir dövrdə Azərbaycan multikulturalizmin alternativsiz bir anlayış olduğunu əyani şəkildə sübut etməkdədir. Ölkəmizdə multikulturalizm nəinki siyasi xətt kimi, eyni zamanda, milli keyfiyyət kimi də təqdim olunmaqdadır. Azərbaycanda təkcə dinlərarası deyil, məzhəblərarası fərqliliklər də multikulturalizmin tərkib hissəsi hesab olunur. Azərbaycan multikulturalizminin fərqli cəhətlərindən biri də budur. Məhz buna görə multikulturalizmin Azərbaycan modeli nəinki ölkəmizdə və region dövlətlərində, bütün dünyada nümunəvi model kimi öyrənilə və geniş mənada tətbiq oluna bilər. Bu barədə təklif və tövsiyələrimiz konfransın işinin işıqlandırıldığı Tacikistanın "Din və cəmiyyət" jurnalında dərc olunub, onun iştirakçılarının və eləcə də ictimaiyyətin diqqətinə çatdırılıb.

- Sizcə İslam dünyasında dini zəmində baş verən silahlı münaqişələrin sona çatması üçün hansı prioritet məsələlər önə keçməlidir?

- İslam dininin qeyd etdiyimiz sağlam təməlləri əsas götürülərsə, bir çox problemli məsələlər asanlıqla öz həllini tapa bilər. Bunun üçün ilk növbədə İslam dini siyasətdən uzaqlaşdırılaraq sırf elmi-mədəni müstəvidə öz inkişafını tapmalıdır. Bu gün İslam mədəniyyətinin, İslamın elmi gücünün ön plana çıxarılması, problemlərin silah gücü ilə deyil, qarşılıqlı anlaşma və tam elmi əsaslarla həll edilməsi dünyadakı bir çox münaqişə ocaqlarını söndürməyə qadirdir. Azərbaycan dünyəvi dövlət quruluşunu qoruyub saxlamaqla dövlət-din münasibətlərini hüquqi və elmi müstəvidə nizamlamağı bacarıb. Əgər biz bir dövlət və xalq olaraq bu nailiyyətlərə imza ata bilmişiksə, digər cəmiyyət və dövlətlər də müsbət nəticələr əldə edə bilərlər. Bəşər cəmiyyətinin və beynəlxalq təşkilatların bu məsələyə daha həssas və siyasi çalarlar olmadan yanaşmaları dünyamızda sülhün və əmin-amanlığın bərpasına böyük töhfələr verəcək və biz çalışmalıyıq ki, qeyd olunan proseslərin daha uğurlu şəkildə həyata keçirilməsi üçün İslam mədəniyyətinin potensialından düzgün istifadə olunsun.

- Dünyada gedən mövcud proseslər Azərbaycanda necə qiymətləndirilir?

- İlk növbədə dünyada gedən proseslərin təhlili düzgün formada aparılmalıdır. İslam dünyasında və ümumilikdə beynəlxalq arenada baş verən mənəvi böhran və s. dəyişikliklər diqqətlə izlənməli və aparılan analitik təhlillərdən düzgün nəticələr çıxarılmalıdır. Bu məsələdə xüsusilə gənclər diqqətli olmalıdır. Ekstremist qruplaşmaların din adı altında ölkəmizə müdaxilə edərək xüsusən gənclərimizi çirkin məqsədlərində alətə çevirməsinə və Azərbaycan gənclərinin bu məqsədlərə qurban getməsinə heç bir vəchlə imkan vermək olmaz. Hər kəs beynəlxalq aləmdə oynanan "bu böyük və təhlükəli oyunu" görməli və düzgün qiymətləndirməlidir. Bir daha unutmamaq lazımdır ki, mənəviyyatımız olan İslam dininin siyasiləşdirilməsi yolverilməzdir. Dünyanın qeyd olunan böhrandan xilas yolu da məhz bundadır.

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə yaxın gələcəkdə daha hansı addımları atmağı düşünür?

- İlk növbədə, dövlətimizin dövlət-din münasibətlərinin istiqamətlənməsində tutduğu xətt davam etdirilməlidir. Daha öncə qeyd etdiyimiz kimi, bizim dini sahədə milli kadrlara ehtiyacımız var. Bu kadrların formalaşdırılması üçün milli-dini təhsil sistemi formalaşdırılmalıdır. Dünyəvilik prinsiplərinə əsaslanan, eyni zamanda, dinin elmi və ümumbəşəri mahiyyətini özündə ehtiva edən dini tədris sistemi Azərbaycanın multikultural dövlət siyasətinə əhəmiyyətli dərəcədə töhfə verə bilər. Qeyd olunan məsələ ilə bağlı milli mütəxəssislərimizin hazırlanması üçün yaxın gələcəkdə dini sahənin tamamilə nizamlanmasında müsbət nəticələr əldə etməyi düşünürük.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.