Cəmiyyət

Bakıda klinikada ana fəryadı: 16 ildən sonra övlad sevinci və ehtiyacın gətirdiyi kədər - FOTO - ARAŞDIRMA

29 İyul 2015 21:06
109 Şərh     Baxış: 31 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16 ildən sonra övlad sahibi ailə bu xoş günə doyunca sevinə bilməyib. Səbəb isə onlardan tələb olunan puldur. 

Milli.Az xəbər verir ki, Nağıyevlər ailəsi 16 ildən sonra övlad sahibi olublar. Özü də əkiz. Lakin bir əmma var ki, uşaqlar vaxtından tez doğulublar. Hamiləliyin altı ayında doğulan körpələri tibbi personal küvözə (həyati təhlükəsi olan yeni doğulan körpələrin saxlandığı xüsusi qablar) yerləşdirmək məcburiyyətində qalıb.

Leyla Şıxlinskaya Klinikasında doğulan körpələr təxminən bir aydır ki, küvözdədirlər.

Uşaqların sağlamlığı ilə yanaşı hazırda valideynləri narahat edən bir məqamda var ki, bu da klinikaya ödənəcək məbləğdir. Ana İlahə Nağıyeva iddia edir ki, uşaqların müalicəsi üçün klinikaya 18.000 manat ödənməlidir ki, onlar da bu məbləği tapmaq imkanında deyillər. Bu səbəbdən də ana kömək üçün ictimaiyyətə müraciət edib.

Ananın adından yayılan müraciəti olduğu kimi diqqətinizə çatdıdırıq:   

"Salam, mən Nağıyeva İlahə İsfəndiyar qızı 1999-cu ildə ailə həyatı qurmuşam. 16 ildir övladım olmur. Uzunmüddətli müalicədən sonra bu ilin iyun ayında 2 əkiz körpə dünyaya gətirmişəm. Körpələr 6 aylıq doğulduğuna görə küvözdə saxlanılırlar. Onların yaşaması üçün klinikaya 18.000 AZN ödəmək lazımdı. Həyat yoldaşım və mən heç bir yerdə işləmirik. Xərcləri ödəməyimiz imkan xaricindədir. İlk 10 günü bizə olunan yardımlar əsasında ödəmişik. Əziz oxucular klinikanın qalan 2 ayının ödənişinin ödənilməsinə köməklik göstərməyinizi sizdən xahiş edirəm. Onların həyatı böyük təhlükədədir. İnanıram ki, hər kəs vaxtında öz yardımını edəcək, mən də bir ANA kimi oğlumu və qızımı öpüb bağrıma basaram inşAllah". 

Məsələ ilə bağlı əlaqə saxladığımız həkim Faiq İsmayılov isə xəstəsi olan Nağıyevanın müraciətində müalicə üçün tələb olunan məbləği həddən artıq şişirtdiyi qənaətindədir. Onun sözlərinə görə, küvözdə gün ərzində uşaqların saxlanılması qiyməti klinikada 100 manatdır. Uşaqlar da bir aydır ki, buradadırlar. 30 gün ərzində deyildiyi məbləğin olması qeyri-mümükündür. "Mənim özümə də maraqlıdır ki, ana bu rəqəmi haradan götürüb. Hətta o ailəyə ödəmə ilə bağlı müəyyən güzəştlər edilib. Doğuş qiymətini üzərinə gəldikdə belə 18.000 manat etmir".

Həkim onu da qeyd etdi ki, uşaqların vəziyyəti normaldır və 4-5 gün ərzində onların küvözdən çıxarılma ehtimalı böyükdür. 

Qeyd edək ki, uşaqlar süni mayalanma ilə dünyaya gəliblər.  

Uşaqların anası İlahə Nağıyeva ilə də əlaqə saxladıq. Ana bildirdi ki, 18.000 min manat rəqəmi yanlışlıqla göstərilib. O bildirdi ki, indiyə qədər klinikaya təxminən 6 min manat ödəmişik. "İndiyə olan borcumuz isə təxminən 2.500 manatdır. Lakin burada qalacağımız müddətdə məbləğ artacaq. Günə təxminən iki yüz manat xərcimiz çıxıb".

İ.Nağıyeva klinikanın rəhbərliyinə və həkiminə onlara etdiyi güzəştlər üçün təşəkkürünü bildirdi: "Küvözün biri 130 manata idi. Bizdə iki uşaq olduğuna görə gündə 260 manat vermək məcburiyyətində idik. Lakin sağolsun klinikanın rəhbərliyi vəziyyətimizi nəzərə alıb, müraciətimizi qəbul etdilər və küvözün birini günü 70 manata endirdilər. Lakin borcumuzu ödəmək imkanında deyilik. Ona görə də imkanlı kəslərdən xahiş edirik yardım üçün".

Əfqanə, Firdovsi

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.