Cəmiyyət

Bizim kəndin kişiləri və Xoşqədəmin verilişindəki gəlin

31 İyul 2015 00:10
19 Şərh     Baxış: 6 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əslində, bu, bir hekayə olacaqdı. Sonra düşündüm ki, niyə axı, oxucular elə başa düşəcək ki, yazdıqlarım bir yazıçı təxəyyülünün məhsuludur. Gələcəkdə, məsələn, 50 il bundan sonra, kimsə bu yazını hekayə deyib, tarixə salmaq istəsə, əllərinə sağlıq. Eləməsə də, bir şey itirməyəcəyik. Guya 50 ildən sonra nə dəyişəcək ki? Həmin sudu, həmin dibək...

...Amma kəndimizin say-seçmə ağsaqqallarından olan Çıraq kişinin bu yaxınlarda başına gələn əhvalat, doğrudan, yaxşı bir hekayə mövzusudur. Hadisəni anlatmamışdan əvvəl gərək Çıraq kişini və qonşusu Dursun kişini bir az xarakterizə edəm. O ki deyirlər ha, xalqın gözü tərəzidi, bax o misalı eşidəndə mənim gözümün qabağına tərəzinin bir gözündə Çıraq kişi, o birisində isə Dursun kişi gəlir. Həqiqətən də, bu adamların gözü tərəzidir ki, durub. Bu günə qədər verdikləri proqnozların, qoyduqları diaqnozların biri də yanlış çıxmayıb.
Elə ki, səhər açıldı, çıxırlar doqqaza. Nəvələri də əllərində döşəkçə onların dalınca düşürlər. Bir də görürsən, döşəkçəni babanın altına soxmaq üstündə bir basabas, bir qırğın düşüb ki, gəl görəsən. Nə isə, sözüm onda deyil. 

Çıxırlar doqqaza, otururlar məxsusi onlar üçün düzəldilmiş kətilin üstündə. Əvvəlcə elə-belə, dünyanın işlərindən söhbət açıb, qlobal mövzularda gəzişmələr edirlər. Ta ona qədər ki, yayda tozanağı, qışda palçığı əskik olmayan kənd yolunda qız-gəlin görünə. Bax ondan sonra bayaq dediyim tərəzi işə düşür, nə düşür... Özü də zalım uşağı elə bil, Biləcəri bazarındakı alverçilərdir. Malı qatarla gələn kəndçidən pulla alıblar deyə, itkiyə vermək istəmirlər. Tərəzinin bir gözü azacıq aşağıdırsa, tez o birindən iki dənə gilası götürüb, geri tullayırlar. Məsələn, filankəsin qızı yaxşı qızdır, deyiblərsə, mütləq saçını saraltdığını da nöqsan kimi qeyd eləməlidirlər. 

Və ya "filankəsin gəlini qoçaqdır" deyiblərsə, "amma yaman bərkdən gülür" qeydini də eləməlidirlər. 
Hekayə kimi yazmaq istədiyim isə bilirsinizmi nədir? Bu günlərdə bir əhvalat eşitmişəm. Mən adətən kənd camaatından eşitdiyim əhvalatın ümumi hissəsini beynimdə saxlayıram. Yəni Məmişin, Gülüşün, Zuquşun variantlarında üst-üstə düşən hissəni əhvalatın həqiqi variantı kimi qəbul edirəm. Yoxsa ki, bizim camaatın fantaziyası sonsuzdur.

Həmin ümumiləşdirilmiş varianta görə, Çıraq kişinin başına belə bir əhvalat gəlib. Onun gəlini, bütün kənd əhlinin qız-gəlinə nümunə göstərdiyi Zəriş Xoşqədəmin verilişinə çıxıb. Kişinin Dursun kişiyə danışdığı söhbəti balaca gədəsindən eşidən bibim gəlini Səlminazın variantına görə, Çıraq kişi əvvəlcə televizordakı adamın öz gəlini olduğuna inanmayıb. Amma onun "çerez qonşumuz Ramazan vasitəsilə ərimə dəfələrlə xəbər göndərmişəm" sözündən sonra kişinin şəkk-şühbəsi qalmayıb.

Ramazan Dursunun ortancıl oğludur. 7 il bundan əvvəl Çırağın kiçik oğlu, Zərişin əri Salehlə eyni gündə kəndi tərk edib, Rusiyaya yollanıb. İldə bir dəfə ailəsini, uşaqlarını yoluxur. Pay-püşdən, puldan-paradan gətirib, uşaqlarının könlünü şad edir. Salehsə o gedəndir. Bu yeddi ildə ondan adi bir telefon zəngi də gəlməyib. 
Zəriş, adamın Allahı var, bu yeddi ildə abrına qısılıb, səssiz-səmirsiz qayınatası ilə bir yerdə yaşayıb. Amma Ramazan sonuncu gəlişində arvadına sızdırıb ki, Saleh Rusetdə evlənib, bir qızı da var. 
Zəriş neyləsin? Nə vaxta qədər üç uşağı qayınatasının pensiyası ilə, bir qarın tox, bir qarın ac saxlayacaq? Gedib, çıxıb televizora. Deyib ki, ərimi tapın, qulağından tutub gətirin. Yəni, təxminən belə deyib.

İndi kənd təkcə Zərişin televizora çıxmağını yox, qayınatasının abrını ətəyinə bükməsini də danışır. Belə ki, Çıraq kişi gəlinini televizorda görəndə başı nətər çönübsə, ölü-diri qoymayıb. Gəlin də eləmə tənbəllik indiyə qədər qəlbinin dərin guşələrində bəslədiyi səmimi kin-nifrətini töküb ortaya. Aradan pərdə qalxıb, hörmət-izzət əldən gedib. Yenə də bibim nəvəsi "lakator Yalçın"ın uşaqlarla oynaya-oynaya yığıb-yığışdırdığı varianta görə, Zəriş vəziyyətin bu yerə çatmasında Çıraq kişini günahlandırıb. Hətta rəhmətə getmiş qayınanasını da söhbətə qatıb. Çıraq kişi əlini dizinə çırpıb, "gör, neçə ildir, ocağımın başında ilan bəsləyirmişəm" deyirmiş.

Deyilənə görə, Salehi evinə qaytarmaq, hələ ki, mümkün olmayıb. Amma bu əhvalatdan sonra Çıraq kişini doqqazda görən olmayıb...
Bilirəm maraq etdiniz ki, bizim kəndimizin adı nədir. Nə fərqi var axı, məgər, sizin də kəndiniz, bizim kəndimizin günündə deyilmi?

Qızılgül
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.