Cəmiyyət

Qadınlar niyə kişi olmaq istəyirlər...

4 Avqust 2015 00:03
17 Şərh     Baxış: 4 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bəxtim olsaydı, kişi doğulardım", "Kaş ki kişi olardım" ifadələrini qadınlardan tez-tez eşitmək olar. Hələ məktəb illərindən qızlar oğlanların sərbəstliyinə, ailədə onlara ayrılan diqqətə görə paxıllıq edirlər. Oğlan olmadıqları üçün təəssüflənirlər. Bu onların gələcək həyatlarında da özünü göstərir. Qız uşağı dünyaya gətirmək istəmir, qadınların bəxtinin olmadığından şikayətlənirlər. 

Kaş ki kişi olardım...

27 yaşlı Vüsalə Ağayeva da qadın olduğu üçün təəssüf keçirdiyini etiraf edir: "Qızların hər ay çətinlikləri olur. Oğlanlar isə belə çətinlikdən azaddırlar. Ən əsası, buna görə oğlanlara paxıllıq edirəm. Qadın ana olmaq üçün uşaq doğmalıdır. Bu isə min bir əziyyətlə başa gəlir. Kişilər yenə də bundan azaddırlar. Kişiyə gözəl və baxımlı görünmək üçün tükləri yox edən ağrılı prosedurlardan - lazer epilyasiyası, üz almaq və s. keçməli oluruq. Bu azmış kimi, kişilər "qadınlar tez yaşlanırlar" deyir və cavanını axtarırlar. Məncə, kişilərin hər mənada bəxti gətirib". 

Qadın evi yığışdırmalı, uşağa və həyat yoldaşına baxmalı, işləməyə icazə versələr belə, bunların hamısını eləməlidir. Hətta kişinin səhvi ucbatından ailə həyatı alınmasa, yenə qadın günahkardır. Kişilər isə sanki keflə yaşayırlar. Qeyd olunan çətinlikləri yaşamalı olmasalar belə, ən əsası, öz rahatlıqlarını düşünürlər. Yeri gələndə xəyanət edir, arvadı sözə baxmayanda döyür, nəsə qane etməyəndə boşanırlar və heç kim kişiləri qınamır. "Kişilərə olar, qadınlara olmaz" şüarları artıq bezdirib.

Qızları düzgün böyütmürlər 

Psixoloq Murad İsayevin sözlərinə görə, qadınların kişi olmaq arzusunu əsasən şərq ölkələrində müşahidə edirik: "Bizdə ailələrdə qızlar artıq 6-7 yaşlarından başlayaraq oğlanların onlardan üstün olduğunu hiss edirlər. Valideynlər oğlanlara gündəlik daha çox pul verirlər. Gündəlik pul verilməsə belə, valideynlərin davranışında, sözlərində hiss olunur ki, oğlanlara daha fərqli yanaşırlar. Bu təəssüratlar da qızlarda şüuraltı toplanır. Yeniyetməlik yaşlarında onlar oğlanlara nisbətən özlərini natamam hiss etməyə başlayırlar. Fikir versəniz, bizdə kiçik yaşlarından qız uşaqlarına daha çox qadağalar qoyurlar. Bu da qızların özlərini təsdiq etməsində maneə yaradır və müəyyən yaş dövründə uğursuzluqlarla nəticələnir. Qızlar bəxtlərinin gətirmədiyini, oğlan doğulmağın böyük üstünlük olduğunu düşünürlər" . 

Qız uşağını dünyaya gətirmə

M.İsayev bildirib ki, oğlan uşaqlarına üstünlük vermək bizdə çoxdan formalaşmış stereotipdir: "Bunu aradan götürmək çətin məsələdir. Çoxu oğlan doğulduqda "nəslim davam edəcək" kimi düşünür. Qız isə haradasa gedib ailə quracaq. Başqa nəsli davam etdirəcək. Bu məntiqi düzgün hesab etmirəm. Çünki övladın dünyaya gəlməsi böyük nemətdir. Qız uşaqlarını gərəksiz uşaq hesab edənlərə gərək süni mayalanma mərkəzlərində insanların uşaqlarının dünyaya gəlməsi üçün nə qədər əziyyət çəkdiklərini göstərəsən. İnsanlar nə qədər pul verirlər ki, övladları dünyaya gəlsin. Bizdən fərqli olaraq xarici ölkələrdə "Qız uşağın yoxdursa, deməli, övladın yoxdur" kimi yanaşanlar daha çoxdur". 

Qadın olmağın üstünlükləri varmı?

Bəzi qadınlarda kişi olmaq istəyi o qədər güclü olur ki, bu fikirlər onlara əzab verir. Qadınlar gərək bu düşüncələrə qapılmasınlar. Ana olmağın üstünlükləri çoxdur. Amma nədənsə əksər azərbaycanlı qadınlar özlərinə aid üstünlükləri tapa bilmir və tam xoşbəxtliyi kişi olmaqda görürlər. Bunu deməsələr də, daxillərində düşünürlər. 

Psixoloq Arzu Müzəffərovanın sözlərinə görə, karyerasını qura bilməyən qadınlar "Mən kişi olmaq istəyərdim" deyə bilərlər: "Özünü inkişaf etdirmək üçün addım atmaqda çətinlik çəkən, kompleksləri olan, evdə sözləri keçməyən qadınlar da bu cür düşünə bilərlər". 

A.Müzəffərova bildirib ki, məqsədimizə çatmaq üçün kişi olmağa dəyməz: "İnsan məqsədinə çatmaq istəyirsə, onun uğursuzluqlarla üzləşməsi təbiidir. Çətinlikləri görməsək, məqsədimizə doğru düz gedə bilmərik. Bu səbəbdən də bəxtimizdən kişi olmağı, cəngavər olmağı istəmək lazım deyil. İnsan özünü təsdiq etmək yolunda qarşılaşdığı maneələri aşmalıdır. Kişi və ya qadın olmağın fərqi yoxdur. "Kişi olsaydım, bunu edərdim, belə olardım" və s. kimi deyənlər sadəcə bu sözlərlə özlərini rahatlaşdırır və mübarizə etmək istəmirlər". 

Qadınlar da kişilər kimi sərbəst olmaq istəyirlər?

"Sərbəstlik nə istəyirəmsə onu edim, sərhədləri aşım demək deyil. İnsanın öz qanunları olmalı və o, həmin qanunların içərisində sərbəstliyə nail olmalıdır. Sərbəstlik gecə saat 1-2-də evdən çıxım harasa gedim, hansısa yerlərdə özümə uyğun oğlanlarla olum demək deyil. Qadının öz həyatına baxış tərzi olmalıdır. Onu rahat edən məşğuliyyət və sahələri tapmalıdır. Sərbəstlik - ətrafım çoxlu insanlarla dolu olsun, müxtəlif insanların təkliflərini qəbul edim demək deyil. Gözəl yaşamaq üçün insanın gözəl fikirləri olmalıdır", - psixoloq deyib. 

Hər insan üçün onu sərbəst hiss etdirən amillər fərqlidir. İnsan var, sərbəstliyi evdə tək qalanda hiss edir, insan da var, səyahətə gedəndə, haradasa dincələndə sərbəst olur. İnsan var ki, məhbusdur, amma öz daxili aləmində sərbəstdir, insan da var, ətrafında çox insan var, çox yerə gedir, amma əslində məhbus kimi yaşayır. Elə də adamlar var ki, bütün dünyanı gəzmək və bunu etməklə də özlərini tam sərbəst hiss etmək istəyirlər. Bu, sərbəstlik deyil. Sərbəstlik insanın iç dünyasındadır. Hər bir adam sərbəstliyə öz daxili aləmində qovuşmalıdır. 

Qadağaları qəbul etməliyik?

Müzəffərova qeyd edib ki, hər bir qadın öz addımını bilməlidir: "Əgər evləndiyimiz qarşı tərəfi seçiriksə, onun bizim həyatımızda, bizim hərəkətlərimizdə qoyduğu qadağaları qadağa kimi qəbul etməməliyik. Buna hörmətlə yanaşmalıyıq. Həyat yoldaşı bizi həyat yoldaşı kimi seçibsə, mütləq bir-birimizə kompromisə getməliyik. Lakin elə qadağalar var ki, onları dilə gətirmək belə çətindir". 

Psixoloq diqqətə çatdırıb ki, qadağalar əsasən evlilikdən sonra başlayır: "Kişilər xoşlayırlar ki, qadınları onlardan daha zəif olsunlar. Bu, əslində, kişilərin zəifliyidir. Ər-arvad bir-birinə xoş olsun deyə xasiyyətlərini dəyişməməlidir. Əgər qadağalar qoyurlarsa, bunu qarşı tərəfə hörmət edərək etməlidirlər. Unutmayın ki, ər-arvad həyata bir nöqtədən baxmalıdır".

Aylin Kamilova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.