Cəmiyyət

Bu, Azislə öpüşən qızların işi deyil

30 İyul 2015 00:03
13 Şərh     Baxış: 5 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təzə-təzə cızma-qara elədiyim vaxtlarda ustad sənətkarlardan biri mənə qəribə məsləhət verdi. Dedi ki, yaxşı yazmaq üçün əgər kişisənsə, qadından, qadınsansa, kişidən doymalısan. Əks halda, bu görməmişlik yazılarında göz deşəcək.

Son vaxtlar həmin sənətkarın sözünü tez-tez xatırlayıram. Cəmiyyətimiz doludur seksual cəhətdən təmin olunmamış biçarələrlə. Hekayə yazır, yanıqlıq tökülür, şeir yazır, yanıqlıq fışqırır, "Feysbuk"da status yazır, yanıqlıq fontan vurur!

Belə komplekslərdən biri də özünü bu yaxınlarda bolqar müğənni Azisin konsertindən sonra büruzə verdi. Bir az da yaxına gedəndə gördüm ki, nə büruzə vermək? Əməlli-başlı gözə girir. 
Sosial şəbəkələr bir-birinə dəymişdi. Jurnalistlər, yazıçılar, şairlər, ictimai sektorda qoşanağara çalanlar - hamı qəzəbli idi. Hətta bir hərbi ekspert status yazmışdı ki, vay dədəm vay, millətin qeyrəti əldən getdi.
Kədərlidir, çox kədərlidir. Torpağı düşmən tapdağında olan millətin hərbi ekspertinin məşğul olduğu işə bax? (Mənim o insana çox böyük hörmətim olduğuna görə burada adını çəkmək istəmədim).

Bir şeyi başa düşə bilmirəm. Bu insanlar nə gözləyirdilər, nə istəyirdilər? Biseksual olan və bunu gizlətməyən bir müğənninin konsertində nə baş verməliydi? İnsanlar ora əlini çənəsinə qoyub, başını ağır-ağır bulaya-bulaya muğamatamı qulaq asmağa getmişdilər? Axı konsert hacı Arif Babayevin yox, biseksual olduğunu etiraf edən, oxuduğu mahnılarla, keçirdiyi həyat tərzi ilə seksi, seksuallığı insan həyatının mərkəzinə qoyan birinin performansı idi. Bu adamın fanatı, dinləyicisi kimlər olmalıdır ki?
Baxırsan, ağsaqqal-ağbirçək insanlardır, ancaq ən adi şeylərdən xəbərləri yoxdur, ən sadə həqiqətləri mübahisə mövzusuna çevirirlər. Qadam, axı Azisin konsertinə gedənlərin indi dingildəyən, şıllaqlayan vaxtıdır. İmkan verin, bu bədbəxt uşağı vaxtında dingildəsin, vaxtında şıllaqlasın ki, sonra gedib daha vacib işlərlə məşğul ola bilsin. 45-50 yaşında odunu-alovunu üstümüzə püskürməsin. Azmı görmüşük belələrini? 

Azisin konserti ilə bağlı bir şeyi də deyim, yazını bitirək. İrad tutanların içində Şahin Rza adlı "Feysbuk" istifadəçisi yazmışdı ki, həmin konsert olduğu günlərdə ordumuz Gədəbəydə - ermənilərlə döyüşdə şəhid vermişdi. Bax bu iradla razıyam. Şəhid verdiyimiz günlərdə, Allah göstərməsin, başımıza hansısa faciə gəldiyi vaxtlarda konserti təxirə salmalıyıq, televiziyada şıllaq atmamalıyıq. Ancaq bunu eləmək Azislə öpüşən qızların işi deyil. Bu işlə məşğul olası qurumlar var. Bax ictimai qınağı da həmin qurumların üzərinə yönəltmək lazımdır. Yoxsa düşmüsünüz qəşəng-qəşəng qızların üstünə. Allah sizə insaf versin!

Bunu da deyim, daha əl çəkirəm sizdən: bir mentalitet ki, bir milli-mənəvi dəyər ki hansısa Azisin konserti ilə sarsılacaq, elə onu sarsıdıb uçurmaq, yerində "Kimin qızı hansı konsertə getdi?" yox, "Məmləkətin bütün qızlarına və oğlanlarına necə xoşbəxt gələcək qurmaq olar?" sualını qoyan dəyərlər sistemini gətirmək lazımdır.

Mövlud Mövlud
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.