Cəmiyyət

Qız niyə intihar edib?

28 İyul 2015 22:09
33 Şərh     Baxış: 5 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Azadlıq Radiosu"na istinadən Günel Mövludun yazısını təqdim edir.
Ali məktəbə qəbul oluna bilməyən nişanlı qız özünü asaraq, intihar edib. Bu xəbəri oxuyanda uzun-uzadı düşündüm.

Səbəbi, şəraiti, münasibətləri, o qızla bağlı bir çox şeyləri təsəvvür etməyə, anlamağa çalışdım.

O yaşda olanda arzularımı, gələcəklə bağlı təsəvvürlərimi xatırladım. Ali məktəbə qəbul ola bilməsəydim, məni hansı həyat, necə bir həyat gözləyirdi, düşündüm, təsəvvür etməyə çalışdım.

Əyalətdə doğulursan. Qadınsan. Sənin doğulduğun ölkədə kişi hökmranlığı hökm sürür. Xüsusilə də əyalətdə.

Burda azadlıq kişilər üçündü. Əyləncə kişilər üçündü. Gəzinti kişilər üçündü. Öz taleyi ilə bağlı qərar vermək haqqı (həmişə olmasa da) kişilər üçündü. Hər şey kişi üçündü.

Sənsə ikinci dərəcəli insan hesab olunursan. Fikir bildirmək haqqın yoxdu.

Qərar vermək haqqın yoxdu. Gəzmək, əylənmək, hətta doyunca gülmək haqqın belə, yoxdu.

Bəyəm azmı olub ki, yeniyetməliyimizdə, çöpəgülən vaxtlarımızda ürəkdən güləndə, böyüklərdən "qızsan, ağır ol" kimi qaşqabaqlı qınaq eşitmişik?

Səni gələcəkdə ancaq bir şey üçün hazırlayırlar. Bir evin qadını olub, mümkün qədər çox uşaq doğmaq.

Sənin sevgin, sevə bilmə bacarığın, arzuların, fikirlərin heç kimin vecinə də deyil. Sənin daxili dünyan heç kimi maraqlandırmır.

Sən doğulan gündən sənin üçün cehiz almağa, sənin gələcək müstəqil məişətini qurmağa başlayırlar.

Sənə paltar alanda, tərbiyə verəndə, geyiminə, danışığına, kosmetikana, gözəlliyinə-çirkinliyinə fikir verəndə hər an bu sual maraqlandırır hər kəsi:

"Ərə gedə biləcəkmi? Uşaq doğacaqmı? Qayınana-qayınata, ər qulluğunda dura biləcəkmi? Öz evinin işlərini görə biləcəkmi?"

Səninlə bağlı qayğılar toplusu ancaq bundan ibarətdir.

Sən nə qədər az gəzsən, az gülsən, az yesən, az danışsan o qədər yaxşı qız, gələcəyin yaxşı arvadı hesab olunursan.

Sənə uşaqlıqdan doyunca sevinməmək, doyunca gülməmək öyrədirlər. Sənə ağır, qaşqabaqlı, azdanışan olmaq təlqin edilir.

Hər gün hər kəsdən ancaq ərə getməyinlə, hansı evdəsə yaxşı gəlin olacağınla bağlı fikirlər eşidirsən. Sənə təlqin olunan uğur, özünütəsdiq  modeli ancaq və ancaq ərə getməkdir.

Sən bütün yeniyetməliyini, gəncliyini "birdən evdə qalaram" qorxusu ilə keçiririsən. Bu qorxu sənin kabusuna çevrilir.

Allah elməsin, birdən evdə qalsan, sənin heç kimin yanından hörmətin olmayacaq. Sənə bədbəxt, uğursuz qadın kimi baxacaqlar.

Evli bacılarının uşaqlarını böyüdəcək, qardaşlarının evində qulluqçuluq edəcəksən.

Lap oxuyub, işləyib, yaxşı qazansan belə, o qazancı bacı-qardaş uşaqlarına xərcləyəcəksən, azad, sərbəst olmaq istəsən, o azadlığı, sərbəstliyi pulla satın almalı olacaqsan. Bu, ən yaxşı, ən uğurlu haldır.

Bəs ərə getsən nə olacaq? Əyalətdə, kasıb, qaraqabaq bir ailəyə gəlin gedirsən.

Səni nə gözləyir? Ailəyə qulluq, zəhmət, hər gün hesabat vermək, həyətdə işləmək, uşaq doğmaq, min bir işi birdən görmək.

Tək sevinc, tək əyləncə televizor olacaq, ona da baxmağa vaxtın olmayacaq. Toydan-toya təzə paltar geyinəcək, bəzənəcəksən.

Başqa heç bir sevincin, fərəhin, əyləncən olmayacaq. Səni bu həyatdan xilas edəcək tək şey isə təhsildir.

Bəlkə təhsil sayəsində şəhərdə qalasan, işləyəsən, orda özünə yer eləyəsən, həyatını min bir çətinliklə də olsa, dəyişəsən.

Səni bu həyata aparan tək körpü ali təhsildir. Sənsə imtahandan kəsilirsən. Ailə artıq səni nişanlayıb.

Bir halda ki, məktəbə qəbul ola bilmədin, zəhmət çək, ərə get. Orda isə səni nələrin gözlədiyini bilirsən. Ananın, nənənin, bibilərinin, xalalarının, qonşu qadınların həyatından bilirsən bunu.

İşıqları parlayan, gəncləri əylənən paytaxtla, yaşadığın, ömür boyu da yaşayacağın əyalətin həyatındakı təzadla barışa bilmirsən.

Bircə yol qalır, ömür boyu əzab çəkməmək üçün intihar...

Nə qədər ki, bir ölkədə paytaxt həyatı ilə bölgələrdəki həyat arasında bu qədər fərq olacaq, nə qədər ki, əyalətlərdə infrastruktur, əyləncə mərkəzləri olmayacaq, nə qədər ki, o yerlərə turistlər cəlb edilməyəcək, turizm infrastrukturu yaradılmayacaq, iş yerləri çox olmayacaq, nə qədər ki, əyalətlərdəki iş adamlarına, kiçik biznesə, sahibkarlığa, fermerliyə yatırımlar, yardımlar olmayacaq, belə faciələr çox olacaq.

Uzağa getməyək, qonşu Gürcüstanda Bakurianidə, Borjomidə, Batumidə yaşayan insan həyatının bozluğundan şikayət edə bilərmi?

Turist gəlir, pul xərcləyir, şəhərlərin infrastrukturu var, əylənmək üçün yerləri var, millət özü şən, yeyib-içən, əylənməyi sevən bir millətdir.

Əlbəttə, orda da problemlər var. Orda da kasıbçılıq var. Orda da gənclik özünə iş tapa bilmir.

Amma orda hər şey - din, mentalitet, ənənələr bu qədər çevrilməyib gəncliyə, xüsusilə də qadınlara qarşı.

Azərbaycan əyaləti isə öz qadınlarını doğuluşdan bədbəxtçiliyə, qaramata, ağır həyata hazırlayır.

Bu qızlar, bu qadınlar dünyaya artıq bədbəxt gəlirlər. Aralarından tək-tükünü təhsil və bacarıq xilas edir, xilas ola bilməyənləri isə ömürlük bozluqda keçən bir ömür gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.