Cəmiyyət

24 ilin rekordu: boşanan cütlüklərin sayı 12 mini ötdü

28 İyul 2015 22:05
1 Şərh     Baxış: 1 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Statistika Komitəsi ötən il ölkəmizdə qeydə alınan nikah və boşanmaların sayını açıqlayıb. Qurumun statistikasını analiz etdikdə belə aydın olur ki, 2014-cü ildə Azərbaycanda rəsmi boşanmaların sayı 12 min 88 olub. 2013-cü ildə isə ölkəmizdə rəsmi boşanan cütlüklərin sayı 11 min 730 nəfər təşkil edib. İlk baxışdan bir çoxları iddia edə bilərlər ki, əslində bu rəqəmlər arasında çox da ciddi fərq yoxdur, amma məsələ bir qədər başqadır. Söhbət ondan gedir ki, ötən il nikaha girib ailə quranların sayı (84 min 912 nikah) bir il əvvəllə müqayisədə (86 min 852 nikah) az olub. Ancaq buna baxmayaraq, boşanmaların sayı artıb...

Komitənin açıqladığı statistikanı araşdıranda bir maraqlı məqamı da müəyyən etdik. Sonuncu dəfə ölkəmizdə ən yüksək boşanma halları 1990-cı ildə qeydə alınıb. Həmin il Azərbaycanda 73 min 119 nikah rəsmiləşdirilib. Lakin elə həmin il nikaha girənlərdən 14 min 40 nəfərinin ailəsi dağılıb.

1991-ci il də daxil olmaqla, ondan bu yana Azərbaycanda 12 mindən çox boşanma baş verməyib. Təəssüf ki, bu ürəkaçıcı olmayan göstərici ötən il təzələnib. İndi isə faktlara diqqət edək:

- 1991-ci il: 74 min 378 nikah, 10 min 679 boşanma.

- 1992-ci il: 68 min 740 nikah, 9 min 465 boşanma.

- 1993-cü il: 60 min 28 nikah, 6564 boşanma.

- 1994-cü il: 47 min 147 nikah, 6256 boşanma.

- 1995-ci il: 43 min 130 nikah, 5669 boşanma.

-1996-cı il: 38 min 572 nikah, 5598 boşanma.

- 1997-ci il: 46 min 999 nikah, 5806 boşanma.

- 1998-ci il: 40 min 851 nikah, 5657 boşanma.

- 1999-cu il: 37 min 382 nikah, 5013 boşanma.

- 2000-ci il: 39 min 611 nikah, 5478 boşanma.

- 2001-ci il: 41 min 861 nikah, 5382 boşanma.

- 2002-ci il: 41 min 661 nikah, 5738 boşanma.

- 2003-cü il: 56 min 91 nikah, 6671 boşanma.

- 2004-cü il: 62 min 177 nikah, 6914 boşanma.

- 2005-ci il: 71 min 643 nikah, 8895 boşanma.

- 2006-cı il: 79 min 443 nikah, 7817 boşanma.

- 2007-ci il: 81 min 758 nikah, 8340 boşanma.

- 2008-ci il: 79 min 964 nikah, 7933 boşanma.

- 2009-cu il: 78 min 72 nikah, 7784 boşanma.

- 2010-cu il: 79 min 172 nikah, 9061 boşanma.

- 2011-ci il: 88 min 145 nikah, 10 min 747 boşanma.

- 2012-ci il: 79 min 65 nikah, 11 min 87 boşanma.

- 2013-cü il: 86 min 852 nikah, 11 min 730 boşanma.

- 2014-cü il: 84 min 912 nikah, 12 min 88 boşanma.

Psixoloq Hüseyn Xəlilov mövzu ilə bağlı bizimlə söhbətində boşanmaların səbəblərini belə şərh etdi: "Boşanmaların səbəbi olduqca çoxdur. Mənim fikrimcə, ən əsas səbəblərdən biri də ailələrdə mənəvi ortamın olmaması, daha dəqiq desək, mənəvi boşluğun olmasıdır. Bu məsələyə diqqət etmək lazımdır. Bu məsələni çözməklə bir çox problemlərin qarşısını almaq olar. Digər əsas səbəblərdən biri də tərəflərin evlilikdən öncə bir-birilərini tam tanıya bilməmələridir. Cütlüklərin bir-birilərini həm də sosial mənada tanımalarına ehtiyac var. Məsələn, bir də görürsən cütlük ailə qurur - biri kollektiv şüurludur, digəri bunun əksinə çıxış edir. Nəticədə ortada ziddiyyətlər meydana gəlir".

Psixoloqun dediyinə görə, tərəflərin bir-birilərini kəşf etmələri vacibdir: "Ailədə hər iki tərəfin üzərinə düşən məsuliyyət var və hər iki insan bunu anlayışla qarşılamalıdır. Ancaq görürsən ki, ailə qurulandan sonra, tutaq ki, ailə başçısının ailəyə, uşaqlara diqqəti zəifləyir. Ailə daxilində hər şeyi qadının üzərinə atmaq olmaz. Bəzi ailə başçıları hesab edirlər ki, bu məsələləri düşünmək qadının borcudur. Halbuki bu yanaşmanın heç bir əsası yoxdur".

Əgər işin xeyrinədirsə, olsun...

Hüseyn Xəlilov ailələrə yersiz edilən kənar müdaxilələrin də anlaşılmazlıqlara gətirib çıxara biləcəyini söylədi: "Həm kişinin, həm də qadının yaxınları bəzən ehtiyac olmadan, yersiz, məsələlərin mahiyyətinə tam varmadan müdaxilələr edirlər, qərar verirlər. Əgər işin xeyrinədirsə, olsun, ancaq bəzən bu tamamilə əks effekt də verə bilir. Ona görə də "qaş düzəldərkən göz çıxarmaq olmaz".

Müsahibimiz internetin, sosial şəbəkələrin də ailələrdə problemlər yaşatdığı qənaətindədir: "Ailə başçısı və ya evin xanımı, tutaq ki, işdən gəlir və ailəsi ilə maraqlanmaq əvəzinə, oturur kompyuter arxasında. Gününü, saatlarını kompyuter arxasında keçirənlərin ailələrində problem yaranması qaçılmazdır. Çünki qarşı tərəf və ya uşaqlar bunun əziyyətini çəkirlər".

Psixoloq Hüseyn Xəlilov dedi ki, ailədə tərəflərin bir-birilərinə güzəştə getməmələri də diqqət çəkiləsi məqamlardandır: "Eqoistlik, güzəştə getməmək, qarşı tərəfə şans verməmək indiki gənclər arasında geniş yayılıb. Bunun əksini bacarmaq, çıxış yolu göstərmək, şans vermək, səhvini başa düşməyə inam yaratmaq çox vacibdir. Folklorumuzda var, böyüklərimizdən də eşitmişik ki, ailədə tərəflər bir-birilərini yalnız 7 ildən sonra tanıyırlar: "Ancaq indi ailələrin bir çoxu 3 il sonra dağılır. Tərəflər bir-birlərini tanımamış ayrılırlar".

Sonda müsahibimiz ailədə böyük-kiçik yeri bilmək, ənənələri qəbul etmək kimi müsbət cəhətlərin də vacib olduğunu söylədi: "Boşanma ən sonda - başqa çıxış yolu qalmayanda olmalıdır. Amma indi biz bunun əksini görürük".

Bir-biri ilə danışmaq variantı...

"Ailəm" jurnalının redaktoru Aydın Ucal isə deyir ki, bəzən ailədə tərəflər qarşı tərəfin onları başa düşməməsindən şikayət edirlər: "Ona görə də yaşadıqları bu problem haqqında qarşı tərəfə məlumat verməkdən "imtina edirlər". Təbii ki, onlar belə düşünməklə konkret təcrübələrə əsaslanırlar. Ancaq yenə də bu problemin həllinin bir-biri ilə danışmaqdan keçdiyini unudurlar. Başqa sözlə, onlar danışmaqla problemin həll olmaq ehtimalını artırdıqları halda, danışmamaqla məsələnin həll olmaq ehtimalını azaldırlar. Ona görə də təcrübələr nəyi göstərirsə göstərsin, tərəflər bir-biri ilə danışmaq variantını seçməli, ancaq nədən və ya necə danışacaqlarını da yaxşı bilməlidirlər. Bəs elə isə buna necə nail olmaq olar? Hər şeydən əvvəl bu danışığın bir nəticəsi kimi, həyat yoldaşınızın dərhal sizinlə razılaşacağını gözləməyin. Başqa sözlə, sizin bu danışıqdan ilk məqsədiniz yalnız həyat yoldaşınızın sizə müsbət reaksiya göstərməsi olmamalıdır. Çünki əgər həyat yoldaşınız o vaxta qədər sizə mənfi reaksiya göstərmişsə, təbii ki, bundan sonra da sizə mənfi reaksiya göstərə bilər. Sadəcə olaraq, bu danışıqda sizin ilk məqsədiniz özünüzü ifadə etmək olmalıdır. Təbii ki, özünüzü ifadə edərkən inadkar mövqe tutmalı və necə deyərlər, həyat yoldaşınızın düşünməsinə şərait yaratmalısınız. Digər tərəfdən, həyat yoldaşınızla danışarkən ittiham mövqeyindən də çıxış etməməlisiniz. Unutmayın, sizin məqsədiniz özünüzü ifadə etməkdir, qarşı tərəfə səhvlərini izah etmək yox. Bir də qarşınızdakı adama elə ilk mərhələdə səhvlərini izah etməyə çalışsanız, həm o səhvlərdən imtina etməsinə, həm də o danışıqdan imtina etməsinə imkan vermiş olarsınız. Digər tərəfdən, məsələyə bacardığınız qədər neytral yaxınlaşmalı və hisslərinizdən silah kimi istifadə etməməlisiniz. Həmçinin həyat yoldaşınızla danışarkən onu anlamağa çalışmalı, eyni zamanda bunu ona hiss etdirməlisiniz. Təbii ki, bu məsələdə mövzudan kənara çıxmamaq, digər tərəfdən, keçmişə (ya da keçmiş hadisələrə) qayıtmamaq da çox vacibdir. Həyat yoldaşınızla danışaraq heç bir şey qazanmasanız da, heç bir şey itirməyəcəksiniz"...

"İşi evə, evi də işə daşımayın"

A. Ucal işdəki problemlərin evə, evdəki problemlərin də işə daşınmamasının vacibliyini bildirir: "Uzun təcrübələr göstərir ki, güclü adamlar evi evdə, işi işdə yaşayırlar. Yəni evin qayğısını evdə, işin qayğısını işdə çəkirlər. Çünki işdəki ovqatı evə gətirmək, ya da evdəki ovqatı işə aparmaq zəiflikdir. Əvvəlcə, evdən başlayaq... Məsələn, işdən evə "dolu" gəlmisən. Ancaq buna baxmayaraq, evin kandarında bütün o əhvalını soyunursan və ancaq bundan sonra içəri daxil olursan. Çünki sənin evində iş qayğısı yoxdur. Çünki sənin evində sevdiklərin var. Xoş-beş, hal-əhval da ki, öz yerində: "Bu gün dərsdə nə öyrəndiniz?", "Keçən həftəki imtahanın nəticəsi necə oldu?", "Kiminsə nəyəsə ehtiyacı varmı?", "Bazar günü harasa gəzməyə gedəkmi?" və s...  Bəzən elələri də olur ki, evində də işindəki kimi dolaşır, ailə üzvlərini əlinin altında işləyən işçilər kimi görür. Yaşadığı mənzil onun üçün iş otağı kimidir. Ya da yaşadığı mənzil onun üçün iclas zali kimidir. İşdən gələndə paltarını dəyişmək haqqında düşünmür, az qala yatana qədər qalstukunu boğazından açmır. Danışığında, oturuşunda müdir ədası, rəhbər zabitəsi var. Halbuki evdəkilər onu tamam başqa cür görmək istəyirlər. Onu evdə deyib-gülən, qaynayıb-qarışan ata kimi görməyi arzulayırlar. İşə gəlincə isə, təbii ki, evin də qayğıları var və siz istəsəniz də, istəməsəniz də işdə onları xatırlayırsınız. Əslində burada qeyri-adi bir şey yoxdur. Əsas məsələ odur ki, evin qayğısı ilə işdə, işin problemi ilə evdə məşğul olmayasan. Hər işi öz vaxtında və öz yerində həll etmək lazımdır. Yəni işi evə, evi də işə daşımayın. İşdə nə olur olsun, evin kandarında hər şeyi yaddaşınızdan silib atın. Və çox uzaq, çox uzun bir səfərdən dönürmüş kimi qapıdan içəri keçin. Elə işdə də eləcə"...
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.