Cəmiyyət

Azərbaycan: dünyaya örnək olan tolerantlıq məkanı

28 İyul 2015 23:50
0 Şərh     Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər bir dövlətin sivil inkişafı, ilk növbədə, onun ərazisində yaşayan xalqlara münasibətdə tolerantlığı qoruyub saxlaması və inkişaf etdirməsi, bu mühüm amili dövlət siyasətinin əsas atributlarından birinə çevirə bilməsindən asılıdır. 

Bu baxımdan tarix boyu Azərbaycan dünyaya tolerantlıq nümunəsi göstərmiş, dinindən, dilindən, irqindən asılı olmayaraq burada yaşayan bütün insanlarla dostluq və qardaşlıq halında yaşamışdır. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verən bir ölkədir. Ölkəmizdə bütün dinlərə və millətlərə tarixən tolerant münasibət bəslənilib. Bu baxımdan Azərbaycanın hansı rayonuna getsəniz, orada müxtəlif xalqlar və dinlərə mənsub olan insanlar arasında qarşılıqlı hörmətin, dostluğun, qardaşlığın şahidi olmuş olacaqsınız. Bunu Azərbaycanın 20-dən artıq milli azlığın yaşadığı Zaqatala rayonunun timsalında aydın görmək olar. Necə deyərlər, Zaqatala rayonu ölkəmizə gələn istənilən xarici ölkə nümayəndələri, dövlət rəsmiləri, turistlər, səyyahlar üçün tolerantlığın bariz nümunəsi hesab edilə bilər.

Belə ki, 20-dək milli azlığın yaşadığı Zaqatala rayonu da Azərbaycanda həmişə tolerantlığı, xalqlar arasında səmimi birgə yaşayışı, mehribanlığı ilə sevilən və seçilən rayonlarımızdan biridir. Yeri gəlmişkən, onu da deyək ki, günümüzdə Zaqatala rayonunda yaşayan əhalinin 33 faizini milli azlıqların nümayəndələri təşkil edirlər. Rayonda yaşayan əhalinin böyük hissəsi Azərbaycan türkləri, 21 faizi avarlar, 9,5 faizi saxurlar, 2,5 faizi isə digər etnik azlıqların nümayəndələrindən ibarətdir. Buna baxmayaraq, bu günə kimi burada yaşayan xalqlar arasında hər hansı bir narazılıq olmayıb, əksinə, tarix boyu Zaqatala rayonunda azərbaycanlılarla digər xalqların nümayəndələri heç bir münaqişə olmadan yaşamış, bir-biri ilə qohumluq əlaqələrinə girmiş, qız almış, qız vermiş, qaynayıb-qarışmışlar.

Buna paralel olaraq, milli azlıqların nümayəndələri istənilən rəsmi dövlət qurumlarında yüksək səviyyədə təmsil olunmuş və bununla da qüdrətli və güclü Azərbaycanın inkişafına, tərəqqisinə öz töhfəsini vermişlər. Yeri gəlmişkən, onu da deyək ki, beynəlxalq aləmdə hər il qeyd edilən "Tolerantlıq günü" Zaqatalada da hər il böyük təntənə ilə qeyd edilir. Bununla bağlı ötən il keçirilən tədbirdə iştirak edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) əməkdaşı Rəvan Həsənov deyir ki, hazırda Azərbaycan Cənubi Qafqazın iqtisadi cəhətdən ən qüdrətli dövlətidir və regionun iqtisadiyyatının 80 faizi ölkəmizdə cəmləşib. Onun sözlərinə görə, günümüzdə Azərbaycan yalnız iqtisadi və enerji ehtiyatları ilə deyil, həm də tolerantlığı ilə sivil, bəşəri inkişafa öz töhfəsini verir. O, ölkəmizin, eyni zamanda tolerantlıq və multikultural ənənələri özündə əks etdirən, tarixən formalaşmış bir dövlət olduğunu xüsusi vurğulayır. Rəvan Həsənov deyir ki, ölkəmizdə tolerantlığın, multikulturalizmin dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, tolerantlığın Azərbaycan tarixində formalaşmış bir mühit olduğunu, siyasi əsasının 90-cı illərin əvvəllərindən başlayaraq, ulu öndərin yürütdüyü məqsədyönlü siyasətin nəticəsində meydana çıxdığını xüsusi vurğulayır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, hər il Zaqatalada keçirilən və böyük tənətənə ilə qeyd edilən Tolerantlıq günü Azərbaycanda tolerantlığın və multikulturalizmin parlaq təntənəsinə çevrilib. Təsadüfi deyil ki, məsələnin bu tərəfinə diqqəti cəlb edən Zaqatala rayonunun ağsaqqallarından biri kimi tanınan və xalq arasında böyük hörmətə malik olan İsa Əhmədov: "Zaqatala rayonu Azərbaycanın ən gözəl, eyni zamanda tolerant bölgələrindən biridir. Burada yaşayan çoxsaylı xalqların arasında həmişə dostluq, qardaşlıq münasibətləri olub və biz bununla fəxr edirik. Bu tolerantlığı nəsildən-nəslə qoruyub saxlayaraq bizə çatdırıblar, biz də bu estafeti gənc nəslə verəcəyik. Tolerantlıq dinindən, dilindən asılı olmayaraq, Azərbaycanımızda yaşayan bütün insanların canında, qanındadır və bununla həmişə fəxr edirik",-deyir.

"Tolerantlıq anlayışı  xalqımız üçün

hər hansı nailiyyət deyildir:

bu, normadır, bu, həyat tərzidir"

Azərbaycanda tolerantlığın yüksək səviyyədə olması və onun dünya modelini rolunu oynamaqda davam etməsinin daha bir təsdiqi ötən ilin aprel ayının 3-də Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya şöhrətli fotoqraf Rza Deqatinin ölkəmizdə dini tolerantlığa həsr olunmuş "Azərbaycan. Tolerantlıq məkanı" fotosərgisinin açılışı oldu..

Ölkəmizin Rusiyadakı səfirliyi, habelə Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi tərəfindən təşkil edilən fotosərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, tanınmış Rusiya siyasətçiləri və mədəniyyət xadimləri iştirak etdilər və bu da Azərbaycandakı tolerantlığın və multikulturalizmin təbliği sahəsində irəliyə doğru atılan daha bir önəmli tədbir oldu. Tədbirdə çıxış edən Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin baş direktoru Aleksandr Boroda Azərbaycanın  tarix boyu bütün millətlərin nümayəndələri üçün ana vətən rolunu oynadığını, dostluq və qardaşlıq məkanı olduğunu xüsusi qeyd etdi. Bu müstəvidə də Azərbaycanda yaşayan yəhudilərin digər etnik azlıqların nümayəndələri kimi çox rahat hiss etdiyinə, daim azərbaycanlıların qayğısı ilə əhatə olunduğuna diqqəti cəlb edən Aleksandr Boroda: "Azərbaycanda bütün xalqlar sülh şəraitində yaşamışdır və yaşayır. Mühüm məsələ budur ki, bu sərgiyə gələn başqa dövlətlərin nümayəndələri öz ölkələrində belə səmimi mühiti necə yaradacaqları barədə düşünsünlər. Rusiyanın bir çox regionlarının nümayəndələri də bu sərgidən çox şey əxz edə bilərlər.  "Azərbaycan. Tolerantlıq məkanı" sərgisi pəncərədə işıqdır, bu pəncərədən baxmaq, diqqəti bunun üzərində cəmləmək lazımdır",-dedi.

O, sivil dünyanın Azərbaycandan götürməli, öyrənməli çox şeylər olduğunu və azərbaycanlıların tolerantlıq təcrübəsini gündəlik həyatlarının əsas yaşayış tərzlərinə çevirməsinin vacibliyini vurğuladı.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da sərginin tolerantlığın təbliği sahəsində önəmli faktor hesab etdiyini söylədi. O, qeyd etdi ki, bu gün biz sizə tanınmış fotoqraf Rza Deqatinin müasir dünyanın ən aktual mövzularından birinə - tolerantlıq mövzusuna dair işlərini təqdim edirik və bu sərgi fotoqrafın Azərbaycanda tolerantlıq ruhuna səmimi və obyektiv baxışıdır: "Rza Deqatinin əsərlərinin qəhrəmanları xristianlar, yəhudilər və müsəlmanlardır. Onlar birlikdə çoxmədəniyyətli, müasir, çoxşaxəli Azərbaycan adlı vahid mənzərə yaradırlar. Azərbaycanda - bu qədim torpaqda həmişə müxtəlif millətlərə, mədəniyyət və ənənələrə məxsus insanlar yaşamışlar. Onların hər biri öz töhfəsini vermiş və tarixdə öz izini qoymuşdur. Bu gün ölkəmizdə xristianlar, müsəlmanlar və yəhudilər sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Tolerantlıq anlayışı  xalqımız üçün hər hansı nailiyyət deyildir: bu, normadır, bu, həyat tərzidir, biz heç vaxt başqa cür yaşamamışıq. Azərbaycanda yəhudiliyin 2400 il tarixi vardır, halbuki bu torpaqda ilk kilsə IV əsrdə, ən qədim məscid isə VIII əsrdə yaranıb".
"Zaman Azərbaycan"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.