Cəmiyyət

Allah heç kimə övlad dağı göstərməsin

28 İyul 2015 22:50
7 Şərh     Baxış: 3 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allah heç kimə övlad dağı göstərməsin. Ancaq nə etmək olar, O nəyi murad etsə, o olur. Yəni, istəməsək belə, heç kim övlad dağı görməkdən sığortalanmayıb. Həyatda hər şey imtahandır və hər səhər gözümüzü açar-açmaz imtahan salonuna daxil oluruq. 

Bu yaxınlarda telekanallarda bir xəbərə rast gəldim və etiraf edim ki, neçə gün o xəbərin ağırlığından qurtula bilmədim. İngiltərədə beş yaşlı Caydenin beynində şiş var və həkimlər onun cəmisi bir neçə ay yaşayacağına dair diaqnoz qoyurlar. Uşağın ad günüdür və bu son ad günündə ata Mayk Vilson oğluna ən sevimli hədiyyə hazırlayır. Uşağın ən çox sevdiyi qəhrəman Spaydermen, yəni hörümçək adamdır. Ata da bu xoş günündə ona məhz Spaydermen sürpriz edir. Mağazadan hörümçək adam geyimi alır və həyat yoldaşı ilə ssenari hazırlayır. Ssenari üzrə ana, xəstə oğlan və bacısı qapıdan çıxarkən Spaydermen yuxarıdan tullanaraq onların qarşısında yerə düşür. Qarşılarında nağıl qəhrəmanını görən ana da, uşaqlar da bir anlıq həyəcanla qışqırırlar. Hər şey o qədər təbii alınır ki, o anda hər kəs ağrısını da, dərdini də unudur və qarşı tərəflə dialoqa girişir. Spaydermen 5 yaşlı yubilyardan adını soruşur, sonra onun barmaqlarını sayır, uşaq da bu şirin münasibət qarşısında bu gözlənilməz qonağın boynunu qucaqlayır. Sonra Spaydermen uşağı qucağına götürür və birlikdə evə daxil olurlar. Xəbər bu görüntü ilə də tamamlanır.

Heç şübhəsiz ki, hörümçək adam evdə də öz məharətini göstərməkdə davam edəcək, bəlkə bir sıçrayışla masanın üstünə çıxacaq, ya da bir anda divandan uçaraq otağın o biri başına düşəcək. 5 yaşlı Cayden də bütün bunlara tamaşa edərkən ağrılarını unudub güləcək, Spaydermen rolunu oynayan atanın gözlərindən axan yaş isə maskasının altında bütün sifətinə yayılacaq. Sonra da bu qəfil qonaq bir daha gələcəyini söyləyib gəldiyi kimi də gözdən itəcək və az sonra evə ata gələcək. Cayden sevincək halda özünü atanın qucağına atacaq və həyəcanından boğula-boğula Spaydermenin gəlməyindən, onunla danışmağından, bir daha gələcəyindən danışacaq. Ata da maraq dolu gözlərini ona zilləyib heyrətlə qulaq asacaq və "Kaş ki, mən də burada olaydım, onu görə biləydim", - deyəcək. Hələ ola bilsin ki, uşaq atasına təsəlli də verəcək: "Sən heç narahat olma, bir də gələndə görərsən."

Bu söylədiklərimiz təxminən 3-4 dəqiqəlik bir xəbər idi. Ancaq insanın duyğularında yaratdığı təlatüm unudulan deyil. Övladın ağrısına azacıq da olsa, məlhəm olmaq üçün valideynin bu qədər həssas davranışı, əlbəttə, təqdirə, hörmətə layiqdir. Nə etmək olar, olan olacaq, ancaq o olacaqların içində kiçik bir təsəlli adası düzəltmək, bütün ağrıları unutdurmaq əsl sevginin meyvəsidir, qəhrəmanlıqdır.

Bu yazıda bizim demək istədiyimiz də o idi ki, sevdiklərinizə sevginizi bildirməkdən çəkinməyin. Ailə dediyin əslində bir-birini sevənlərin birliyidir. Sevin, sevginizi bölüşün, sevginiz bir-birinizə şəfa olsun, dərman olsun. Sevdikləriniz üçün hər cür fədakarlığa hazır olun ki, sonradan hansısa tərəddüdə görə peşman olmayasınız. Çünki ömür dediyimiz çoxlarının düşündüyü kimi o qədər də uzun deyil. Allaha əmanət olun!..
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.