Cəmiyyət

Roma Papasının şəxsən təbrik etdiyi azərbaycanlı alim

27 İyul 2015 16:53
1 Şərh     Baxış: 2 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ELM  TARİXİNDƏN

AZƏRBAYCAN VƏ DÜNYA AQRAR ELMİNİN

İNKİŞAF TARİXİNDƏ AKADEMİK EYYUB BƏŞİROV

YARADICILIĞININ ROLU VƏ ƏHƏMİYYƏTİ

Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsul istehsalının artırılması, əhalinin ekoloji təmiz, bioloji qiymətli ərzaqla, sənayenin isə xammalla təmin olunması həlli vacib bir problem kimi bütün dövrlərdə, bütün cəmiyyətlərdə öz ciddiliyi, kəskinliyi ilə xüsusi diqqət çəkib. Çünki bir fərd olaraq insanın yaşayışı, gündəlik həyatı, məişəti, sağlamlığı aqrar sahə ilə sıx bağlıdır. Deməli, aqrar sahəni inkişaf etdirmədən cəmiyyətin normal həyatından, onun varlığından söz açmaq mümkün deyil.

Çoxdan bəlli olan bu aksioma insanı haqqında bəhs etdiyimiz problemin həllinə yönəlmiş axtarışlara, elmi tədqiqatlara, elmi araşdırmalara məcbur etmiş, nəticədə aqrar elmin inkişafının nüvəsinə, təkanverici qüvvəsinə çevrilmişdir.

Elə, indi də belədir, müasirlik, müasir dövr sindromu inkişaf tələb edir. Tələbat isə təbii ki, həmişə eyni səviyyədə qalmır, artır. Bu gün ən nüfuzlu beynəlxalq siyasi, elmi təşkilatlar dünya əhalisinin ərzaq təminatının ödənilməsi, ərzaq təhlükəsizliyinin yaradılması, qorunması istiqamətindəki qlobal məsələlərin, araşdırmaların, elmi tədqiqatların, elmi layihələrin üzərində baş sındırır, ciddi-cəhdlə çalışır. Çünki hələ də, bütövlükdə götürüldükdə, dünyada kənd təsərrüfatının istehsal gücü əhalinin tələbatının ödənilməsinə çatmır.

Ərzaq təhlükəsizliyi probleminin tam həlli hələ də açıq qalır. Bunu inkişaf etməmiş ölkələrin timsalında daha aydın görmək olar. Belə qlobal problemlərin çözülməsində təbii ki, aqrar elmin də üzərinə məsuliyyət, ağırlıq düşür və onun potensialına böyük ehtiyac duyulur.

Bax, elə hörmətli akademikmiz Eyyub Bəşirovun bu yaxınlarda oxuduğum "Azərbaycanda biologiya elminin və heyvandarlığın inkişaf tarixindən" adlı əsəri də digər əsərləri kimi məhz həmin ehtiyacdan, zərurətdən, bir sözlə, dövrün tələbindən irəli gəlir.

Kitab əlli ildən artıq böyük bir dövr ərzində Azərbaycanda biologiya və heyvandarlıq elmlərinin inkişafı istiqamətində aparılan elmi araşdırmaların, elmi tədqiqatların məcmuudur. Kitabdakı bütün fikirlər, dəlillər, qənaətlər, müddəalar, faktlar, rəqəmlər kənd təsərrüfatının əsas istiqamətlərindən olan heyvandarlığın inkişafına, məhsul istehsalının artırılmasına, sahənin məhsuldarlığının yüksəldilməsinə, heyvanların cins tərkibinin yaxşılaşdırılmasına, heyvandarlığın balavermə və balasının yaşama qabiliyyətinin yüksəldilməsinə, insanların yüksək keyfiyyətli, ekoloji təmiz, bioloji qiymətli, yüksək qidalılığa, müalicəvi əhəmiyyətə malik, dietik heyvandarlıq məhsulları ilə təmin olunmasına və s.bu kimi çoxsaylı məsələlərin həllinə yönəlib və eyni zamanda həlli yolları da göstərilib.

Kitab haqqında geniş danışmamışdan öncə bir məqam üzərində dayanmaq istərdik. Əvvəla, onu qeyd edək ki, Rusiya Federasiyası Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, akademik Eyyub Bəşirovun elmi yaradıcılığı geniş və çoxşaxəlidir. Alimimizin yaradıcılığının coğrafiyası isə olduqca böyük bir ərazini, Cənubi Amerika, Şimali Afrika, Avropa və Asiya ölkələrini əhatə edir.

İstər hörmətli akademikmizin yaradıcılığı, istərsə də Azərbaycan aqrar elmi dünya aqrar elminin olduqca zəngin, çox dəyərli, özünəməxsus səhifələrindən, mühüm tərkib hissələrindəndir. Onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Elə bu səbəbdən də belə fikirə gəlmək olar ki, Eyyub Bəşirovun təkcə bir kitabından danışmaq, ümumən onun yaradıcılığı haqqında heç nə deməməyə bərabərdir. Bu səbəbdən də istərdik ki, adını çəkdiyimiz kitab açdığımız söhbətin fonunda alimin yaradıcılığından, bu zəngin elmi irsin əhəmiyyətindən, aqrar elm tarixindəki mövqeyindən, onun da nümayəndəsi, yaradıcılarından biri olduğu Azərbaycan aqrar elminin dünya elmindəki yerindən bəhs edək. Həm də alimin həyat və fəaliyyətinin bir çox məqamları üzərində dayanaq.

Xalqımız dünya mədəniyyətinin, elmi fikrinin inkişafında müstəsna xidmətlər göstərmiş böyük zəka sahibləri, elm, mədəniyyət xadimləri, yaradıcılıqları epoxalara, vaxt, zaman adlı məfhumlara sığmayan, çox işıqlı simalar yetişdirmişdir. Bu simalardan təkcə bir neçəsinin adını çəksək, bəşər mədəniyyətinə xalqımızın nələr verdiyini aydın görmək olar. Nizami, Xaqani, Tusi, Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin, Şəhriyar, Lütfizadə, Yusif Məmmədəliyev, Üzeyir Hacıbəyov, Hüseyin Cavid, Qara Qarayev, Arif Məlikov, Səttar Bəhlulzadə və s.

Bu mənada aqrar elm də istisna deyil. Azərbaycan aqrar elmi çox zəngin inkişaf tarixinə malikdir və bu tarix dünya elm tarixinin ən dəyərli, ən maraqlı səhifələrindəndir. Bu səhifəni isə akademiklər - Firuz Məlikov, Məmmədtağı Qəniyev, Mirzə Sadıqov, İmam Mustafayev, Cəlal Əliyev, Rual Qədimov, Nəriman Şirinov, Məmmədtağı Cəfərov, professorlar - Ağaxan Ağabəyli, Zülfüqar Verdiyev, Eyyub İsgəndərov, Bala Ağayev, Rəhim Səttarzadə, Rəhim Hüseyinov, Cahangir Axundov, Əli Əliyev, Müseyib Əliyev, İkram Eyyubov, Elxan Əliyev, Qəzənfər Quliyev, Arif İsmayılov,  Əsəd Musayev, Kamal Ağalarov, Abdulla Həşimov, Morul Dəmirov, Nəcəf Nəcəfov kimi yüzlərlə elm xadimləri öz yaradıcılıqları ilə zənginləşdirmişlər. Xüsusən də XX əsrdə adlarını sadaladıqlarımız və sadalaya bilmədiklərimiz elm xadimlərinin sayəsində Azərbaycan aqrar elmi özünün ən yüksək inkişaf zirvəsinə çatdı. Azərbaycan aqrar elmi özünün formalaşmış elmi ənənələri, elmi məktəbləri ilə təkcə keçmiş İttifaqda deyil, dünyanın elmi təşkilatları, elmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Dünya aqrar elmi, biologiya elmi nəzəriyyələri və təcrübələrində "Firuz Məlikov elmi məktəbi", "Bəşirov metodu" kimi elmi terminlər beynəlxalq səviyyədə qəbul edildi, işlədilməyə başlandı.. Beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilmiş bu terminlərin özü Azərbaycan aqrar elminin dünya miqyasındakı çəkisindən, nüfuzundan, əhəmiyyətindən, mövqeyindən xəbər verir. Bu baxımdan Rusiya Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, akademik Eyyub Balaməmməd oğlu Bəşirovun elmi yaradıcılığı mühüm əhəmiyyət kəsb edir. Eyyub Bəşirovun elmi irsinin mahiyyəti, elmi yaradıcılığının məqsədi, qayəsi təbiətin, ekologiyanın təmizliyi və qorunub-saxlanılması, millətimizin, xalqımızın, bütövlükdə bəşəriyyətin sağlamlığı, firavanlığı, xöşbəxtliyidir.

Alim bu məqsədə çatmağın yollarını hər bir əsərində, tədqiqatlarında, müşahidələrində araşdırır, axtarır, nəticədə də tapır.Təkcə bir faktı gətirməklə sözümüzə qüvvət vermiş olarıq. Eyyub Bəşirov heyvanların törəyib çoxalması biologiyasının və süni mayalandırılmasının öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparıb, sanballı elmi nəticələr əldə edib. Yuxarıda adını çəkdiyimiz "Bəşirov metodu" məhz həmin fundamental tədqiqatların elmi nəticəsidir. Nədir bu "Bəşirov metodu"?

Kənd təsərrüfatı heyvanlarının çoxaldılmasına, bunların cins tərkibinin yaxşılaşdırılmasına, sağlam nəsil alınmasına, məhsuldarlığın 1000 dəfəyə qədər artırılmasına və s. kimi çox mühüm, böyük nəticələr əldə etməyə imkan verən bir metoddur. E.Bəşirov cərrahi yolla erkək heyvanların çoxalma üzvünü 30-45 dərəcə bucaq altında öz təbii yerindən kənara çəkməklə süni mayalamada istifadə etmək üçün yüksək keyfiyyətli toxum alınmasına, törədici-seçici-stimuləedici kimi istifadə edilməsinə, bununla da bir çox mühüm problemlərin aradan qaldırılmasına nail olmuşdur.

Əgər adi, təbii cütləşmədə naxırda 1 ildə 1 törədici ilə ən yaxşı halda, ən çoxu 20-25 inək mayalamaq mümkün olursa, dondurulmuş toxumla aparılan süni mayalamada "Bəşirov metodu"nu və hörmətli alimimizin işləyib hazırladığı yeni, orjinal texnologiyaları tətbiq etməklə, 25000 camış və inək mayalamaq mümkündür. Əvvəldə qeyd etdiyimiz 1000 dəfəlik artım da bax, bundan irəli gəlir. Bu nəticə elmdə, təcrübədə inqilab deyilmi?!

XX yüzilliyin ortalarında işlənib hazırlanmış bu orijinal, mütərəqqi metod bu gün də dünyanın heyvandarlıq təcrübəsində geniş istifadə edilir və çox böyük uğur gətirir.

***

E.Bəşirov 1926-cı ilin dekabrın 20-də Neftçala rayonunun Xolqarabucaq kəndində doğulmuşdur. Atası Balaməmməd kişi ailəsini halal zəhmətlə, heyvandarlıqla, əkinçiliklə, ovçuluqla, balıqçılıqla məşğul olmaqla dolandırırdı. Azərbaycan kəndlisinin dolanışığında heyvandarlığın xüsusi çəkisi həmişə böyük olub. Balaməmməd kişi də təsərrüfat adamı kimi qoyun-keçi də saxlayırdı, camış-inək də. Bərəkət dolu süfrəsində camış südü, qatığı, yağı həmişə bol olardı. Balaməmməd kişinin ata-babaları əslən Şirvandan idilər. Babası Hacı Səməd Şeyx Hacı İsmayıl oğlu din xadimi və Şamaxının qazısı olub. Məlum Şamaxı zəlzələsindən (1859-cu il) sonra Hacı Səməd qohum-qardaşı ilə birgə köçüb Xolqarabucaqda məskunlaşıb.Yeri gəlmişkən, onu da qeyd edək ki, əvvəllər 1859-1900-cü illərdə Xolqarabucaq kəndi Camışçılar kəndi adlanırdı.Əhali camışçılıqla, balıqçılıqla məşğul olurdu. Camışçılıq bu bölgədə əsas təsərrüfat sahəsi kimi inkişaf tapıb. Bölgədə bu əsas zəmin üzərində də istər seleksiya damazlıq, istərsə də saxlama-bəsləmə, məhsul istehsalı baxımından özünəməxsus ənənələr yaranmışdır, elə indi də belədir.Təbii ki, belə bir mühitdə, şəraitdə böyüyən uşağın da təfəkkürü bu istiqamətdə formalaşacaqdır. Kür, Akkuşa çaylarının kənarlarındakı çəmənliklər, güllər, çiçəklər gen düzlər, bağ-bağatlardakı ağaclar, balaca Eyyubu riqqətə gətirirdi. Quzuları otardıqca bu güllərdən dəstə bağlayıb, nənəsinə aparardı. Sədəf nənə də hər gülün, çiçəyin, otun adını deyər, bir-bir hamısını uşağa tanıtdırar, onlar barədə müxtəlif rəvayətlər danışar, həm də bəzilərinin nəyə xeyrli olduqlarını da deyərdi. Hər dəfə quzu nobatından qayıdan nəvəsinə həmin otlardan dəmlədiyi çaydan verərdi ki, yorğunluğu tez çıxsın. Səhər-axşam camışları sağar, sağdığı süddən isti-isti, elə oradaca, birbaşa vedrədən balaca Eyyuba içirərdi.

Hər gün işdən-gücdən sonra nənə nəvəsiynən çay içə-içə söhbətləşər, ona dediyi nağıllarla, dastanlarla doğma torpağa, yurda məhəbbət, elmə, biliyə, təhsilə həvəs aşılayardı.

1933-cü ildə Eyyub Bəşirov əmisi Məşədi Mirzə Heybət kişinin Xolqarabucaqda 1928-29-cu tədris ilində açdığı orta məktəbin birinci sinfinə gedir 1942-ci ildə həmin məktəbin 9-cu sinfini bitirir.

Eyyub müəllimin erkən gənclik illərinin müharibə dövrünə düşməsi təhsilinin sürəkli davam etməsinə mane olur. O, atasının rəhbərlik etdiyi fermada müharibəyə getmiş çobanları əvəz edir, 1941-1943-cü illərdə İ. V. Stalin adına kolxozda çoban işləyir. 1943-cü illərdə Salyan rayonundakı Pedaqoji Texnikumda qiyabi təhsil alır. Elə həmin ildən 1945-ci ilin sentyabrınadək Xoltəzəkənd və Xolqarabucaq kənd məktəblərində müəllimlik edir.

Eyyub Bəşirov 1945-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnika fakültəsinə qəbul olunur. 1947-ci ildə ikinci kursu başa vurduqdan sonra Eyyub Bəşirov əlaçı tələbə kimi K.A.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasının zootexnika fakültəsinin üçüncü kursuna köçürülür.

Bu ali təhsil ocağının Eyyub Bəşirovun dünyagörüşünün formalaşmasında, elmi baxışlarının itiləşməsində, elmə, elmi tədqiqatlara marağının artmasında, ilk vaxtlarda rus dilini heç bilmədiyi halda sonralar ona mükəmməl səviyyədə yiyələnməsində misilsiz rolu oldu.

Qaynar tələbəlik həyatı onun elmi fəaliyyətinə böyük təkan verir. Eyyub Bəşirov elmi dərnəklərdə, tələbə elmi cəmiyyətlərində fəal iştirakçıya çevrilir. Akademiyanın iribuynuzlu heyvanlar, atçılıq və yemləmə kafedralarında təşkil edilmiş dərnəyin heç bir tədbirindən qalmırdı. O, burada elmi məruzələri, öz . tədqiqatları, araşdırmaları ilə diqqəti cəlb edərək özünü perspektvli tələbə kimi göstərir. Akademiklər Nikolayev, Liskun, Popov, professorlar Vitt, Kislovski kimi müəllimlərin, dünya şöhrətli alimlərin böyük rəğbətini qazanır.

Hələ K.A.Timiryazev adına Akademiyada oxuyarkən Eyyub Bəşirovun elmi tədqiqat işlərinə, elmi həvəsini görən və ona böyük ümid bağlayan akademik Firuz Məlikov gənc tələbə ilə müntəzəm məktublaşır, lazımi tövsiyələrini, məsləhətlərini verirdi.

1950-ci ildə K.A.Timiryazev Akademiyasını uğurla bitirib alim-zootexnik adı alır və təyinatla Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutununa işə göndərilir. O, burada 1950-ci il aprel ayının 27-dən noyabrın 30-dək qoyunçuluq şöbəsində kiçik elmi işçi kimi çalışır.

Akademiyanı bitirən kimi də akademik Firuz Məlikov və professor Ağaxan Ağabəyli onu Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun qoyunçuluq şöbəsinə kiçik elmi işçi vəzifəsinə dəvət edirlər.

50-ci illərin əvvəllərində həmin institutda, məhz həmin şöbədə, nəinki Azərbaycan, ümumən Qafqaz xalqlarının heyvandarlıq, daha doğrusu qoyunçuluq sahəsində yeni səhifə açıldı. Akademik Firuz Məlikovun rəhbərliyi və metodikası əsasında yeni yağlı quyruqlu, yarımzərif, yarımqaba yunlu yeni cins qoyun qrupunun yaradılmasına başlanmışdı. Eyyub Bəşirov da bu böyük elmi tarixi səhifənin başlanğıcından onun iştirakçısı, yaradıcılarından biri oldu. O kiçik elmi işçi kimi həmin mövzunun cavabdeh icraçısı idi.

1950-ci ilin dekabrından E.Bəşirovun həyatında yeni bir mərhələ başlayır. O, Moskvada Ümumittifaq Heyvandarlıq İnstitutunun aspiranturasına daxil olur. 1951-ci ildən 1954-cü ilin fevralınadək əlaçı aspirant kimi burada oxuyur. Sovet dövrünün ən görkəmli alimlərindən biri Viktor Konstantinoviç Milovanovun rəhbərliyi altında "Azərbaycan camışının çoxaldılması biologiyası məsələləri" ("Voprosı bioloqii razmnojeniə buyvolov v Azerbaydjane") mövzusunda namizədlik dissertasiyasını yazır. 1954-cü ilin noyabrında dissertasiyanı uğurla müdafiə edib biologiya elmləri namizədi elmi dərəcəsini alır. Bu uğurdan sonra gənc alimin qarşısında yeni üfüqlər açılır. E.Bəşirov böyük coşqu ilə elmi fəaliyyətə başlayır. O, Respublika Kənd Təsərrüfatı Nazirliyi sistemindəki müxtəlif elmi qurumlarda müxtəlif vəzifələrdə çalışır. 1954-cü ilin fevralından 1955-ci ilin aprelinədək Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda elmi işçi, şöbə müdiri, Kür-Araz (Sabirabad) təcrübə stansiyasının direktoru işləyir. 1954-cü ildə Kür-Araz təcrübə stansiyasında, 1956-cı ilin sentyabrında isə institutda kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması laboratoriyasını təşkil edir və ilk müdiri təyin olunur. 1959-cu ildə daha böyük vəzifəyə, institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkilir. 1961-ci ildən isə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru vəzifəsində çalışmağa başlayır. 1963-cü ildən isə elmi fəaliyyəti ilə bağlı öz xahişi ilə yenidən laboratoriya müdiri vəzifəsinə qayıdır. Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və süni mayalandırılması laboratoriyasına qayıtmaqda məqsəd daha geniş və əhəmiyyətli elmi işlər aparmaq və yaradıcılıq işlərini davam etdirmək, doktorluq dissertasiyasını yazmaq idi.

Eyyub müəllimin Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda və onun təcrübə stansiyasında müxtəlif vəzifələrdə çalışdığı dövr onun yüksək elmi təşkilatçılıq fəaliyyəti ilə xarakterzə olunur. Belə ki, həmin dövrdə onun tərəfindən işlənib hazırlanmış metod və texnologiyaların, başqa alimlərin əldə etdikləri elmi nəticələri ilə birlikdə təsərrüfatlarda, damazlıq stansiyalarında istehsalata geniş tətbiq edilirdi.

Ötən əsrin əllinci, altmışıncı illəri E.Bəşirovun elmi yaradıcılığının ən məhsuldar mərhələlərindəndir. Bu illərdə aparılan araşdırmaların, təcrübələrin istehsalata geniş tətbiqi yüksək nəticələrə gətirib çıxarırdı.

"Muğanda yem bazasının yaxşılaşdırılması yolları", "Camışların qısırlığı ilə mübarizədə. mühüm məsələ", "Kəl, buğa və qoç toxumlarının mühafizə olunma müddətinə və mayalandırıcı qabiliyyətinə antibiotiklərin, ağ stereptosidin təsiri", "Heyvan toxumunun saxlanması və daşınması texnologiyası və üsulları (toxumun dondurulması)", "Azərbaycanın aran yerlərində döllük qoçlardan səmərəli istifadə edilməsinə dair", "Camışlarda süni mayalanmanın tətbiqi", "Azərbaycan şəraitində inək və camışların döllənməsi, onlardan alınan balaların yaşama qabiliyyətinin yüksəldilməsi üsulları", "Kənd təsərrüfatı heyvanlarını törədici kimi hazırlamağın yeni üsulu" və s. kimi elmi məqalələr aqrar elmin incilərindən sayılır.

Onu da qeyd edək ki, alimin 800-dən çox elmi məqalələri var ki, bunların da yarıdan çoxu müxtəlif vaxtlarda dərc olunub, bir qismi çapa hazırlanır, bir qismi hələ çap olunmamış qalır, daha doğrusu öz növbələrini gözləyir.

E.Bəşirovun 1959-1962-ci illərdə yazdığı "Qaramal" və "Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması" və "Kənd təsərrüfatı heyvanlarının törəmə qabiliyyətinin yaxşılaşdırılması yolları" adlı kitabları, təlimatları Azərbaycan dilində çap olunmuş, sahəyə aid ilk dərsliklər idi. "Əlcəzairin heyvandarlığı" ("Jivotnovodstva Aljira". Moskva, 1976) monoqrafiyası qiymətli elmi mənbə kimi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Eyyub müəllimin qələminin məhsulları olan "Azərbaycanda damazlıq heyvanların biologiyası və yetişdirilməsi" 2005-ci ildə, "Azərbaycanda damazlıq heyvandarlığın problemləri və inkişafının elmi əsasları" 2008-ci ildə ("Fiziologiya reproduktivnoy buyvolov Azerbaydjane"), "Azərbaycan camışının törəyib çoxalmasının fiziologiyası" 2009-cu ildə, "Azərbaycanda heyvandarlığın inkişafının elmi əsasları" 2011-ci ildə çap olunmuşdur. Adlarını çəkdiyimiz və çəkə bilmədiyimiz əsərlərdə, xüsusən də süni mayalama ilə bağlı əsərlərdəki hər fikir, hər bənd elmə gətirilən yenilikdir.

***

E.Bəşirov elmi yaradıcılığa ötən əsrin ortalarında, 1947-ci ildə başlamışdır. Alimin yaradıcılığı şərti olaraq üç dövrə bölünür.

Birinci dövr- Moskva dövrüdür.1947-1954-cü illəri əhatə edir. Bu dövrə akademik K. A. Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasında oxuduğu illərdə yazılmış əsərlər, aparılmış elmi tədqiqatlar aiddir.

İkinci dövr - Azərbaycan dövrüdür. Bu dövr 1950-ci ildən başlayır və bu günün özündə də davam edir.

Üçüncü dövr - xarici ölkələrdəki ezamiyyətlər dövrüdür.

Hindistan - 1961-ci il (altı ay) İtaliya - 1964-cü il, 6-25 sentyabr, Əlcəzair - 1964-1966-cı, 1968-1970-ci illər, Çili - 1971-ci il (noyabr, dekabr), Əfqanıstan - 1981-1983-cü illər.

"Əlcəzairin heyvandarlığı", "Çilinin heyvandarlığı" və "Milli Birlik hökuməti dövründə onun inkişaf perspektivləri", "Əfqanıstanın heyvandarlığı", "Hindistan və Bolqarıstanda camışçılıq" və "Yeni Bolqar mürrəhi camış cinsinin yaradılması" adlı əsərləri bu dövrdə yazılmışdır.

Alimin heyvandarlığın sürətli inkişafına, ekoloji baxımdan təmiz, yüksək keyfiyyətli, bioloji qiymətli məhsul istehsalına, kənd təsərrüfatı heyvanlarının genefondunun sağlamlaşdırılmasına, cinsi, məhsuldarlıq və balavermə keyfiyyətinin yaxşılaşdırılmasına, çoxaldılmasına, qorunub saxlanmasına yönəlmiş elmi araşdırmaları, işləyib hazırladığı metod və texnologiyalar buna geniş imkan verir. Lakin tarixin elə məqamları da olur ki, həmin vaxtlarda bu imkanlar da kifayət etmir, gərək sinəni də qabağa verəsən.

Ötən əsrin yetmişinci illərində, ümumən, respublikamızın heyvandarlığında heç də birmənalı qarşılanmayan tendensiya yaranmışdı.Yerli inək cinsləri bəyənilmirdi, Rusiyadan, Pribaltikadan gətirilən cinslərə üstünlük verilirdi. Bu cinslər də yerli şəraitə çətin uyğunlaşırdılar. Xəstələnmə, xüsusən də qızdırma ilə bağlı ölüm halları çoxalırdı. Məhsuldarlıq və balavermə aşağı düşürdü. Məcburi kəsim çoxalırdı. Qısırlıq həddən artıq yüksək idi.

Camışçılığa münasibət lap pis idi. Sanki yerli inək, camış cinslərinə qarşı səlib yürüşü aparılırdı. Fikir yaradılırdı ki, yerli cinslər, xüsusən də camış rentabelli deyil, məhsul istehsalı aşağıdır. Yeri gəldi-gəlmədi inəklərin yerinə ağır çəkili olduğundan camışlar kəsimə göndərilirdi. Camışa münasibət lap acınacaqlı vəziyyətə gəlib çıxmışdı. Hətta, o vaxtlar başda Azərbaycan KP MK-nin ikinci katibi Kozlov olmaqla bir qrup məmur tərəfindən Respublika Kommunist Partiyası MK-nın bürosuna camışçılığın ləğvi barədə qərar layihəsinin çıxarılması da planlaşdırılmışdı. Bu isə təkcə yanlış fikir, düşünülməmiş addım deyldi. Xalqımızın yüz illər boyu seçib yetişdirdiyi, zaman-zaman yeniləşdirdiyi, qoruyub saxladığı, var-dövlətdən, xəzinədən, ona sağlamlıq, şəfa, güc-qüvvət verən bardan-.bəhərdən, bineyi-qədimdən yaradılmış heyvandarlıq, damazlıq-seleksiya ənənələrindən, heyvandarlıq mədəniyyətindən, bütövlükdə, xalqın özünün epoxal mənafeyinə, xalqımızın özünə, sağlamlığına, tarixinə yönəlmiş bir qəsd idi. Ata-babalarımızın ən qədim dövrdən məşğul olduğu bir sahə, camışçılıq məhv edilmək təhlükəsi qarşısında idi. Bu məqamda mütəxəssislərimiz, ziyalılarımız əsl vətəndaşlıq mövqeyi tutdular, iradə və qətiyyət göstərdilər

Eyyub müəllimin öz həmfikirləri, mərhum Arif Mustafayev, Ağaxan Ağabəyli, İmran Əbilov, Surxay Tağızadə, Sadıq Murtuzayev kimi Azərbaycan heyvandarlığında camışın, camışçılığın yerini, çəkisini yaxşı bilən mütəxəssislərlə birgə bu qərəzli ideyanın gerçəkləşməsinə qarşı çıxdılar. Onlar həmin dövrdə respublikamıza rəhbərlik edən ümummilli liderimiz, mərhum prezident Heydər Əliyevə müraciət etdilər. Camışçılığın üstünlükləri haqda, insana, onun sağlamlığına camış məhsullarının misilsiz faydası barədə hərtərəfli məlumat verdilər. Müraciətdən sonra mərhum prezident Heydər Əliyev qərar layihəsinin büroda müzakirəyə çıxarılmasına belə yol vermədi. Ümumiyyətlə, bu məsələ birdəfəmlik bağlandı. Haqq-ədalət öz yerini tapdı. Xalqımıza yönəlmiş böyük qəsdin qarşısı alındı.

***

Təcrübə ilə nəzəriyyənin vəhdəti Eyyub müəllimin elmi yaradıcılığından qırmızı xətlə keçir. Alimin elə bir elmi müddəası, elə bir araşdırması yoxdur ki, təcrübədə təsdiqini tapmasın. Heyvandarlığın, xüsusən də camışçılığın, damazlıq heyvandarlığın inkişafında yeni cinslərin yaradılmasında, kənd təsərrüfatı heyvanlarının çoxaldılmasında, sağlamlaşdırılmasında süni mayalanmanın böyük əhəmiyyəti var. Dünyada ilk dəfə camışın süni mayalandırılmasının həyata keçirilməsinin metod və texnologiyalarının hazırlanması, tətbiqi və ən əsası nəzəriyyə ilə təcrübənın vəhdəti Eyyub Bəşirovun yaradıcılığının ən üstün, ən əhəmiyyətli cəhətlərindəndir.

Başqa bir cəhət də bundan ibarətdir ki, rus və Azərbaycan aqrar elmi məktəblərinin ən qədim, ən zəngin, ən qabaqcıl ənənələri alimimizin yaradıcılığında öz dərin əksini tapır. Həm də bu iki böyük məktəbin təsiri, əhatə dairəsi o qədər geniş, o qədər güclüdür ki, həmin irslə tanışlığın ilk anındaca yəqinlik hiss edirsən, inanırsan ki, bu iki məktəb Eyyub Bəşirov yaradıcılığının nəhəng kökləri, qaynaqlarıdır.

Eyyub Bəşirovun elmi yaradıcılığının ilkin, həm də olduqca möhkəm təməli, bünövrəsi qeyd etdiyimiz kimi, Moskvada təhsil aldığı dövrdə, ötən əsrin əllinci illərinin əvvəllərində qoyuldu. 1951-1953-cü illərdə alimin yazmış olduğu referatlar, elmi hesabatlar, məruzələr Moskva elmi mühiti, Moskva elmi ictimaiyyəti tərəfindən təqdir olunur, rəğbətlə qarşılanırdı. Məhz həmin elmi əlyazmalar, referatlar, məruzələr, hesabatlar alimin yaradıcılığının dayaqları, dirəkləri idi. Bu dayaqların daha da möhkəmlənməsi üçün Moskva elmi mühiti münbit şərait, münbit zəmin yaradırdı. O illərdə Moskva dünya aqrar elminin ən nəhəng, ən tanınmış mərkəzlərindən idi. Burada aqrar elmin müxtəlif problemləri ilə məşğul olan, nüfuzlu elmi təşkilatlar, elmi müəssisələr, elmi tədqiqat institutları kimi fəaliyyət göstərən Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyası (indi Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyası), akademik K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası, Baytarlıq Akademiyası, Atçılıq İnstitutu, Ümumittifaq Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu və s. dövrün ən qabaqcıl elm ocaqları, elmi idarələrdən idilər. Təkcə elə Ümumittifaq Kənd Təsərrüfatı nailiyyətləri sərgisinin özü böyük bir akademiya idi. Həmin dövrdə Viktor Konstantinoviç Milovanov, Firuz Əli oğlu Məlikov , İrina İvanovna Sokolovskaya kimi bir çox nəhəng alimlər aqrar elmin problemlərinin həllinin ağırlığını öz çiyinlərinə götürmüşlər. Məhz belə alimlərin adları ilə bağlı elmi məktəblər formalaşmış, yaranmışdı. Bunların da arasında ən qabaqcılları akademiklər V.K.Milovanov və F.Ə.Məlikov elmi məktəbi idi. Bu məktəblər aqrar elmin bir çox aktual problemlərini həll etməklə onun inkişafına böyük təkan vermişdilər. Bu elmi məktəblər keçmiş İttifaqda həll etdikləri problemlərin əhəmiyyətinə, özlərinin nüfuz və əhatə dairələrinə görə fərqlənirdilər.

1947-ci ildə biologiya elmində böyük əhəmiyyətə malik elmi kəşf edildi. Akademik V.K.Milovanovun elmi rəhbərliyi ilə professor İrina İvanovna Sokolovskaya və İqor Smirnov dövşan, buğa, qoç toxumlarının dondurulması və uzun müddət saxlanılması metodunu hazırladılar. Yeri gəlmişkən, deyək ki, təqribən on il sonra, 1956-1957-ci illərdə də camış (kəl) toxumunun dondurulub uzun illər saxlanılması metodunu isə akademik Eyyub Bəşirov hazırladı. Belə bir metodun işlənib hazırlanması, heyvanların daha sağlam, daha məhsuldar nəslinin alınmasına səbəb oldu.

Mühüm əhəmiyyətə malik belə tədqiqatlar Azərbaycanda da aparılırdı. Azərbaycan aqrar elmi məktəbi heç də Rusiya, Moskva elmi məktəbindən geri qalmırdı.

Azərbaycanda da elmin digər sahələri ilə yanaşı, kənd təsərrüfatı, biologiya elmlərinin də inkişafına xüsusi diqqət yetirilirdi. Respublikada çox güclü aqrar elmi məktəbi fəaliyyət göstərirdi. Yuxarıda qeyd etdiyimiz kimi, bu məktəbə akademik Firuz Məlikov rəhbərlik edirdi.

Akademik Firuz Məlikov da akademik Viktor Milovanov kimi, dünyanın ən nüfuzlu elm ocaqlarından birinin, Lenin adına ÜKTEA-nın həqiqi üzvü idi. Akademik Firuz Məlikov təkcə Azərbaycanda deyil, bütövlükdə Qafqaz bölgəsi üzrə aqrar elmi məktəbinin yaradıcısı idi. O, Qafqaz üzrə heyvandarlıq sahəsində aparılan bütün elmi tədqiqat işlərinə rəhbərlik edirdi. Elə buna görə də Qafqaz aqrar elmi məktəbinin yaranması, fəaliyyət göstərməsi akademik Firuz Məlikovun adıyla bağlı idi. Akademik Eyyub Bəşirov da zəmanələrinin böyük alimlərindən, akademiklər Viktor Konstantinoviç Milovanovdan və Firuz Məlikovdan dərs almışdı .

Bir alim kimi Eyyub Bəşirovun formalaşmasında, yaradıcılığının inkişafında hər iki məktəbin müstəsna əhəmiyyəti, böyük rolu olmuşdur. Alimin yaradıcılığı bu məktəblərdən rişələnib, bu məktəblərdən kök atıb, onlara bağlıdır. Lap dəqiq desək, Eyyub Bəşirov bir alim kimi bu iki məktəbin yetirməsidir.

Daha iki mühüm mənbə, qaynaq üzərində də dayanmaq vacibdir. Bunlardan biri dünya təcrübəsi, dünya aqrar elmi fikri, digəri isə xalqımızın, kənd təsərrüfatı heyvanlarının saxlanılıb bəslənməsi, yetişdirilməsi, yeni cinslərin yaradılması ilə bağlı ta qədim zamanlardan bəri formalaşmış, təşəkkül tapmış, oturuşmuş, dərin köklərə söykənmiş, mayası halallıqdan yoğurulmuş ənənələrdir.

Eyyub Bəşirovun bir alim kimi, şəxsiyyət kimi formalaşması digər amillərlə, daha dərin köklərlə bağlıdır. Üstündə dünyaya göz açdığı torpaq, el-oba, mənsub olduğu nəsil, tərbiyəsini aldığı, halal çörəyi ilə böyüdüyü ailə, təhsil aldığı məktəb, elm ocaqları, əhatəsinə düşdüyü elmi və ictimai mühit çox böyük rol oynamışdır. Bütün bunların hamısı dərinə işləyən, dərinə gedən köklərdir. Bu köklərə bağlılıq ucalıq, əzəmət, möhkəmlik, sarsılmazlıq, el-oba üçün bərəkət, bəhər gətirər.

Eyyub Bəşirovun elmi yaradıcılığı ötən əsrin ortalarından bu günə kimi istər ölkə, istərsə də beynəlxalq elmi ictimaiyyət tərəfindən daim izlənməkdədir.

Azərbaycan, Rusiya, keçmiş İttifaqın digər respublikalarının, ayrı-ayrı xarici ölkələrin tanınmış alimləri, mütəxəssisləri hələ o dövrdə Eyyub Bəşirovla müntəzəm olaraq fikir mübadilələri aparır, onun işləyib hazırladığı süni mayalanmanın qabaqcıl metod və texnologiyalarla, apardığı müxtəlif təcrübələrlə tanış olurdular. Bu elmi araşdırmaları, elmi təcrübələri, əldə edilmiş nəticələri yüksək qiymətləndirərək öyrənir, bunların öz ölkəsində də geniş tətbiq edilməsinə çalışırdılar.

1959-cu ilin dekabrında Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Yusif Məmmədəliyev və Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının prezidenti, akademik Firuz Məlikov Eyyub Bəşirovun laboratoriyasına gəlmiş alimin dondurulmuş kəl toxumunun tədqiqi (dondurulmanın metod texnologiyası) ilə tanış olmuş, alınan nəticələri isə möcüzə adlandırmışlar.

1959-cu ildə V.I.Leninin Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının akademik katibi N.F.Rostovtsev, 1960-cı ildə akademik V.KMilovanov və professor İ.İ.Sokolovskaya, 1961-ci ildə akademik K.A.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasının kafedra müdiri, professor V.K.Spilov Moskvanın müxtəlif elmi-tədqiqat institutlarının, tədris ocaqlarının alimləri ilə birlikdə Eyyub Bəşirovun hazırladığı yeni orijinal metod və texnologiyalar, apardığı təcrübələri öyrənib Moskva vilayətinin təsərrüfatlarında geniş tətbiq edərək yüksək nəticələr əldə etmişlər.

Vaxtilə İ.V.Stalin və N.S.Xruşşovun müşaviri olmuş, ÜİHİ-nun keçmiş direktoru, P.Lumumba adına universitetin təşkilatçılarından biri, həmin universitetin kənd təsərrüfatı fakültəsinin dekanı, professor İvan Matveyeviç Kuznetsov həyat yoldaşı, elmlər namizədi Vera Mixayılovna ilə birlikdə 1962-ildə bir ay ərzində Azərbaycan ETHİ-da Eyyub Bəşirovun elmi-tədqiqatları ilə dərindən tanış olmuşlar. Eyyub müəllimin digər alimlərimizlə birgə yaratdığı ağ camış naxırı, dondurulmuş toxumdan alınmış rekord camışları və zebu hibridlərini, onun hazırladıgı yeni metod və texnologiyaları öyrənmiş, əldə edilmiş nəticələri də yüksək qiymətləndirmiş və bunların geniş miqyasda yayılıb tətbiq olunması, həmin elmi nəticələr barədə sənədli film çəkilməsini məsləhət bilmişlər.

Məhz bu ideya, bu fikir əsasında da məşhur sovet rejissoru Aleksey Plotnikov 1962-ci ildə "Cavan alimin müvəffəqiyyətləri" adlı qısametrajlı sənədli film çəkdi. Həmin film o vaxtlar keçirilmiş Beynəlxalq kinofestivalda birinci yeri tutaraq qızıl medala layiq görüldü.

Eyyub Bəşirovun elmi yaradıcılığının əsasını təşkil edən istiqamətlərdən biri də kənd təsərrüfatı heyvanlarının yeni məhsuldar cinslərinin, hər cins üzrə damazlıq təsərrüfatlarının yaradılması, naxırların, sürülərin cins tərkibinin yaxşılaşdırılması, ölkəmizin təbii şəraitinə uyğun hibridlərin alınması və bunların ölkəmizin müxtəlif bölgələrinə yayılmasının təmin olunmasıdır. Dediklərimizin ən bariz nümunəsi kimi, Azərbaycanın subtropik zonasında, Lerikdə, 1976-1978-ci illərdə "Sosialist Kubası" sovxozunda Kubadan yarımvəhşi zebuların gətirilib yerli şəraitə uyğünlaşdırılması və yerli zebu və digər qaramal cinsləri ilə çarpazlaşdırılaraq hibridlərin alınması, bunların respublikamızın on altı dağ rayonlarına yayılmasını misal gətirmək olar. Bunun da əsasında yerlərdə hibridləşmə getmişdir. Bu hibridlərin keyfiyyəti barədə təkcə bir faktı qeyd etmək istərdik ki, onların erkəklərinin diri çəkisi 1500 kq-a çatırdı. Bu barədə biz aşağıda daha ətraflı bəhs edəcəyik.

Keçmiş sovet məkanında yeganə damazlıq zavodu kimi tanınan, özünəməxsus tarixə, təsərrüfat və elmi-təcrübəvi baxımdan zəngin ənənələrə malik Daşüz camışçılıq təsərrüfatı Eyyub Bəşirovun yaradıcılığı ilə sıx bağlıdır. Fikrimizi başqa sözlərlə ifadə edib, - Daşüz damazlıq zavodu alimin yaradıcılığının xalqımıza bir töhfəsidir, - desək yanılmarıq. Eyyub Bəşirovun dünyada ilk dəfə elmə gətirdiyi süni mayalanmanın yeni metod və texnologiyalarının ilkin köklü sınaqları (ilk təcrübələri) da burada aparılmışdır.

Camışçılıq elmimizin korifeyi, professor Ağaxan Ağabəylinin elmi rəhbərliyi, Eyyub müəllimin də həm müəllifliyi ilə yeni yaradılmış və 1970-ci ildə təsdiq edilmiş Azərbaycan camış cinsinin damazlıq nüvəsi də bu zavodda qoyulmuşdur.

Bu istiqamətdə aparılan elmi tədqiqatlar, əldə olunan elmi nəticələr xalqımızın çox qiymətli, əvəzsiz milli sərvəti olan unikal genefondların, cinslərin qorunub saxlanılmasında, yenilərinin yaradılmasında mühüm əhəmiyyət kəsb etmişdir.

Bu sahədə görülən işlərin kökü ötən əsrin altmışıncı illərinə gedir. 1961-ci ildə Hindistanda, Heydərabad şəhərində alimimizin təklifi ilə "Ümumhindistan heyvandarlıq sərgisi" təşkil edilir. Bu sərgidə Eyyub Bəşirov Hindistanın 12 camış, 38 zebu cinslərinin genefondunu öyrənir. Bombey südçülük koloniyasından isə "Mürrəh" cinsindən olan damazlıq rekord camış kəllərini və düyələrini seçir. Azərbaycana gətiriləsi bu rekord cinsli heyvanlar ydi, son anda Moskvanın göstərişi ilə Bolqarıstana göndərilir. Həmin heyvanların əsasında da Eyyub Bəşirov bolqar alimi, professor Aleko Aliksiyevlə birgə "Bolqar mürrəhi" cinsini yaradır. Öz yüksək məhsuldarlığı, yüksək keyfiyyətilə "Bolqar mürrəhi" bu gün də dünyada seçilir.

Eyyub Bəşirov görkəmli alimlərimiz, professorlar Ağaxan Ağabəyli, Abdulla Həşimov, Surxay Quliyev, İnqilab Hüseynovla birgə dünyada ilk ağ camış sürüsünü yaratmışdır.

2007-ci il iyunun 29-da Respublika Kənd Təsərrüfatı Nazirliyinin Damazlıq Şurası tərəfindən iki yeni qoyun cinsi təsdiq edildi. Bunlardan biri Morul Dəmirovun seleksiyası əsasında yaradılmış "Mil-Qarabağ", digəri isə Nəcəf Nəcəfovun "Abşeron" cinsləridir. Hər iki cinslərin yaradılmasının elmi rəhbəri və təşkilatçısı Eyyub Bəşirov olmuşdur.

Azərbaycan kənd təsərrüfatı sistemində özünü bacarıqlı elm və təsərrüfat təşkilatçısı kimi göstərən alimin respublikada uzun müddət rəhbərlik etdiyi damazlıq-seleksiya sisteminin, süni mayalama laboratoriyalarının, stansiyalarının, mərkəzlərinin yaradılmasında, səmərəli fəaliyyət göstərilməsində müstəsna rolu olub, istər elmi, istərsə də həmin sistem üçün savadlı, səriştəli praktik kadrların yetişdirilməsi Eyyub Bəşirovun fəaliyyətinin ən mühüm istiqamətlərindəndir. 1948-ci ildə hələ tələbə ikən istehsalat təcrübəsi zamanı Ağdam rayonundakı Qarabağ Atçılıq zavodunun təşkili dövründə Qarabağ atlarının seçilməsi, qiymətləndirilməsi (bonitrə edilməsi),1951-ci ildə Xıllı rayonunun Xolqarabucaq kəndindəki Stalin adına kolxozda, 1954-cü ildə Saatlı rayonunun Sarıcalar kəndindəki "Kür-Araz" təcrübə stansiyasında, 1956-cı ildə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda, 1957-ci ildə Daşüz camışçılıq üzrə damazlıq zavodunda , 1971-72-ci illərdə isə Neftçala rayonunun M.B.Qasımov adına camışçılıq sovxozunda süni mayalama laboratoriyaları və mərkəzlərinin ilk dəfə olaraq təşkili onun yüksək təsərrüfatçılıq bacarığından, imkanlarından xəbər verirdi.

1954-1987-ci illəri əhatə edən dövr ərzində Azərbaycanda 1 respublika, 2 vilayət, 56 rayonlararası və rayon dövlət döllük -damazlıq stansiyaları, ayrı-ayrı təsərrüfatlarda 1500-ə yaxın süni mayalama məntəqələri təşkil edildi.

1968-1989-cu illərdə Pirşağı qəsəbəsində 1971-ci ildən fəaliyyət göstərən Respublika Süni Mayalama Stansiyasının nəzdində Respublika Elmi Biotexnoloji Mərkəzi yaradıldı. Embirion köçürmə və İmmunogenetika laboratoriyaları da bu qrupa daxil edildi.

Respublikada heyvandarlığın elmi əsaslarla inkişafının yüksəldilməsi, həmin əsasların möhkəmləndirilməsi, damazlıq sisteminin, süni mayalama stansiyalarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Eyyub müəllim bir sıra islahatlar aparır. 1971-ci ildə təşkil etdiyi, Pirşağıda yerləşən, Dövlət Damazlıq və Süni Mayalama Stansiyasını genişləndirir. Mərdəkandakı Abşeron Dövlət Damazlıq və Süni Mayalama Stansiyasına birləşdirir. Sabirabaddakı Elmi-Tədqiqat Heyvandarlıq Stansiyası isə Mərdəkana köçürülür. Həmin bu stansiya 1971-ci ildən bu günə qədər Abşeron Elmi-Tədqiqat Heyvandarlıq Təcrübə Stansiyası kimi fəaliyyət göstərir.

Eyyub müəllim 1989-1993-cü illərdə Abşeron Dövlət Damazlıq və Süni Mayalama Stansiyasının nəzdində Moskva Mərkəzi Elmi-Tədqiqat Yemlərin Texnologiyası və Kənd Təsərrüfatı Heyvanlarının Yemləndirilməsi İnstitutunun Azərbaycan filialını təşkil etdi və onun rəhbəri oldu. Bu gün də həmin filiala ictimai əsaslarla rəhbərliyi davam etdirir.

Eyyub müəllim müxtəlif dövrlərdə Hindistanda, Əlcəzairdə, Çilidə və Əfqanıstanda olarkən bu ölkələrin kənd təsərrüfatı sahəsinin, damazlıq-döllük sisteminin təşkilində, inkişaf etdirilməsində və möhkəmləndirilməsində, milli kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir. Elə buna görə də həmin dövlətlərin başçıları alimimizin şəxsən özünə və sovet dövlətinin lideri Leonid Brejnevə dərin minnətdarlığını bildirirdilər.

İstər Çilinin o vaxtkı prezidenti Salvador Alyendenin, istərsə də Əlcəzair prezidenti Huarı Bumedyanın minnətdarlıq məktublarının arxasında Azərbaycan aliminin gərgin əməyi, bu ölkələrin kənd təsərrüfatı sisteminin dirçəlməsinə, möhkəmləndirilməsinə yönəlmiş elmi tədqiqatları, yazdığı elmi əsəri, həyata keçirdiyi əməli tədbirləri dayanırdı.

Söhbətimizin bu məqamında bir tarixi epizodu xatırlatmaq yerinə düşərdi.

1971-ci ildə Sov.İKP Mk-nın katibi A.P. Kirilenko Çiliyə gedəcək iki nəfər mütəxəssisin, alimin, Smirnovun və bir də bu sətirlərin müəllifinin sənədlərini Baş katib Leonid İliç Brejnevə təqdim edir. O, - Azərbaycan elminin nəzəriyyəsi də var, təcrübəsi də, - deyib, Azərbaycan heyvandarlıq elmi məktəbinə üstünlük verir.

Məlumdur ki, Çilidə heyvandarlıq sahəsinin inkişafına böyük önəm verilir. Çünki ölkə əhalisinin heyvandarlığa, xüsusən də ətə, ət məhsullarına tələbatı olduqca böyükdür. Milli Birlik hökuməti dövründə, ötən əsrin 70-ci illərinin əvvəllərində sovet hökuməti tərəfindən bir ekspert-alim, mütəxəssis kimi Çiliyə ezam olunan Eyyub Bəşirov bu ölkənin iqlim şəraitini, otlaqların, çöl-çəmən, meşə, ot örtüklərini, su mənbələrini, yağan yağıntının miqdarını, heyvandarlığın ayrı-ayrı bölgələrdə inkişaf perspektivlərini, maddi-texniki bazasını, sahənin inkişafına lazım gələn bütün amilləri araşdırıb öyrənir, tədqiq edir. Aparılan tədqiqatların nəticəsi kimi "Çilinin heyvandarlığı" adlı fundamental əsər ortya qoyuldu.

Əsərdə ölkə heyvandarlığının vəziyyəti, sahə ilə bağlı bütün amillər qarşıya çıxan problemlərin dərin analizi verilir və bu problemlərin həlli yolları araşdırılır, tapılıb göstərilir. Bütün bunlar da aparılan müşahidələrə, hesablamalara, əldə edilən dəqiq faktlara, rəqəmlərə, onların da əsasında tərtib olunmuş cədvəllərə söykənirdi. Bütün faktların, rəqəmlərin, cədvəllərin köməyi ilə o dövrdə Çilinin heyvandarlığının aydın ümumi mənzərəsi yaradılır, geniş təhlili verilir. Bu əsər ötən yüzillikdə Çilinin heyvandarlığına həsr olunmuş ən sanballı əsərlərdən, elmi tədqiqat işlərindən biri, dünya aqrar elmi tarixinə layiqli bir töhfə idi. Bundan başqa, Eyyub Bəşirov o dövrdə Çilidə dövlət damazlıq sisteminin, damazlıq seleksiya işlərinin, damazlıq, süni mayalama stansiyalarının, məntəqələrinin təşkilinə və yenidən qurulmasına, fəaliyyətlərinin yönəldilməsinə yaxından köməklik göstərmiş, elmi-nəzəri məsələlərin reallaşdırılmasında, alınmış elmi nəticələrin təcrübədə gerçəkləşdirilməsində fəal iştirak etmişdir.

Eyyub Bəşirov Çilidə elmi ezamiyyətdə olarkən bu ölkədə damazlıq heyvandarlığın inkişafı, proqressiv metod və texnologiyaların tətbiqi, kadr hazırlığı kimi bir çox elmi problemlərin həllini nəzərdə tutan 10 illik plan-proqram işləyib hazırlamışdır. Bu plan-proqram dərin elmi əsaslara söykənirdi. Həmin proqramın yerinə yetirilməsi isə Çilinin heyvandarlığının inkişafının təkanverici qüvvəsi, təminatı demək idi .

Prezident Salvador Alyendenin aşağıdakı sözləri isə azərbaycanlı alimin əməyinə verilən ən yüksək qiymətdir:

- "Mister Eyyub Bəşirovun 45 gündə gördüyü iş Çilinin birinci dərəcəli elmi-tədqiqat institutlarının altı ayda gördüyü işlərə bərabərdir".

Bu sözlər, həm də, bütövlükdə dünya aqrar elmin inkişafı naminə göstərilən xidmətin qarşılığıdır.

Eyyub müəllim 1946-1966 və 1968-1970-ci illərdə Əlcəzairdə gördüyü işlər, apardığı elmi tədqiqatlar bu ölkənin kənd təsərrüfatının, heyvandarlığının inkişafında mühüm rol oynadı. Ölkədə damazlıq heyvandarlıq sistemi quruldu. Süni mayalama stansiyaları təşkil edildi. Süni mayalamanın geniş tətbiqi vasitəsilə məhsuldarlıq artırıldı. Müasir texnologiyalardan istifadə olunması, süni mayalamanın aparılması qısırlığı aradan qaldırdı. Həyata keçirilən tədbirlər hər 100 ana qoyundan 111, inəklərdən isə 100-102 bala almağa imkan verdi. O dövrdə bu rəqəmlər qoyunlar üzrə Şimali Afrika ölkələrində görünməmiş rekord bir göstərici idi. İnəklərdən alınan balaların sayı isə dünya rekordu idi. Həm də həmin bölgədə, həmin ölkələr arasında ilk dəfə olaraq Əlcəzairdə damazlıq -seleksiya, damazlıq-döllük, süni mayalama stansiyalarında, məntəqələrində çalışacaq, altı aylıq kurslarda 200 nəfərlik mütəxəssislər korpusu yaradıldı.

1966-cı ilin yayında Fransanın Kənd Təsərrüfatı nazirinin, baytarlıq xidməti generalının Əlcəzairə gəlməsi, Eyyub Bəşirovla görüşməsi, onun bu ölkədə apardığı təcrübələr və əldə etdiyi elmi -təcrübəvi nailiyyətlərlə tanışlığı və ondan aldığı məsləhətlər nəticəsində, sonralar Fransada yeni bir texnologiya-fransız süni mayalama texnologiyası yaradıldı. Hazırda ən mütərəqqi, ən proqressiv texnologiya kimi bundan dünyanın bütün qabaqcıl ölkələrində istifadə edilir.

Ötən əsrin səksəninci illərində Əfqanıstanda gedən dərin, mürəkkəb tarixi proseslərin ən qızğın çağında Eyyub Bəşirov bu ölkədə işləməli olur. Kənd Təsərrüfatı nazirinin müşaviri vəzifəsində çalışan alim bu ölkənin aqrar sektorunun dirçəlməsinə, məhsul istehsalının artırılmasına, sahənin elmi əsaslarının yaradılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nail oldu.

Həmin dövrdə Əfqanıstanda bir-birinə qənim kəsilən hər iki tərəf - Şürəvilər və "düşmənlər" Eyyub müəllimin qarşısında əyildilər. Silah qarşısında əyilməyənləri onun nüfuzu əyirdi. "Düşmənlər" deyirdilər ki, sən bizə, bizim ölkəyə müharibənin odunu, alovunu yarıb həyat gətirmisən, viran qalmış torpaqlarımızı dirildirsən.

***

Kuba zebusunun Azərbaycanın subtropik zonasında yerli şəraitə uyğunlaşdırılması, hibridləşdirilməsi, yeni nəslin alınması iki ölkə arasında birgə əməkdaşlığın, qarşılıqlı əlaqələrin qurulmasının bariz nümunəsidir. Söhbətimizin əvvəlində bu barədə danışmışıq. İstərdik ki, heyvandarlıq tariximizin inkişafında mühüm hadisə, böyük əhəmiyyətə malik heyvandarlıq təcrübəsindən geniş bəhs edək.

Azərbaycan Respublikasının dünya ölkələri ilə iqtisadi, siyasi əlaqələri yeni, daha geniş mərhələyə daxil olub. Bu baxımdan Kuba Respublikası ilə, xüsusən də aqrar sahədəki əlaqələr böyük maraq doğurur. Bu - əlaqələrin bünövrəsi hələ ötən əsrin yetmişinci illərində, mərhum prezident Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə qoyulmuşdur 1976-cı ildə Kubadan ölkəmizə 121 baş yarımvəhşi zebu gətirildi. Bu heyvanlar Lerikdə yerli şəraitə uyğunlaşdırılmalı, yerli iribuynuzlu heyvanlarla hibridləşdirilməli və respublikanın rayonlarında yayılmalı idi. Bu çətin, məsuliyyətli işin elmi rəhbərliyi Eyyub Bəşirova tapşırılır. Təkcə iki ölkə arasında iqlim şəraitini nəzərə alsaq, bu işin nə qədər problemli, çətin olduğu aydın görünər. Belə ki, oktyabr ayından aprel ayı bitənədək Lerikdə havanın temperaturu -13-ə qədər aşağı enir. Bu dövrdə isə Kubada havalar çox isti keçir.

Çoxsaylı belə problemlərə baxmayaraq, heyvanların gətirilməsindən 15 ay sonra 108 zebudan 78 bala alındı. Zebu buğalarının çəkisi 1000-1500 kq-a çatdırıldı. Hər zebudan gündə, yağlılığı 5 faiz olmaqla, 10 kq süd sağılırdı.

Geniş miqyaslı hibridləşmə aparılması məqsədilə Kuba zebularının buğaları respublikanın 16 dağlıq rayonuna yayıldı. Aparılan tədqiqatlar bir daha sübut etdi ki, respublikada ət və süd məhsulları istehsalının sürətlə artırılmasında zebu cinsi ilə hibridləşmənin aparılması böyük əhəmiyyətə, təkanverici rola malikdir.

1978-ci ilin aprelin 26-30 ərzində Lerikdə aparılan işlərlə tanışlıq məqsədilə ora gələn Kuba diplomatı, o dövrdə, Kubanın SSRİ-dəki səfiri Antonio Korsedo gördüklərinə inanmır. Məəttəl qalır, deyir ki, axı, necə ola bilər ki, bütün günü Kubada çöllərdə gəzən bu yarımvəhşi zebular tövlə-otlaq şəraitində bəslənilir, insanla mehriban davranır, qaçmır, sağılır, qaşovlanır, yemlənir, süni mayalandırılır və s.

Göründüyü kimi, Azərbaycanın yüksək dağlıq subtropik iqlim şəraitində, Lerikdə Kubadan gətirilmiş zebularla yerli cinsin cütləşdirilib hibrid alınması da hörmətli alimimizin adı ilə bağlıdır.

Bütün bunlar Eyyub Bəşirov yaradıcılığının, bütövlükdə, Azərbaycan aqrar elminin dünya aqrar elminə verdiyi töhfələrdir. Dünya aqrar elminin inkişafına xidmət edən elmi qənaətlərin, elmi araşdırmaların, tədqiqatların uğurlu nəticələri, onu möhkəmləndirən elmi zəminlər, elmi əsaslardır. İstər Azərbaycanın, istərsə də hər hansı xarici ölkənin kənd təsərrüfatı ilə bağlı olsun, Eyyub Bəşirovun apardığı elmi-tədqiqat işlərinin məqsədi, yönümü birdir - insanların sağlamlığı, rifahı, firavanlığı, məhsul bolluğunun yaradılması, iqtisadiyyatın, aqrar sahənin inkişafının gücləndirilməsi, ekologiyanın təmizliyi olmuşdur. Alimin elmi irsinin mahiyyəti, əhəmiyyəti bundadır.

Təbii ki, Eyyub Bəşirovun, elmi yaradıcılığı bütövlükdə Azərbaycanla, onun kənd təsərrüfatı, heyvandarlığı ilə bağlıdır. Bu yaradıcılıq Azərbaycan aqrar elminin mühüm tərkib hissəsidir.

Azərbaycan heyvandarlıq elminin elə bir sahəsi yoxdur ki, bu, alimin apardığı tədqiqatların obyekti olmasın, camışçılıqdan başqa, maldarlıq, dəvəçilik, atçılıq, qoyunçuluq, quşçuluq, arıçılıq, balıqçılıq, ipəkçilik kimi sahələrin inkişaf perspektivləri Eyyub Bəşirov tərəfindən müntəzəm tədqiq edilib öyrənilməsin. Hətta bu sahələrin kompleks halında, əlaqəli inkişaf etdirilməsi problemi də araşdırılıb. Məsələn, Abşeronda maldarlığın, camışçılığın, balıqçılığın, quşçuluğun, arıçılığın kompleksli, əlaqəli inkişafına nail olmağın yollarını aydın göstərən elmi tədqiqat işi, dövlət əhəmiyyətli lahiyəsi bu baxımdan böyük önəm daşıyır. Bu əsərdə iqlim şəraitinin heyvandarlıqdakı rolu, yem bazasının möhkəmləndirilməsi, yem kimi yoncanın, arpa-dən senajının rasiondakı yeri, bataqlıqların, onların bitki örtüyünün camışçılıqdakı əhəmiyyəti və yeri geniş, əhatəli, həm də bir-biri ilə əlaqəli şəkildə öyrənilmişdir.

Eyyub Bəşirovun elmi yaradıcılığında heyvandarlığın ümumi inkişafı, bunun elmi əsasları, onunla birbaşa bağlı olan amillər yerli iqlim şəraiti, çöl-çəmən bitkilərinin və bunların ilin fəsillərindən asılı olaraq necə inkişaf etmələri, yem bazasının yaradılması, heyvanların səmərəli yemləndirilməsi üsulları, arpa-dən, qarğıdalı, yonca, qarışıq senajın hazırlanması, otlaqların, yem bazasının vəziyyəti və digər vacib şərtlərlə sıx əlaqədə, eləcə də bunların bir-birinə qarşılıqlı təsiri ilə vəhdətdə götürülür, tədqiq edilir.

"Muğan bölgəsində yay düşərgə şəraitində yeniləndirilib saxlanılmasının camışlara təsiri", "Azərbaycan şəraitində kənd təsərrüfatı heyvanlarının balavermə, balaların yaşama qabiliyyətinin yüksəldilməsi yolları", "Azərbaycanın ekstremal iqlim şəraitində camışların sağlamlığına, tənasül fəaliyyətinə, cinsi və məhsuldarlıq keyfiyyətinə təsir edən amillər", "Azərbaycanın dağlıq şəraitində, yaylaqda qoyunların süni mayalandırılmasının metod və texnologiyalarının sistemləşdirilməsi" və s. kimi əsərlərdə dediyimiz məsələlər dərindən araşdırılır, öyrənilir.

Heyvandarlıqda süni mayalamanın əhəmiyyəti, rolu böyükdür. Heyvanların cins tərkibinin yaxşılaşdırılmasında, yeni nəslin alınmasında, sürülərin, naxırların sağlamlaşdırılmasında, məhsuldarlığın yüksəldilməsində və s.-də süni mayalama əvəzsizdir. Süni mayalamanın elmə gətirilməsi tarixi də qədimdir. Lazaro Spalansani, İlya İvanov, akademik V.K. Milovanov, professor İ.İ.Sokolovskaya, professor Ağaxan Ağabəyli, akademik Eyyub Bəşirov kimi bir çox alimlər süni mayalama sahəsində çox dərin, sanballı tədqiqatlar, araşdırmalar aparmışlar.

Azərbaycanda hələ ötən əsrin 30-cu illərində, professor Ağaxan Ağabəyli və Müseyib Mədətov bu sahədə ilk sınaqlar aparmış, təcrübələr həyata keçirmişlər. Lakin dünya aqrar elm tarixində ilk dəfə olaraq, elmi əsasda kənd təsərrüfatı heyvanlarının, ilk növbədə camışların, süni mayalandırılmasının mütərəqqi, orijinal metod və texnologiyalarını işləyib hazırlayan, bunları sistemləşdirən və heyvandarlıq təcrübəsində uğurla həyata keçirən akademik Eyyub Bəşirov olmuşdur.

Törədicilərin çoxalma üzvünün cərrahi yolla 30-45o bucaq altında öz təbii yerindən yana dəyişdirilərək toxum alınmasına hazırlanması və süni mayalamada istifadə edilməsinin, camışların süni mayalanmasının, alınan toxumların durulducularla duruldulması, dondurularaq uzun müddət saxlanılması, dondurulmuş toxumların uzaq məsafəyə müxtəlif nəqliyyat vasitələri ilə nəql edilməsi, dağlıq şəraitdə, yaylaqda heyvanların süni mayalandırılması, dağlıq şəraitdə alınan toxumların uzun müddət saxlanılmasının metod və texnologiyalarını sistemli şəkildə öyrənən, təcrübədə tətbiq edən, sistemləşdirən və bu sistemin elmi əsaslarını yaradan, bunları ilk dəfə aqrar elmə gətirən hörmətli alimimiz olmuşdur.

Bütün bunlara nail olmaq üçünsə gərək heyvanların təbii, fizioloji, bioloji, hətta, tədqiqat altında olan törədicilərin və mayalandırılan inəklərin fərdi xüsusiyyətlərini, onlara təsir edən, qıcıqlandıran, heyvanların şərti və şərtsiz reflekslərini, sinir sistemini, ümumiyyətlə, baş-beyin sisteminin fəaliyyətini dərindən biləsən. Eyni zamanda, dərin müşahidələr aparasan, heyvanın ifrazat, necə deyərlər, sidik ifrazatı qrafikindən tutmuş ta ayrı-ayrı bitki və otlarla qidalanmaya meyilliliklərinə qədər bütün nə varsa, hamısını gərək müşahidə altına alasan.

Bu baxımdan Eyyub Bəşirovun 2009-cu ildə çap olunmuş "Azərbaycan camışının törəyib çoxalmasının fiziologiyası" (rus dilində) kitabında verilmiş, müəllifin ilkin yaradıcılığının məhsulu olan, 1951-1953-cü illərdə yazılmış "Törədici kəllərin və camışların cinsi refleksləri və yemləndirilməsi üzrə təcrübələr", "Yemləmə şəraitinin heyvanların şərtsiz reflekslərinə təsiri" əsərləri böyük maraq doğurur. Adı çəkilən birinci əsərdə Muğan zonasının otlaqları, meteoroloji şəraiti, bu şəraitin bitkilərə, heyvanlara təsiri öyrənilir. Dörd il ərzində aparılan müşahidələr nəticəsində meteroloji şəraitin bitkilərə təsiri haqda çox geniş məlumatlar toplanır. 1952-ci ildə bu təsirin müsbət effektini özündə əks etdirən informasiyalar, rəqəmlər, cədvəllər göstərilir. Həmin ildə otlaqların yem kütləsinin təyini, ayrı-ayrı bitkilərin heyvanlar tərəfindən necə yeyilməsi, otlaqların keyfiyyəti tədqiq edilir. Otlağın yem kütləsinin xarakteristikasının tam öyrənilməsi məqsədi ilə ayrılıqda hər bitkiyə məxsus vegetasiya dövrü, 168 bitkinin botanikası, hündürlüyü, yaşıl kütləsinin çəkisi, quru qalığı kimi və s. göstəriciləri araşdırılır, dəqiq müəyyən edilir. Pişpişi, sarıqıyıq, keyikotu, dişli yonca, şora çayır kimi yüzlərlə bitkilərin təsnifatı aparılır.

Heyvanların, o cümlədən camışların, çoxalmasının mövsümiliyi, analıq, ətənə yemə, həvəsə gəlmə və s. refleksləri müfəssəl öyrənilir. Reflekslərdən söz düşmüşkən, onu da qeyd etmək yerinə düşərdi ki, aqrar elm tarixində ilk dəfə olaraq Pavlov təlimini camışlar üzərində öyrənməklə Eyyub Bəşirov camışların baş -beyin fəaliyyətini və sinir sisteminin özünəməxsusluğu, bu özünəməxsusluğun onların çoxalmasına təsiri və b. cəhətlərə aid çox maraqlı elmi nəticələr əldə etmişdir.

Eyyub Bəşirov elmi yaradıcılığının ana xəttini, özəyini camışçılıq təşkil edir. Bu da təsadüfü deyil. Yuxarıda alimin doğulub böyüdüyü bölgədə camışa, camışçılığa münasibətdən, bu sahə ilə bağlı yerli şəraitdən, camışçılığa verilən önəmdən, qiymətdən, camışın əhalinin həyatındakı yeri barədə danışdıq.Təbii ki, camışçılığın Eyyub Bəşirov yaradıcılığında əsas yer tutmasının səbəbi, kökü də elə buradan gəlir. Alimin əsərlərində camış bütün aspektlərdən araşdırılır, el dilində desək, dərisindən tutmuş, gerisinədək öyrənilir, tədqiq edilir. Camışın əhəmiyyəti, digər heyvanlardan üstünlüyü, məhsuldarlığının çoxluğu və s. xüsusiyyətləri dəlil-sübutlarla, faktlar və rəqəmlərlə göstərilir.

Aparılmış tədqiqatlar sübut etmişdir ki, camış orqanizmi radiasiyaya uğramır və zərərli bakteryalara dözümlüdür Öz ekologiyasında heç bir xəstəliyə tutulmur. Bu səbəbdən də digər kənd təsərrüfatı heyvanlarından fərqli olaraq camış əti, süd məhsulları ekoloji, bioloji baxımdan daha təmizdir, daha keyfiyyətlidir. Camışın saxlanması iqtisadi cəhətdən daha sərfəlidir. Az səhmət tələb edir. Bir o qədər də yem ehtiyatı toplamaq lazım gəlmir. Camışa qamış, bir də bataqlıq bitkiləri, kol-kos bəs edir. Südə gəldikdə isə yağlılıq baxımdan camış südü inək südündən iki-üç dəfə üstündür. Camışın südü və qanı ağqanlılıq, azqanlılıq kimi bəlalardan qurtarmağa imkan verir. Daim camış südü, ağartısı, əti ilə qidalanan insanlar xərçəng və vərəm xəstəliyinə tutulmur. Məhsuldarlıq baxımından da camış üstündür. Əgər sutka ərzində inəkdən 4-5 litr süd almaq mümkündürsə, camışda bu rəqəm 10 litrə çatır. Rekord camışlarda isə həmin rəqəm 20-30 litr təşkil edir. Camış südünün yağlılığı 8-12 faizdir.

Eyyub Bəşirov öz tədqiqatları, elmi araşdırmaları, elmi dəlilləri ilə camışın əvəzolunmaz sərvət, varlıq olduğunu sübut edir.Vaxt, zaman da alimin qənaətinin doğru olduğunu bir daha təsdiq etdi. İndi FAO kimi beynəlxalq təşkilatlar, yüksək səviyyəli elmi dairələr camışçılığın dünyada inkişafına, camış məhsulları istehsalının artırılmasına böyük önəm verir.

Heyvandarlıq tarixi ilə məşğul olan tarixçilərimiz sübut edir ki, Azərbaycan dünyada camışın ilk əhliləşdirilməsi ocaqlarından biridir. Bunun da tarixi eramızdan əvvələ 5-7-ci minilliyə təsadüf edir. Tarixçilər bir də onu qeyd edirlər ki, Avropaya camış elə Azərbaycandan aparılıb. Bu da ilk növbədə onun keyfiyyət göstəriciləri ilə bağlı olub. Bunu bolqar alimi, professor Aleko Aliksiyevin dediyi - "Azərbaycan camışı 24 karatlı brilliyantdır, yüksək əyarlı qızıldır" - sözlər də təsdiq edir.

Heç təsadüfü deyil ki, keçmiş İttifaqda saxlanılan camışın 85 faizi Azərbaycanda idi. Qonşu respublikalarda saxlanılan 15 faiz isə mənşəcə Azərbaycan camışına bağlıydı. Həmin respublikalarda camışçılıqla məşğul olanlar isə yerli azərbaycanlılar idi.

Bu rəqəmlərin arxasında çoxəsrlik heyvandarlıq ənənələri, böyük təcrübə və bu heyvana bərəkət mənbəyi kimi bəslənən sevgi, hörmət dayanırdı. Bir də bunlardan qaynaqlanan, Firuz Məlikov, Ağaxan Ağabəyli, Eyyub Bəşirov kimi onlarla elm xadimlərinin öz əsərləri ilə zənginləşdirdiyi aqrar elmi idi. Eyyub Bəşirov öz müəllimi, professor Ağaxan Ağabəyli ilə birlikdə yaratdığı "Azərbaycan" camış cinsi həm Azərbaycan aqrar elminin, həm də Azərbaycan camışçılıq məktəbinin yetirdiyi ən nadir incilərdəndir.

Azərbaycan camışçılıq məktəbini yaradanlar, onu dünyada tanıdanlar isə  akademik Firuz Məlikov, professor Ağaxan Ağabəyli və akademik Eyyub Bəşirov olub. Bu da bir həqiqət, məntiqi nəticə, həm də böyük bir fədakarlıqdır ki, Eyyub Bəşirov öz həyatını, elmi yaradıcılığını, özünün də dediyi kimi, "Azərbaycanın qara mirvarisi" olan camışa, Azərbaycan camışçılıq elminə, aqrar elminə həsr etmişdir.

Alimin irsiylə, arxivindəki əlyazmalarla tanış olduqca, təbii olaraq ilk andaca bir sualı öz-özünə verməli olursan:

- Bütün bunları yazmağa necə vaxt tapıb?! Axı, vaxt, zaman dediyimiz məhdud bir çərçivədir! Onun arxivində rəflərdə, dolablarda, qalaq-qalaq əlyazmalar, sənədlər, materiallar var ki, qatları belə açılmayıb. Hamısı da aqrar elmimizin toxunulmamış, öyrənilməmiş, öz tədqiqini gözləyən səhifələrdir.

Təbii ki, bir məqalədə, bir yazıda bütün bunlardan, bütövlükdə, alimimizin elmi yaradıcılığından, elmi irsindən ətraflı bəhs etmək mümkün deyil. Bu, geniş elmi tədqiqat işinin, araşdırmanın aparılması daxilindədir.Çox təəssüf ki, belə bir zəngin elmi irs tədqiqatçıların diqqətindən kənardadır. Halbuki, bu irs təkcə Azərbaycanın deyil, ümumən dünya aqrar elminə verilmiş bir töhfədir. Yeri gəlmişkən, Eyyub müəllimin nəşr edilmiş əsərləri ilə tanış olmuş bir dostumuzun obrazlı ifadəsi ilə desək, bu əsərlərin hər sətri altında bir klo qızıl yatır. Qızıl onun araşdırmalarının nəticələrindədir. Zebunun çəkisinin 1500 kq-a çatdırılmasında., camışlardan alınan südün yağlılığının 8-12 faiz olmasında, rekord camışlardan gündə 25-30 litr süd sağılmasındadır. Süni mayalamanın geniş tədqiqi ilə məhsuldarlığın dəfələrlə artmasındadır.

Eyyub müəllimin əsərlərinin dili olduqca aydın, sadə, səlis, oxunaqlı, tez anlaşılan, qavranılandır.Odur ki, bir tədqiqat obyekti kimi, bu elmi irs çox cəlbedici, diqqətəlayiq, olduqca maraqlıdır.İnanırıq ki, lap yaxın zamanlarda alimin elmi irsi sistemli şəkildə tədqiq ediləcək, öyrəniləcək. Gəlin bu məsələni zamanın, bir də tədqiqatçıların öhdəsinə, insafına buraxaq.

O ki, qaldı hörmətli akademikmizə, Eyyub müəllim bu gün də əvvəlki coşqu ilə işləyir. Çalışır ki, bütün əlyazmalarını, elmi əsərlərini çap elətdirib oxuculara çatdırsın. "Azərbaycanda biologiya elminin və heyvandarlığın inkişaf tarixindən" adlı kitabı da bu qəbildəndir. Kitab böyük bir dövrün və bu dövrdəki mövcud cəmiyyətin təsərrüfat fəaliyyətinin əsas sahələrindən birinin, iqtisadiyyatın önəmli istiqamətlərindən olan ictimai heyvandarlığın, eləcə də biologiya və heyvandarlıq elmlərinin inkişafının ümumi mənzərəsini yaradır, bunların üzərinə işıq salır.

Kitabda 49 elmi məruzə, 57 arayış toplanıb. Bunların vasitəsilə də heyvandarlığın elmi və təsərrüfat bazalarının ümumi vəziyyəti, heyvandarlığa münasibət, ona verilən önəm, bu sahəyə cavabdeh olan elmi, təsərrüfat, dövlət qurumlarının fəaliyyəti, aqrar sahənin inkişafına yönəlmiş elmi tədqiqat işləri, bunların təcrübədə təsdiqi, rayonlardakı heyvandarlıq təsərrüfatlarının, damazlıq-seleksiya, süni mayalama stansiyalarının və s. işlərinin istiqamətləndirilməsi, fərdi təsərrüfatlara münasibət kimi çoxsaylı məsələlərə, eləcə də bütövlükdə biologiya və heyvandarlıq elmlərinin ümumi inkişaf səviyyəsini işıqlandırır. Mövcud problemlər, ortada olan çətinliklər, həlli vacib məsələlər, bütün bunların həlli yolları göstərilir, lazımi məqamda təkliflər də irəli sürülür. Təsərrüfatların, hətta sahəyə məsul dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılması, daha düzgün istiqamətləndirilməsi, mövcud nöqsanların, problemlərin tezliklə aradan qaldırılması məqsədi ilə nazirlik, komitə, birliklər səviyyəsində direktiv sənədlər hazırlanır, tədbirlər görülür. Belə sənədlərdə də təbii ki, heyvandarlıq tariximizin müəyyən məqamları, anları, detalları öz əksini tapmaqla, sahənin o dövrdəki ümumi mənzərəsini tamamlayır ki, bunlar da oxuculara təqdim olunur.

Kitabda haqqında bəhs olunan problemlər, aqrar elmi düşündürən, aparılan elmi tədqiqatlar, araşdırmalar, bunlardan alınan elmi-nəzəri, təcrübəvi nəticələr, təsərrüfatların qarşısına çıxan problemlər hansılardır? Aparılan işlərin gedişi, əldə edilən nəticələrin tətbiqi hansı səviyyədə olub?   Təsərrüfatları geri salan hansı amillər, çətinliklər, problemlərdir? Bu problemlərin həlli yolları tapılırmı?

Kitabın birinci hissəsində toplanmış materiallarda bu və ya digər çoxsaylı sualların, problem məsələlərin üzərində dayanılır. Həmin məsələlərin məruzələrdə öz əksini necə tapmasından danışmazdan öncə bir cəhət, bir xüsusiyyət üzərində dayanmaq istərdik.

Əvvəla, onu deyək ki, kitabda toplanmış elmi məruzələr, arayışlar onilliklər ərzində aparılan araşdırmaların, tədqiqatların nəticələri, məhsuludur. Bu onilliklər isə həm də nəsillərin, münasibətlərin dəyişməsi, elmi problemlərə, təsərrüfat problemlərinə, kənd təsərrüfatı sistemində idarəetməyə baxışların müxtəlifliyi də demək idi. Məsələn, bizcə, 1950-ci illərlə 1970-ci illər arasında bu baxımdan fərqlər mövcud idi. Təbii ki, bu fərqlər quruluşun özündən, həmin quruluşun da idarə etdiyi cəmiyyətin, bütövlükdə sistemin özündən gəlirdi. Həmin fərqlər də ümumilikdə ictimai heyvandarlığın inkişafına təsir edən amillər idi.

Əgər əllinci illərdə böyük ruh yüksəkliyi, ölkə həyatının bütün sahələrində, elmdə, texnikada böyük inkişaf var idisə, 1980-ci illərdə bu coşqu, bu ruh yüksəkliyi artıq öləzimişdi, sezilmirdi. 1950-1960-1970-ci illərdə qabarmış dənizin suları 80-ci illərdə artıq çəkilmişdi. Təbii ki, heyvandarlıq sahəsi də bu proseslərdən kənarda deyildi. Kitabda da bu tendensiya aydın görünür.

Kitabdakı "Mal-qaranın məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılması yolları", "Azərbaycanda camışların doğub-törəmə qabiliyyətinin yaxşılaşdırılması yolları", "Yemləmə və bəsləmə şəraitinin heyvanların doğub-törəmə (çoxalma) fəaliyyətinə təsiri", "Kənd təsərrüfatı heyvanlarının törədicilərinin tənasül fəaliyyətinə və verdikləri toxumun kəmiyyət və keyfiyyətinə təsir edən amillər", "Qaramal və camışların məhsuldarlığının yüksəldilməsi və sayının artırılması tədbirləri", "Ekstremal iqlim şəraitində mal-qaranın məhsuldarlığının artırılmasında əsas şərtlər", "Süni mayalamanın camışçılıqda tətbiqinin elmi əsasları", "Camışların çoxalmasının biologiyası və süni mayalandırılmasının metod və texnologiyalarının işlənib hazırlanması", "Azərbaycanın heyvandarlığında süni mayalamanın geniş tətbiqi ən vacib dövlət tədbirləridir", "Azərbaycanda ətlik maldarlığın inkişaf etdirilməsi tədbirləri", "Respublikanın təsərrüfatlarında, damazlıq işlərinin vəziyyəti haqqında", "Azərbaycanda seleksiya damazlıq işlərində intensiv texnologiyaların tətbiqi", "Azərbaycanda camışçılığın inkişafı və onun müalicəvi-dietik qida məhsullarının istehsalının əhəmiyyəti", "Azərbaycanda damazlıq camışçılığın elmi əsasda inkişaf tarixindən" kimi onlarla məruzələrdə heyvandarlıqda süni mayalama kimi mütərəqqi, qabaqcıl metod və texnologiyaların geniş tətbiqi, damazlıq heyvandarlığın inkişaf problemləri, məhsul istehsalının artırılması, heyvanların çoxalma biologiyasının öyrənilməsi, yemləmə, bəsləmə kimi bir çox şəraitlərin çoxalmaya təsiri kimi problemlərin elmi həlli və təcrübədə tətbiqi, istehsalatda həyata keçirilməsi yolları da göstərilir.

Məsələn, "Azərbaycanda camışların törəmə qabiliyyətinin yaxşılaşması" elmi məruzəsi 1951-1953-cü illərdə Xıllı rayonunun (indiki Neftçala) Xolqarabucaq kəndinin İ. V. Stalin adına kolxozunda aparılan təcrübələr zamanı camışların cinsi fəaliyyətinə, hövrə gəlmə, döllənmə qabiliyyətinə, yemləmə, iqlim, saxlama-bəsləmə şəraitlərinin təsiri, kəllərin tənasül refleksləri, yemləmə tiplərinin törədici buğaların və kəllərin qeyri-şərti reflekslərinə, toxumlarının kəmiyyət və keyfiyyətinə, yemləmənin camışlara təsiri və onlardan alınan balaların yaşama qabiliyyətinə təsirinin öyrənilməsindən bəhs edir. Aparılan təcrübələr zamanı müəyyən edilir ki, camışların həvəsə gəlməsi, döllənməsi əsasən otlaq və meteoroloji şəraitdən asılıdır. Camışların törəmə qabiliyyətini yaxşılaşdırmağın, qısırlığı aradan qaldırmağın yolu yüksək keyfiyyətli, tərkibində çoxlu karotin olan yemlərlə yemləyib əlverişli meteoroloji şəraitdə bəslənməkdir. Məhz belə şəraitdə bəslənilən camışlar doğduqdan 16-22 gündən sonra hövrə gəlib cütləşirlər. Bu isə çoxalmaya, nəticədə məhsuldarlığın artmasına birbaşa təsir edən əsas amildir.Belə elmi nəticələrə gəlinməsi, heyvandarlığın inkişafına aparan elmi qənaətlər bütün məruzələrə xasdır. Məruzələr müxtəlif vaxtlarda, müxtəlif auditoriyalarda oxunurdu.

Elmi mahiyyətinə, respublika heyvandarlığının o dövrdəki inkişaf potensialına, bu potensialın düzgün istiqamətləndirilməsinə, istifadə edilməsinə ayrılıqda götürdükdə bölgələrdə, bütövlükdə isə respublika üzrə sahənin inkişaf səviyyəsinə, mövcud imkanlara, yerli şəraitə qiymət verilməsi, araşdırılması baxımından kitabın ikinci hissəsində toplanmış arayışlar və təkliflər mühüm əhəmiyyətə malikdir.

"Azərbaycanda heyvandarlıq məhsulları istehsalının yüksəldilməsində süni mayalamanın əhəmiyyəti barədə", "Mərdəkan qəsəbəsində təşkil edilmiş Abşeron Dövlət Damazlıq və Süni Mayalama Stansiyasının işi haqqında", "Azərbaycan şəraitində kənd təsərrüfatı heyvanlarının doğub-törəməsinin vəziyyəti və qısırlığı ilə əsas mübarizə tədbirləri haqqında", "Azərbaycan SSR-də damazlıq işlərinin vəziyyəti haqqında", "Respublikada maldarlığın vəziyyəti haqqında", "Azərdamazlıq" Elmi-İstehsalat Birliyi tərəfindən son illər görülən işlər barədə", "Respublikanın rayonlarına cins mal-qara gətirilməsi və həmin heyvanlarda süni mayalamanın təşkili və aparılması haqqında", "Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin təsərrüfatlarında baytarlıq işinin vəziyyəti haqqında" kimi rəsmi sənədlərdə heyvandarlığın ümumi,  maldarlıq, camışçılıq, qoyunçuluq, atçılıq, dəvəçilik, quşçuluq, arıçılıq və s. kimi ayrı-ayrı sahələrinin vəziyyətini əks etdirən rəqəmlər, faktlar, cədvəllər verilir. Kənd Təsərrüfatı Nazirliyi, "Azərdamazlıq" Elmi-İstehsalat Birliyi, Dövlət Üzümçülük Komitəsi, Dövlət Seleksiya-Damazlıq stansiyaları, süni mayalama stansiyaları kimi qurumların konkret işləri barədə zəngin məlumatlar əldə etmək, bunların fəaliyyətini öyrənmək olar.

Bunlarla yanaşı, süni mayalandırmanın aparılması, məhsul istehsalının artırılması, ətlik-südlük cinslərin yetişdirilməsi, camışçılığın inkişaf etdirilməsi, baytarlıq işinin vəziyyəti, xəstəliklərə qarşı mübarizə kimi məsələlər  arayışlarda konkret faktlarla oxuculara çatdırılır. Arayışlarda ümumi mülahizələr irəli sürülmür, konkret fikirlər, real rəqəmlər göstərilir. Bu real rəqəmlərin arxasında isə ictimai mülkiyyətin xüsusiyyətləri, özünəməxsusluğu, problemləri dayanır. Müəllif bütün bunları rəqəmlərin, faktların vasitəsilə açır. O dövrdə bu mövcud vəziyyətə açıq münasibət bildirmək olmazdı. Əslində isə müəllif öz münasibətini real, faktların dili ilə bildirirdi. Bu münasibət xaricdən, Rusiyadan, Pribaltikadan gətirilən cins mal-qaraya yanaşmada özünü göstərirdi. Belə ki, faktlarla deyilirdi ki, həmin heyvanlar yerli şəraitə çətin uyğunlaşır, yemləmə-bəsləmə, iqlim şəraiti onlardan istifadə olunmasını çətinləşdirir. Gətirilmiş cins heyvanlar xüsusi qulluq, xüsusi yem rasionu tələb edir ki, bunlar da külli miqdarda vəsait, böyük xərc  demək idi. Sərf edilən vəsaitin qarşılığı isə ilk dövrlərdə gözlənildiyindən də az olurdu. Bu da iqtisadi cəhətdən sərfəli deyildi. Bu heyvanlar respublikamızın ekologiysına uyğun gəlmir, insan və heyvanlar arasında ağır sosial xəstəliklər - vərəm, brüsellyoz, leykoz, xərçəng kimi xəstəliklər yayırlar. Öz məhsulları ilə insan orqanizminə, sağlamlığına ziyan verir, zəhərli preparatlarla çimizdirildiklərindən ekologiyanı çirkləndirirlər. Həm də zəhərli preparatların heyvanların ətinə, qanına, südünə keçməsi səbəbindən insan orqanizmi də zəhərlənmələrə, xəstəliklərə düçar olur. Alimimiz isə bu problemlərin həllini belə görürdü:

Dünya genefondundan Azərbaycanda səmərəli istifadə etməklə yalnız heyvandar alim və bioloqların, baytar alimlərin, respublika damazlıq sistemi mütəxəssislərinin məsləhətləri, layihələri əsasında, həm də gündəlik nəzarət altında, yerli şəraitimizə, ekologiyamıza uyğun, xəstəliklərə davamlı, yeni, yüksək məhsuldar südlük-ətlik qaramal cinslərinin, hibridlərin yaradılması məqsədilə rekord döllük buğaların dondurulmuş toxumlarını gətirib süni mayalama aparmaq lazımdır. Heyvandarlıq təsərrüfatlarında mütləq 100% süni mayalandırmaya keçilməlidir. Bu yolla alınan cinslərin damazlıq təsərrüfatları yaradılmalıdır. Bu baxımdan Qolştinfriz, Cerzey, zebu və zebu hibridləri daha məqsədə uyğundur. Bu daha səmərəli, daha effektli yoldur.

Qeyd etdiyimiz fikir arayış və məruzələrdəki faktlar və rəqəmlərlə, gəlinən elmi nəticələrlə doğru, dürüst göstərilir və sübuta yetirilir. Çox təəssüf ki, yuxarıda qeyd etdiyimiz ziyanlı tendensiya bu gün də davam edir.

Məruzələrdə və arayışlarda aydın görünən bir fikir də var. Bu həm müəllifin Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru, "Azərdamazlıq" Elmi-İstehsalat Birliyinin rəisi, Dövlət Üzümçülük Komitəsinin sədr müavini və s. məsul vəzifələrdə çalışarkən özünün, həm də bütövlükdə aqrar sektorun fəaliyyət istiqamətləri, bu istiqamətlərin yönəldiyi məqsədlər və elm xadiminin çatdığı, gerçəkləşdirdiyi məqsədlərdən əldə olunan nəticələrdir. Bu nəticələr insan ömrünün, insan zəkasının, xalqı, milləti qarşısındakı göstərdiyi xidmətlərinin, çəkdiyi zəhmətlərin barıdı, bəhəridi.

Eyyub Bəşirov yaradıcılığının bir səhifəsi olan "Azərbaycanda biologiya elminin və heyvandarlığın inkişaf tarixindən" kitabı heyvandarlıq elmi tariximizin, onun bəlli bir mərhələsinin salnaməsidir.

Onun məruzələri elmi yaradıcılığının ilkin təməl daşlarıdır. O, hələ Gəncə Kənd Təsərrüfatı İnstitutunda, akademik K.A.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasında, ÜHİ-nun aspiranturasında təhsil aldığı illərdə tələbə elmi cəmiyyətlərində, müxtəlif elmi dərnəklərdə tez-tez elmi məruzələrlə çıxış edirdi. Moskva elmi mühiti tərəfindən təqdir edilən həmin elmi məruzələr alimin yaradıcılığının bir istiqaməti, xətti kimi formalaşmağa, möhkəmlənməyə, araşdırdığı mövzuların, problemlərin elmi həlli, həmin mövzuların aktuallığı baxımından daha da böyük məna kəsb etməyə, bitkinləşməyə başladı. Təbii ki, bunun da məntiqi nəticəsi olmalı idi. Həmin məntiqi nəticə isə elmi məruzələrin beynəlxalq elmi arenada, beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilməsi, bəyənilməsi, yüksək qiymətləndirilməsi idi.

1964-cü ilin sentyabrın 6-dan 13-ə kimi İtaliyanın Trento şəhərində V Beynəlxalq Elmi Konqres keçirildi. Bu böyük elmi məclisdə 64 ölkədən 1200 nəfər alim iştirak edirdi. Həmin elmi məclisdə Eyyub Bəşirov "Camışların törəyib çoxalmasının biologiyası və süni mayalandırılması" mövzusunda elmi məruzə etdi. Böyük maraqla dinlənilən elmi məruzə bioloqların V Beynəlxalq Konqresində birinci yeri tutdu və qızıl medala layiq görüldü. Roma Papası VI Pavel şəxsən özü alimimizi böyük uğur münasibətilə təbrik etdi və öz portretini hədiyyə verdi. Bu uğur təkcə Eyyub Bəşirovun deyildi, bu həm də Azərbaycan aqrar elminin uğuru, ona verilən yüksək qiymət idi.

Eyyub Bəşirovun məruzələri daşıdığı elmi yükü, mahiyyəti, əhəmiyyətindən savayı, yazıçıların, ədəbiyyatşünas alimlərin təbirincə desək, sənətkarlıq baxımından da güclüdür. Məruzələrin dili çox rəvan, axıcı, lakonik, ifadələr isə sərrast və dəqiqdir. Fikirlər aydın, konkret ifadə olunur. Bütün bunlar da istər oxucunu, istərsə də dinləyicini yorulmağa qoymur, mövzuya olan marağı və diqqəti artırır.

Eyyub Bəşirov keçən əsrin 70-ci illərində BDU-nun nəzdində ali məktəb müəllimlərinin ixtisasartırma fakültəsində təbiətin və ekologiyanın mühafizəsi mövzusunda çox əhəmiyyətli mühazirələr oxumuşdur. Keçmiş İttifaqın, o cümlədən Azərbaycan ali məktəblərinin müəllimlərinin də dinlədiyi bu mühazirələr böyük maraqla qarşılanırdı.

O, ötən əsrin 50-60-cı illərində Qarşılıqlı İqtisadi Yardım Şurasının təşkil etdiyi konqreslərdə, elmi simpoziumlarda daim iştirak edir, heyvandarlığın müxtəlif sahələrinə, problemlərinə aid mühazirələr, məruzələrlə çıxış edirdi. 1954-1964-cü illərdə Zaqafqaziya respublikaları arasında yeganə alim, mütəxəssis idi ki, QİYŞ-nin biologiya və heyvandarlıq bölməsinə üzv seçilmişdi. Alimimiz bu beynəlxalq qurumdakı müntəzəm fəaliyyəti, elmi tədbirlərdəki məruzələri, çıxışları, tövsiyələri ilə böyük nüfuz qazandı.

Eyyub Bəşirov 1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində "Azərdamazlıq" Elmi-İstehsalat Birliyinin rəis müavini Tağı İsmayılovla birlikdə BDU-nun nəzdində respublikamızda ilk dəfə, analoqu olmayan məktəb-Ali Genetika Məktəbi yaratdı. Yüksək səviyyəli seleksioner-genetiklərin hazırlanmasında bu məktəbin müstəsna əhəmiyyəti oldu.

Eyyub müəllim dünya aqrar elmi tarixində ilk dəfə törədici kəllərin toxumunun standartını işləyib hazırlamış, bu unikal elmi iş Beynəlxalq Standartlaşdırma Komitəsinin sifarişi, akademik Viktor Konstantinoviç Milovanovun və akademik Lev Konstantinoviç Ernstin elmi məsləhətçiliyi ilə aparılmışdır.

E.Bəşirovun rəhbəri və icraçısı olduğu "Kəllərin dondurulmuş toxumunun standartı" layihəsi, akademik Firuz Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnistitutunun Abşeron Təcrübə Stansiyasının 1972-1975-ci illəri əhatə edən "Törədici kəllərin toxumunun standartı layihəsinin hazırlanmsı və camışların süni mayalanmasının xüsusiyyətlərinin öyrənilməsi" mövzusundakı hesabata əlavə edilərək 1976-cı ildə Beynəlxalq Standartlaşdırma Komitəsinin Moskvadakı katibliyinə təqdim olunmuşdur. Bu gün də həmin standart dünya heyvandarlıq elmində və təcrübəsində əsas götürülür, onun əsasında da dondurulmuş kəl toxumunun beynəlxalq miqyasda alqı-satqısı aparılır.

O dövrdə FAO, YUNESKO kimi beynəlxalq təşkilatların dərgilərində elmi məqalələrlə çıxış edən alimimiz elə indi də onlarla əməkdaşlığını davam etdirir. FAO dünyada camışçılığın inkişaf etdirilməsi, camışçılığın potensial imkanlarının öyrənilməsi, araşdırılması, məhsul istehsalının artırılması kimi bir çox məsələlərin həllində Eyyub Bəşirovla məsləhətləşmələr, fikir mübadilələri aparır.

Hörmətli alimimiz FAO kimi mötəbər bir beynəlxalq təşkilatla əlaqə yaratmaq, qurulmuş əlaqələri möhkəmlətmək, qurumun diqqətini, gücünü, potensial imkanlarını ölkəmizdə heyvandarlığın inkişafına yönəltmək, heyvandarlarımızın, fermerlərimizin təşkilatlanmasını sürətləndirmək məqsədilə tanınmış mütəxəssis, elm və təsərrüfat təşkilatçısı Beynəlxalq Camışçılar Federasiyasının Daimi Komitəsinin üzvü, doktor İmran Əbilovla birlikdə FAO-nun rəhbəri Çiançarlo Rossiyə məktub yazdılar.

2000-ci il yanvar ayının 10-da yazılmış bu məktubda Azərbaycanda heyvandarlığın ümumi vəziyyəti, onun inkişaf perspektivləri xüsusən də camışçılığın elmi əsasda inkişaf etdirilməsi, Azərbaycan camışçılıq elminin tarixi, onun qazanmış olduğu nailiyyətlər barədə məlumat verildi.

Məktubu yazmaqda məqsəd FAO-nun diqqətini Azərbaycana, ölkəmizdə heyvandarlığın inkişafına yönəltmək idi.

Tezliklə həmin məktubun nəticəsi özünü göstərdi. Bu gün FAO ilə əlaqədar müntəzəm xarakter alıb.

Bu qurumun Avropa və Asiya ölkələri üzrə kordinatoru, Hindistanın dünya şöhrətli alimi doktor-professor Tanejanın 2005-ci ildə Bakıya üç günlük səfəri birgə əməkdaşlığın daha da sürətlənməsinə, inkişaf etməsinə səbəb oldu.

Doktor Tanejanın akademik Eyyub Bəşirovla olan söhbətlərində Azərbaycanda və dünyada camışçılığın inkişafı, damazlıq, süni mayalandırma, qiymətli heyvan genefondlarının qorunub saxlanılması və səmərəli istifadə olunaraq inkişaf etdirilməsi, heyvandarlıq, xüsusən də camışçılıq məhsullarının istehsalı və s. kimi məsələlər barədə geniş müzakirələr, məsləhətləşmələr, fikir mübadilələri aparıldı.

Doktor Taneja qayıdandan sonra alimimizə göndərdiyi təşəkkür məktubunda yazırdı ki, Azərbaycanda və dünyada camışçılığın inkişaf etdirilməsi siyasətini Sizin verdiyiniz məsləhətlər və tövsiyələr əsasında yenidən qurduq.

Bir elm adamı kimi akademik Eyyub Bəşirovun verdiyi tövsiyələrin, məsləhətlərin FAO-nun fəaliyyət proqramında, inkişaf siyasətinin müəyyənləşdirilməsində, qurulmasında istifadəsi elə Azərbaycan aqrar elminin dünya miqyasındakı nüfuzundan xəbər verir.

Alimimizin FAO ilə əlaqələri bu gün də davam edir. Bu təşkilatın ayrı-ayrı dərgilərində elmi məqalələrlə çıxış edir.

Rusiya elmi dairələri, elmi qurumları Eyyub Bəşirovla sıx əməkdaşlıq edir, mütəmadi olaraq onu öz elmi məclislərinə dəvət edirlər.

2004-cü il mart ayının 22-24-də Rusiya Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasında akademik V.K.Milovanov və professor İ.İ.Sokolovskayanın 100 illik yubileyləri münasibətilə keçirilən Beynəlxalq Elmi Konfransda Eyyub Bəşirov "Süni mayalanmanın metod və texnologiyaları və Azərbaycanda heyvandarlığın tərəqqisi" mövzusunda elmi məruzə ilə çıxış etdi. Konqresdə birinci yeri tutan bu məruzəyə görə Rusiya Beynəlxalq Keyfiyyət Problemləri Akademiyası alimimizi özünün həqiqi üzvü seçdi, həm də Rusiya Kənd Təsərrüfatı Akademiyasının və ÜHİ.-nin fəxri fərmanına layiq görüldü. Bu, Eyyub Bəşirov yaradıcılığının, Azərbaycan aqrar elminin nüfuzunun beynəlxalq səviyyədə etiraf olunması, təsdiqi idi.

Onu da qeyd edək ki, alimin yaxın dostu, tələbə yoldaşı Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının vitse-prezidenti akademik Lev Konstantinoviç Ernstin elmi məsləhətçisi olduğu Eyyub Bəşirovun növbəti kitabı -  "Bioloqiə i razvideniə selğskozozəystvennıx jivotnıx" əsəri də bu yaxınlarda Moskvada işıq üzü görəcək.

Alim elmi yaradıcılığını, eləcə də ictimai fəaliyyətini bu gün də uğurla davam etdirir. Onun yeni kitabları nəşr edilib, bir neçəsi də çapa hazırlanır. 2011-ci ildə alimin " Azərbaycanda heyvandarlığın elmi əsasları" adlı yeni kitabı işıq üzü gördü. Alim öz yaradıcılığında heyvandarlıq elminin bütün sahələrini dərindən araşdırıb, öyrənmişdir. Bu kitabda da heyvandarlığın bütün problemləri, ən başlıcası, qabaqcıl metod kimi süni mayalanmanın geniş tətbiqi vasitəsilə genefondların cins tərkibinin, heyvanların balavermə, alınan balaların yaşama qabiliyyətinin yaxşılaşdırılması, yeni cinslərin, heyvandarlıqda əsas sahə olan yem bazasının yaradılması, möhkəmləndirilməsi, məhsuldarlığın artırılması, insanların yüksək keyfiyyətli, ekoloji təmiz, bioloji qiymətli, yüksək qidalılığa, müalicəvi əhəmiyyətə malik dietik, camış, arı və digər heyvandarlıq məhsulları ilə təmin edilməsi məsələləri araşdırılır və mövcud problemlərin həlli yolları göstərilir.

Akademik Eyyub Bəşirovun elmi yaradıcılığı özünəməxsusluğu ilə seçilir. Bu baxımdan alimimizin ötən əsrin əllinci illərinin əvvəllərindən bu günümüzə qədər müxtəlif müəlliflərin elmi əsərlərinə, dissertasiyalarına, ayrı-ayrı kitablarına yazmış olduğu elmi rəylər, eləcə də onun öz əsərləri haqqında rəylər böyük maraq doğurur. Bu rəylər ötən əsrin ikinci yarısında heyvandarlıq elmində aparılan tədqiqatların, araşdırılan elmi problemlərin, aqrar sahə ilə bağlı bir çox məsələlərin, tam dolğun, aydın bir mənzərəsini yaradır.

Bu mühüm, xüsusi əhəmiyyət kəsb edən elmi sənədlərin aktuallığını  nəzərə alaraq müəllif həmin rəylərin müəyyən hissəsini toplayıb "Elmi iş"jurnalının 2011-ci il, 3-4 saylarında dərc etdirdi.

Rəylərin toplu halında çap edilməsi öz-özlüyündə çox nadir, həm də çox yerinə düşən bir hadisə idi ki, bu da elmi təcrübədə mütəxəssislərə, araşdırmacılara elmi tədqiqat işlərində geniş imkanlar yaradır.

Eyyub Bəşirov Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidentidir. O, bu ictimai quruma rəhbərlik etməklə yanaşı, Azərbaycan Camışçılar Assosiasiyası, Azərbaycan Arıçılar İttifaqının fəaliyyətinin istiqamətləndirilməsində fəal iştirak edir. O, səkkiz dildə yazır, oxuyur və danışır.

Ümidvarıq ki, söhbətimizi işığı fonunda qurduğumuz biologiya və heyvandarlıq elmləri tarixinin yeni səhifəsi olan "Azərbaycanda biologiya elminin və heyvandarlığın inkişaf tarixindən" kitabı da hörmətli alimimizin digər əsərləri kimi oxucuların, mütəxəssislərin, tədqiqatçıların, elmi ictimaiyyətimizin böyük marağına səbəb olacaq.

Eyyub Bəşirovun elmi yaradıcılığı böyük, həm də zəngin bir irs kimi gələcək nəsillərə töhfədir, əmanətdir. Əsrlər ötəcək, nəsillər dəyişəcək, xalqımız bu irsi qoruya-qoruya ondan bəhrələnəcək.

Əfqan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.