Cəmiyyət

Şortik geyən Hafiz Hacıyevdən növbəti təhqir: "Yanlarında da atalarına oxşayan it gəzdirirlər" - YENİLƏNİB - FOTO

27 İyul 2015 14:23
82 Şərh     Baxış: 8 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:23

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin sosial şəbəkələrdə yayılan şortiklə fotosu böyük marağa səbəb olub. Halbuki bir neçə gün öncə partiya sədrinin özü şortik geyinən kişilərə qarşı çağırış edərək bildirmişdi ki, onların ayağına "kislota" tökmək, lağa qoyub fitə basmaq lazımdır ki, tövbə edib bir daha şortik geyinməsinlər. 

Bu barədə "Yeni Müsavat"a açıqlama verən Hafiz Hacıyev özünün şortik geyinməsi məsələsinə aydınlıq gətirib: 

"Sosial şəbəkələrdə şortiklə olan fotom iki il bundan öncə çəkilib. Həmin vaxt Abşeron rayon ərazisində bir oliqarxın restoranında dincəlirdim. Sanatoriyada, dənizdə dincələrkən şortik geyinirəm. Dənizdə çimərkən və yaxud da sanatoriyada vanna qəbul edərkən şalvar geyinəsi deyiləm ki?! Mən ki şəhərin mərkəzində, bulvarda, Fəvvarələr meydanında tumanla, şortiklə gəzməmişəm ki?! Bir sözlə, dincələrkən şortik geyinmək qəbahət deyil.

Restoranda olduğum vaxt jurnalistlərdən kimsə şəklimi çəkib və fotonu bu yaxınlarda sosial şəbəklərdə paylaşıb. Mənə qarşı kampaniya başladan insanlar elə başa düşürlər ki, Hafiz Hacıyev bu fotodan sonra dediyinin üstündə dayanmayacaq. Hafiz Hacıyev həmişə həqiqətin gözünə dik baxıb, baxacaq da. 
Bir daha dedyim sözün üstündə dayanaraq bildirirəm ki, ictimai yerdə şortik geyinmək mənəviyyatsızlıqdır və milli mentalitetimizə ziddir. 
Görürsən ki, bulvarda cavan oğlanlar əynində şortik, yanlarında da atalarına oxşayan it gəzdirirlər. Ayaqlarının tükləri də yanındakı itlərin tükləri qədər qalxıb..."

Hafiz Hacıyev ictimaiyyətə çağırışından sonra şortik geyinən oğlanların sayının azaldığını deyib:
"Partiyamızın üzvləri ilə birgə bu barədə monitorinq keçirdik və aydın oldu ki, çağırışdan sonra şəhərdə şortik geyinən oğlanların sayında azalma var.
Qətiyyətlə bildirirəm ki, bundan sonra da şortik geyinən kişi və oğlanlara qarşı mübarizəmi davam etdirəcəm".

Qeyd edək ki, partiya sədri şortik geyinən kişilərə qarşı mübarizə aparmaq üçün QMİ sədri Allahşükür Paşazadəyə də çağırış etmişdi. Buna cavab olaraq QMİ sədrinin qardaşı millət vəkili Cavanşir Paşazadə Azvision.az-a açıqlama verərək Hafiz Hacıyevin fikri ilə razılşamadığını, kişinin şortik geyinməsində heç bir ayıb və qəbahət olmadığını deyib:

"Şortik geyinmək və geyinməməklə kişilik ölçülmür. Ola bilər ki, bir insan şalvar geyinsin, ancaq onun beynində, düşüncəsində əxlaqi problemi olsun, pis fikirlər dolaşsın. Elə də insan var ki, şortik geyinə bilər, ancaq açıq fikirli, açıq sözlü ola bilər. Belə şeyləri heç müzakirə də etmək lazım deyil". 

---------

12:46

Bakıda şortik geyinən kişiləri "kislota" ilə hədələyən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin özü də istirahət mərkəzlərindən birində şortikli vəziyyətdə görüntülənib. 

Milli.Az modern.az-a istinadən bildirir ki, H.Hacıyev həmin sözləri deyərkən "ictimai yerlərdə şortiklə gəzmək olmaz" deyib. 

"Mən yenə də fikrimin üstündə qalıram, şəhərin mərkəzində, məsələn, Fəvvarələr meydanında və yaxud da bulvarda, insanların gözü önündə şortiklə gəzmək düzgün deyil, oraya qızlarımız, gəlinlərimiz də gəlirlər.

Yoxsa ki dəniz kənarında istirahət edən adam, əlbəttə ki, sərbəstdir, istədiyi kimi də geyinə bilər. Belə şeylərə çox normal baxmaq lazımdır, burada qəbahət bir şey yoxdur. İstirahətə gedən, dənizdə olan adam şalvarla dənizə girəsi deyil ki. Birmənalı şəkildə bu olmalıdır, amma mənim söylədiklərimi, çox təəssüf ki, media nümayəndələri kimə necə sərf edirsə, eləcə də yozurlar. Hamı dənizdə şortiklə gəzə bilər, biz məgər adam deyilik? Yəni ki, bu məsələdə mənim fikirlərim düzgün şərh edilmir. Mən yenə də fikrimin üstündə qalıram, şəhərin mərkəzində çimmək üçün şərait yoxdursa, orada şortiklə gəzməyin nə əhəmiyyəti var, özünü kimə göstərirsən?" 

Xatırladaq ki, H.Hacıyev bir neçə gün öncə şortik geyinən kişilər haqda belə deyib: 

"Onlara qarşı bir tədbir görülməlidir. Əsasən ictimai qınaq olmalıdır. Misal üçün, şortik geyinən kişiləri fitə basmalıdırlar, onları saxlayıb lağa qoyub, qıçasına "kislota" tökmək lazımdır ki, o, tövbə edib bir daha şortik geyinməsin". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.