Cəmiyyət

Bakıda evləri ucuzlaşdıran SƏBƏB

26 İyul 2015 19:39
6 Şərh     Baxış: 6 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə müddətdir ki, ölkədə daşınmaz əmlak bazarında qiymətlərin endiyi deyilir. Evlərin satış qiymətlərinin keçən il müvafiq dövrü ilə müqayisədə 30 faiz ucuzlaşdığı bildirilir.

Təbii ki, bu barədə ən səhih məlumatlar elə ev alqı-satqısı ilə məşğul olanlardadır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ev alqı-satqısı ilə məşğul olan əmlak agentləri ilə (onlara çox vaxt "makler" deyirik) söhbətlərində evlərin qiymətlərində hazırda neçə faiz ucuzlaşma olması və bu ucuzlşmanın səbəbləri ilə maraqlandıqda suallarımızı ünvanladığımız bir neçə "makler"in demək olar ki, hər birindən eyni cavabı eşitdik: "Evlər ucuzlaşıb, alıcılar isə yoxa çıxıb".

Ev alqı-satqısı ilə məşğul olan Rafael Nəzərov  deyir ki, ötən illə müqayisədə təxminən 15-20 faiz ucuzlaşma müşahidə olunur: "Manatın devalvasiyasından əvvəl qiymətlər düşmüşdü, sonra qalxdı. Avropa Oyunları bitəndən sonra yenə düşdü. Nəticə etibarilə alıcılıq qabiliyyəti də xeyli aşağı düşüb, çox zəifdir. Səbəblərini dəqiq bilmək olmur, bəlkə də alıcıların əlində pul yoxdur, amma hazırda daşınmaz əmlak bazarında vəziyyət yaxşı deyil, əvvəlki kimi deyil".

İnqilab Salehov da deyir ki, yaxşı evin qiyməti həmişə yüksəkdir, amma keçən illə müqayisədə, bu il ucuzlaşma var: "Məsələn, 350 min manata satılan ev bu il 300 min manata satılır. Məsələn, Heydər Əliyev Sarayının yanında 9 mərtəbəli evlərdə mənzillər əvvəl 280 min manata idi, indi çox ucuzlaşıb. 

"Nəsimi bazarı"nın yaxınlığından 3 otaqlı ev var idi, 200 min manata satılırdı, indi qiyməti 160 min manat qədər düşüb. Metronun "Qara Qarayev" və "Neftçilər" stansiyalarının yaxınlığında əvvəllər 70 min manata satılan evlər indi 55-60 min manata düşüb".

İ.Salehovun fikrincə, ucuzlaşmanın bir çox səbəbləri var, əsas səbəblərdən biri isə neftin qiymətinin aşağı düşməsidir: "Rusiyadakı vəziyyət də Azərbaycanda əmlak bazarına mənfi təsir edib. Əvvəllər orada yaşayıb işləyən azərbaycanlılar buradan ev alırdı, indi heç kim almır. "Alıram" deyən yoxdur, alıcılıq qabiliyyəti 100 faiz idisə, indi 80 faizdir, 20 faiz azalıb. Evini satanlar artıb, amma onlar da bazardakı vəziyyətdən əziyyət çəkir. Dediyim kimi, evlər ucuzlaşıb. Statistika Komitəsinin binası yaxınlığında bir ev var idi, sahibi 70 min manata satmadı, indi qiyməti 55 min manata düşüb".

Əmlak agentinin sözlərinə görə, keçən il şəhərin bəzi yerlərində yeni tikintilərə görə çoxları başqa yerə köçürüldü, camaata pul verildi, onlar da ev alırdı: "Bu da bazara müsbət təsir edirdi. İndi o yoxdur deyə əmlak bazarında da vəziyyət pisdir. Biz də dolanmaq üçün yalnız ev kirayəsi ilə məşğul olmağa məcburuq. Mən 12 ildir ki, Azərbaycanda yaşayıram, ən çətin il bu il olub. Özü də vəziyyət yaxşıya doğru getmir".

İqtisadçı İlham Şaban daşınmaz əmlak bazarında ucuzlaşma hallarının səbəblərini izah edib. O, bunun çox vaxt neftin qiyməti ilə paralel olduğunu deyib: "Onların arasında həmişə uyğunluq olub. 1995-ci ildən indiki dövrə qədər belə uyğunluq müşahidə olunub. Neft layihələri çərçivəsində bazara vəsait daxil olanda daşınmaz əmlak bazarında da qiymət artımı olub, əks halda isə ucuzlaşma olub. Bu tendensiya yalnız 2009-cu ildə "Azəri-Çıraq-Günəşli" layihəsinin işlənməsi bitəndən sonra neftin qiyməti qalxdı və ölkəyə çoxlu valyuta daxil oldu. Neft layihəsinin bitməsinə baxmayaraq neft pulları özü xərcləndiyinə görə ucuzlaşma müşahidə olunmadı".

Ekspert deyir ki, hazırda ölkədə digər neft layihələri olsa da bu, əmlak bazarına yenə də ciddi təsir edə bilmir: "İndi ölkədə neft-qaz layihəsi "Şahdəniz-2"dir, o da 2018-ci ildə bitir. Bu layihə çərçivəsində Bibiheybətdə 3 min, Dərin Özüllər Zavodunda 2500-dən çox, Səngəçalda isə 3 mindən çox adam işləyir. Menecerləri çıxsaq, işçilərin əksəriyyəti 1500 manat civarında maaş alır. Bu da bu gün 1 kvadratmetr mənzilin qiymətidir. Amma 10 il bundan əvvəl Bibiheybətdə çalışıb 600 dollar maaş alan fəhlə bir sotu 100 dollara olan torpaq alıb 3-4 min dollar xərcləməklə evini tikə bilirdi. İndi isə bunu etmək mümkün deyil. Hətta ayda 2 min manat maaş alan adam da mənzil şəraitini yaxşılaşdırmağa nail ola bilmir".

Ucuzlaşmadan sonrakı mərhələdəki proqnozlara gəlincə isə İlham Şaban bunu ölkəyə daxil olan mənfəətlə bağladı: "Ötən il ölkəyə neft və qazdan mənfəət şəklində 16,2 milyard manat vəsait daxil olub. Cari ilin birinci rübündə isə mənfəət cəmi 2 milyard manat olub və neftin hasilatı da azalır. Bu il birinci yarımillikdə neftin orta qiyməti 59 dollar olub, güman edək ki, ikinci rübdə bu rəqəm heç olmasa 60-dan çox olsun. Ötən ilin müvafiq dövründə isə neftin qiyməti 101 dollar idi. Həm hasilatın azalması, həm də neftin ucuzlaşması ölkəyə bu il daxil olacaq mənfəəti azaldacaq. Belə proqnozlaşdırmaq olar ki, ölkəyə gələn vəsait təqribən 7,5-7,7 milyard manat olacaq. Ölkəyə gələn gəlir Neft Fonduna, oradan büdcəyə, oradan da büdcəyə paylanır. Yəni bu, dolayısı ilə əmlak bazarına da təsir edəcək"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.