Cəmiyyət

Bütün fəxri adlardan yüksək oldu, adına şərəf verdi

23 İyul 2015 23:10
5 Şərh     Baxış: 2 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az senet.az-a istinadən Rövşən Yerfinin yazısını təqdim edir.

Nə yaxşı ki, yazıçı Əlibala Hacızadəni yalnız televizorda yox, həyatda da görmək, dinləmək mənə də nəsib oldu. Onu yaxından kitabxanada, gənc bir yazıçının kitab təqdimatında gördüm. Sadə,  pafossuz, həssas, səmimi, adi bir insan... Müdrik, nurani baxışları vardı. Tədbirin sonunadək oturdu, hamıya qulaq asdı, sözünü dedi. Ürəyimdə istəsəm də, tanış olmağa içimdə həya etdim. Nə deyəcəkdim ona? Əsərlərini oxumuşdum, çıxışlarını dinləmişdim, barəsində məlumatlı idim. Mənim tərifimə də yəqin ki, onun ehtiyacı yox idi, şübhəsiz, yersiz çıxardı, təvazökarlığını bilirdim.

Amma, indi ömrü boyu iddiası olmayan  bu insanı xatırlayarkən haqqında söz deməyi özümə borc hesab edirəm. Çünki, o, öz şərəfli ömrü və yaradıcılığı ilə daim düşündüyüm, axtardığım əsl yazıçı məfhumunu mənim üçün həyatda yarada bildiyinə görə... Ədəbiyyata ondan əvvəl, ondan sonra gələnlərin əksəriyyəti sola, sağa əyildilər-düzəldilər, dəstələrə bölündülər, gah iqtidar, gah da müxalifət oldular. Vəzifə, mükafat, fəxri ad, deputatlıq üstündə illərlə mübarizə apardılar. Özlərinə azmış kimi uşaqları üçün də mənzil istədilər. O isə, xalqın sevgisindən savayı heç nə istəmədi. Sanki, başqa cəmiyyətdən idi, ətrafındakı adamlardan deyildi. Heç vaxt sənət paxıllığı çəkmədi. Kimsəyə əyilmədi, çoxları sayaq nəfsinin quluna çevrilmədi, qürurunu sındırmadı, gözə soxulmadı, dəyərini qorudu. Yazıçı adını dünyasında hər şeydən uca tutdu. Sözü ilə əməli düz gəlməyənlərdən olmadı, yaradıcılığı və şəxsiyyəti ilə özündən sonra qalanlara bir örnək, nümunə miras qoydu. Nümunə oldu ki, yalanlar, haqsızlıqlar haqqın yerini tutmasın. Göstərdi ki, əzablı olsa da, vicdanlı, ləyaqətli, yazıçı ömrünü yaşamaq mümkündür və lazımdır!..

Yazıçının "Mənim ilk müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edən yazıçı bir-birindən gözəl hekayələr, povestlər, romanlar yazmaqla bədii sənət nümunələri yaratmışdır. Onun ədəbiyyatımızda öz yeri olan "Təyyarə kölgəsində", "İtkin gəlin", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş", "Vəfalım mənim", "Möcüzə", "Dünyanı tanı" adlı əsərləri dəfələrlə yüz min tirajlarla çap edilmiş, böyük oxucu məhəbbətini qazanmışdır. Baxmayaraq ki, ədəbi tənqid bu əsərlərə qarşı daim nədənsə susqunluq nümayiş etdirmışdir.

Özünün "İtkin gəlin" romanı əsasında yazdığı kinosenarisi ilə 1993-cü ildə eyni adlı ilk azərbaycan teleserialı - on iki seriyalı bədii televiziya filmi çəkilmişdir.

Əlibala Hacızadə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil aldıqdan sonra 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1966-cı ildə dörd il Əfqanıstanda mütərcimlik etmişdir. Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994-96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olmuşdur.

Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərrux Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Hələ cavan ikən, 29 yaşında - 1964-cü ildə filolofiya elmləri namizədi dərəcəsini almış Əlibala Hacızadə elmi tədqiqatlar aparmaqla kifayətlənməmiş, bir sıra orta əsr mənbələrini də dilimizə tərcümə etmişdir.

Əlibala Hacızadə gözəl nəsr əsərləri ilə yanaşı həm də mənalı, ürək oxşayan məhəbbət şeirləri də yazmışdır. Böyük-böyük romanların, cildlərin müəllifinin şeirləri qısa və lakonikdir. Onun şeirləri əksər hallarda son dərəcə güclü bir hissin, illər boyu ürəkdə, yaddaşda gəzdirilən bir duyğunun çatdırılması formasıdır.Bu şeirlərin bir çoxuna mahnılar qoşulub tanınmış müğənnilərimiz tərəfindən ifa edilmişdir:

Bilməm nədən belə doğmasan mənə,

Bir belə qohumun, yadın içində.

Tək sənin adını yazmışam, gülüm,

Qəlbimə min gözəl adın içində...

Yazıçı alimin yaradıcılığı boyu tərcümələri ilə birgə otuz ikidən çox kitabı çap olunub. Sevindiricidir ki, ömrünün son gününədək Əlibala müəllim "xalq yazıçısı" yox, xalqın yazıçısı oldu. Bütün fəxri adlardan yüksək olan Yazıçı adına şərəf verdi. Ona yazıçı kimi heç bir titulun verilməməsi, bəlkə də, Allahımızdandı... Ondan sonrakılara - bizə, heç olmasa bir "etalonun" mövcudluğu, yaranması üçün...

Nəhayət ki, əsl yazıçılardan söz düşəndə, daha dağı - aranı gəzib "mogikan xadim" axtarışına çıxmayacayıq. Ən azından, sənətkarlardan biri kimi böyük şəxsiyyət - YAZIÇI  Əlibala Hacızadəni hörmətlə düşünəcəyik...

Təqribən bir aydan sonra - 28 avqustda yazıçının 80 yaşı tamam olur. İnanıram ki, onun əsərlərini sevənlər bu yubileyi hörmətlə qeyd edəcəklər.

 Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.