Cəmiyyət

Dilimizdən onu çıxarmışdılar, yenidən qaytarırlar?

7 İyul 2015 15:40
1 Şərh     Baxış: 1 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apostrof işarəsi Azərbaycan dilinin müəyyən məsələlərində çox lazımdır. Apostrofun Azərbaycan dilinin latın qrafikalı əlifbasına salınmaması dildəki müəyyən məsələləri çətinləşdirib".

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov deyib.

Alim qeyd edib ki, əvvəllər 140-150 sözdə apostrof olduğu halda, getdikcə onların sayı azaldılıb: "Əvvəllər "sənət", "Cəfər" sözlərində də apostrof var idi. Amma sonradan apostrofla yazılan sözlərin sayı 100-ə qədər azaldıldı. 2004-cü ilə qədər orfoqrafiya lüğətində həmin sözlər apostrofla yazılırdı".

İ.Məmmədovun sözlərinə görə, həmin sözlərin apostrofla yazılması Azərbaycan dilinin daha yaxşı öyrənilməsinə xidmət edirdi. Lakin apostrofun götürülməsi bu gün daha çox orta məktəblərin tədris işində çətinliklər yaradır.

Dövlət Dil Komissiyasının üzvü hesab edir ki, apostrofun qalması Azərbaycan dilini öyrənənlərə bu dili daha dərindən, incəliklərinə qədər öyrətməyə imkan verərdi: "Tədris işində apostrof həm hecaya ayırma, həm məna fərqləndirməsi, həm də tələffüz zamanı bəzi sait səslərin uzanmasına xidmət edirdi. Məsələn, şölə, şöbə, məna sözlərində birinci sait səslər uzanırdı. Yaxud "bəzən" (zərf - bəzi vaxtlarda) və "bəzənmək" sözlərində məna fərqlidir, apostrof olmadığına görə məna təhrifinə yol verilir. Apostrof olanda isə bu fərq bilinirdi. Apostrof götürüldüyü üçün indi şagirddə, dinləyicidə hazırlıq o qədər güclü olmalıdır ki, bu fərqləri özü bilsin. Amma bu, heç bir mənbədə yoxdursa, bu qayda da çıxardılıbsa, şagird bunu haradan bilər?! Akademiklər, professorlar bu detalları bilirlər, amma orta məktəbdə dilin qanunlarını öyrənən uşaqlar bunu bilmirlər. Dili, yazını, tələffüzü öyrənən adam da bu məsələlərdə çətinlik çəkir".

İ.Məmmədov əlavə edib ki, bu gün klassik ədəbiyyatda da apostrofun saxlanılması çox lazımdır.

Əlifbada apostrofun bərpasının tərəfdarı olduğunu deyən alim bildirib ki, ölkənin bəzi tanınmış dilçi alimləri - professor Əziz Əfəndizadə, professor Yusif Seyidov və b. vaxtilə apostrofun əlifbadan çıxarılmasının əleyhinə olublar. Apostrofun yenidən bərpası üçün isə Dövlət Dil Komissiyasının üzvləri, tanınmış dilçi alimlər birlikdə müzakirələr aparmalıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.