Cəmiyyət

"Gənclər karyera ilə nəfslərini qarışdırırlar" - FOTO

6 İyul 2015 17:37
0 Şərh     Baxış: 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, karyera qurmaq üçün qarşısına hədəflər qoyub və hədəflərinə çatıb. Deyir ki, "edəcəyimiz iş bizi xoşbəxt edirmi, onu həqiqətən sevirikmi?" - düşünüb qərar verməliyik. Müsahibimiz Türkiyədə təhsil alan və bu yaxınlarda qardaş ölkədə keçirilən "Beynəlxalq radioloji görüntüləmə texnologiyasında yeni proyeksiyalar konqresi" adlı beynəlxalq tədbirdə ölkəmizi təmsil edən həmyerlimiz Zeynəb Qurbanovadır.

Azərbaycanda olmayan elm

Zeynəb Türkiyədə Tibbi göstərmə tekniki fakültəsində təhsil alıb. Qeyd edək ki, sözügedən ixtisas üzrə ölkəmizdə təhsil verilmir. O deyir ki, əsas məqsədi bu sənətə dərindən yiyələnib onu Azərbaycanda tətbiq etməkdir: "2011-ci ilin mayında Türkiyədə təhsil almaq üçün bir çox universitetə müraciət etdim. İlk olaraq Süleyman Dəmirəl Universitetindən cavab gəldi və mən 2011-ci ilin sentyabrında bu universitetdə Tibbi göstərmə texniki fakültəsində təhsil almağa başladım. Sözügedən sahə radiologiya, şüa diaqnostika, radiodiaqnostika elmi, tibbi cihazlar olan tomoqrafiya, rentgen, MRT (maqnetik rezonans tomoqrafiya), USM (Ultrasəs müayinə) və s. ilə xəstəliklərin diaqnoz və müalicəsində, müəyyən anatomik bölgəyə istiqamətli çəkilişlər etmək və bu çəkilişlərin diaqnozunu düzgün şəkildə verməyə yönəlmiş elm sahəsidir. Türkiyə daxil olmaqla, dünya ölkələrinin çoxunda bu sistem olduğu halda, Azərbaycanda yoxdur .Yəni Azərbaycanda radiologiya texnikinin vəzifəsini də radioloqlar görməyə çalışır. Onlar həm çəkim edib, həm diaqnoz qoymağa çalışırlar. İşin diaqnoz qismi asandır, çünki bu onsuz da onların vəzifəsidir. Lakin çəkim hissəsində çox çətinlik çəkirlər. Mən bu sənəti öyrənib ölkəmdə tətbiq etməyi qarşıma məqsəd qoymuşam".

Müsahibimiz hətta bu sahədə beynəlxalq tədbirdə iştirak edib və ölkəmiz adından çıxış edib: "Beynəlxalq radioloji görüntüləmə texnologiyasında yeni proyeksiyalar Konqresi" Türkiyədə ilk dəfə təşkil olunurdu. Konqresə Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) Radiasiya Təhlükəsizliyi Mərkəzinin nümayəndəsi də dəvət olunmuşdu. Konqresin həyata keçirilməsində məqsəd radiologiya sahəsi haqqında tədbirə qatılan tələbə və bu sahədə çalışan tibb işçilərini məlumatlandırmaq və digər ölkələrlə müqayisə etmək idi. Mən də çıxışımla ölkəmizi təmsil etdim".

Pul, güc-qüdrət, iş...

Zeynəblə uğurlu karyera qurmağın yollarından da danışdıq. Həmsöhbətimiz düşünür ki, uğurlu karyera qurmaq istəyən gənci pul maraqlandırmamalıdır: "Bizim gənclər karyera ilə nəfslərini qarışdırırlar. Universitetə ilk başladığım zaman cərrah olan müəllimim demişdi ki, əgər bu işi pul üçün edəcəksinizsə, bu an imtina edin. Kimi pul istəyir, kimi güc-qüdrət, kimi rahat bir iş. Amma məncə, öncə yaxşı işlər görmək üçün çalışmalı, insanlara faydalı ola biləcək hədəfiniz olmalıdır. Ev tikərkən sağlam bünövrə vacibdirsə, karyera üçün də sağlam infrastruktur məktəbdən universiteti bitirənə qədər keçdiyimiz müvəffəqiyyətli təhsil yoludur. Yaxşı təhsil uğurlu karyera üçün atılan ən möhkəm addımdır. İnsan bilmədiyi şeylərdən qorxar, özünə etibarını itirər, ancaq yaxşı təhsil insanda özgüvən yaradır".

"Türklər dilimizi sevir"

Həmsöhbətimiz 4 ildir ölkəmizdən kənarda olmasına baxmayaraq, özünü vətənindəki kimi hiss edib. Onun sözlərinə görə, ilk günlər çətinliklərlə üzləşsə də, türklərin ona göstərdiyi qayğı sayəsində çətinlikləri dəf edə bilib: "Artıq 4 ildir Türkiyədəyəm və bu ölkəni, insanlarını çox sevirəm. Bizə o qədər yaxındılar ki, burada yaşadığım günlər, demək olar, problemim olmadı. Dərslərdə və bəzi deyilişi hər iki dildə eyni olub, müxtəlif mənalar verən sözlərlə bağlı azacıq da olsa, problem yaşadım. Ən çox diqqətimi çəkən isə, universitetimizdə müxtəlif ölkələrdən tələbələrin olmasına baxmayaraq, müəllimlərimin və türkiyəli tələbələrin mənə qarşı olan fərqli, isti davranışları idi. Müəllimlərim, tələbə yoldaşlarım Azərbaycan dilini çox sevirdilər, onlarla bizim dildə danışmağımı istəyirdilər".

Təhsil fərqi

Zeynəblə qardaş ölkə ilə bizim ölkədəki təhsilin fərqlərindən də danışdıq. Arada çox böyük fərq olduğunu vurğulayan müsahibimiz deyir ki, onlarda müəllimlə şagird əlaqəsi çox yaxşıdır: "Aradakı fərq çox böyükdür. Bunun bir çox səbəbi var. Amma ən böyük fərq təhsil keyfiyyətindən çox tələbə-müəllim münasibətlərinin istiliyindədir. Müəllimlərimiz bizdən həm yaşca, həm də təhsil baxımından üstün olmalarına baxmayaraq, bizimlə çox səmimi bir ailə kimi idilər".

"Səhiyyə sığortası tətbiq edilməlidir"

Müsahibimiz sonda vurğuladı ki, Türkiyədə olduğu kimi, bizdə də səhiyyə sığortası tətbiq edilməlidir: "Bir tibb işçisi olaraq diqqətimi tibb sahəsindəki dəyişikliklər çox çəkir. İlk praktikaya başladığımız zaman bizim xəstəxanalarda olduğu kimi, xəstə sayının az olduğunu düşünürdüm və birdən-birə düşündüyümün tam əksi olaraq yüzdən çox rentgen sırası gözləyən xəstə gördüm. Bu məni çox təəccübləndirmişdi və maraqlandım ki, görəsən bu qədər insan niyə xəstə olur? Səbəbini soruşduqda, bunun səhiyyə sığortası ilə bağlı olduğunu bildirdilər. Qeyd edim ki, Türkiyədə dövlət xəstəxanalarında səhiyyə sığortası mövcuddur. Vətəndaşlar bunun sayəsində dövlət xəstəxanalarında demək olar ki, pulsuz müayinə oluna bilir və bu səbəbdən ən kiçik narahatlıqları olanda belə, həkimə müraciət edirlər. Məsələn, barmağı qanayan da təcili tibbi yardıma üz tutur. Çox istərdim ki, bizdə də bu sistem tətbiq edilsin" .

Kaspi.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.