Cəmiyyət

DYP rəsmisi: "Heç kimin hüququnu pozan qərar olmayacaq"

6 İyul 2015 10:30
12 Şərh     Baxış: 2 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq bir neçə gündür ki, Bakıya rayon maşınlarının daxil olmasına qadağa qoyulacağı danışılır.

Bakıda nəqliyyatın hərəkətində sıxlığı aradan qaldırmaq və şəhərin ekoloji vəziyyətini normallaşdırmaq üçün Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim olunan bəzi təkliflərin təfərrüatları məlum olub. Təkliflər sırasında dünya praktikasında olduğu kimi, dövlət qeydiyyat nömrəsindəki tək və cüt rəqəmlərə görə, avtomobillərin hərəkətinin tənzimlənməsi də var. Belə ki, həftənin cüt günləri dövlət qeydiyyat nömrəsi tək rəqəmlə bitən avtomobillərin, tək günlərdə isə cüt rəqəmlə bitən avtomobillərin şəhərin mərkəzində hərəkətinə icazə veriləcək. Digər bir təklif şəhərdə nəqliyyatın hərəkətinin sıx olduğu ərazilərdə avtomobillərin hərəkətinə ümumiyyətlə qadağa qoymaqdır.

Təkliflərdən biri isə Bakı qeydiyyatı olmayan avtomobillərin paytaxta qrafiklə, saat 22:00-dan səhər saat 7:00-a qədər buraxılmasıdır.

Ekspertlər hesab edirlər ki, belə bir qərarın qəbulu ilk növbədə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının səlahiyyətlərinə daxil deyil. Bu cür qərarları yalnız Milli Məclis verə bilər. Digər tərəfdən isə, ekspertlər hesab edirlər ki, nömrələrə görə maşınların paytaxta buraxılmaması vətəndaşların hüquqlarını məhdudlaşdırmaq deməkdir.

Məsələyə münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ilə əlaqə saxladıq. Qurum rəsmisi Milli.Az-a açıqlamasında dedi ki, qərar qəbul edilmədən nəyisə müzakirə etmək doğru deyil. Çünki hələ nə cür qərarın qəbul olunacağını heç kim bilmir.

Onun sözlərinə görə, qərar qəbul olunduqdan sonra ekspertlərin öz mövqelərini bildirməsi düzgün olardı.

"Heç kimin hüququnu pozan qərar olmayacaq. Bu, normal hərəkətin təşkili üçün şəhərdə nəqliyyat sıxlığının azaldılması üçün qəbul olunacaq bir qərardır", - deyə o əlavə edib.

Teymur Hacıyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.