Cəmiyyət

Pivə çətirləri altında oruc açmaq?.. - REPORTAJ - FOTO

5 İyul 2015 13:23
2 Şərh     Baxış: 2 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az musavat.com-a istinadən bildirir ki, Azərbaycan qanunverciciliyinə əsasən, spirtli içkilərin açıq reklamı qadağandır. 

Lakin buna baxmayaraq, paytaxtın mərkəzi küçələrində müxtəlif çayxana və kafelərdə spirtli içki sayılan pivə markalarının reklamına rast gəlmək mümkündür. Bu, ilk baxışdan o qədər də təəccüblü görünmür. 

Çünki uzun illərdir ki, eyni ənənə kafelərdə davam etməkdədir. Hətta əksər kafelərin masa və stullarını bu reklamlarsız təsəvvür etmək mümkün  deyil. 

Ancaq bu durum şəhərdə ailəliklə istirahət etmək istəyənlərin, daha çox da əhalinin dindar kəsiminin ürəyincə deyil. Heç bir inanclı insan dində haram hesab olunan spirtli içkini reklam edən çətirin altında oturmaq istəmir. 

Hazırda şəhərdə belə reklamların haralarda olduğunu öyrənmək üçün dənizkənarı bulvarda bir pivə markasının reklamını əks etdirən çətirlərlə bəzədilmiş bir neçə kafeyə baş çəkdik. Yaxınlaşıb, bir kafedə ailəliklə dincəlmək istədiyimizi bildirib, sözügedən çətirlərin yığılmasını xahiş etdik. 

Ofisiant isə bizə yalnız oturacağımız masadan çətiri yığmağa icazəsi olduğunu bildirdi. Ümumilikdə, kafenin sözügedən spirtli içki istehsalçısı ilə reklam şərtləri ilə çalışdığını və bu səbəbdən də çətirləri yığışdıra bilməyəcəyini qeyd etdi. 

"Lalə" kafesinin işçiləri də bildirdilər ki, bəzən dindar insanların etirazı ilə üzləşirlər. Lakin ümumilikdə paytaxt sakinləri bu durumdan narazı deyillər. Onu da qeyd edək ki, bəzi kafelərin spirtli içki istehsal edən şirkətlərlə reklam anlaşması olsa da, bəziləri sadəcə, hazır reklam vurulmuş çətirləri aldıqları üçün pulsuz reklamla məşğuldurlar. 

"Delfin" adlanan kafedə də spirtli içki markasının reklamını əks etdirən çətirlərin olduğunu müşahidə etdik. 

Ətrafdakı sakinlərin bu duruma münasibəti isə birmənalı deyildi. Bəziləri bunun normal bir hal olduğunu, bəziləri isə qəbuledilməz olduğunu dedi. 

Sahib adlı həmsöhbətim bildirdi ki, o, xanımı ilə gələrkən bu cür kafelərdə dincəlməkdə çətinlik çəkir və alternativ məkan axtarmalı olur: "Kənardan baxan adamda elə bir təəssürat yarana bilər ki, sən həyat yoldaşınla pivəxanaya gəlmisən. Halbuki çay içmək, dincəlmək istəyirsən. Bu da həm Azərbaycan mentaliteti baxımından, həm də dinimizə görə düzgün deyil. Elə buna görə də bu cür reklamlar vurulan yerlərdə ancaq kişilər toplaşır. Xanımlar belə məkanlarda oturmağa çətinlik çəkirlər".

Qeyd edək ki, bu kafelərin əksəriyyətində müştərilərə çayla yanaşı, pivə də təklif olunur. Bu səbəbdən də belə kafelər ancaq kişilərin məkanı sayılır. 

Məsələnin hüquqi tərəflərinə aydınlıq gətirən hüquqşunas Müzəffər Baxış spirtli içkilərin reklamının qanunvericiliklə tənzimləndiyini bildirdi: "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, spirtli içkilərin reklamına bəzi hallarda yol verilmir. Spirtli içkilərin içilməsi prosesinin nümayiş etdirilməsinə, spirtli içkilərin ictimai və ya şəxsi uğur qazanmaqda, fiziki və ya psixi durumun yaxşılaşmasında müsbət təsirinin olması təəssüratının yaradılmasına, spirtli içki içməkdən imtina edənlərin gözdən salınmasına, alkoqolun müsbət müalicəvi faydaları haqqında məlumatların verilməsinə, spirtli içkilərin reklamında tanınmış şəxslərdən və ya 25 yaşına çatmamış hər hansı şəxslərdən istifadə edilməsinə, qəzet və jurnalların I səhifələrində spirtli içkilərin reklamının verilməsinə, bu məhsulların reklamının uşaq, təhsil, idman obyektlərindən və məscidlərdən yüz metrlik məsafədə yerləşdirilməsinə yol verilmir. Əgər sizin dediyiniz kimi, bu kafelər sözügedən obyektlərin 100 metrliyində yerləşirlərsə, orada reklam həyata keçirilə bilməz. Bu kimi hallarda "Reklam haqqında" Qanunun tələbləri pozulmuş olur və buna görə də həmin şəxslər məsuliyyət daşıyırlar". 

İlahiyyatçı hacı Sabir Həsənli isə bildirdi ki, dinə görə bu cür  reklamların asıldığı yerdə oturmaq doğru sayılmır: "Dindar insanların, müsəlmanların spirtli içkilərin reklam olunduğu yerlərdə oturması bəyənilmir. Əgər insan spirtli içkinin reklamını daşıyan çətirin altında oturursa, bu, caiz sayılmır. Ancaq bunun qarşısını almaq da mümkün deyil. Çünki bu, insanların şəxsi seçimidir. İnsanların dünyagörüşü fərqlidir. Kimisi düşünür ki, orada oturub, çay içmərəm. Kimisi isə düşünür ki, mən çay və ya kofe içirəmsə, o reklamın mənə nə aidiyyatı var? Ümumiyyətlə, dini nöqteyi-nəzərdən bu, bəyənilmir. Ancaq insanlar nəfsini saxlamalıdırlar. Spirtli içki olan pivənin reklam edildiyi çətirin altında oturmaya da bilər. Gedib başqa bir çayxanada dincələ bilər. Xüsusən də ramazan ayında bu cür əməllər günah sayılır. Çayxana və kafelər elə olmalıdır ki, hər kəs ailəsi ilə birlik gedib, orada dincələ bilsin". 

Din xadimi onu da vurğuladı ki, ramazan ayında restoran, kafe kimi ictimai-iaşə obyektləri oruc tutan insanları nəzərə almalıdırlar: "Əksər İslam ölkələrində ramazan ayında günorta vaxtı kafelər bağlanır. İnsanlar oruc tutanları nəzərə alırlar. Bizdə isə küçənin ortasında dondurma yeyirlər, oruc tutan insanlar nəzərə alınmır. Bu, düzgün deyil. Müsəlman özü oruc olmasa belə, digərlərinə sayğılı olmalıdır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.