Yevlax rayonu ərazisində bu il açıq sahələrdə qarpız və qovun bitkiləri ötən ilə nisbətən çox əkilib. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, aprel, may aylarında hava şəraitinin əlverişli keçməsi və aqrotexniki qulluq işlərinin lazımi qaydada aparılması məhsuldarlığa da müsbət təsir göstərib. Yığım prosesi nisbətən geciksə də, məhsul boldur. Bir hektar ərazidə qarpız və qovun yetişdirilməsinə 400-600 manat arasında xərc çəkən fermerlər bu məhsulların satış qiymətinin də qənaətbəxş olduğunu deyirlər: "Bu gün 1 kiloqramını 20 qəpikdən veririk. Amma keçən il 4-5-6 qəpikdən verirdik. Fəhləyə yığdırası olsaydıq, onun 2 qəpiyini fəhlə alırdı. 2 qəpiyi fermerə qalırdı", - deyə fermer Ədalət Hacıyev bildirib.
Lakin bu il məhsuldarlıq yüksək, qiymət normal olsa da, fermerləri alıcıların azlığı qayğılandırır. Onlar becərdikləri məhsulu vaxtında sata bilməmələrindən gileylənirlər. "Fermerlərin əsas çətinliyi məhsulu satmaqdır. Fermer işləyir, məhsul yetişdirir, satmaq problemdir", - deyə fermer Rövşən Abbasov bildirib.
Fermerlər onu da deyirlər ki, yetişmiş qarpız 10, qovun isə 4 gündən sonra xarab olur. Ona görə də bu məhsulların satışı zəif olanda fermerlər ziyanla üzləşirlər.
Milli.Az