Cəmiyyət

Dondurmalar təhlükəli düşmənə çevrilə bilir

4 İyul 2015 23:05
1 Şərh     Baxış: 1 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Keyfiyyətsiz dondurmalarda bağırsaq çöpləri qrupundan olan, orqanizm üçün təhlükəli bakteriyalar mövcud olur. Bu cür dondurmalar istehlak olunduqda insanlarda, xüsusilə uşaqlarda qida zəhərlənmələrinə və digər fəsadlara səbəb ola bilir".

Hər il yay mövsümündə vətəndaşların sərinləmək məqsədi ilə istifadə etdikləri qida növlərindən biri də dondurmalardır. Dondurmaların digər qidalardan fərqi ondadır ki, onu uşaqlar da çox sevirlər, yaşlılar da. Amma bazarda satışa çıxarılan dondurmaların keyfiyyəti ilə bağlı fikirlər birmənalı deyil. Müstəqil ekspertlər hələ də bazarda keyfiyyətsiz dondurmaların satıldığını, zəhərlənmə ehtimalının qaldığını bildirirlər. Baxmayaraq ki, keyfiyyətsiz dondurma istehsal edənlərə qarşı reydlər keçirilir, tədbirlər görülür və s...

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mövzu ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edib. Qurum bildirir ki, dondurmalar normativ-texniki sənədlərlə müəyyən edilmiş rejimdə saxlanılmalı, istehlakçıya satış zamanı ixtisaslaşdırılmış vitrinlərdən istifadə olunmaqla təqdim edilməlidir: "Təəssüf ki, bu şərtlərə heç də həmişə əməl olunmur".

Dövlət Xidmətinin yaydığı məlumatda qeyd edilir ki, dondurma yüksək qidalılıq dəyərinə malik olan, orqanizm tərəfindən asan həzm edilən qida məhsuludur: "Onun istehsalında əsasən süd, şəkər, yumurta, kərə yağı, dad və ətirverici maddələr, stabilləşdiricilər və s. maddələrdən istifadə olunur. Süd əsasında hazırlandığından tərkibində süd yağı, zülallar, mineral maddələr, vitaminlər və s. vardır. Sərinləmək üçün yediyimiz dondurmanın insan orqanizmində əhəmiyyətli rolu vardır. Tərkibində süd olduğuna görə dondurma saxlanma şəraitindən və temperatur rejimindən asılı olaraq tez keyfiyyətini itirə bilər. Ona görə də dondurma alarkən ilk növbədə onun düzgün etiketləndiyinə, üzərində istehsal və saxlama müddətlərinin göstərildiyinə, lazımi şəraitdə və temperatur rejimində saxlanıldığına fikir verin. Dondurmanın üzərində onun istehsalçısı barədə məlumat, məhsulun adı, qida əlavələri daxil olmaqla tərkibi, xalis kütləsi, istehsal tarixi, saxlanma şəraiti və müddəti, sertifikatlaşdırıldığına dair qeyd və standartın nömrəsi göstərilməlidir. Ədədlə satılan xırda çəkilib-bükülmüş dondurmalar vafli, qapaqlı polistirol və parafinləşdirilmiş karton stəkanlarda, laminirləşdirilmiş sellofan paketlərdə və müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilən digər qablaşdırma materiallarında buraxılmalıdır.

"İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş dondurmaları almaqdan çəkinin"

Südlü dondurmalar 1 ay, meyvəli-giləmeyvəli, qaymaqlı və ətirli dondurmalar 1,5 ay, plombir dondurması 2 ay saxlanılar bilər. İstehsalında müasir texnologiyadan istifadə edildikdə, eləcə də məhsulun saxlama müddətinin artırılmasına zəmanət verən konservantlar, stabilizator-emulqatorlar və digər qida əlavələri standartlara uyğun olaraq əlavə edildikdə südlü, qaymaqlı və plombir dondurmaları mənfi 18 dərəcədən yüksək olmayan tempraturda ən çoxu 10 ay saxlanıla bilər.

Saxlanma tempraturunun stabilliyi dondurmanın keyfiyyətini təmin edən əsas şərtlərdən biridir. Saxlanma temperaturunda dəyişikliklər olduqda bu məhsullarda mikrobioloji proseslər başlayır və bu cür məhsulların istehlakı insan orqanizmi üçün təhlükə mənbəyi hesab olunur".

"Dondurma alarkən onun dadına, formasına və saxlanma şəraitinə diqqət edin. İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş dondurmaları almaqdan çəkinin.

Donu açılmış dondurmanın təkrar dondurulması qadağandır və belə dondurmalarda buz kristalları əmələ gəlir ki, bu da onun keyfiyyətsiz olması deməkdir. Belə dondurmaları istifadə etmək məsləhət görülmür",-deyə qurumun məlumatında qeyd edilir.

"Qida zəhərlənmələrinə və digər fəsadlara səbəb ola bilir"

Üzərində istehsal və saxlama müddətləri göstərilməyən, lazımi şəraitdə və temperatur rejimində saxlanılmayan, metal, turşumuş, qıcqırmış, acı və kif iyi və tamı verən, barmaqla basdıqda yumşaq və boş olan, üzərində buz kristalları müşahidə edilən, rəngi adına uyğun olmayan dondurmalar keyfiyyətsiz hesab olunur: "Xarici görünüşcə dondurmada kəsmiyəbənzər yağlılıq, qumabənzər köpüklülük əlamətləri olmamalıdır. Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir.

Keyfiyyətsiz dondurmalarda bağırsaq çöpləri qrupundan olan bakteriyalar, potagen mikroorqanizmlər, o cümlədən salmonella, stafikoklarin və s. orqanizm üçün təhlükəli bakteriyalar mövcud olur. Bu cür dondurmalar istehlak olunduqda insanlarda, xüsusilə uşaqlarda qida zəhərlənmələrinə və digər fəsadlara səbəb ola bilir.

Dondurma alarkən onun satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edildiyinə diqqət edin. Bilin ki, antisanitariya şəraitində hazırlanan və satılan dondurmalar asanlıqla yararli bir qida vasitəsindən təhlükəli bir düşmənə çevrilə bilər".
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.