Cəmiyyət

Dünyada məzhəb savaşı, Azərbaycanda barış və anlaşma

4 İyul 2015 23:20
0 Şərh     Baxış: 1 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Kənan Rövşənoğlunun musavat.com saytında dərc olunan məqaləsini oxucuların diqqətinə təqdim edir.

Azərbaycanda dini sahədə fikir ayrılıqları, anlaşılmazlıqları aradan qaldırmaq üçün yeni təşəbbüs ortaya qoyulub. Dini Araşdırmalar Mərkəzi ruhaniləri, ilahiyyatçı alimləri, o cümlədən jurnalistika, tarix və sosiologiya kimi humanitar sahələrdə ixtisaslaşmış tədqiqatçıları bir araya toplayaraq aktual dini mövzuların müzakirələrini təşkil etməyə başlayıb. Müsbət haldır ki, bu müzakirələrdə İslam dinin müxtəlif cərəyan və məzhəblərə mənsub mütəxəssislər, nüfuzlu şəxslər (əsasən gənc nəsildən olan) iştirak edir.

Sonuncu dəfə ilahiyyatçı və din araşdırmaçıları Ramazan ayının ictimai mahiyyətinin müzakirəsini təşkil edib. Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov deyir ki, tədbirlərin əsas məqsədi stereotipləşmiş və ixtilaf səbəbi kimi göstərilən dini-ictimai mövzuların elmi diskussiyaya açılmasıdır: "Geniş xalq kütləsi dini hökm və fətvaları dərindən təhlil etmək savadına və imkanına malik deyil. Milli vəhdət prinsipini yaymaq, stereotipləri qırmaq istəyiriksə bu məsələləri ilahiyyatçıların iştirakı ilə fərqli aspektlərdən təhlil etməli, ortaq fikir formalaşdırmalıyıq".

Bakı Dövlət Universitetinin müəllimi Aqil Şirinov "Ramazan ayının ictimai mahiyyəti", Milli Elmlər Akademiyasının elmi işçisi Aslan Həbibov Ramazan ayında gündəlik əmələr, müsəlmanları davranışları ilə bağlı danışıb. Qeyd olunub ki, bu ayda dindarların, oruc tutanların cəmiyyətə daha çox xeyri dəyməli, xeyriyyəçilik ənənələri inkişaf etdirilməli, vəhdət, dostluq və qarşılıqlı yardımlaşmalarla yadda qalmalıdır. İftar süfrələrinin təşkili zamanı israflara yol verilməməli, eyni zamanda bir birini qonaq etmə ənənələri yaşadılmalıdır.

İlahiyyatçılar demək olar ki, hər il təkrar olunan və müzakirələrə, mübahisələrə səbəb olan imsak-iftar vaxtları və Ramazan ayının başlaması, Fitr bayramı zamanı ayın görünməsi mövzusunu müzakirə ediblər. Yerli mütəxəssislərin fikrincə imsak və iftar saatları, yeni ayın gəlişi ilə bağlı ixtilaflar dini deyil, daha çox elmi yanaşma fərqliliyindən qaynaqlanır. Ona görə də bu məqamda müxtəlif fikir daşıyıcılarının bir-birini ittiham etməsinə heç bir zərurət yoxdur. Dindarlar etimad etdikləri məzhəb və alimlərə uyğun hərəkət edə bilərlər. Bununla belə sıravi dindarları maraqlandıran məsələnin elmi izahından çox, təqvimlərdəki fərqlərdir. Ona görə də ümumən götürdükdə, son illərdə ölkədə vahid təqvim tərtib etmək təşəbbüsü təqdirəlayiqdir. Lakin bu təşəbbüs də bütün tərəflərin və məzhəb nümayəndələrinin mövqeyini qoruyaraq həyata keçirilməli, əksinə yeni ixtilaf və mübahisələr üçün əsas olmamalıdır.

Qeyd edək ki, hazırda dünyada dini mövzuda bölünmə, qarşılıqlı etimadsızlığın, dini zəmində nifrətin dərinləşdiyi bir zamanda Azərbaycanda əsasən də gənc nəslin nümayəndələri olan ilahiyyatçı və ruhanilərin bir araya toplanması, orta müzakirələr təşkil etməsi müsbət hadisədir. Nəzərə almaq lazımdır ki, bu tədbirləri nə mərkəzi dini idarə (QMİ), nə də müvafiq dövlət qurumu (DQİDK) təşkil etmir. Hər iki qurum tərəfindən bu cür təşəbbüslər olsa da, ortaya ciddi bir iş qoyulmayıb. Ancaq indi təşəbbüs necə deyərlər "aşağıdan" gəlib. Gənc ruhanilərin cəmiyyətdə təsir gücünün olması, xüsusən də gənc nəslə xitab etmələri müsbət hadisədir. Üstəlik gənc nəsil ilahiyyatçılar mübahisəli mövzularda ortaq olmasa da, anlaşmaya dəvət edən fikirlər ortaya qoymağa çalışırlar. Bu isə gələcək üçün müsbət nümunədir.

Zəngin, çox konfessiyalı Azərbaycan cəmiyyətində müxtəlif dini cərəyanların ardıcıllarının, xüsusən də ilahiyyatçıların bir araya gələrək müzakirələr təşkil etməsi, bir-birinin dəyərlərinə hörmət prinsipi ilə yanaşması çox vacibdir. Bəli olduğu kimi, Azərbaycanda da maraqlı qüvvələrin dini zəmində bölücülüyün, gərginliyin yaradılmasına cəhdləri olub və bu gün də davam edir. Bu cür bölücü, nifrət yaradan fəaliyyətlərə qarşı yerli ruhanilərin əməkdaşlıq etməsi, yaxın əlaqələr qurması çox vacibdir. Doğrudur, QMİ müəyyən mənada hər iki məzhəbin ruhaniyyətini birləşdirən qurumdur. Ancaq QMİ yalnız rəsmi ruhaniliyi birləşdirir, dini camiədə, xüsusən də yeni nəsil dindarlar arasında böyük təsiri yoxdur. Bu mənada müstəqil olaraq ilahiyyatçıların öz təşəbbüsləri ilə bir araya gələrək aktual dini mövzuları müzakirə etməsi yeni müsbət təcrübənin əsası da sayıla bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.