Cəmiyyət

Sərhəd kənddə yezidlik - su başına oturan "əjdahalar" kimlərdir?

3 İyul 2015 19:06
2 Şərh     Baxış: 1 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazax rayon Daş Salahlı kənd sakinləri susuzluqdan əziyyət çəkirlər.

Bu barədə sözügedən kənddən bildirilib. Məlumata görə, yay mövsümü başlanandan bu məkanda su tapmaq müşkülə çevrilib: "Kənd icrası və bələdiyyəsi Coğazdan həyətlərə çəkilən suları suvarma məqsədilə ayrı-ayrı fermerlərə satır. Halbuki, kənddə suvarma üçün başqa bir kanal da mövcuddur. Kənd rəhbərliyi bu cür qanunsuzluğa yol verməklə ikili gəlir əldə edir. Həm suvarma üçün nəzərdə tutulan kanalın suyunu, həm də həyətələrə çəkilən suları fermerlərlə satır. Bunun əzab-əziyyətini isə kasıb kəndlilər çəkirlər. Həyətlərdə su yoxdur. Sakinlər məcbur qalıb od qiymətinə maşınlardan su alırlar. Nəzərinizə çatdırım ki, evlərə çəkilən sular məhz kənd sakinlərinin hesabına başa gəlib.

Üstəgəl, Daş Salahlının işğalçı Ermənistanla sərhəd olmasına rəğmən əhalidən su pulu yığılır. Bununla belə, ilin bütün fəsillərində - məxsusi olaraq yay aylarında kənddə su qəhətə çıxır. Əlbəttə, bunun səbəbkarları kənd icrası və bələdiyyəsidir. Sakinlər isə etiraz edəndə "get kimə şikayət edirsən et" cavabını verirlər. Onlar özbaşnalıqla məşğuldurlar. Kasıb kəndli çəkib gətirdiyi sudan belə istifadə edə bimir. "Burada mənəm Bağdadda kor xəlifə" prinsipi ilə davranın icra və bələdiyyə başçıları qara fəhlənin bədbəxtliyi üzərində öz xoşbəxt həyatlarını düzənləməyə çalışırlar. Hətta düzənləyirlər də".

Milli.Az bildirir ki, sakinlər onu da diqqətə çatdırıblar ki, problemin həllinə dair əlaqədar qurumlara müraciət etsələr də, şikayətlərinə baxılmır: "Hara şikayət edirik, əliboş qayıdırıq. Bizə baxan yoxdur. Dərdimizə çarə tapılmır. Yayın bu istisində milləti susuzluqdan qırırlar. Aidiyyəti şəxslərdən xahiş edirk ki, məsələ ilə maraqlansınlar. Kənd rəhbərliyinin dələduzluğuna son qoyulmalıdır. Nə vaxta kimi belə ağır şərtlər altında yaşayacağıq? Rayon icra hakimiyyətinə də müraciət etmişik. Lakin buna məhəl qoyan olmayıb. Belə getsə, ölkə baçısı möhtərəm İlham Əliyevə müraciət edəcəyik. Prezident həmin şəxsləri bura təyin edib ki, xalqa xidmət göstərsinlər. Onlar isə əvəzində camaatın qanını içirlər. Sanki, əhalinin qanına susayıblar". Sakinlər kəndin mərkəzi yolunun dözülməz halda olmasından da gileyləniblər: "Kəndin mərkəzində tozdan dayanmaq olmur. 3 il əvvəl bu yolu sıyırdılar ki, yeni yol çəkilir. Hər il "növbət il yeni asfalt ötrüyü çəkiləcək" deyib milləti aldadırlar. Çünki yolun yenidən tikintisinə ayrılan maliyyə vəsaiti ayrı-ayrı ciblərə gedərək havaya sovrulub. Yenə də zülmü biz çəkirik. Yollar bərbad haldadır. Daş Salahlı çox baxımsız vəziyyətdədir. Kim istəyir, gəlib, kəndin durumu ilə maraqlana bilər. Onda iddialarımızın tam olaraq əsaslı və faktamüvafıq olduğunun görəcəklər".

Kəndin icra nümayəndəsi Asif Yusifov isə sakinlərin ittihamları ilə razılaşmır. 

A.Yusifov Milli.Az-a bildirib ki, suyun fermerlərə satılmasından söhbət belə gedə bilməz. Onun sözlərinə görə, Coğaz gölündən 2000-ci illərdə kəndə çəkilən içməli suyun xəttləri, demək olar ki, sıradan çıxıb. Bələdiyyənin təşəbbüsü ilə çəkilən su xətti keyfiyyətsiz olduğundan kəndi su ilə tam təchiz etmək mümkün deyil: 

"Biz də növbəli şəkildə suyun verilməsinə nəzarət edirik ki, evlər susuz qalmasın".

A.Yusifov bildirdi ki, kənddə yeni salınan məhəllələr var ki, ora su xətti çəkilməyib. Onların da suya olan tələbatı çənlərlə gətirilən su hesabına ödənilir. 

İcra nümayəndəsi Daş Salahlının su təminatını tam ödəmək üçün layihələr həyata keçirildiyini, Coğazdan gələn xətlərin yenidən təmirinin nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Kənd sakinlərindən verginin yığılmasına gəlincə isə Yusifov vurğuladı ki, prezidentin yanvar ayında verdiyi sərəncama əsasən, bələdiyyələr əmlak vergisinin yığılmasına dair sakinlərə bildirişlər paylayıblar. Bunun xaricində hər hansı vergidən söhbət gedə bilməz.

İcra nümayəndəsi yaxın zamanlarda kəndin yolunun da təmir olunacağı, əsas yolun asfalt örtüyü ilə döşənəcəyini qeyd etdi. O, bunun üçün smeta sənədlərinin hazırlandığını və aidiyyəti quruma təqdim edildiyini diqqətə çatdırdı.

Əfqanə Əliyeva 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.