Cəmiyyət

Bakının dərdi başqadır

3 İyul 2015 17:07
2 Şərh     Baxış: 1 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan paytaxtında son illər gedən urbanizasiya (şəhərləşmə) prosesi Bakının böyüməsi ilə yanaşı yeni problemlər ortaya çıxarıb. Şəhərdə ictimai nəqliyyat və tıxac problemi olduğu hər kəsə məlumdur. Çoxları düşünür ki, həmin problem şəhərdə maşınların çoxluğu ilə əlaqədardır. Maşın az olarsa, tıxac probleminin də aradan qalxacağını düşünürlər.

Elə o səbəbdən də paytaxtda avtomobillərin hərəkəti ilə bağlı bəzi məhdudiyyətlər qoyulması nəzərdə tutulur.

Bəs doğrudanmı, avtomobillərin şəhərə daxil olmasına məhdudiyyət qoyularsa, problem aradan qalxacaq? Rəsmi rəqəmlərə görə, Azərbaycanda avtomobilləşmə 14% təşkil edir. Qonşu Rusiyada avtomobilləşmə 30%, Avropada isə 70% təşkil etdiyi halda, onlardan qat-qat aşağı avtomobilləşmə səviyyəsi olan Azərbaycanda tıxac problemi bəzən həmin ölkələrdəkindən daha çox olur.

Ekspert Ərşad Hüseynov hesab edir ki, bu cür problemlərin yaranması, əslində, şəhərsalma normalarının kobud şəkildə pozulmasıdır. Onun sözlərinə görə, zamanında məsul qurumlar, bələdiyyələr vətəndaşlara torpaq sahələri satarkən şəhərsalmanın tələblərini kobud şəkildə pozublar. Elə ona görə də, şəhər böyüdükcə problemlər artır. Onun sözlərinə görə, şəhərə daxil olan avtomobillər rayonlardan deyil, Bakı ətrafındakı qəsəbələrdən gəlir. Həmin qəsəbələrin özündə şəhərsalma normaları pozulur.

"Misal üçün, Bakı yaxınlığında yerləşən Masazır qəsəbəsində qeyri-rəsmi məlumatlara görə, 30 minə yaxın adam yaşayır. Bu qədər adamın yaşadığı bir qəsəbədə 1 dənə də normal küçə yoxdur. Masazırın şəhərsalma səviyyəsi Afrikada komalar səviyyəsindədir. Qəsəbədə olan məktəblər və səhiyyə müəssisələri də normal deyil. Ona görə, burnu qanayan da, dişi ağrıyan da Bakıya gəlməli olur. Bundan başqa, işləyən də, orta və ya ali məktəbdə təhsil alanlar da Bakıya gəlirlər", - o əlavə edib.

Ekspertin sözlərinə görə, elə həmin Masazır qəsəbəsində normal marşrut xətləri olmadığı üçün Bakıya gələn insanların əksəriyyəti şəxsi maşınlardan istifadə edirlər. Digər tərəfdən isə, ekspert deyir ki, qəsəbədə marşrut xətlərinin işləməsi üçün normal küçə də yoxdur.

"Dünyanın heç yerində belə şey yoxdur. 30 min adamın yaşadığı bir qəsəbədə normal küçələr olmalıdır. Məsul qurumlar həmin əraziləri elə satıblar ki, küçələr düzgün qurulmayıb. Masazırı nümunə kimi göstərdik. Bakı ətrafındakı bütün ətraf qəsəbələrin vəziyyəti belədir. Novxanı da, Binə də, Qaraçuxur da və başqa bütün ərazilər də", - deyə o əlavə edib.

Teymur Hacıyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.