Cəmiyyət

Nişanlımın yanında niyə döyüldüm?

2 İyul 2015 11:40
27 Şərh     Baxış: 3 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lap çoxdanın söhbətidir. O zaman hələ Gəncədə yaşayırdım və tələbə idim. Yenicə nişanlanmışdım. Nişanlımla şəhərdən, gəzintidən qayıdırdıq. Evə dönərkən doğum günüm olduğu üçün küçədə nişanlım məni öpüb təbrik etdi. Yenicə nişanlanmışdıq və nişanlımın gözündə yenilməz qəhrəmanlardan biriydim. Qaranlıq küçələrin "cəsur qaqaları" haradan çıxdılar, bilmədim. Bir anda yolumuzu kəsdilər. Nişanlı olduğumuzu izah etməyə fürsətim olmadı. Sadəcə barmağımızdakı üzüyü göstərə bildik.  6-7 nəfər "əxlaq keşikçisi" küçənin ortasında, nişanlımın yanında məni necə lazımdır döyüb, qolumu sındırdı. Nişanlımın yanında döyülüb təhqir edildiyim üçün bərk sarsılmışdım. 

Həmin gün, polisə şikayət etməməyim üçün o "qoçaqların" necə yalvarması, üzr istəməsi yadımdan çıxmayıb. Polisə şikayət etməsəm də, o gecəki hadisə heç yadımdan çıxmır. Evləndikdən sonra hərdən bu hadisəni xatırlayıb gülsək də, o "qaqa"ların hərəkəti məni çox incitmişdi. Səmimi deyirəm, nə 6-7 nəfərin məni döyməsi, nə eynəyimin, nə də qolumun sınması vecimə deyildi.  Çünki 6 nəfərə qarşı tək olsam da, pis müdafiə olunmamışdım. O zaman nişanlım qürurla mənim altı nəfərə qarşı necə döyüşməyimdən danışırdı. Mənə ən çox təsir edən "Camaatın anası-bacısı var, bu küçədə tərbiyəsizlik edə bilməzsiniz" cümləsi olmuşdu.  Elə bu cümləyə tərs cavab verdiyim üçün dava başlamışdı və döyülmüşdüm. 

Hazırlıq kursunda müəllim işləyirdim. Məni yerə yıxandan sonra vəhşicəsinə vurub qolumu sındıran cəsur "qaqa"nın universitetdə oxuyan qardaşına dərs deyirdim. İlk gündən tanısam da, özümü o yerə qoymurdum, onu digər tələbələrdən ayırmırdım. Bir gün məni kənara çəkib, o gecəki davanı xatırlatdı. Dəfələrlə üzr istədi. Vicdan əzabı çəkdiyi üçün daha kursa gəlmək istəmirdi. Onu tanısam da, qətiyyən kinli, qisascıl davranmamağım qüruruna toxunmuşdu. Başa saldım ki, mənim üçün o səhifə qapanıb və dərs dediyim tələbədən qisas almaq mənə görə əxlaqsızlığın ən böyüyüdür. Utana-utana qardaşından danışmağa başladı. Narkotiklə tutulduğunu, "içəri"də vəziyyətinin yaxşı olduğunu və mənim yanıma hazırlığa gəldiyini qardaşına çatdırdığını dedi. Məlum məsələ idi ki, adam cahilliyinin, nadanlığının qurbanı olmuşdu və buna da sevinə bilməzdim. Nə qədər cahil olsa da, növbəti görüşlərin birində mənə salam göndərmişdi qardaşı. 

İki il öncə Gəncədə öyrəndim ki, qolumu sındıran "qaqa" indi də Rusiya həbsxanasındadır. Şükür ki, qardaşı onun yolunu getməyib, Almaniyada təhsil almağı, gələcəyini qurmağı bacarmışdı. Dolayısıyla, zəhmətim hədər getməmişdi.

...Hər gün onlarla belə hadisə baş verir böyük şəhərlərimizdə. Hamısının da səbəbi cəhalət, savadsızlıq və səhv tərbiyədir.

Əfsus ki,  bizdə namusu hələ də qurşaqdan aşağı başa düşürlər. Bilirəm, bunu dəfələrlə demişəm, yazmışam. Siz cahilliyinizdə israrlı olduğunuz kimi, mən də bu cəhalətə qarşı mübarizəmdə israrlı olmağa qərar vermişəm, ona görə təkrardan inciməyin. Siz nadanlığınızın hüdudsuzluğundan zövq aldığınız kimi, mən də sizi tənqid etməkdən zövq alıram. Çünki övladlarımın cahillər, nadanlar, kitabsızlar və savadsızlar arasında böyüməsini istəmirəm. Yəqin ki, ürəyinizdən keçir ki, deyəsiniz: "Bəyənmirsən, cəhənnəm ol, get!"  Onu da görməyəcəksiniz. Bu ölkəni cahillərə, nadanlara, kitabsızlara tərk edib getmək planımda yoxdur. Ona görə də, nə qədər çətin olsa da, sizinlə - yəni cahillərlə, beyinsizlərlə, saxta namus keşikçiləri ilə savaşım davam edəcək. 

İyulun ilk günü də cinayət xəbəri ilə başladı. Bakıda sevgilisini öpdüyünə görə günahsız bir gənci qanına qəltan etdilər. Cahillik, yalançı namus təəssübkeşliyi yenə cinayətə səbəb oldu.

Hələ də "camaatın anası-bacısı var", "məhlədəki qız-qadından ayıbdır", "atam, bu məhlədə bir də görünmə" tipli söhbətlər edib mənasız çəkişmələrə, küçə davalarına, qan tökülməsinə, insan ölümünə səbəb olursunuzsa, demək, işıqlı insanların, yazıçıların, maarifçilərin, yüz illərdir sizi kitaba tərəf çəkmək istəyən insanların mübarizəsi boşuna gedib. 

Sizin probleminiz namus deyil. Sizin bir probleminiz var: CƏHALƏT! 

Kitabdan uzaq düşən gəncliyin cibində, avtomobilində bıçaq gəzdirməsi mənə qeyri-adi görünmür. Həyatı boyu bir şeir oxuyub kövrəlməyən qarabaş gədələrin gözünü də qırpmadan adam bıçaqlaması təəccüblü deyil. Bu günə düşməyimizin səbəbi kitabdan, mədəniyyətdən uzaq düşməyimizdir.

Bütün günü tində dayanıb tum çırtlayan, gəlib-keçənə söz atan, oğruları, həbsxanadakı hansısa cinayətkarı "böyük qardaş" adlandıran, "Kurtlar Vadisi"nə baxıb Polad Alemdara oxşamaq istəyən cahil "qaqalar" köhnə məhəllələrin qeyri-rəsmi əxlaq keçikçiləridir. Onlar məhləyə girən, küçədən keçən  "çujoy"ların qənimi, "düzgün söhbətlərin düzgün fətva verəni"dir. Qonşudakı qız-gəlinin namusuna "otveçat" olduqları üçün onlar yaşayan ərazidə artıq-əksik "dvijeniye" eləmək olmaz. İnanmayacaqsınız, amma həyatın hər sahəsində bu cür "cəsur", "ləyaqətli", "cəsarətli" qarabaşlara rast gəlmək mümkündür.

Bir şeyə əminəm. Nə qədər ki təhsilə yox, küçədə özümüzü göstərməyə can atırıq, çox günahsızların qanı axacaq. Cəhalət ən böyük düşmənimizdir. 

Qəribədir, illər keçməsinə baxmayaraq, qolumdakı sınıq çoxdan sağalsa da bu tip xəbərləri eşidəndə sol qolumdakı sınıq yeri o gecədəki kimi sızıldayır...

Cəlil Cavanşir

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.