Cəmiyyət

Akademik Cəlal Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin təqdimatı olub - FOTO

1 İyul 2015 20:53
Baxış: 1 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 1-də "Kempinski Badamdar" otelində dünya şöhrətli alim, ictimai-siyasi xadim, ölkəmizdə biologiya və aqrar elminin görkəmli nümayəndəsi, akademik, əməkdar elm xadimi, "Şərəf" ordenli Cəlal Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, film alimin 85 illik yubileyinə həsr olunmuş "Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013" mövzusunda beynəlxalq konfransın materialları əsasında hazırlanıb.

Dövlət və hökumət nümayəndələrinin, Milli Məclis deputatlarının, tanınmış elm adamlarının iştirak etdikləri tədbir alimin ad gününə həsr olunub.

Tədbirdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru, akademik İradə Hüseynova çıxış edərək Cəlal Əliyevin həyat yolundan və elmi yaradıcılığından geniş söz açıb.

Bildirilib ki, Cəlal Əliyev Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı, bu sahənin inkişafında mühüm xidmətləri olan alimlərdəndir. Onlarla monoqrafiyanın, kitab və elmi məqalənin müəllifi olan alimin uğurlu elmi yaradıcılığının əhəmiyyətli hissəsi ölkəmizdə taxılçılığın inkişafına yönəlib. Akademikin fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Akademik Cəlal Əliyev elmi tədqiqatlarını 1951-ci ildən bu günədək Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası və 1971-ci ildən paralel olaraq AMEA-nın Botanika İnstitutunda yaratdığı məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbələrində aparır.

Qeyd olunub ki, akademikin fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. O, hələ ötən əsrin 70-ci illərindən başlayaraq buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparıb. Bununla da, akademik Cəlal Əliyev tərəfindən Azərbaycanda biologiya sahəsinə tədqiqatları inkişaf etdirməklə molekulyar biologiyanın, gen biotexnologiyasının inkişafının əsası qoyulub. Onun rəhbərliyi altında aparılan molekulyar tədqiqatlar əsasında buğda bitkisinin genom kitabxanası yaradılıb, sintez olunan plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan bitki regenerantları alınıb. Bunun əsasında gen mühəndisliyindən istifadə edilməklə kənd təsərrüfatı bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanıb.

Tədbirdə akademik Cəlal Əliyevə həsr edilmiş filmin rejissoru, əməkdar incəsənət xadimi Cahangir Zeynallı ekran əsərinin ərsəyə gəlməsindən danışıb. Bildirib ki, filmdə tanınmış alimlərlə yanaşı, Cəlal Əliyevin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən tələbələrinin də dəyərli fikirləri yer alıb. Ekran əsəri Avstraliya, İngiltərə, Koreya Respublikası və ABŞ-da lentə alınıb. Film alimin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın materialları əsasında hazırlanıb.

Qeyd edilib ki, bu konfransda dünyanın 37 ölkəsindən 300-dən çox mütəxəssis iştirak edib.

Sonra film nümayiş olunub. Ekran əsərində Cəlal Əliyevin tükənməz enerjisindən, əbədiyaşar elmi irsindən, biologiya elminə verdiyi əvəzsiz töhfələrdən bəhs olunub. Film böyük maraqla qarşılanıb.

Filmdə böyük alimin fəaliyyətinin geniş şəkildə işıqlandırıldığını deyən AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alim Cəlal Əliyevlə bağlı fikirlərini söyləyib.

Hazırda AMEA-nın 70 illik yubileyinin keçirilməsinə hazırlaşdıqlarını deyən A.Əlizadə vurğulayıb ki, akademiyanın bir elm məbədi kimi şöhrətlənməsində akademik Cəlal Əliyevin xidmətləri danılmazdır. O, elmi məktəb yaradan alimlərdəndir. Bu xoşbəxtlik heç də hamıya nəsib olmur.

Diqqətə çatdırılıb ki, Cəlal Əliyev hələ keçmiş sovetlər dövründə nüfuzlu beynəlxalq tədbirlərdə iştirak edərək ən son yenilikləri öz elmi axtarışlarında tətbiq edib. Məhz onun səyi nəticəsində ölkəmizdə fotosintez sahəsində böyük uğurlara imza atılıb.

AMEA-nın prezidenti Akif Əlizadə akademik Cəlal Əliyevin yüksək insani keyfiyyətlərindən də geniş söhbət açıb.

Görkəmli alim Cəlal Əliyevin Azərbaycan elminin dünyada tanınması istiqamətində gördüyü işlərdən danışan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, o, öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürməyi bacaran xoşbəxt alimlərdəndir.

Akademik Əli Abbasov deyib: "Arzumuz şöhrətli alimimiz Cəlal Əliyevin 90 illik yubileyini beynəlxalq elmi konfrans səviyyəsində keçirməkdir".

Azərbaycan Tibb Universitetinin  rektoru, akademik Əhliman Əmiraslanov bildirib ki, Cəlal Əliyev elmə təsadüfən gələn, öz şəxsi maraqlarını hər şeydən üstün tutan insanlara qarşı hər zaman barışmaz olub. O, çox ədalətli bir insan, sözün əsl mənasında istedadlı gənclərə yol göstərən mayakdır.

Akademik Əhliman Əmiraslanov görkəmli alim Cəlal Əliyev haqqında çəkiləcək növbəti filmdə bu elm fədaisinin AMEA-nın inkişafındakı xidmətlərinə də nəzər salınmasını təklif edib.

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov da akademik Cəlal Əliyevlə bağlı fikirlərini bölüşüb. Onun Azərbaycan elminin inkişafı naminə yorulmaz fəaliyyətindən, elmi yeniliklərinin dünyada maraqla qarşılanmasından söz açıb.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov vurğulayıb ki, görkəmli alim Cəlal Əliyev biologiya elmində böyük bir məktəb yaradıb, onun təşəbbüsü ilə 250-dən çox elmlər namizədi və elmlər doktoru hazırlanıb. Onlardan 80 nəfərinin elmi rəhbəri şəxsən Cəlal Əliyev özü olub. Hazırda görkəmli alimin yetirmələri dünyanın bir sıra ölkələrində müvəffəqiyyətlə çalışırlar. Onun elmi fəaliyyətini dərindən öyrənən Rusiya, Ukrayna, Belarus Kənd Təsərrüfatı Elmləri akademiyaları Cəlal Əliyevi fəxri üzv seçiblər.

Mərasimdə Cəlal Əliyevin tələbəsi, ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev çıxış edərək iştirakçılara minnətdarlığını bildirib və əziz müəllimini ad günü münasibətilə bütün tələbələri adından təbrik edib.

Tədbir çərçivəsində "Azərbaycanda yayılan fitoplazmaların genetik müxtəlifliyi" adlı kitabın təqdimatı olub.

Kitabın elmi redaktoru, AMEA-nın müxbir üzvi Validə Əlizadə nəşrin elmi əhəmiyyətindən söz açıb.

Akademik Akif Əlizadə tədbirə yekun vuraraq görkəmli alim Cəlal Əliyevin 90 illik yubileyinin daha geniş şəkildə qeyd olunacağını vurğulayıb.ə

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.