Cəmiyyət

Azərbaycan və BMT arasında müqavilə imzalandı

30 İyun 2015 20:04
Baxış: 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda Azərbaycan hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında "Kənd ərazilərində yaşayan qadınların kəndin davamlı inkişafının sosial-iqtisadi və gender aspektləri üzrə imkanlarının artırılmasına dəstək" layihəsi ilə bağlı müqavilə imzalanıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, layihə sənədini Azərbaycan tərəfindən kənd təsərrüfatı naziri Heydər Əsədov, FAO tərəfindən Azərbaycan üzrə nümayəndə Mustafa İmir imzalayıb.

FAO-Türkiyə Əməkdaşlıq Proqramı çərçivəsində maliyyələşən və Azərbaycanda və Türkiyədə həyata keçiriləcək bu layihənin əsas məqsədi təbii sərvətlərin düzgün və vahid şəkildə idarə edilməsinin təmin olunması və kənd ərazilərində yaşayan qadınların ehtiyaclarına xidmət etməklə seçilmiş pilot ərazilərdə yaşayan kənd qadınlarının imkanlarının artırılmasından ibarətdir. Türkiyə və Azərbaycan qonşu və qardaş ölkələrdir, hökumət və özəl sektorun müxtəlif sahələrində yaxşı münasibətlərə və əməkdaşlığa malikdirlər. Hazırkı layihə, həmçinin iki ölkə arasında bu münasibətlərin və əməkdaşlığın səmərəliliyinin daha da artırılmasına öz töhfəsini verəcək.

Layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin kənd qadınları üçün təlim və məsləhət xidmətlərinin göstərilməsi ilə əlaqədar imkanların artırılması, hər iki ölkənin pilot əyalətlərində yaşayan kənd qadınları üçün ehtiyaclara uyğun təlimlərin keçirilməsi vasitəsilə onların potensialının yüksəldilməsi, Türkiyə və Azərbaycan Kənd Təsərrüfatı nazirlikləri arasında əlaqələrin gücləndirilməsi, ən yaxşı təcrübələrin mübadiləsinin aparılması, o cümlədən aparıcı qadın fermerlərin bu ölkələrə qarşılıqlı tanışlıq səfəri, layihə və onun nəticələri barədə ictimaiyyətin məlumatlandırılması kimi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

İmzalanma mərasimi zamanı FAO ilə Azərbaycan hökuməti arasında yaradılmış uğurlu əməkdaşlıq əlaqələri, təşkilat tərəfindən Azərbaycanda həyata keçirilən proqram və layihələrin ölkədə kənd təsərrüfatı sektorunun modernləşdirilməsi və davamlı inkişafında verdiyi töhfələr ətrafında müzakirələr aparılıb, əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.