Cəmiyyət

Oyunların həyatımıza təsiri

30 İyun 2015 18:58
0 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Psixoloqların fikrincə, oyunlar sağlamlıq, intellektual və sosial inkişaf, yüksək əhval-ruhiyyə üçün vacibdir.

Psixoloq Jalə Həmidlinin sözlərinə görə, oyunlar növündən asılı olaraq insanları həyəcanlandırır, əyləndirir, düşündürür: "Maraqlı oyun insanı özünə o qədər cəlb edir ki, problemləri də unutdurur. Müntəzəm oyunlarla oynayan adamlar başqalarına nisbətən daha yaradıcı düşünür, problemlərdən çıxış yolunu asan tapırlar".

Həmidli bildirib ki, istənilən iş prosesini oyuna çevirməklə ondan yorulmamaq və zövq almaq mümkündür: "Uşaqlara fikir versək, onlar bütün günü oynamaq istəyirlər. Oyunlar onların həm intellektual, həm də fiziki inkişafı üçün çox vacibdir. Uşaqların beyninin tez inkişafı üçün oyunlara ehtiyacları var. Böyüklərin beyni artıq uşaqlardakı kimi tez-tez inkişaf etmir. Ona görə də uşaqlardakı kimi oyun oynamağa həvəsləri güclü deyil. Böyüklər uzun müddət oyun oynamadan yaşaya bilər. Oyun oynamadığı üçün özündə nəzərə çarpacaq çatışmazlıqlar hiss etməz. Uşaqlar isə oynamadıqda özlərini çox pis hiss edirlər. Az hərəkətdə olduqları üçün tez-tez xəstələnirlər. İntellektual cəhətdən zəif inkişaf edir, əhvalları pis olur, çox vaxt ağlayırlar".

Uşaqlar üçün oyunlar əvəzsiz olsa da, böyüklərin də sağlamlığına müsbət təsiri var. Oyun oynamaq böyüklərin də əhvalını yüksəldir. Oyunlar zamanı böyüklər özləri haqda bilmədiklərini də öyrənirlər. Belə ki, oyun zamanı qalib gəlmək istəyi insanı özünün yaratdığı onu qoruyan çərçivədən çıxarır və xasiyyətin gizli qalan tərəflərini aşkarlayır. Oyun zamanı insan zövq aldığı üçün hər şeyə daha optimist yanaşır. Oyun oynamağa alışan insanlar oynamadıqda əhvalları aşağı düşür. Həyatdan zövq ala bilmədiklərini hiss etməyə başlayır.

Psixoloqun dediyinə görə, oyunlar şəxsi münasibətlərin möhkəmlənməsinə də müsbət təsir göstərir: "Oyun oynayarkən risklə üzləşən cütlüklərin sevgi hissi daha da alovlanır. Oyunlar hər iki tərəfi bir-birinə yaxınlaşdırır. Udmaq istəyi və uduzmaq qorxusu özünü cilovlamaq hissinə qalib gəlir. Oyun zamanı hər iki tərəf əyləndiyi və daha sərbəst olduğu üçün bir-birini yaxşı tanıya bilir. Görüşlərdə sevən cütlüklər əyləncə mərkəzlərində müxtəlif attraksionlarda oyun oynayır. Bu da vaxtı daha əyləncəli keçirməyə şərait yaradır. Hər iki tərəfin əhvalı yüksək olduğu üçün bir-birinə qarşı müsbət emosiyalar hiss etməyə başlayır. Əgər oyunlar, əyləncəli xarakterli görüşlər olmasa, tərəflər bir-birindən yorula bilər".

Müsahibimiz qeyd edib ki, insanlar tez-tez həyatlarında eyni hadisələrin baş verməsindən, məişət problemlərinin çoxluğundan şikayətlənirlər: "Oyunlar gündəlik həyatı fərqləndirir. Problemləri unutmağa, bunun da sayəsində normal həyat tərzi sürməyə, fikrini işinə və şəxsi həyata yönəltməyə kömək edir".

Çox vaxt böyüklər oyunlara sərf olunan vaxtı hədər keçmiş kimi qəbul edir. Oyun oynamaqdan imtina edirlər. Əslində isə oyunlar insanı daha enerjili edir. Fəal, açıq havada oynanılan oyunlar sağlamlığımıza müsbət təsir göstərməklə yanaşı, bizi daha gümrah edir. Fiziki fəal olduğumuz oyunlar sayəsində beyin dincəlir.

Həmidlinin dediyinə görə, oyunları uşaqlara xas məşğuliyyət kimi qəbul edib oynamaqdan utananlar da var: "Əsasən qapalı insanların oyunlara həvəsi olmur. Lakin oyunlar qapalılığı aradan götürmək üçün yaxşı vasitədir. Oyunda şəxs başqaları ilə ünsiyyət qurmalı, oyunun qaydalarına görə müəyyən tapşırıqları yerinə yetirməli olur. Bu da qapalılığı qismən də olsa aradan götürməyə kömək edir".

Hər bir ailə üçün birgə oyun oynamaq vacibdir. Yaxşı olar ki, evdə müxtəlif stolüstü oyunlar olsun. Şahmat, nərd, dama, domino kimi stolüstü oyunlar gündəlik həyata rəng qatar. Belə oyunları oynamaq üçün harasa getmir, çətin hazırlıq prosesi görərək özünü yormursan. Stolüstü oyunlar əlçatan yerdə və göz qabağında olmaldır ki, yaddan çıxmasın.

Psixoloq bildirib ki, oyunlar ailədaxili münasibətləri də qaydasına salır. Müasir zamanda virtual ünsiyyətin geniş yayılması ilə canlı ünsiyyət azalmağa başlayıb. Ailə üzvləri bir-biri ilə az ünsiyyətdə olurlar. Müxtəlif stolüstü intellektual oyunlar ailə üzvləri arasında maraqlı ünsiyyəti formalaşdırır. Oyun zamanı bir neçə adam iştirak etdiyi üçün ailəyə birgə oynamağa, asudə vaxtlarını maraqlı keçirir. Uşaqlar oyun zamanı səbirli olmağı, bir-birinə güzəştə getməyi, mübarizə aparmağı öyrənir. Ən əsası ailə üzvləri şəxsi problemlərini oyunlarda olduğu kimi birgə həll etməyə alışır.

Ekspress.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.