Cəmiyyət

Havaya həssas olanlar

30 İyun 2015 20:15
0 Şərh     Baxış: 8 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava şəraiti ilə əlaqədar proqnozlar ümumi olaraq insanların qarşıdakı vaxt üçün hazırlıqlı olması cəhətdən önəmlidir. Amma bu hava proqnozlarında ara-sıra rast gəldiyimiz xəbərdarlıqlar da olur. Bu xəbərdarlıqlar isə meteohəssas insanları diqqətli olmağa səsləyir. Bu cür məlumatlarda bildirilir ki, meteohəssas insanlar həmin gün açıq havada olmasınlar. Əks təqdirdə sağlamlıqlarında müəyyən problemlər yarana bilər.

Belə xəbərdarlıqları eşidənlərdə isə: "Bu xəbər nə dərəcədə mənə aiddir?", "Meteohəssas insanlar dedikdə kimləri nəzərdə tuturlar?", "Meteohəssas insanlar üçün əks göstəriş olan hava durumu hansıdır?", "Bu cür hava şəraitində nə etməli?" - kimi suallar yaranır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirdi ki, küləyin güclənməsi, atmosfer təzyiqinin düşüb-qalxması meteohəssas insanlarda problemlər yarada bilir: "İyun ayında havanın temperaturu paytaxtda 32-37 dərəcə arasında dəyişib. Günəşli, yağmursuz, sakit hava şəraiti müşahidə olunur. Günün bəzi saatlarında rütubətliliyin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq yaradır. Belə hallarda uzun müddət günəş altında olmaq məsləhət deyil. Əgər şimal və ya cənub küləyinin güclənməsi müşahidə olunarsa, atmosfer təzyiqində tərəddüdlü qalxıb-enmələr olarsa, meteohəssas insanlarda narahatlıq hissi yaranır".

Bu problem hər fəsildə var

G.Məmmədovanın sözlərinə görə, hər bir fəsildə meteohəssas insanlar üçün əks göstərişli hava şəraiti ola bilər: "Yay aylarında güclü küləkli hava şəraiti nadir hallarda müşahidə olunsa da, gündüz saatlarında rütubətliliyin bir qədər çox olması, boğunuq hava şəraiti meteohəssas insanlar üçün əks göstərişli hava şəraiti kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, günəş şüalarının altında uzun müddət açıq havada qalmaq da məsləhətli deyil. Başqa fəsillərə də nəzər salsaq, görərik ki, daha çox küləkli hava şəraiti müşahidə olunur. Küləkli hava şəraitində təzyiqin yüksəlməsi, eləcə də cənub küləklərində təzyiqin xeyli aşağı enməsi meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti kimi qiymətləndirilə bilər".

Meteohəssas insanlar proqnozlar barədə məlumatlı olmalıdırlar

G.Məmmədova deyir ki, meteohəssas insanlar üçün əlverişsiz olan hava şəraiti ilə bağlı məlumatlar öncədən əhaliyə çatdırılır. Meteohəssas insanlar bu cür məlumatları mütəmadi olaraq əldə edib, hava şəraitinə uyğun hərəkət etməlidirlər: "Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq tibbi meteoroloji proqnozlar hazırlanır və mütəmadi olaraq əhaliyə çatdırılır. Hava şəraitinin dəyişməsi meteohəssas insanlara təsir etdiyi üçün həmin insanlar hava şəraitindəki dəyişikliklərlə bağlı mütəmadi olaraq məlumatlanırlar. Əsasən hava şəraitindən, küləyin güclənməsindən, atmosfer təzyiqinin tərəddüdlərindən asılı olaraq meteohəssas insanlarda problemlər yarana bilir. Hava şəraitində baş verən dəyişiklikləri, meteohəssas insanlar üçün əks göstərişli vaxtları öyrənib həmin günlərdə ehtiyatlı olmalıdırlar".

Günəş şüalarının artması, atmosfer təzyiqinin dəyişməsi...

Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova meteohəssas insanlar haqda danışaraq, hansı xəstəlikləri olanların risk qrupuna daxil olduğu haqda məlumat verdi. Bildirdi ki, günəş şüalarının intensivliyinin artması, atmosfer təzyiqinin dəyişməsi, havanın nəmliyində olan dəyişikliklər meteohəssas insanlara mənfi təsir göstərir. Meteohəssas insanlar isə belə havalarda adi adamlardan çox narahatlıq keçirirlər: "Meteohəssas insanlar dedikdə əsasən ürək-damar sistemində problemi, xroniki xəstəlikləri olanlar və s. nəzərdə tutulur. Havanın dəyişkənliyi ilə əhvalında dəyişiklik olan insanlar da bu qrupa aiddir. Hətta bu qrupa aid olan elə insanlar var ki, "qış nevrozu" deyilən xəstəliyə tutulurlar. Günəş şüası görünən zaman avtomatik olaraq onlar heç bir dərman qəbul etmədən düşdükləri situasiyadan çıxmış olurlar. Bu da öz-özlüyündə hava durumu ilə əlaqədar meteohəssaslıqdır. Onların əhval-ruhiyyəsi bir növ günəşin istisindən asılı olur".

Dünya əhalisinin 75 faizdən çoxu metohəssasdır

Ş.Namazova bu gün bir çox insanların özlərini meteohəssas adlandırmasına da münasibət bildirdi. O deyir ki, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünya əhalisinin 75 faizdən çoxu meteohəssas insanlar qrupuna aiddir: "Bu insanlar havada və iqlimdə baş verən dəyişikliyi, yaxud hansısa maqnit dalğasının baş verməsini digər insanlara nisbətən daha tez hiss edirlər. Həmin günlərdə sağlamlıqlarında olan problem daha ağır və intensiv xarakter alır. Bu cür insanlar maqnit qasırğası olmamışdan öncə bunu sağlamlıqlarında müəyyən qədər hiss etməyə başlayırlar. Qan təzyiqi yuxarı olan xəstələrdə təzyiqin qalxması, həmin gün baş ağrısı, ürəkbulanma, ürəklə bağlı hər hansı bir xroniki xəstəlik keçirmiş xəstələrdə ürəkdə ağrılar, təngnəfəsliyin artması, tənəffüs yollarının xəstəlikləri daha qabarıq olur. Bundan başqa, bronxial astması və ya allergik mənşəli bronxitləri olan insanlar da bu cür havaları daha tez hiss edirlər. Belə havada digər insanlardan fərqli olaraq onlarda müəyyən qədər narahatçılıqlar olur. Biz həmin şəxslərə məsləhət görürük ki, onlar üçün əks göstəriş olan günlərdə açıq havada olmasınlar".

Evdən çıxmağa məcbur olanlar dərmanlarını unutmasın

Ş.Namazova deyir ki, əgər meteohəssas insanlar onlar üçün əks göstəriş olan günlərdə açıq havaya çıxmağa məcburdurlarsa, hər zaman istifadə etdikləri dərmanlar yanlarında olmalıdır: "Bəzən olur ki, insanlar bu cür havadan xəbərdar olsalar da, hər hansısa iş səbəbindən evdən çıxmağa məcbur olurlar. Belə zamanlarda dərmanları götürməyi unutmasınlar. Hava şəraiti elədir ki, bunu dəyişməyə nə insanların, nə də həkimlərin gücü yetir. Buna görə də biz meteohəssas insanlara həmin günlərdə diqqətli olmağı məsləhət görürük. Onlar da bunu nəzərə alsınlar. Dərmanlardan istifadə etməklə qorunmağa çalışmalıdırlar. Bəzən isə elə olur ki, dərmana ehtiyacı olmayan simptomlar baş qaldırır. Meteohəssas insanlar problemlərini bildikdə və bu cür havanın onların sağlamlıqları üçün təhlükləri olduğunu öyrəndiklərində psixoloji olaraq daha çox ziyan görürlər".

Ş.Namazova onu da bildirdi ki, meteohəssas insanlar üçün yaş qrupunun fərqi olmasa da, adətən uşaqlarda belə problem hiss olunmur. Yalnız günəşə qarşı allergiyası olan uşaqlarda hər hansı problem yarana bilər.

Proqnozlar insanlara psixoloji olaraq təsir edir

Psixoloq Vəfa Rəşidova deyir ki, başqasının narahatçılığını özlərinə yaxın buraxan və qarşı tərəfdəki problemi tezliklə özlərində hiss edən insanlar var. Belə insanın yanında "başım ağrıyır" desələr, 10-15 dəqiqə sonra bu problem onlarda da yaranmağa başlayır. Bu da insanların psixoloji vəziyyətləri ilə bağlıdır. Eynilə də havanın sağlamlıq üçün müəyyən problemlər yarada biləcəyi ilə bağlı verilən proqnozlar da psixoloji olaraq insanlara təsir edir: "Bu cür hava şəraitində əhalinin ehtiyatlı davranması üçün mətbuatda, televiziyada elanlar verilir. Nevrozlara, depressiv insanlara, başqalarının narahatçılıqlarını özlərinə tez çəkənlərə hava tez təsir edə bilir. Çünki onlar həmin düşüncə ilə yaşayırlar və problemi özlərinə çəkirlər. Düşüncələrinin 80 faiz hissəsini buna yönləndirirlər. Beyin də elə bir şeydir ki, hansı fikri daha çox böyüdürsənsə, o, enerji olaraq insana qayıdır. Pozitiv düşünəndə xoş, neqativ düşünəndə isə mənfi hadisələrlə üzləşirsən".

Əgər problem olacağını düşünməsələr...

Psixoloq deyir ki, hava şəraitinin onlar üçün uyğun olmadığını düşünənlər pis təsirlərin də qaçılmaz olduğunu qəbul edirlər. Bu cür fikirlərlə isə onlar özlərinə və psixologiyalarına ziyan vurmuş olurlar: "Bəzi hallarda insanlar həmin gün havanın onlar üçün əks göstəriş olduğunu bilməsələr, o qədər ziyan görməzlər. Əgər hava şəraiti ona 10 faiz təsir edəcəkdisə, psixoloji olaraq bu, 50 faiz artır. Bəzən belə havalarda özlərini narahat hiss etdiklərini deyirlər, təzyiqlərinin çox olduğunu bildirirlər. Təzyiqi ölçdükdə isə normal olur. Bu da o deməkdir ki, insan psixoloji olaraq özünü bu fikrə yönəldir və yükləyir".

Kaspi.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.