Cəmiyyət

İqtisadçı ekspert: "Ölkəmiz müstəqillik tarıxındə heç zaman qısa müddətdə bu qədər çoxlu turist cəlb etməmişdi"

30 İyun 2015 17:47
Baxış: 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan I Avropa Oyunları kimi möhtəşəm bir idman yarışlarının ev sahiblik etdi. Cəmi iki il yarım öncə ölkəmiz bu möhtəşəm oyunların təşkilinə başlayanda Avropa bəzi dairələr gənc dövlətin qısa zamanda bu işin öhdəsindən gələcəyini inanmasalar da, Azərbaycan əksər ölkələrin edə bilməyəcəyini reallaşdırdı: qısa zamanda nəinki qədim qitəni, bütövlükdə bütün dünyanı heyran edəcək möhtəşəm yarışlar üçün infrastruktur və real baza formalaşdırdı".

Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov Milli.Az-a açıqlamasında ilk Avropa Oyunlarının ölkəmiz üçün iqtisadi səmərəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz iqtisadiyyatının 75 faizindən çoxuna sahib olan Azərbaycanının Avropada ilk dəfə olaraq bu oyunlara ev sahibliyi etməsi və qitə tarixində yeni mərhələnin əsasını qoyması məhz onun iqtisadi və siyasi gücünün sintezi nəticəsində baş verdi.

"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və şəxsi təşəbbüsü ilə reallaşan bu möhtəşəm yarışların kifayət qədər uğurlu təşkil edilməsinin əsas səbəbi məhz hazırlıq və eləcə də yarışların təşkili işinə məhz Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərlik etməsi idi. Azərbaycan prezidentinin və onun xanımının idman yarışlarında milli komandamızın yanında olması, onlara dəstək verməsi məhz birinci Avropa Oyunlarında əldə etdiyimiz uğurların təməlini formalaşdırdı. Yarışlardan əvvəl və oyunlar müddətində müxtəlif daxili və xarici qərəzli qara "piar" kampaniyalarının aparılmasına baxmayaraq Azərbaycan xalqınının həmişəki kimi cənab prezidentin təşəbbüsünü tamamilə dəstəkləməsi və müdafiə etməsi bu möhtəşəm oyunlarının uğurunun digər səbəbi idi. Siyasi iradə, mükəmməl təşkilatçılıq, xalqın dəstəyi və təbii ki, güclü iqtisadiyyat məhz bu uğur zəncirinin əsas tərəfləri idi", - deyə o vurğulayıb.

İqtisadçı ekspert təəssüf hissi ilə bildirir ki, bu yarışların iqtisadi əhəmiyyətini qiymətləndirən zaman bəzi hallarda, sadəcə, xərcləri cari gəlirlər ilə müqayisə edilirdi. O hesab edir ki, I Avropa Oyunları Azərbaycan üçün iqtisadi baxımdan çox rentabelli oldu.

"Bu Oyunların iqtisadi qiymətləndirməsini aparsaq, I Avropa Oyunları Azərbaycan üçün cari və strateji gəlirlər demək idi. Belə möhtəşəm idman yarışlarının iqtisadi əhəmiyyəti heç bir halda oyunların təşkil oldunduğu və artıq geridə qalan müddət ilə məhdudlaşdırılmamalıdır. Bu təşəbbüs iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatının layihədən uzun müddət faydalanmasına imkan verəcək. Bizim apardığımız iqtisadi qiymətləndirmə göstərir ki, cari və strateji gəlirlər də nəzərə alınmaqla bu təşəbbüs tamamilə rentabelli bir proqram oldu", - ekspert əlavə edib.

Vüqar Bayramov hesab edir ki, artıq geridə qalan möhtəşəm idman yarışlarına yalnız geosiyasi deyil, eyni zamanda iqtisadi bir təşəbbüs kimi baxılmalıdır. Birinci Avropa Oyunlarının iqtisadi faydalılığını hiss etmək üçün heç də uzun müddət gözləmək lazım gəlmədi. Məhz yarışların keçirildiyi müddətdə kiçik və orta sahibkarlıq daxil olmaqla ölkə iqtisadiyyatının fərqli seqmentləri məhz bu faydalılığı hiss etdilər.

"Regional və qlobal yarışları təşkil edən zaman hər bir dövlət çalışır ki, daha çox turist cəlb etməklə iqtisadiyyatına sərmayə axınını genişləndirsin. Hər zaman xarici kapitala əlverişli biznes mühiti formalaşdıran ölkəmiz birinci Avropa Oyunları zamanı da öz imkanlarını xaricilərə bir daha tanıtdı. Etiraf etmək lazımdır ki, ölkəmiz müstəqillik tarixində heç zaman qısa müddətdə bu qədər çoxlu turist cəlb etməmişdi. Əslində, turizm sektoru Avropa oyunlarının keçirilməsindən öncə də bu möhtəşəm yarışların təşkilindən ən çox qazanan sahə kimi qiymətləndirilirdi. Turizm üçün sözügedən oyunların təşkil edilməsi həm cari, həm də strateji baxımdan əlverilşli oldu. Əvvəlla, I Avropa Oyunları keçirilən müddətdə xeyli sayda turist ölkəmizə səfər etdi. Turistlərin sayının çox olması məhz qərəzli qara "piar" kampaniyalarına baxmayaraq xaricdə də sözügedən oyunlara marağın yüksək olmasını göstərdi. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. Avropa oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, bu, o deməkdir ki, oyunlar keçirilən hər bir turist ölkə iqtisadiyyatına 2000 dollardan artıq sərmayə yönəltdi. Bu isə o deməkdir ki, turizm sektoru oyunların keçirilməsindən birbaşa gəlir əldə edə bildi. Gəlirlər, təbii ki, heç də turizm şirkətləri, hotellər ilə tamamlanmadı, daha geniş miqyası əhatə etdi. Bizim apardığımız monitorinqlər göstərdi ki, ölkəmizə gələn turistlər, sadəcə, paytaxtda deyil, eyni zamanda bölgələrə də səfər edərək bütövlükdə ölkə iqtisadiyyatına töhvə verdilər. İkincisi, turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazandı. Ölkəyə gələn turist müxtəlif xidmətlərdən faydalandı və bu da həmin sahələrə əlavə sərmayənin yönəldilməsi deməkdir.
Üçüncüsü, I Avropa Oyunlarını təşkil etməklə ölkəmizi daha yaxından tanıda bildik. Turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə əsas yaradır. Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq. Turizm sektorunun priortitet olduğunu nəzərə aldıqda sözügedən sahə belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə taktiki və starteji gəlirlər əldə edə bildi", - deyə ekspert əlavə edib.

İqtisadçı Vüqar Bayramov oyunlardan öncə ən çox müzakirə edilən məsələlərdən biri - I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin manata olan tələbə necə təsir göstərməsi barədə də fikirlərini bildirib.

"Qitədə ilk dəfə təşkil edilən bu oyunlar milli valyutaya tələbin artmasına səbəb oldu. Azərbaycana gələn xaricilər özləri ilə xarici valyuta gətirdilər. Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb oldu.  Bu isə Avropa oyunlarının ölkəmizdə təşkil edilməsinin maliyyə stabilliyinin möhkəmləndirilməsinə töhvə verməsi kimi qiymətləndirilməlidir. Avropa oyunları keçirilən müddətdə apardığımız monitorinqlər göstərdi ki, bütün valyuta dəyişmə məntəqələrində xarici valyuta bolluğu yaranıb. Bu isə bilavastə möhtəşəm oyunların təşkili nəticəsində ölkəmizə daxil olan valyutanın həcminin artması ilə əlaqədar idi. Ölkəyə gələn turist öz vəsaitini milli valyutaya çevirdilər və valyuta bolluğu formalaşdı. Qlobal və regional iqtisadiyyatda baş verənlər fonunda xarici valyuta təklifinin artması olduqca vacib idi. Nəticədə, dövlət rezervlərinin milli valyutanın stabilliyini qorumaq üçün xərclənməsi səviyyəsi azalır və dövlət ehtiyatlarının artmasına zəmin yaranır", - o vurğulayıb.

İqtisadçı hesab edir ki, belə bir tədbirin ölkəmizdə keçirilməsindən udan tərəflərdən biri də kiçik və orta sahibkarlıq oldu. I Avropa Oyunları turistlərin ölkəmizə gəlməsi səbəbindən müxtəlif xidmətlərə tələb formalaşdırdı. Ölkəyə gələn turistlər çox fərqli xidmətlərdən istifadə etdilər.

"Aydındır ki, bu xidmətlərin əksəriyyəti kiçik və orta sahibkarlıq subyektləri tərəfindən təklif edilir. Çoxlu sayda turistlərin ölkəmizə gəlməsi kafe və restoranlar daxil olmaqla çox fərqli xidmətlərdən istifadə edənlərin sayının artmasına səbəb oldu. Apardığımız monitorinqlər göstərdi ki, turistlərin oyunlar keçirildiyi müddətdə həyata keçirəcəyi sərmayənin böyük qismi məhz kiçik və orta sahibkarların faydalanmasına yönəldi", - ekspert qeyd edib.

İqtisadçı kiçik və orta sahibkarlar, fərdi iş adamları arasında sorğu keçirdiklərini də söyləyib və bildirib ki, birinci Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi onların gəlirlərinin artmasına səbəb olub: "Xidmətə tələb artıb və bu da ümumi dövriyyənin yüksəlməsinə gətirib çıxarıb. Təbii ki, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan üçün əsas prioritet istiqamət olduğu üçün bu möhtəşəm oyunların təşkilinin əsas iqtisadi hədəflərindən biri məhz bu sektora dəstək idi. Suvener istehsalı və satışı daxil olmaqla çox fərqli məhsulların və xidmətlərin satışını həyata keçirən fərdi sahibkarlar məhz bu oyunların təşkilindən gəlir əldə edən iş adamları oldular".

Onun sözlərinə görə, tək paytaxtda deyil, regionlarda yerləşən və fəaliyyət göstərən kiçik sahibkarlıq subyektləri də oyunların ölkəmizdə təşkilindən gəlir əldə edə bildilər. Gələn tursitlərin bir qisminin regionlara səfər etməsi məhz bu imkanın reallaşmasına  imkan verdi. Praktik olaraq, birinci Arvopa Oyunları kiçik və orta sahibkarlar üçün həm cari, həm də strateji faydalılıq demək oldu. Strateji baxımdan da sahibkarlıq bu oyunların təşkilindən faydalanmaq imkanı əldə etdi.

"Əslində, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin iqtisadi əhəmiyyəti də ondan ibarət idi ki, indi formalaşan infrastruktur sonradan başqa möhtəşəm idman yarışlarının cüzi xərclə təşkil edilməsinə və strateji baxımdan Azərbaycanın ciddi gəlirlər əldə etməsinə imkan yaradacaq. Azərbaycan Formula-1, İslam Həmrəylik Oyunları, Futbol üzrə Avropa çempionatının yarımfinal oyunları kimi ciddi və möhtəşəm yarışları təşkil edəcək. Bu isə o deməkdir ki, artıq inkişaf etmiş infrastruktur bizə imkan verəcək ki, həmin yarışların təşkilindən faydalana bilək. Sözügedən yarışların təşkili ölkəmizə yenidən çoxlu sayda tursitlərin gəlməsi deməkdir. Deməli, iqtisadiyyatın müxtəlif sahələri faydalana biləcək. Vətəndaşlarımız bu oyunların təşkilindən iqtisadi fayda əldə edəcəklər. Bu isə o deməkdir ki, ölkəmiz İ Avropa Oyunlarının keçirməklə, əslində, strateji baxımdan Azərbaycana yaxın gələcəkdə ciddi gəlirlər vəd edən təşəbbüsü reallaşdırır. Digər tərəfdən, inkişaf etmiş infrastruktura malik olmaq ölkəmizin rəqabət qabliyyətini artırır və bu da sərmayə qoyuluşların çoxalması baxımdan vacibdir", - deyə o qeyd edib.

Ekspert deyir ki, Avropa oyunlarının ölkəmizdə təşkil edilməsi Azərbaycanın makro-iqtisadi göstəricilərinin, o cümlədən makro-iqtisadi dayanıqlı stabilliyin qorunmasına birbaşa təsiri oldu.

"Əvvəlla, sözügedən oyunların təşkili nəticəsində müxtəlif makro və mikro göstəricilərin daha da yaxşılaşması makro-stabillik baxımdan olduqca vacibdir. Aydındır ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün müxtəlif sub-sektorların bu təşəbbüslər vasitəsi ilə dəstəklənməsi olduqca vacibdir. Üçüncüsü, mövcud infrastrukturun inkişafı, eyni zamanda xarici sərmayələrin cəlb edilməsi və investisiya baxımından vacibdir.
Bu möhtəşəm idman yarışmasının təşkili üçün ayrılan vəsaitin 78 faizi infrastruktur xərcləridir. Yəni, xərclənən vəsait Bakı və eləcə də ölkəmizin infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edir. İnfrastruktur isə qalır. Ölkəmiz bu infrastrukturdan uzun müddət istifadə etmək imkanı qazanmaqla yanaşı, eyni zamanda xarici sərmayənin ölkəmizə gəlməsini təşviq edə biləcək. İ Avropa Oyunları aspektindən infrastrukturun daha genişlənməsi ölkəmizin rəqabət qabiliyyətini artırdı. Bu isə ölkəmizin xüsusən də qeyri-neft sektoruna daha çox sərmayə cəlb etməsinə imkan verəcək. Deməli,  İ Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi xarici sərmayəni stimullaşdırmaqla yanaşı iqtisadiyyatın diversifikasiyasına pozitiv təsir göstərir. Yarışların başa çatmasına baxmayaraq, xarici sərmayələr qeyri-neft sektorunun inkişafını təşviq etməklə yerli istehsalın genişlənməsinə və ixracın həcminin artmasına səbəb olacaq. Avropa Oyunları vasitəsi ilə Azərbaycanın daha da  tanıdılması mümkün oldu. Bu ölkəyə xarici investisiyanın cəlb edilməsinə də təsir göstərəcək. Ölkəmizdə iqtisadiyyatın diversifikasiyası vacib hədəflərdən biridir. İqtisadiyyatın şaxələnməsi, eyni zamanda qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini nəzərdə tutur. Belə beynəlxalq yarışlar, ölkəmizin infrastruktrunu, iqtisadi potensialını tanıtmaq üçün olduqca vacibdir. Mövcud infrastrukturun yaxşılaşması Azərbaycanın rəqabət qabiliyyətliliyinin daha da güclənməsinə və bu aspektdən xarici investisiyaların cəlbinə şərait yaradacaq. Təbii ki, gəlirlər, sadəcə, qısa müddətli dövrü əhatə etmədi, ölkəmiz yaradılmış infrastrukturdan uzun müddət mənfəət əldə etmək üçün istifadə edə biləcək", - ekspert bildirib.   

Ekspert oyunların 100-dən artıq xarici kanallar vasitəsilə yayımlandığına da diqqəti cəlb edib və bildirib ki, praktiki olaraq bu da həmin oyunların yayımlanmasından gəlir əldə etməyə şərait yaratmaqla yanaşı yeni strateji faydalılığın əsasını qoydu.

"Birinci Avropa Oyunlarının ilk dəfə ölkəmizdə təşkil edilməsi hər birimiz üçün qürurverici fakt idi. Bu eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsində və ölkəmizin artan iqtisadi gücünün nəticəsində mümkün oldu. Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsi və həyata keçirilən islahatlar ölkəmizin Avropa tarixindən yeni bir mərhələnin başlatmağına imkan verdi", - o vurğulayıb.

Teymur Hacıyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.