Cəmiyyət

Sevmək üçün sevgiliyə ehtiyac varmı?

30 İyun 2015 14:04
8 Şərh     Baxış: 2 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycanda Sevgililər Günü kimi qeyd olunur. Bu günün tarixi hər bir azərbaycanlıya yaxşı tanış olan İlham və Fərizənin adı ilə bağlıdır. 1989-cu ilin 30 iyun tarixində onlar xoşbəxt bir ömür arzusu ilə ailə həyatı qurublar... Amma məlum hadisələrin əli ilə gələn əcəl onların bu arzusunu əllərindən alıb. İndi - illər sonra onların sevgisinin gücünə inananlar Sevgililər Gününü qeyd edirlər. Bəs ümumiyyətlə, sevginin günü varmı və ya sevmək üçün sevgiliyə ehtiyac varmı? Kəpəz TV-nin (Region TV) əməkdaşı Gülnar Fazilqızı bu suala cavab verə biləcək bir həyat hekayəsindən bəhs edəcək...

Sevmək... Qarşılıqsız sevmək yox, qarşılıq gözləmədən sevmək. Onun səni görməyəcəyini, eşitməyəcəyini, hiss etməyəcəyini bilə-bilə sevmək... Hər gün əvvəlkindən bir az daha artıq sevmək... Ona ömrünü həsr etmək... 

Səhər saat 8-ə qalıb. Tağı dayı hər zaman olduğu kimi, bu səhər də ömür-gün yoldaşı Atlas xanımın məzarı başındadır.

Tağı Tağıyev Atlas Tağıyeva ilə 1966-cı ilin martında ailə həyatı qurub. Sevərək evləniblər və xoşbəxt yaşayıblar. 1999-cu ilədək. Məhz həmin ilin iyun ayında əcəl Tağı dayını həyat yoldaşından ayırıb... Bax elə burada bir sual yaranır. Ayıra bilibmi? Ayrıla bilibmi Tağı dayı özünün 33 illik ömür yoldaşından? 

Tağı Tağıyev - şəhər sakini: "Mən 1999-cu ilin iyun ayının 12-dən, Atlasın 40-nı verəndən sonra, hər gün, 1 il 28 gün - hər gün gəlmişəm bura. Sonra qardaşım məni danladı ki, ay kişi, ayıbdır. Səndən başqa da ailəsi tələf olan var. Ondan sonra axşamtərəfi gəlməyə başladım. Günaşırı gəlib-getməyə başladım".

16 ildir Tağı dayı Atlas xanımın məzarı başına gəlir. Onun məzar daşını təmizləyir, gül-çiçəkləri səhmana salır. 78 yaşlı qəhrəmanımız  ömür yoldaşının məzarı ətrafında özü və Atlas xanımı üçün kiçik bir dünya da yaradıb. Məzarın ətrafına müxtəlif çiçəklər, meyvə ağacları əkib. O, bu ağaclara qulluq edir və bəlkə, onların timsalında elə Atlas xanımın qayğısını çəkir.

Tağı Tağıyev: "Onların hamısını öz həyətindən gətirmişəm. O tut ağacı bütün bu bağçaya əvəzdir. O tut ağacı bizim evimizə bitişik idi. O pəncərəni açırdı, bir nəlbəki tut yığırdı, mənə and verirdi ki, bunu ye, sonra dur. Oradan çıxardım, gətirdim burada əkdim". 

Amma indi Tağı dayı burada yetişən meyvələri heç evə də aparmır... Bax belə... Deyirlər, bir insan sevginin nə olduğunu deyə bilirsə, deməli o, heç sevməyib... Sevgi özü-özlüyündə bir dünyadır, bəlkə də... Fərqli həyatların rastlaşdığı, fərqli insanların eyniləşdiyi, fərqli ürəklərin bir ritmdə vurduğu bir dünya...  Sevin və sevilin... və çalşın xoşbəxt olun... Hər sevgi xoşbəxt sonluqla bitməyə bilər... Amma unutmayın ki, sevə bilməyin özü də bir xoşbəxtlikdir... 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.