Cəmiyyət

Azərbaycanda içkili sürücülər həbs olunacaqlar?

30 İyun 2015 12:29
4 Şərh     Baxış: 2 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda içkili vəziyyətdə maşın sürənlər 300 manat miqdarında cərimə edilir, 6 aydan 1 ilə qədər sürücülük hüququndan məhrum edilirlər. Bu xəta ikinci dəfə törədildikdə isə içkili sürücü 500 manata qədər məbləğdə cərimə edilir və iki illik sürücülük hüququndan məhrum olunur.

Bu tədbirlər cəmiyyətin orta və kasıb təbəqələri üçün kifayət qədər sərt ola bilər, ancaq varlılar belə cərimələri heç veclərinə də almırlar. Aylıq qazancı 10 və ya 20 min manat olan adam üçün 400-500 manat miqdarında cərimə elə də ciddi pul itkisi sayıla bilməz. Hətta sürücülük hüququndan məhrum olunan adamlar çox hallarda avtomobili elə sənədsiz də idarə edirlər.

Rusiyada isə islah olunmayanlar üçün yeni cəza üsulları tətbiq edilir. Milli.Az xəbər verir ki, sabahdan etibarən Rusiya ərazisində ikinci dəfə içkili sükan arxasına oturanlar həbs olunacaqlar. Onlar barəsində cinayət işi açılacaq. Rusiyada belə bir qanun ötən ilin dekabrında qəbul olunmuşdu və iyulun 1-dən etibarən qüvvəyə minir.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə deyir ki, son illər qayda pozan sürücülərə qarşı cərimə sanksiyalarının sərtləşməsi ilə bağlı xeyli qərarlar qəbul olunub, qanunlarda əlavə və dəyişikliklər edilib. O hesab edir ki, qəbul olunmuş qərarların effekti artıq görünür. Sürücülər yol hərəkəti qaydalarına daha çox riayət etməyə başlayıblar.

Bununla belə, millət vəkili razılaşır ki, 400-500 manat miqdarında cərimə bəzi vətəndaşlar üçün elə də böyük məbləğ deyil. Həmin şəxslər sürücülük hüququndan məhrum olunduqda avtomobili sənədsiz də idarə edirlər. Bu səbəbdən də deputat hesab edir ki, Rusiyadakı təcrübəni Azərbycanda da tətbiq etmək olar.

"Əgər belə bir şey dünya təcrübəsində varsa və əgər indiyə qədər qəbul olunmuş qərarlar istənilən nəticəni verməzsə, gələcəkdə biz də cəzaların bu cür sərtləşməsi üsuluna əl ata bilərik", - Ç.Qənizadə vurğulayıb.

Teymur Hacıyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.