Cəmiyyət

Meyvədən sənət əsəri yaradanlar - FOTO

29 İyun 2015 20:15
2 Şərh     Baxış: 4 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi peşələr var ki, onunla məşğul olmağa nə qədər cəhd etsən də, əgər o istedad səndə yoxdursa, bunu bacarmaq mümkün deyil. Xüsusi istedad tələb edən peşələr sanki öz sahiblərinə məxsus olurlar. Belə bir deyim var: "Hər insanın xüsusi istedadı olur". Əsas odur ki, səndə olan istedadı özündə kəşf edib üzə çıxarasan. Eynilə müsahiblərimiz Xanım ƏkbərliMəksudə Xankişiyeva kimi. Onlar bir-birini çox sevən və hər zaman bir-birinə dəstək olan rəfiqədirlər. Bir gün özlərində olan istedadın fərqinə vardılar və birlikdə meyvə dizaynı işinə qoşuldular. Həvəskar şəkildə məşğul olduqları bu iş onların əsl peşəsinə çevrildi.

Karvinq sənəti

Müsahiblərimizin məşğul olduğu peşə dünyada karvinq sənəti kimi tanınır. Azərbaycanda isə meyvə dekoru adı ilə məşhurlaşıb. Belə ki, bu sənətlə məşğul olan insanlar meyvə və tərəvəzlərə xüsusi dizaynlar verərək, zövqləri oxşayırlar. Meyvələrdən sözün əsl mənasında sənət əsəri yaradır, süfrələrimizi bəzəyirlər. Həmsöhbətlərimiz evdə meyvə salatı hazırlayarkən özlərində olan istedadın fərqinə varırlar və işlərini böyütmək qərarına gəlirlər. Qarşılarına qoyduqları hədəfə çatır və hazırda kifayət qədər tanınaraq sifarişlər qəbul edirlər. Əvvəlcə müsahiblərimizi tanıyaq.

"Hədəflərimizdən əl çəkmədik"

Xanım Əkbərlinin 24 yaşı var və Ukraynada menecment ixtisası üzrə təhsil alır. Məksudə Xankişiyeva isə Azərbaycan Texniki Universitetində metallurgiya sahəsində təhsil alıb. Onlar 10 il bundan öncə bacıları vasitəsilə tanış olub, sıx münasibət qurublar: "Əslində hər ikimiz təhsil aldığımız ixtisas üzrə işləmək istəyirdik. İxtisasımız üzrə iş axtarışlarımız və istədiyimiz işi tapa bilməməyimiz bizi bezdirdi. Hər ikimiz meyvələrə dizayn verməyi çox sevirdik. Evdə stress atmaq üçün meyvələrdən şəkillər düzəldib özümüz yeyirdik. İş axtarmaqdan bezdiyimiz günlərdən birində düşündük ki, hobbi kimi maraqlandığımız bu sənəti əsl işə çevirək və kiçik biznesimizi quraq. İlk günlər tanınacağımız inandırıcı gəlməsə də, hədəflərimizdən əl çəkmədik və peşəkar şəkildə bu işlə məşğul olmağa başladıq".

İdeya və zövq...

Meyvə dekorunu hazırlamağın sirlərindən danışan müsahiblərimiz deyir ki, əsas sirr ideyada və zövqlərdə gizlənir: "Bu sənətdə zövq məsələsi çox önəmlidir. Ev dizaynında, paltar tikərkən seçdiyin rənglərdə diqqətli olduğun kimi, meyvələri dizayn edərkən də rənglərin bir-birinə uyğunluğu çox önəmlidir. Bundan əlavə, dadları da bir-birinə qarışmamalıdır. Hər meyvəni qarışdırmaq düzgün deyil. Bu zaman görünüş gözəl olsa da, təamlar yaxşı olmur. Biz həm meyvənin dadını, həm də görüntüsünü qorumaq üçün əlimizdən gələni edirik. İşimizin ikinci əsas sirlərindən biri də sağlam və gözəl meyvələrdir. Karvinq üçün istifadə edilən meyvələr zədəsiz və çox yetişməmiş, yəni bərk olmalıdır. Bəzi meyvələr qaralmağa meyllidir, o meyvələrə limon suyu sıxaraq onları qaralmadan qoruyuruq".

"Meyvə səhvi bağışlamır"

Artıq 3 ildir peşəkar şəkildə karvinqlə məşğul olan həmsöhbətlərimiz deyir ki, zövqlü iş olsa da, insanların gözünü oxşayan bu sənət əsərləri o qədər də asan meydana gəlmir: "Meyvələrlə çox incə davranmaq lazımdır. Bəzən biz ehtiyat etsək də, istifadə etdiyimiz bıçaqlar, çöplər əllərimizi zədələyə bilir. Bəzi meyvələrdə çox ehtiyatlı işləyirik, çünki ən kiçik bir səhvlə yeni meyvəylə yenidən başlamalı oluruq. Meyvələr səhvi bağışlamır (Gülür-A.Ə)".

Qazanclarına gəldikdə, müsahiblərimiz deyir ki, əsas odur ki, zəhmətlərinin qarşılığını alırlar: "Gəlirlər həqiqətən çox yaxşıdır. Əziyyətimizin bəhrəsini görürük. Sifarişlər dekorun ölçüsündən və istifadə olunan meyvədən asılı olaraq dəyişir. Təbii olaraq, meyvələr bahalı olduqda qiymətlər də artır".

"Əziyyətimiz yerlə bir oldu"

Gələcəkdə öz təhsil aldıqları ixtisas üzrə işləyib- işləməyəcəklərindən də danışan müsahiblərimiz deyir ki, bu sənəti atmaq fikirləri yoxdur: "4-5 il oxuyub diplom almaq önəmli deyil. Önəmli olan sevdiyin və zövq aldığın işi görməkdir. Bu zaman pul qazanmaq daha asan olur. Biz sözün əsl mənasında sənət əsəri yaradırıq. Buradan gəlir əldə etməsək belə, gördüyümüz işə baxıb zövq alır və özümüzlə fəxr edə bilirik. Bizcə, əsas xoşbəxtlik elə budur".

Müsahiblərimiz sonda başlarına gələn maraqlı hadisəni də bizimlə bölüşdülər: "Məksudəylə birlikdə artıq işimizi böyütmüşdük. İlk sifarişimizi aldıqda çox sevindik. Lazım olan ərzaqları aldıq və həvəslə işləməyə başladıq. Sifariş hazır olduqdan sonra bacımın maşını ilə ünvana çatdırmaq üçün yola düşdük. Bacım maşın sürməyə yeni başlamışdı və təcrübəli sürücü deyildi. Ünvana çatdqıda bacım əyləci elə möhkəm basdı ki, əlimdəki meyvə səbəti ön şüşəyə dəydi və əziyyətimiz yerlə bir oldu. Üstəlik, bu, sifarişçinin evinin önündə baş verdi. O zaman çox ağlamışdım. Amma indi bu hadisə yadımıza düşəndə çox gülürük".

Kaspi.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.