Cəmiyyət

Mənzil bazarında böyük canlanma yaşana bilər, əgər...

28 İyun 2015 19:10
1 Şərh     Baxış: 2 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox Avropa ölkələrində ipoteka kreditlərinin faiz dərəcələri 4 faizdən yuxarı olmur. Hətta qonşu Türkiyədə adi ipoteka kreditlərinin faiz dərəcəsi 3,7 faizdir. Azərbaycanda isə şərtlər bir qədər fərqlidir. Kəpəz TV (Region TV) xəbər verir ki, faizlərin yüksək olması, ilkin ödəniş məsələsi və sairə insanlara ipotekadan yetərincə faydalanmağa imkan vermir. Kreditlərin verilməsində digər problem tələb olunan əmək haqqı məbləğinin yüksək olmasıdır. Bütün bu məqamları nəzərə alan hökümət ipoteka ilə bağlı bir sıra dəyişikliklər hazırlayır.

Ramil Qurbanov, rieltor: "Bina evidir, həyət evidir, qiymət əvvəlki kimi qalır, amma alıcı yoxdur. Bəzən olur ki, torpağa üstünlük verirlər. 70% aşağı düşüb əvvəlki illə müqayisədə".

Son aylarda durğunluğun müşahidə olunduğu mənzil bazarında yenidən böyük canlanma yaşana bilər. Buna səbəb hökumətin ipoteka kreditləri ilə bağlı həyata keçirilən proqramda mühüm dəyişikliklər etməyə hazırlaşmasıdır. Bu ilin I rübündə Azərbaycan İpoteka Fondunun xətti ilə 15 mln. 378 min 630 manat həcmində ipoteka krediti verilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 43,8% azdır. Əhalini əlçatan ipoteka ilə təmin etmək üçün Nazirlər Kabineti Mərkəzi Bank və Maliyyə Nazirliyinə konkret təkliflərini hazırlamağı tapşırıb. Hazırda maksimal məbləği 50000 manat olan adi ipoteka krediti 8 faizlə, 20 faiz ilkin ödənişlə, maksimum 25 ilə, güzəştli ipoteka isə 4 faizlə, 15 faiz ilkin ödənişlə, maksimum 30 il müddətinə verilir. Dəyişikliklər bu şərtlərin yumşaldılmasını nəzərdə tutur.

Musa Quliyev, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini: "Sosial ipotekada biz təklif edirik ki, ilkin ödəniş ümumiyyətlə olmasın. İpoteka faizlərinin aşağı salınması, ipotekanın məbləğinin qaldırılması və ödəniş müddətinin tutaq ki, 50 ilə qədər yüksəldilməsi. Sosial ipoteka almaq hüququ olmayan şəxslər də ipotekadan yararlana bilər. Onların faizi bir qədər yüksəkdir. Onun da faizinin azaldılması, məbləğin ödəniş müddətinin uzadılması istiqamətində hökümət iş aparır. Bu ilin oktyabr ayında yəqin ki, biz bunun nəticələrini görəcəyik".

Ekspertlər bildirir ki, hazırda mövcud olan dövlət ipoteka proqramının iqtisadi səmərəsi azdır. Çünki alınan vəsaitlər əsasən daşınmaz əmlak bazarında ekonom sinfinə aid mənzillərə yönəldilir və tələbatı artıraraq onların qiymətlərini artırır. İpoteka proqramının daha çox ilkin mənzil bazarına yönəldilməsi isə tikinti sektoruna dəstək verə bilər. Belə olan halda ipoteka proqramı üzrə ayrılan pullar iqtisadiyyatın real sektoruna yönəldilər. Real sektor isə iş yerləri, vergi ödəmələri və iqtisadi inkişafın mənbəyidir.

Samir Əliyev, iqtisadçı ekspert: "Hökümətin də qarşısında qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadi diversifikasiyanı həyata keçirmək kimi prioritet bir məsələ durur. Qeyri-neft sektoru olan tikintinin inkişafı üçün əlverişli ola bilər. Biznesin inkişafı ilə yanaşı, büdcə ödənişlərinin sayı arta bilər. Bura infrastrukturun, şəhərin gözəlləşməsi, əhalinin mənzil təminatı kimi məsələlər də daxildir".

Məlum olduğu kimi, ipoteka üçün müraciət asanlaşdırılıb. İpoteka Fondu "Elektron İpoteka Sistemi"nin tətbiqini başa çatdırıb. Şərtlərin yüngülləşdirilməsi ilə kredit almaq üçün müraciət edənlərin sayında da ciddi artım olacağı gözlənilir.

Ehtiyacı olanların mənzillərlə təminatını asanlaşdırmaq baxımından sosial evlərin tikilməsi məsələsi də diqqətdə saxlanılır. Dünya təcrübəsində belə bir praktikadan istifadə edilir. Azərbaycanda da analoji layihənin həyata keçirilməsi mümkündür.

Xarici ölkələrdə belə mənzillərdə yaşayanlar hökumətə hər ay bəlli bir məbləğ ödəyir. Müəyyən müddətdən sonra mənzil vətəndaşın adına keçir. Ekspertlər bildirir ki, ölkəmizdə əhalinin sosial vəziyyətinə, mənzil probleminin həllinə müsbət təsir edəcək və əmlak bazarında qiymətləri stabilləşdirəcək layihənin hüquqi bazası hazırdır, sadəcə tətbiqi mexanizmlərini formalaşdırmaq lazımdır.

Musa Quliyev: "Sosial evlərin tikilməsi layihəsi də hökümətin diqqətindədir. Nazirlər Kabineti bu layihənin də həyata keçirilməsi üçün müvafiq işlər aparır. Yəqin gələn il sosial evlərin tikilməsinin şahidi olacağıq. Bu da ipoteka almayan digər vətəndaşların da mənzillə təminatına gətirib çıxaracaq".

Apardığımız sorğu göstərdi ki, istər ipoteka, istərsə də sosial evlər layihəsi ilə bağlı hazırlanacaq təkliflərin müsbət nəticə verməsi daha çox gənclər üçün əhəmiyyət kəsb edir.

Ceyhun Məmmədov, şəhər sakini: "İpoteka kreditinin şərtləri asanlaşsa əlbəttə ki, biz gənclər üçün daha yaxşı olar. Kirayəyə verdiyimiz məbləği ödəyərək ev sahibi ola bilərik ".

Arzu Babayeva, şəhər sakini: "Həm müddət uzundur, həm şərtlər ağırdır, bəri başdan ödənilən pulun məbləği çoxdur. Amma bunlar asanlaşdırılsa gənclər üçün çox yaxşı olar".

Rübail Nəsibov, şəhər sakini: "İstənilən gənc ailə quranda evlə təminat öndə durur. Asanlaşsa gənc təbəqənin evlə təminatı həll olunmuş olar".

Məqsədlərdən biri də ipotekanın və sosial evlər layihəsinin regionlarda geniş tətbiqidir. Bu, bütövlükdə ölkə vətəndaşlarının rifahına xidmət etməyi hədəfləyir. İqtisadiyyatı inkişaf edən hər bir ölkə üçün də ən önəmli olan məsələ vətəndaşının rifahının yaxşılaşmasıdır. Əgər bunun üçün yetərincə baza və imkanlar mövcuddursa hərəkətə keçmək lazımdır. Çünki bərəkət hərəkət olan yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.