Cəmiyyət

Gələcəyimiz məhv olmasın!

28 İyun 2015 22:45
0 Şərh     Baxış: 1 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Elə insanlar var ki, onlara ailələri tərəfindən müalicə lazım olduğu deyilir, ancaq o şəxsin digər asılı olduğu qrup onun beyninə yeridir ki, sən asılı deyilsən, bunu, sadəcə, həzz üçün istifadə edirsən. Belə şəxslər yad insanların təsirinə daha çox məruz qalırlar. Bu o deməkdir ki, onların valideynləri ilə arasındakı kontakt qırılıb, inamsızlıq yaranıb".   

Narkomaniya və Narkobiznesə qarşı mübarizə...Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası bu istiqamətdə müvafiq tədbirlər görür. Belə ki, komissiyanın rəsmi saytında verilən məlumata əsasən, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə hazırlanmış sosial rolik 20 iyun tarixindən başlayaraq, Bakı şəhərinin mərkəzi küçələrində yerləşən reklam tablolarında və "Park Bulvar"ın bütün monitorlarında işıqlandırılır. Bundan əlavə, Bakı Şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 515 piyada dayanacaqlarında yerləşən avtobus informasiya terminal monitorlarında cari ilin 16 iyun tarixindən başlayaraq yayımlanır. Eyni zamanda Dövlət Komissiyasının işçi qrupu tərəfindən Yasamal və Nizami rayonlarında sosial reklamlar yerləşdirilmişdir.

"Aida" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq-konsultant Aida Nəbiyeva məsələ ilə bağlı bunları dedi: "Narkomaniyaya asılılıq əsasən yeniyetməlik dövründən başlayır. Çünki bu yaş qrupunu təhkim etmək daha asandır. Narkomaniya ilk növbədə, sadəcə, maraq olaraq başlayır, daha sonra vərdişə, meylə çevrilir. Bu yolla mübarizə uzun çəkir. Narkomaniyaya düçar olmuş insanın bu asılılığı tərk etməsi insanın özündən və ətrafdakıların ona nə qədər kömək etməsi, dayaq durmasından çox asılıdır. Həm ailənin, həm özünün dəstəyi olmadan bu vərdişdən xilas olmaq bir qədər çətin olur. Bu vərdişdən xilas olmaq üçün öncə müalicə-profilaktikanın düzgün həyata keçirilməsi önəmlidir. Belə olan halda, nəticə gözəl olur. Vərdişləri tərgitmək üçün isə əvvəl meyil edilən qrupdan uzaqlaşdırılması şərtdir. Məsələ burasındadır ki, əvvəlki qruplar bir çox hallarda onları buraxmır. Uşaqları bu qruplardan uzaqlaşdırmaq bilavasitə valideynin üzərinə düşür. Valideyn bu işin öhdəsindən gəlməyi bacarmalıdır. Müəyyən maraqlara, müəyyən təsirlərə yönəltməlidir".  

Psixoloq daha sonra ailələrin və gənclərin maarifləndirilməsi haqqında danışaraq əlavə etdi: "Ailələri maarifləndirmək lazımdır. Uşaqlarının narkomaniyada pik nöqtəyə gəlməsinə səbəb olan amillərdən biri də ailənin həddindən artıq aqressiya ilə qarşılamasıdır. Bu situasiyada ailə eşidəndə ki, övladında belə meyillilik var, ona qışqırır, əl qaldırır, qadağalara başlayır. Halbuki valideynlər başa düşməlidirlər ki, övladları əgər bu yola düşübsə, müəyyən yerdə boşluqlar var. Deməli, ona yanaşmalarında, uşağın özündə problemlər var. Bunun üzərinə getmək çox ciddi fəsadlara gətirib çıxarır. Ailə bağlarında problemlər, sosial  problemlər, özünə qapanma, stress faktoru, cəmiyyət tərəfindən qəbul olunmama, özünə güvənsizlik, inamsızlıq, aqressiya, əsəbilik, ailədəki problemlərin övlada ciddi təsiri və bu kimi digər faktorlar uşaqlarımızın narkomaniyaya qurşanmasına səbəb olur. Onu da deyə bilərəm ki, ailələr dindən köməkçi vasitə kimi istifadə edə bilərlər". 

Müsahibimiz asılılığını qəbul etmək istəməyən insanlar haqqında da danışdı: "Elə insanlar var ki, onlara ailələri tərəfindən müalicə lazım olduğu deyilir, ancaq o şəxsin digər asılı olduğu qrup onun beyninə yeridir ki, sən asılı deyilsən, bunu, sadəcə, həzz üçün istifadə edirsən. Belə şəxslər yad insanların təsirinə daha çox məruz qalırlar. Bu o deməkdir ki, onların valideynləri ilə arasındakı kontakt qırılıb, inamsızlıq yaranıb. Sonda isə ailələrə tövsiyə olunur ki, övladlarına həm maddi, həm mənəvi sahib çıxsınlar, çox vaxt keçirsinlər, çox ünsiyyət qursunlar, ailədaxili problemləri yeniyetmələrə, gənclərə çox nümayiş etdirməsinlər, ailədə müsbət ab-hava yaratsınlar, müsbət münasibət qursunlar, səmimi əlaqə yaratsınlar. Bunlar çox vacib amillərdir".    

Bakı şəhəri, Yasamal Rayonu Narkoloji Dispanserinin həkimi, narkoloq Yaşar Bədəlli isə narkomaniyanın müalicəsi haqqında ətraflı məlumat verdi və dedi: "Narkomaniya xəstəliyinin müalicəsi ambulator və stasionar şəraitdə həyata keçirilə bilər. Bunlardan birinci iki mərhələ spesifik tibbi xarakter daşıyır, sonrakı iki mərhələdə isə daha çox tərbiyəvi tədbirlər üstünlük təşkil edir. Psixoterapiya da xəstələrin müalicəsində önəmli yer alır. Müalicənin ilk mərhələsində xəstəliyin ilk simptomları aradan götürülməlidir, detoksikasiya (zərərli maddələrin orqanizmdən xaric olunması) olunmalıdır. Bura daxildir orqanizm tərəfindən tam mənimsənilməmiş zərərli maddələrin təmizlənilməsi, həyati vacib funksiyaların bərpa edilməsi (qan dövranı, tənəffüs, su-elektrolit balansı və s.), xəstənin istifadə etdiyi narkotik maddələrin növündən asılı olaraq orqanizmin toxumaları tərəfindən mənimsənilmiş zərərli maddələrin təmizlənməsi. Bunun üçün müəyyən dərman preparatlarından istifadə olunur. Bundan başqa, müalicənin birinci mərhələsində xəstənin fiziki qüvvəsinin bərpası üçün də müəyyən tədbirlər həyata keçirilir. İkinci mərhələ isə zəhərlənmənin nəticəsində yaranan daxili orqanların funksiyalarının pozulması, sinir sisteminin pataloji dəyişiklikləri və digər pozuntuların aradan qaldırılmasıdır. Bu mərhələdə xəstənin müalicəsində tətbiq olunan tibbi tədbirlər xəstənin orqanizmində baş vermiş dəyişikliklərin normallaşdırılmasına və orqanizmin ümumi möhkəmləndirilməsinə yönəldilir. Üçüncü mərhələ isə vərdişlərin aradan qaldırılması üzrə müvafiq tədbirlərdir ki, müalicənin bu mərhələsində tərbiyəvi tədbirlər üstünlük təşkil edir. Məqsəd isə xəstədə narkotik maddələrdən asılılığa mənfi münasibətin yaradılmasıdır. Bu, tərbiyəvi xarakter daşıyır. Bunların dərmanlar vasitəsilə həyata keçirilməsi qeyri-mümkün olduğu üçün psixoloq, psixoterapevt və pedaqoq-resosioloqun tədbirlərinə üstünlük verilir. Dördüncü mərhələ isə narkomanın resosializasiyasıdır. Bu tədbirlərin məqsədi isə tərbiyəvi şəraitdə insanın normal ictimai həyata qaytarılmasıdır. Uzun müddət, hətta bütün həyati boyu davam edən psixi asılılıqdan fərqli olaraq, fiziki asılılıq bir və ya iki həftə ərzində keçir. Ailələr və gənclər məktəblərdə, gənclər idarəsində və digər ictimai qurumlarda maarifləndirilməli, ailələr uşaqlarını müalicəyə cəlb etməlidirlər. Belə xəstələrin müntəzəm müayinə və müalicəsi vacibdir".

"Mənəviyyat.az" saytının baş redaktoru, ilahiyyatçı Rövşən Məmmədov isə bizimlə söhbətində qeyd etdi ki, "İslama görə, övladlarımız bizim üçün imtahan vəsiləsidir və Allahın bizə əmanətidir". Müsahibimiz açıqlamasına belə davam etdi : "Uşaq tərbiyəsi haqqında Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: "Bir ata övladına gözəl əxlaqdan daha yaxşı miras qoya bilməz". Allah Rəsulu hər məsələdə olduğu kimi, uşaq tərbiyəsində də orta yolu izləmişdi. O, bütün övlad və nəvələrini canı qədər istəyir, bu sevgisini həm də onlara hiss etdirirdi. Ancaq bu sevginin sui-istifadə edilməsinə də əsla fürsət vermirdi. Məsələn, bir dəfə Həzrəti Həsən və ya Hüseyn hələ çox kiçik olduqları üçün sədəqə xurmasına əl uzatmışdılar. Allah Rəsulu dərhal xurmanı onların əlindən alıb: "Bizə sədəqə xurmasını yemək haramdır!" - demişdi. Uşaqları kiçik yaşlarından harama qarşı həssas yetişdirmək tərbiyədə müvaziliyin gözəl nümunələrindən biridir. İslam oğlanla qız arasında fərq qoymur".

"Uşaqların narkomaniya, alkoqolizm, cinayətkarlıq kimi vərdişlərə düçar olmasının səbəbi nədir?"-sualımıza müsahibimizin cavabı belə oldu: "Bunun bir çox səbəbləri ola bilər. Bunların başında düzgün tərbiyə gəlir ki, bundan məsul şəxslər də uşağın valideynləridir. Valideyn nəzarəti uşağın xarakterinin formalaşmasında çox böyük əhəmiyyətə malikdir. Valideyn nəzarəti ilə yanaşı, uşağa təhsil müddətində də zərərli vərdişlərin insan sağlamlığı üçün nə qədər böyük təhlükə mənbəyi olduğu izah edilməlidir. Mütaliənin olmamağı, düzgün istiqamətləndirilməmək də gənclərin zərərli vərdişlərə aludə olmasına gətirib çıxarır. Uşaq və gənclərlə yaş dövrünə uyğun münasibət qurulmalıdır. Bu münasibətin düzgün qurulmaması və ya heç olmaması da onların zərərli vərdişlərə aludə olmasına səbəb olur. Bir başqa təsiredici amil də dostlardır. Mütləq valideynlər uşağın kiminlə dostluq etdiyinə diqqət etməlidir. Asudə vaxtın səmərəli təşkili, kompyuterdən və internetdən düzgün şəkildə istifadə etmək də gənclərin dünyagörüşünün və əxlaqlarının şəkillənməsində mühüm təsiredici rol oynayır".

Müsahibimiz deyir ki, uşaqlara nəyisə öyrətməyin ən gözəl yolu onlara nümunə olmaqdır: "Əgər uşaq valideynindən xəbərsiz hər hansı zərərli vərdişə yiyələnibsə, valideyn, əvvəlcə, bunun səbəblərini öyrənməli, sonra buna uyğun olaraq tədbir görməlidir. Uşağı cəzalandırmaq çıxış yolu deyil. Əgər dediklərini anlayacaq yaşdadırsa, uşağa həmin vərdişin zərərli olduğunu və fəsadlarını izah etməlidir. Valideynlər övlad tərbiyəsi ilə əlaqəli kitablara müraciət edə və ya bu sahənin mütəxəssisləri ilə məsləhətləşə bilərlər. Gənclərə gəlincə, onlar da yaşca özlərindən böyüklərdən məsləhət ala, onlardan kömək istəyə bilərlər. Uşaqlarımıza gözəl nümunə olmağa çalışmalıyıq. Onların təhsili ilə yanaşı, tərbiyəsinə əhəmiyyət verməliyik. Asudə vaxtlarını dolu-dolu keçirmələrini təmin etməliyik. Dost və yoldaşlarını seçərkən onlara yol göstərməliyik. Övladlarımızın problem və qayğılarını dinləyib, onlara həlli yollarını göstərməliyik. Gənclərə tövsiyəmiz isə budur ki, dost və yoldaşlarla bağlı valideynlərindən məsləhət alsınlar. Qayğı və problemlərini valideynləri ilə paylaşsınlar. Ailələrin övladlarını müəyyən məsuliyyətlərə, kitab oxumağa, elmə və digər dəyərli məşğuliyyətlərə cəlb etmələri, asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmələri, internetdə və qapalı şəraitdə çox vaxt keçirməmələri üçün onlarla daha çox vaxt keçirmələri önəmli rol oynayır. Bu gün uşaqlarımızı, gənclərimizi bəşəriyyəti düşündürən və narahat edən, ən ağrılı problemlərdən biri olan, cəmiyyətin ciddi bəlasına çevrilən pis əməllərdən qorumaq valideynlərin və cəmiyyətin üzərinə düşür. Belə insanları cəmiyyətdən təcrid etməməli, əksinə, cəmiyyətə qazandırmalıyıq. Belə olmadığı halda, cəmiyyət, ölkə və ümumilikdə, millət üçün faciəvi nəticələr yarana bilər".
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.