Cəmiyyət

Qarpızı indi almaq məsləhətdir?

28 İyun 2015 22:15
0 Şərh     Baxış: 3 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

- Ata, mənə qarpız al. 

- Ay qızım, onu yemək olmaz, hələ tezdir, yesən zəhərlənərsən.

- Ata, bəs onda niyə satırlar?

Di gəl, 5 yaşlı uşağı başa sal ki, bu cür məhsullardan zəhərlənmə riski yüksəkdir, çünki çoxu gübrə və dərmanların hesabına yetişdirilir. Belə vəziyyətlərdə ən yaxşısı odur ki, uşağı başqa mövsümi meyvələrlə sevindirəsiniz, əks halda, ağır fəsadları ola bilər.

Qeyd edək ki, hər il bu mövsümdə qeydə alınan zəhərlənmələrin böyük əksəriyyəti məhz meyvə-tərəvəz qidalanmaları ilə bağlı olur. Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 294 qida zəhərlənməsi hadisəsi baş verib. Bu müddətdə baş vermiş qida zəhərlənmələrinin 11-i botulizm (ev şəraitində hazırlanan mürəbbə, turşu və digər məhsullardan zəhərlənmə-red) olub. Botulizm hadisəsi nəticəsində 17 nəfər zərər çəkib. Onlardan biri dünyasını dəyişib. Təkcə ötən ay isə 43 qida zəhərlənməsi hadisəsi baş verib ki, bunlardan da 60 nəfər zərər çəkib...

Hazırda bazarlarımızda çiyələk, üzüm, qarpız belə satılır. Bu məhsulların satışı ilə məşğul olanların fikrincə, meyvə-tərəvəzin çoxu xaricdən gətirilir.

Bazarlarımızda meyvə-tərəvəzin satışı ilə məşğul olan satıcılar da o fikirdədirlər ki, hətta yerli məhsul olsa belə, ilk vaxtlar dərmanlı olur. Arabalarda məhəllələrarası meyvə-tərəvəz satan səyyar ticarətçilər isə məhsulun keyfiyyəti barədə məlumatlı deyillər. Onlar malı bazardan alıb, üstünə 5-10 qəpik də əlavə edib, satdıqlarını söyləyirlər.

Əhali də bu fikirdədir ki, tərəvəz və bitkiləri tez yetişdirmək üçün torpağa kimyəvi maddələr və müxtəlif cür gübrələr vurulur. Bu maddələr isə torpaq vasitəsilə bitkilərə keçir. Fərdi təsərrüfatlarda və istixanalarda yetişdirilən tərəvəzlərə də gübrə və dərman vurulur. Nübar vaxtı onlardan istifadə, xüsusilə azyaşlılar tərəfindən istifadəsi zəhərlənmə riski baxımından təhlükəlidir.

Nübar meyvələr körpə uşaqlar üçün də təhlükə mənbəyidir

Ekspertlərin açıqlamasına görə, çiyələk, qarpız, yemiş məhsulları nitratı sevən bitkilərdir. Ona görə də nübar meyvələrin körpə uşaqlara verilməsi məsləhət deyil. Yaxşı olardı ki, yığım başlayandan bir az sonra bu meyvələrdən istifadə edilsin. Çünki yığım başlanandan bir qədər sonra təbiət özü bu meyvələrin yetişməsi üçün şərait yaradır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə mətbuata açıqlamasında zəhərlənmələrin baş verməməsi üçün meyvə-tərəvəzləri yetişmə vaxtında yeməyin daha məsləhətli olduğunu deyib: "Meyvə-tərəvəzdən zəhərlənmə halları yay vaxtı çox olur. İnsanlar bu cür zəhərlənmələrdən qorunmaq üçün meyvə-tərəvəzləri vaxtında qəbul etməlidirlər. Yəni vaxtından əvvəl parniklərdə süni surətdə yetişdirilən meyvə-tərəvəzlərdən mümkün qədər az istifadə etmək lazımdır. Su tutumu yüksək olan meyvələrin, o cümlədən də qarpız, pomidorda zərərli maddələr, gübrələr toplanıb qalır. Bu da insanın orqanizminə düşdükdə zəhərlənmələrə səbəb olur. İçində uzun zoğu olan meyvələr onu göstərir ki, onun tərkibində müəyyən miqdarda toksin tərkibi olan birləşmələr toplanıb. Vaxtı keçmiş, çürümə baş vermiş meyvələrdən istifadə etməmək məqsədəuyğundur. Meyvənin üzərində elə də bilinmir, amma daxilində müəyyən çürümə, xarab olma prosesləri gedir. Həmin müddətdə isə artıq mikroorqanizmlər orada toplanır və artır. Bu cür dad keyfiyyətlərini itirmir, rəngi dəyişmiş, təzəliyi hiss olunmayan meyvələrdən istifadə etmək məqsədəuyğun deyil".

Böyük ölçüdə olan çiyələkləri almaq təhlükəlidir

İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində də hesab edirlər ki, vətəndaşlar meyvə-tərəvəz alarkən diqqət etməlidirlər ki, aldıqları məhsulun yetişməsi həmin fəsil üçün xarakterikdir, ya yox: "Hər bir məhsul yetişməsi üçün xarakterik olan fəsildə daha ləzzətli və faydalı olur".

Dövlət Xidməti ərik alanlara tövsiyə edir ki, onun qablaşdırılmasına, saxlanma şəraitinə və temperaturuna diqqət etsinlər: "Çiyələyin keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşü nəzərdən keçirilməli, məhsulların qablaşdırılmasına fikir verilməlidir. Çiyələk qablaşdırılan taralar möhkəm, təmiz, quru olmalı, kənar iy verməməlidir. Çiyələk alarkən istehlakçıların diqqət etməli olduğu digər məqam onun yetişməsi üçün xarakterik fəsil olub-olmadığıdır. Çünki çiyələk onun yetişməsi üçün xarakterik olan fəsildə daha ləzzətli və faydalıdır. Çiyələyi ehtiyacınız olduğu miqdarda almağınız və soyuducuda uzun müddət saxlamamağınız tövsiyə olunur. Saxlanma müddətinə görə çiyələk qısa müddətə saxlanıla bilən giləmeyvədir. Bu qrupa aid məhsulları optimal temperaturda 5 gündən 20 günə qədər saxlamaq olar. Ticarət şəbəkələrindən çiyələk alarkən onların zədəsiz olmasına, ziyanvericilərin təsirinə məruz qalmasına, saxlanma müddətində əmələ gələ bilən xəstəliklərin əlamətlərinə və s. məsələlərə diqqət edilməlidir. Çiyələk müxtəlif irilikdə və formada olur. Vaxtından əvvəl yetişdirilmə, becərilmə zamanı süni vasitələrdən, kimyəvi birləşmələrdən istifadə edilməsi onun keyfiyyətinə mənfi təsir göstərir və zəhərlənməyə səbəb ola bilər. Ona görə də qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil.

Çiyələk alarkən qırmızı rəngli və ləkəsiz olanları seçin. Çiyələk alarkən kiçikölçülü, xırda meyvələrə üstünlük verilməlidir. Çünki onların süni yetişməsi üçün nitro preparatlardan istifadə olunur və həmin dərmanlar daha çox böyük ölçüdə olan meyvələrə toplanır. Böyük ölçüdə olan çiyələkləri almaq təhlükəlidir. Ümumiyyətlə, küçədə, antisanitar şəraitdə satılan çiyələk almaq yaxşı olmayan nəticələr verə bilər".

Qarpızın təbii yetişmə vaxtı iyul-avqust aylarıdır

Qarpızın istehlakı zamanı bir sıra məsələlərə diqqət etmək lazımdır. İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vətəndaşlara tövsiyə edir ki, qarpız alarkən bunlara diqqət etsinlər: "Keyfiyyətcə standarta müvafiq qarpızlar təzə, təmiz, bütöv və sağlam, öz təsərrüfat-botaniki növlərinə xas olan rəngdə olmalıdır. Qarpızın təbii yetişmə vaxtı iyul-avqust aylarıdır. Ona görə də qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil. Qarpızın yetişməsini və keyfiyyətini müəyyən etməyin bir sıra üsulları var. Belə ki, yetişmiş qarpızın saplağı quruyur, meyvənin növə məxsus naxışı tam aydınlaşır, barmaqla vurarkən küp səsi verir, meyvənin səthində parlaqlıq əmələ gəlir. Satışa çıxarılan qarpızlar əzik, çatlamış və xəstəliklə zədələnmiş olmamalıdır. Keyfiyyətli qarpız bütöv, zədəsiz və quru saplaqlı olmalıdır. Üzərindəki sarı ləkənin imkan daxilində az olması daha məqsədəuyğundur".

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.