Cəmiyyət

Bakının 500 "spartalısı": neftin puluna nə hacət?

29 May 2015 18:24
2 Şərh     Baxış: 2 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün hamımız qazanmışıq. Hər kəsi təbrik edirik. Qazancımız isə nə az, nə çox 6 saat ərzində düz 20 min manatdır. Bu pullar hardandır? Əlbəttə ki, sarı zolağa girən sürücülərdən.

Artıq bir aya yaxın vaxt idi ki, dövlət yol polisi vətəndaşlara xəbərdarlıq edib. Bütün televiziyalar, radiolar, internet saytları yazıb ki, Avropa Oyunları ilə əlaqədar çəkilmiş xüsusi yollara çıxanlar 40 manat məbləğində cərimələnəcəklər. Sarı zolaqların üzərində xüsusi avtomobillərdən başqa maşınların girişini qadağan edən nişanlar quraşdırılıb. Düz bir aydır ki, hər yerdə möhkəm səslə deyilir ki, o yola girməyin. Ancaq bizim intellektual qabiliyyəti aşağı, pulu isə çox olan sürücülər qaydaları heçə saydılar və adət etdikləri yolları ilə getdilər.

Bu gün səhər saat 08:00-dan başlayaraq paytaxtda qadağan olunmuş xətt üzrə hərəkət edən avtomobillərin qeydiyyatına başlanılıb. 6 saat ərzində qayda pozan 500-dən çox sürücü barəsində protokol hazırlanıb.

6 saatın içində dövlət büdcəsinə 20 min manat qazandırmaq hər oğulun işi deyil. Rəqəmləri riyazi silsilə ilə ölçək, bu, o deməkdir ki, büdcəmiz sutka ərzində 80 min qazanacaq. Belə olan halda aylıq qazanc 2 milyon 400 min manat edir. Qazancı 12 aya vursaq, 28 milyondan çox edir.

Bəlkə də çoxları həmin sürücüləri sarı zolağa çıxdıqları üçün qınayacaqlar. Ancaq biz təklif edirik ki, o sürücülərə vətənə xidmət medalı verilsin. Neftin dünya bazarında qiymətinin aşağı düşdüyü bir zamanda bu, dövlətimizin büdcəsi üçün edilən ən böyük yaxşılıqdır. Burada həm büdcəmiz qazanır, həm də ki qayda pozan sürücülər. Sürücülər mənzil başına tez çatırlar, büdcəmiz isə əlavə pullar ilə dolub-daşır.

Təklif edirəm ki, ölkədə belə sarı zolaqların sayı artırılsın. Qüdrətli iqtisadiyyat üçün bu, çox vacibdir.

Teymur Hacıyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.