Cəmiyyət

Fuad Muradov: "Bakıda sərnişindaşıma ilə bağlı ciddi addımlar atılmalıdır"

29 May 2015 17:57
0 Şərh     Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərinin sərnişindaşıma sistemində ciddi problemlər var.

Trend xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fuad Muradov "Avtomobil nəqliyyatı haqqında" qanununa dəyişikliklər edilməsi barədə sənədin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, şəhərdaxili nəqliyyatda qəzaların əksəriyyətinin baş verməsinə səbəb qanuna riayət olunmamasıdır: "Çox xahiş edirəm ki, bu məsələdə qanunun tələblərinin yerinə yetirilməsi ilə bağlı ciddi addımlar atılsın. Bu, insan həyatı, fəaliyyəti ilə bağlı məsələdir. Çox yaxşı olardı ki, biz gələcəkdə bu məsələnin üzərində duraq. Bakı şəhərində sərnişindaşıma ilə bağlı problemlər mövcuddur. Avtobuslar xüsusi dayanacaqlarda, yerlərdə olmalıdır. Amma reallıq onu göstərir ki, bir çox yerlərdə, xüsusən də mərkəzdə ciddi problemlər var".

Deputat İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi məsələsinin müzakirəsi zamanı İTV barədə irad və çatışmazlıqlar məsələsinə də toxunub: "Biz İTV-nin Yayım Şurası olaraq hər il hesabat dərc edirik. Bu hesabatda televiziyada gedən neqativ, pozitiv proseslər öz əksini tapır. Azərbaycan məkanında cəmi iki televiziya var ki, onlar dövlət büdcəsindən maliyyələşir. Buna görə də onlara tələb tamamilə başqadır. Televiziyada gedən proseslər bəzən bizi narahat edir. Bu istiqamətdə islahatlar aparmaq üçün nəzarət mexanizmi gücləndirilməlidir və ictimaiyyət tərəfindən bu məsələyə münasibət bildirilməlidir".

F.Muradovun fikrincə, İctimai Televiziya modeli digər televiziyalar üçün nümunə kimi istifadə oluna bilər: "Bu gün ictimaiyyəti narahat edən məsələlər bu televiziyada öz əksini tapır. İnanıram ki, biz İctimai Televiziyanın gələcək inkişafı üzrə öz müsbət fikirlərimizi deyəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.