Cəmiyyət

Məsləhətdə bərəkət var

30 May 2015 19:15
0 Şərh     Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanın sahib olduğu ən böyük nemət Allah-Təalanın verdiyi ağıldır. 

Qurani-Kərimdə bizə xeyrin, uğurun istiqaməti dönə-dönə göstərilir: təfəkkür etmək, təfəkkür etmək, təfəkkür etmək... Yəni insan ağlının işığında öz ehtiyaclarını axtararsa, istədiyinə nail ola bilər. İstər fərd üçün olsun, istər ailə üçün, istərsə də hər hansı bir kollektiv, cəmiyyət üçün, başqalarının fikrini öyrənmək, məşvərətlə qərar çıxarmaq həmişə faydalı olub. El arasında söz var: ağıl ağıldan üstündür. Yəni hər kəs məsələyə öz prizmasından münasibət bildirir və nəticədə həqiqət ortaya çıxır.

Dünyanın ən məşhur iş adamlarından bəhs edən bir kitabda bildirilir ki, bu adamları birləşdirən ortaq nöqtə onların məşvərətlə qərar qəbul etmələridir. Həmin məşhurlardan birisi etiraf edir ki, idarəsindəki çayçı ilə də fikir mübadiləsi etməkdən fayda görüb və hətta vurğulayır ki, bəzi məsələlərdə əsas təşəbbüsü elə o cür sadə insanların fikirlərindən alıb. Əslində bütün iclaslar, müşavirələr fikir mübadiləsindən başqa bir şey deyil, amma bunlar protokol qaydalarına çevrildikdə ortada məşvərət qalmır. Birinin diktəsi, o birilərinin tabeçiliyi olur.

Ailə məsələlərində də məşvərət çox önəmlidir. Hətta isbat edilmişdir ki, məşvərətlə verilən qərar ailəyə bərəkət gətirər. Siz hər hansı məsələni təkcə həyat yoldaşınızla deyil, uşaqlarla da müzakirə etməyə çalışın. Həm də söhbəti o qədər təbii və səmimi qurun ki, uşaq sizin ona dəyər verdiyinizi, onu böyük adam kimi söhbətə çəkdiyinizi hiss eləsin. Siz o uşağın sözündən bir şey götürməsəniz də, hər halda uşağın tərbiyəsində mühüm işlər görmüş olursunuz. Əvvəla, o uşaq özünü ciddi, sanballı adam hesab edəcək, ən başlıcası ağlını işlədəcək, düşünəcək və məşvərət əxlaqını qəbul edəcək. Xudbin, özünü bəyənmiş adamlar məşvərəti sevməzlər. Ona görə də bu cür insanlar həmişə son nəticədə əliboş qalırlar. Ailə problemlərinin həllində məşvərətin bir faydası da ondadır ki, hər kəsin ortaq fikri ilə görülmüş iş sonradan narazılığa səbəb olmur, lap o iş yanlış olsa belə; hər kəs o yanlışda xətası olduğunu anlayacaq və başqasını ittiham etməyəcək. Məşvərət ailədə fikir birliyidir, səmimiyyətdir, məsuliyyəti paylaşmaqdır, düşünmək vərdişidir, qarşı tərəfə hörmətdir, başqalarını dinləyə bilmək mədəniyyətidir. Ona görə də ailələrdə bir çox məsələlərin hər kəsin iştirakı ilə məşvərət edilməsi vacibdir.

Sevimli Peyğəmbərimiz (s.ə.s.) ailə işlərində bir qərar verməzdən əvvəl fikrini xanımları ilə bölüşər, onların rəylərini öyrənərdi. Qadının rəyini soruşmaq o zamanlar üçün ağlasığmaz bir davranış idi. Çünki cahiliyyə dövründə qadına əksər hallarda insan münasibəti belə göstərilmirdi. Amma uca Peyğəmbərimiz (s.ə.s.) qadının cəmiyyət həyatındakı dəyərini ucaltdı, onun ağlına, dünyagörüşünə dəyər verməyi hər kəsə öyrətdi.

Məşvərətdə bərəkət var. Uşaqlarınızla da bəzi məsələləri məşvərət edin, əmin olun ki, çox şey qazanacaqsınız.
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.