Cəmiyyət

Milli-mənəvi dəyərlər və müasirlik

30 May 2015 20:05
0 Şərh     Baxış: 2 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir dövrdə ən aktual problemlərdən biri milli özünütəcrid və qloballaşma kimi iki kənar hal arasında optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. İstər düşünülmüş şəkildə, istərsə də qərəzsiz olaraq - fərqi yoxdur. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğu, məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənəçi, konservator olmağın labüdlüyü müəyyən olunmalıdır. 

"Türkləşmək, islamlaşmaq, müasirləşmək"

Mövzumuzla bağlı suallarımızı cavablandıran Azərbaycanın Xalq yazıçısı Anar söylədi ki, türk dünyasının fikir babalarından olan Əli bəy Hüseynzadənin müasirləşməklə bağlı fikirləri çox bəyəniləndir: "Əli bəy Hüseynzadə vaxtilə bir üçlük təklif etmişdi: "Türkləşmək, islamlaşmaq, müasirləşmək". Daha sonra bu fikri Türkiyədə yazıçı Ziya Gökalp səsləndirdi. Əli bəy Hüseynzadənin fikirləri bu günümüz üçün də realdır. Türkləşmək milliləşmək, islamlaşmaq dini dəyərlərimizi qorumaq, müasirləşmək isə dünya ilə ayaqlaşmaq mənasını ifadə edir. Əgər biz yuxarıda sadalananların üçünü bir yerdə inkişaf etdirsək, birini qabağa çəkib digərini geridə qoymasaq, müasirləşərkən türklüyümüzü, müsəlmanlığımızı unutmasaq və yaxud islamlaşaraq müasirliyi kənara atmasaq, əsl tərəqqiyə nail ola bilərik". "Müasirlik adına bizə göstərilənlərdən nəyin yaxşı, nəyin pis olmasını necə müəyyənləşdirə bilərik?" - sualımızı müsahibimiz belə cavablandırdı: "Əlbəttə ki, bu, çətin məsələdir. Bunun üçün insanlarımız həm özümüzün, həm də dünya ədəbiyyatının qəbul olunmuş əsərlərini mənimsəməlidirlər. Belə olan halda, insanlarımız özümüzün və dünyanın əsas, təməl dəyərlərini biləcəklər. İnsan həm öz, həm də dünya dəyərləri  ilə tanış olduqdan sonra onlar arasında seçim edə, nəyi istəyib-istəmədiyini müəyyənləşdirə bilər".

 "Avropaya inteqrasiya bizi milli-mənəvi dəyərlərimizə daha çox bağlayacaq"

"Kulis.az" saytının baş redaktoru Qan Turalı isə bildirdi ki, dəyər ümumilikdə bəşəriyyətin formalaşdırdığı bir şeydir: "Hansı dəyərlərimizin milli olub-olmamasını müəyyənləşdirmək o qədər də asan deyil. Dəyərlərin bir çoxu ümumi xarakter daşıyır. Biz milli-mənəvi dəyər deyildikdə, mühafizəkar mövqe tuturuq. Müasirləşməyi milli-mənəvi dəyərlərimizə xəyanət kimi görən insanları başa düşə bilmirəm. Qərbin özünün də mənəvi, əxlaqi inkişaf yolu, milli-mənəvi dəyərləri var". "Necə müasirləşməli, dünyaya inteqrasiya olmalıyıq ki, milli-mənəvi dəyərlərimizdən uzaq düşməyək?" - sualımıza isə Qan Turalının cavabı belə oldu: "Mənə elə gəlir ki, qərbləşmə prosesi, Avropaya inteqrasiya bizi milli-mənəvi dəyərlərimizə daha çox bağlayacaq. Suriyadakı islamla, Avropadakı islamı müqayisə etsək görərik ki, Qərbdə islam daha məqsədli şəkildə yaşanır. Bizlər Avropanı şeytan kimi görürük. Amma şeytanlıq ən çox Şərqdədir, nəinki Qərbdə". Qan Turalı onu da əlavə etdi ki, cəmiyyətə süni müdaxilə özünü doğrultmur: "Cəmiyyəti islamlaşdırmaq, turanlaşdırmaq istəyindən totalitarizm qoxusu gəlir.  Bəşəriyyət tarixində bunun çox sayda nümunələri var. Adolf Hitler alman, İosif Stalin rus, Ayətullah Xomeyni İran xalqını harasa aparmaq istəyirdi. Bu isə alınası bir şey deyil. Normal cəmiyyətlərdə həmişə müxtəlif fikir sahibləri olur. Hər bir cəmiyyətin gözəlliyi də onun fərqliliyindədir. Bizim - Şərqin ruhu isə onu tələb edir ki, hamı eyni cür düşünməlidir. Amma Qərb cəmiyyətinin əsasında fərqli düşüncələr, mədəniyyətlər, dinlər, məzhəblər və ideyaların bir arada yaşaması dayanır". Qan Turalı cəmiyyətimizdə bəzən narahatlıq doğuran müəyyən əxlaqi aşınmaların isə Qərb ilə əlaqəsinin olmadığını dilə gətirdi: "Əxlaqsızlıq Şərqin ruhunda var və bu həmişə olub. Bu kimi şeyləri Avropa ilə əlaqələndirmək düzgün deyil. Biz bəyəm Qərblə indiki kimi əlaqələrimizin olmadığı vaxtlarda son dərəcə ideal cəmiyyətdəmi yaşamışıq? Əlbəttə ki, yox".

 "Azərbaycan xalqının mentaliteti türkçülük və islamçılığın üzvi vəhdəti, sintezi şəraitində formalaşıb"

Fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov isə bildirir ki, son minillik Azərbaycanda etnik-milli baxımdan türk təfəkkürü və türk həyat tərzi ilə,  dini müstəvidə yanaşdıqda isə islam mənəviyyatı və islam düşüncə tərzi ilə səciyyələnir. Beləliklə, yola saldığımız minillikdə Azərbaycan xalqının mentaliteti türkçülük və islamçılığın üzvi vəhdəti, sintezi şəraitində formalaşıb. Lakin bu böyük əsas prosesə ayrı-ayrı dövrlərdə kənar amillər də təsir göstərib. Bu baxımdan axırıncı yüzillik daha çox Rusiya amilinin əlavə olunması ilə səciyyələnir. Son yüzilliyin axırıncı on ili isə milli şüurun intibahı və milli özünüdərk istiqamətində axtarışlarla əlamətdardır. Belə ki, yeni yüzilliyə biz milli özünüdərk və milli dövlət quruculuğu əzmi ilə, dövlətçilik təfəkkürünün intibahı şansı ilə qədəm qoyduq və bu axtarışlar indi də davam etməkdədir.

 "Milli varlığı qoruyub saxlamaq funksiyasını dövlət öz üzərinə götürməlidir"

S. Xəlilovun sözlərinə görə, keçid dövründə formalaşmış milli-mənəvi prinsiplər daha yaramadığından, yeni milli-mənəvi prinsiplər isə hələ tam formalaşmadığından artıq müəyyən ciddi problemlərlə üzləşirik: "Müasir dövrdə uzun müddət qapalı şəraitdə yaşamış Azərbaycan xarici ölkələrlə sıx əlaqəyə girir. Xarici jurnallar, televiziya kanalları və digər informasiya vasitələri ilə Avropanın, Amerikanın və bütün planetin mənəviyyat sahəsində nə problemləri, nöqsanları vardısa, hamısı bizim məkana daxil olur. Əlbəttə, insanlar mənəviyyatca kamil olsalar və kənardan hər hansı mənəvi müdaxiləyə qarşı hazır olsalar, kənar təsirlərə qarşı fərdi daxili müqavimət qüvvələri böyük olar. Lakin hətta tək-tək adamlar öz mənəvi varlığını qorumaq gücündə və səviyyəsində olsalar da, əksəriyyət bunu bacara bilməz. Çünki bütün insanlar eyni dərəcədə kamil və iradəli deyillər. Ona görə də milli varlığı qoruyub saxlamaq funksiyasını dövlət öz üzərinə götürməlidir. Dövlətin bu sahədə strateji planı olmalıdır. İstər təhsil sistemi, istər gənclərin mədəni-mənəvi həyatı elə bir mühit yaratmalıdır ki, bu mühitin xarici təsirlərə qarşı reaksiya qabiliyyəti güclü olsun. Yəni insanla xarici təsir arasında bir qoruyucu sahə olmalıdır".

 "İndi senzuranı əvəz edəcək mədəni-mənəvi senzuraya ehtiyac var"

Tanınmış alimimiz sovet dövrü ilə Azərbaycanın müstəqillik dövrünü belə müqayisə edir: " Sovet dövründə problemlər nisbətən az idi, amma bunun səbəbi o deyildi ki, ideologiya indikindən yaxşı idi. Sadəcə olaraq, o zaman bütün sahələrə sərhədlər çəkilmişdi. Həm inzibati, siyasi, iqtisadi, həm də mədəni-mənəvi sərhədlər möhkəm idi. Xaricdən hər hansı bir təsir mümkün deyildi. Ölkəyə hər hansı kənar bir jurnal daxil ola bilməzdi. İndi isə biz demokratik cəmiyyət qururuq. Daha qapıları bağlaya bilmərik. Qapıların açılması, bir tərəfdən, yaxşıdır, amma bu açıq qapılardan yaxşı informasiya ilə bərabər, pis informasiyalar, insanların mənəviyyatına zərərli olan televiziya verilişləri, mətbuat orqanları da daxil olur. Və bizim bəzi yerli mətbuat orqanları asan yolla pul qazanmaq xatirinə mənəviyyatı satmaq xəttini tutur və ənənələrimizə böyük zərbə vururlar. Məhz buna görə də bizim mətbuat azadlığı prinsiplərimiz olsa da, rəsmən senzura ləğv edilsə də, indi artıq senzuranı əvəz edəcək mədəni-mənəvi senzuraya ehtiyac var. Görünür, bu məqsədə xidmət edən ictimai danlaq və məzəmmət formaları tapılmalıdır. Müstəqillik dövründə milli mədəniyyətin və milli mənəviyyatın inkişafı üçün daha böyük imkanlar əldə etmişik. Xüsusilə, islamın mənəvi tərbiyə üçün faydalı olan prinsiplərindən istifadə etmək hüququ qazanmışıq. Lakin eyni zamanda islamın özündən uzaq olan mövhumatçılıq və fanatizm prinsipləri üçün də meydan açılıb. Deməli, qadağalar həm yaxşı, həm də pis şeylər üçün götürülüb. Bizim üzərimizə düşən əsas məsuliyyət yeni müsbət tendensiyaları inkişaf etdirməklə, pozucu, mənəviyyata dağıdıcı təsir göstərən amillər üçün çəpər çəkməkdir.

 "Bəziləri Avropa ilə bağlı olan hər şeyi mədəniyyət hesab edir, müasirliyi onunla ayaqlaşmaqda görürlər"

S. Xəlilovun sözlərinə görə, kim belə hesab edirsə ki, müasir dövrdə xalqımızın tərəqqisinə mane olan Şərq təfəkkür tərzidir - səhv edir. Şərq təfəkkürünün müəyyən çatışmazlıqları varsa, bu onun üstün cəhətlərinə də neqativ planda baxmaq üçün əsas vermir. Digər tərəfdən də, ona qarşı qoyulan Qərb təfəkkür tərzi də özünəməxsus nöqsanlara malikdir. Yağışdan çıxıb, yağmura düşmək nailiyyət hesab oluna bilməz. Təcrübə göstərir ki, biz Qərb mədəniyyətinin, Qərb təfəkkür tərzinin məhz nöqsanlı cəhətlərini qəbul etməyə daha çox meyilliyik: "Bəziləri Avropa ilə bağlı olan hər şeyi mədəniyyət hesab edir, müasirliyi onunla ayaqlaşmaqda görürlər. Lakin bu zaman nədənsə Avropanın elmi, texnikası, maddi istehsal və xidmət mədəniyyəti yaddan çıxır; Avropanı Avropa edən, onu irəlidə zənn etməyə vadar edən əsl cəhətlər unudulur; Qərbin tərəqqisində, həqiqətən, böyük rol oynamış olan, onun maddi mədəniyyətini tamamlayan mütərəqqi mənəvi mədəniyyət nümunələri yaddan çıxır və əksinə, Qərbin tənəzzülünə, süqutuna, mənəvi deqradasiyasına aparıb çıxara bilən, onun ilkin tərəqqi dövrünün ənənələrinə əsaslanmayan, yandançıxma (çox vaxt Afrikasayağı) "mədəniyyət" nümunələri, o cümlədən bayağı rok, varyete, pornoqrafik musiqi lövhələri, gecə klubları, kazino, striptiz və s. "Avropa mədəniyyəti" kimi qəbul edilir".

 "Yaponiya müəmmasının" açarı...

S. Xəlilov qeyd edir ki, müasir dövrdə Şərq və Qərbin qarşılaşdırılması, yalnız bu və ya digər tərəfə üstünlük verilməsi heç bir müsbət nəticəyə gətirə bilməz. Müasir təfəkkür hətta müxtəlif sivilizasiyaların bir-birindən köklü surətdə fərqli olan düşüncə tərzlərini "barışdırmağı", onların mütərəqqi cəhətlərini birləşdirməyi nəzərdə tutur. Son zamanlar hamını heyrətləndirən "Yaponiya müəmmasının" açarını məhz Şərq və Qərb təfəkkür tərzlərinin uğurlu vəhdətində, başqa sözlə, Şərqə məxsus yüksək mənəvi potensialın Qərbə məxsus rasional düşüncə mədəniyyəti ilə birləşdirilməsində axtarmaq lazımdır. Şərqi geri qoyan ətalət qüvvəsinin böyüklüyü yox, hərəkətverici qüvvənin kiçikliyidir; mənəvi sədlərin yüksəkliyi yox, intellektual cəhdlərin zəifliyidir. Qərb dünyası intellektual yüksəliş yürüşündə mənəvi sədləri dağıtdı. Yaponiya intellekti mənəvi sədlə həmahəng surətdə inkişaf etdirərək onun üzərindən keçməyə müvəffəq oldu. Biz isə elmi tərəqqi və intellektual inkişafın qayğısına qalmadığımızdan və yeganə böyük sərvətimiz olan mənəvi səddin üstündən keçə bilmədiyimizdən onun altından keçməyə çalışırıq.
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.