Cəmiyyət

Onu düşünən xeyir tapar

28 May 2015 22:15
1 Şərh     Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrəti Məhəmməd (s.ə.s.) sözləri və işləri ilə daima xeyir və fəziləti tərənnüm etmişdir. O, səltənət, hökmranlıq eşqində deyildi. Təvazökarlıq və sadəlik onun xasiyyətinin əsasını təşkil edirdi. Əshabına buyurardı: 

"Xristianlar Həzrəti İsanı həddindən artıq təriflədikləri kimi, siz də məni mədh etməkdə çox irəli getməyin. Mən Allahın bir quluyam. Mənim haqqımda Allahın qulu və Rəsulu deyin".

Bir dəfə Həzrəti Peyğəmbərimiz əsasına dayanaraq qohum-əqrəbasının yanına gəldi. Hamı ayağa qalxdı. O bu hərəkətdən razı qalmadı və nəsihət edərək bu sözləri söylədi: "Yadların bir-birinə təzim üçün elədiyini siz mənə qarşı etməyin və mənim üçün ayağa qalxmayın".

O, ətrafındakı adamlarla şirin-şirin söhbət edər, hətta onlarla bəzən zarafatlaşardı. Gördüyü uşaqları sevər, onların başına sığal çəkər, kiçikləri qucağına alardı. Azad insan, kölə, varlı, kasıb, kim olursa olsun, bütün insanlar onun nəzərində bərabər idi. Hamı ilə hal-əhval tutar, xətrini soruşardı. Mədinənin kənar məhəllələrindəki xəstələrə baş çəkməyə gedərdi. Rastlaşdığı adamların salam verməsini gözləmədən özü onlara birinci salam verərdi. "Aranızda salamlaşmağı yayın ki, bir-birinizi sevəsiniz",- deyərdi. Namaz qıldığı vaxt belə birisi onun yanına bir iş üçün gəldiyi zaman namazını qısa kəsərək onu gözlətməz, nə istədiyini soruşar və öyrədərdi. Hamıya gülərüzlə, şirin dillə cavab verərdi. Dodaqlarında daim xoş bir təbəssüm olardı.

Ailə həyatında da gözəl rəftarı ilə hamının könlünü alar, heç kimi incitməzdi. Evində boş oturmaz, ya pal-paltarını təmizləyər, başmağını yamayar, ya da qoyunlarını öz əli ilə sağardı. Heç işsiz oturmazdı. Həzrəti Xədicə ona:

- Ya Əbül Qasım (ərəblərdə kişiyə müraciət formalarından biri də "filankəsin atası'' şəklində olmuşdur və bu gün də eyni ənənə davam etməkdədir. Rəsulullahın (s.ə.s.) böyük oğlunun adı Qasım olduğu üçün künyə olaraq Ona Əbülqasım, yəni Qasımın atası deyilmişdir), özünü yorma, evdə iş görənlər var, Sən dincəl, - deyərdi.

O, sevimli zövcəsinin bu iltifatından məmnun qalar və ona belə cavab verərdi:

- Ya Xədicə, bu dünyada dörd şeydən heç xoşum gəlmir: qorxaqlıq, xəsislik, tənbəllik, bir də pintilik.

Sevgi, məhəbbət onun bütün varlığına hakim kəsilmiş, onu bürümüşdü. Ehtiyacı olan insan gördüyü zaman qəlbi sızlayar, özünü və ailəsini unudub ona əlindən gələn yardımı edərdi. Ona əl açanları geri çevirməz, evində, eşiyində olan-qalan nə varsa verərdi. Hətta özündə veriləcək bir şey olmayanda borc alıb verərdi.

Haqqa köçdüyü zaman zirehi bir yəhudidə girov idi.

Son dərəcə təvazökar idi. Xidmətçisi ilə yemək yeyər, üz-üzə oturub şirin-şirin söhbət edərdi. Evinə gələn qonaqlara özü xidmət edərdi. Həbəşistan kralı tərəfindən bir heyət gəlmişdi. Onlara özü xidmət etməyə başlayanda ətrafdakılar etiraz etdilər:

- Bəsdir, ya Rəsulullah, sən buyur otur, biz xidmət edək, - dedilər. Qəbul eləmədi:

- Bunlar bizim əshabı-kirama çox hörmət etdilər, ilk mühacirləri yaxşı qarşıladılar. Mən onlara bunun əvəzini şəxsən vermək istəyirəm,- buyurdu.

O, belə vəfalı bir adam idi. Hamını yaxşılıqla yad edərdi. Bəşəriyyətin ən çox mərhəmətə möhtac olan sinfinə - yoxsullara və imkansızlara qarşı qəlbi son dərəcə yumşaq idi. Onların sınıq könüllərini almağı ən böyük fəzilət hesab edərdi. Xüsusilə, kiçik uşaqları çox istəyərdi. Namaz qılanda sevimli nəvələri Həsənlə Hüseyn Onun belinə dırmaşar, O da onlara hirslənməz, bir şey deməzdi. Hətta səcdədən qalxanda ehtiyatla davranardı ki, uşaqlar yıxılmasınlar.

Onun sevgisi yalnız insanları əhatə edən bir sevgi deyildi. O, heyvanlara, bütün canlılara qayğı ilə yanaşardı. Qapısını cırmaqlayan pişiyə öz əli ilə qapı açardı. Xəstə xoruzu sağaltmaq üçün müalicə edər, atını tumarlayaraq sevərdi. Başmağı ilə quyudan su çıxarıb susuz bir köpəyə içirən adamın bu əməlinə görə cənnətə gedəcəyini müjdələmişdi. Bir pişiyi ac qoyan qadının bundan ötrü əzab görəcəyini söyləmişdi. Bitki və ağac məhəbbətini də xüsusilə tövsiyə edirdi. Susuz qalmış bir ağaca su tökən insana Allah-Təalanın mükafat verəcəyini xəbər vermişdi. Hər bir canlının sevgiyə möhtac olduğunu təkrar edərdi.

Onu tanımaq, Onu sevmək könüllərin məlhəmidir. Onu sevmək Haqqa bağlanmaqdır. Sevmək üçün tanımaq, tanımaq üçün də oxumaq, soruşmaq, öyrənmək lazımdır. Onu düşünmək də ibadətdir. Onu düşünən xeyir tapar.
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.