Cəmiyyət

Bir ömürlük bəladan qurtulmağın yolu

27 May 2015 16:24
0 Şərh     Baxış: 1 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siqaret, əslində, təbiətin və insanın hazırladığı ən hiyləgər tələdir. Tələyə düşən insanın oradan qurtulması çox çətin olur. Siqaret reklamları, bəzəkli qutular, gözəl rəng çalarları həmin tələnin hazırlanması üçün materiallardır. Hər bir siqaret çəkən adam bir zamanlar siqaretin təbliğinin qurbanı olub.

Belarusiyada isə siqaret təbliğini azaltmaq məqsədi ilə bəzi məhdudiyyətlər tətbiq edilib. İyunun 1-də etibarən ölkə ərazisində həmin qadağalar tətbiq ediləcək. Yeni qanuna əsasən, mağazalarda siqaretlər hər kəsin görə bildiyi vitrinlərdə olmamalıdır. Siqaretin satıldığını yalnız ağ müstəvi üzərində qara şritflərlə yazı bildirməlidir. Həmin yazını isə yalnız kassa aparatlarının yanında qoymağa icazə verilir.

Siqaret qutularınının özü də vitrinlərdə göstərilə bilməz. Siqaretin markaları siyahı şəklində, əlifba sırası ilə ağ müstəvi üzərində qara şriftlərlə yazılmalıdır. Bu yazılar olduqca sadə olmalıdır. Heç bir qrafik elementlər, foto və şəkillərdən istifadə edilə bilməz.

Tətbiq edilən yenilik nə qədər qəribə görünsə də, olduqca məntiqlidir. Yuxarıda qeyd etdiyimiz kimi, bu addım təbliğatın qarşısını alır. Bu isə o deməkdir ki, yeni siqaretə başlayan insanları sayı tədricən azalır.

Azərbaycanda da siqaretin təbliğində məhdudiyyətlər var. Yerli qanunvericiliyə əsasən, kütləvi informasiya vasitələrində tütün məhsullarının təbliği qəti qadağan edilir. Lakin ölkəmizdə hansısa tədbirlərdə, mağazalarda və başqa yerlərdə siqaretlə bağlı promo tədbirlərə qadağa qoyulmayıb.

Azərbaycanda nümayiş olunan filmlərdə siqaret çəkilən kadrlarda heç bir məhdudiyyət yoxdur. Halbuki, filmlərdə siqaret çəkilməsi insanı bu işə şövq edir. Sevilən film qəhrəmanının ən çətin anlarda bir siqaret yandırması insanın şüuraltına yalnış informasiya yeridir. Filmə baxan tamaşaçı şüuraltı olaraq düşünür ki, ən çətin anlarda siqaret yardımına çata bilər. Ən böyük səhvə təhrik edir insanları. Çox təəssüf ki, həmin qadağalar hələ də bizdə tətbiq edilmir. Hər gün filmlərə baxan minlərlə gənc siqaret adlı tələyə düşür. Türkiyədə isə televiziyada yayımlanan kinolarda siqaretlə bağlı bütün səhnələr yığışdırılır. Ya da üzərləri örtülür.

Artıq bizdə də siqaretin təbliğini minimuma endirən qanunlar qəbul edilməli deyilmi?

Teymur Hacıyev

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.